Arzuxan Əlizadə: "Azərbaycan-ABŞ
əlaqələri artan dinamika ilə inkişaf edir"
Azərbaycanla ABŞ arasında münasibətlər
yüksələn xətlə inkişaf etməkdədir.
Prezident İlham Əliyevin ötən il 8 avqust tarixində
Vaşinqtona səfəri, ABŞ lideri Donald Trampla
görüşü, əldə edilmiş razılaşmalar
münasibətlərdə yeni bir mərhələnin əsasını
qoydu. Ötən müddət ərzində dövlət
başçıları beynəlxalq tədbirlər çərçivəsində
mütəmadi görüşüb, fikir mübadiləsi
aparıblar. Donald Tramp çıxışlarında dəfələrlə
Prezident İlham Əliyev haqqında çox müsbət,
yüksək fikirlər səsləndirib, onu böyük
lider, güclü adlandırıb.
Bu il Davos Forumunda Prezident İlham Əliyevlə Donald
Tramp arasında keçirilən görüşdə ölkələrimiz
arasında müxtəlif sahələrdə əlaqələrin
inkişafından məmnunluq ifadə olunub. Ənənəvi
beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi,
terrorizmə və onun müxtəlif təzahürlərinə
qarşı mübarizə, enerji təhlükəsizliyi və
bir sıra digər mühüm sahələr üzrə fəal
və səmərəli əməkdaşlıq Azərbaycan-ABŞ
tərəfdaşlığının səciyyəvi cəhətlərini
təşkil edib.
Azərbaycan lideri Davosda "Sülh
Şurasının Nizamnaməsi" sənədinin
imzalanması mərasimində iştirak edib. Ölkəmiz
ABŞ Prezidentinin dəvəti ilə Sülh
Şurasının təsisçi üzvlərindən
biridir. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunu və
artan strateji çəkisini nümayiş etdirir.
Prezident İlham Əliyev Vaşinqtonda keçirilən
Sülh Şurasının ilk iclasında iştirak etmək
üçün Donald Trampın dəvəti ilə ABŞ-a
işgüzar səfər edib. Bu səfər heç
şübhəsiz ki, münasibətlərin
inkişafında, ölkəmizin regional lider kimi nüfuzunun
artmasında mühüm rol oynayacaq.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
"525"ə bildirib ki, Azərbaycan-ABŞ əlaqələri
artan dinamika ilə inkişaf edir. Prezident Donald Tramp Azərbaycanla
münasibətlərə xüsusi əhəmiyyət verir.
O deyib ki, Bayden administrasiyanın dönəmində
münasibətlərimizdə bir gərginlik var idi: "Bu da
qarşı tərəfin sərgilədiyi mövqedən
qaynaqlanırdı. Amma Azərbaycanla Birləşmiş
Ştatların münasibətləri əvvəlki dönəmlərdə,
respublikaçıların hakimiyyəti zamanı normal səviyyədə
olub. Təəssüflər olsun ki, demokratlar Azərbaycana
yönəlik başqa siyasət yürüdürdülər.
Donald Trampın ikinci prezidentliyi dönəmində Azərbaycanla
çox yaxın münasibətlər formalaşıb.
Münasibətlərimiz artıq strateji tərəfdaşlıq
səviyyəsinə gəlib çatıb. Bilirsiniz ki, ötən
il avqustun 8-də Azərbaycan Prezidenti Vaşinqtonda Trampla
görüş zamanı Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması qərara alındı,
İşçi Qrup da formalaşdı. Artıq bu çərçivədə
qarşılıqlı səfərlər də olub, Strateji
İşçi Qrupunun ilk iclası keçirilib".
Deputat söyləyib ki, Birləşmiş
Ştatların vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana
çox məhsuldar səfər etdi. Prezident İlham Əliyev
Sülh Şurasının ilk iclasında iştirak etmək
üçün ABŞ-a işgüzar səfər edib:
"Sülh Şurasının iclasından əlavə,
bir sıra görüşlər də keçirilib. İstənilən
halda bu qarşılıqlı səfərlər, Strateji Tərəfdaşlıq
Xartiyasının imzalanması, mütəmadi olaraq beynəlxalq
tədbirlərdə Azərbaycan Prezidenti ilə ABŞ
liderinin görüşləri və səmimi münasibətin
formalaşması təbii ki, dövlətlər
arasındakı münasibətlərə də
yansıyıb. Bir daha qeyd etdmək istəyirəm ki,
ABŞ-Azərbaycan münasibətləri artan dinamika üzrə
inkişaf edir. Azərbaycan bu gün regionun əsas lider
dövləti olaraq regionda reallaşacaq bütün layihələrin
əsas leytmotivi, hərəkətverici qüvvəsi olaraq
Birləşmiş Ştatların diqqət mərkəzindədir.
Bu baxımdan iqtisadi, siyasi, hərb
müstəvidə də münasibətlərimiz inkişaf
etməkdədir".
Deputat 907-ci düzəlişin tam olaraq aradan
qaldırılması perspektivinə də toxunub. Onun sözlərinə
görə, bu, gözləniləndir: "Konqresdə bununla
bağlı qərar qəbul edilməlidir. Artıq ABŞ
administrasiyasının belə bir qərarı var, Tramp 907-ci
düzəlişin dayandırılması ilə bağlı
qərar imzalayıb. İndi söz Konqresindir. Hesab edirəm
ki, Konqresdə də müsbət qərar qəbul ediləcək,
çünki artıq həm də qeyd etdiyim kimi, hərbi
müstəvidə də Azərbaycanla münasibətlər
formalaşır. Vitse-prezident Vensin Bakıya səfəri
zamanı bu məsələ də müzakirə olundu. Azərbaycana
əlavə olaraq müşahidə dronlarının təqdim
edilməsi və digər məsələlər
danışıqlar mövzusudur. Bütün bunlara görə
də 907-ci düzəlişin artıq tam olaraq ləğvi
gözləniləndir və yəqin ki, yaxın zamanlarda
bununla bağlı yekun qərar veriləcək".
Pərvanə
525-ci qəzet .- 2026.- 20 fevral(№7).-S.5.