Azərbaycan gəncliyi: yeniləşmənin
və inkişafın hərəkətverici qüvvəsi
Gənclər hər bir cəmiyyətin gələcəyini
müəyyən edən əsas qüvvədir. Onlar sosial,
iqtisadi, mədəni və siyasi sahələrdə fəal
iştirak edərək ölkənin inkişafına
mühüm töhfə verirlər. Enerjili, yeniliyə
açıq və təşəbbüskar olmaları gəncləri
cəmiyyətin aparıcı təbəqəsinə
çevirir. Müasir dövrdə bilik və innovasiya əsas
inkişaf amilləridir. Gənclər yeni texnologiyaları tez
mənimsəyərək startaplar yaradır, elmi araşdırmalar
aparır və innovativ ideyalar irəli sürürlər.
Onların yaradıcılığı və təşəbbüskarlığı
iqtisadiyyatın şaxələndirilməsinə və rəqabət
qabiliyyətinin artmasına kömək edir. Gənclər
milli-mənəvi dəyərlərin qorunması və təbliğində
də mühüm rol oynayırlar. Onlar mədəni tədbirlərdə,
festivallarda və sosial kampaniyalarda iştirak edərək həm
milli kimliyi qoruyur, həm də müasir dünyaya
inteqrasiyanı təmin edirlər. Bu baxımdan gənclər ənənə
ilə müasirliyi birləşdirən körpü rolunu
oynayırlar. Gənclərin ictimai-siyasi proseslərdə
iştirakı demokratik cəmiyyətin inkişafı
üçün vacibdir. Onların seçkilərdə
iştirak etməsi, debatlarda və ictimai müzakirələrdə
fəallıq göstərməsi vətəndaş cəmiyyətinin
güclənməsinə xidmət edir. Bu fəallıq gələcək
liderlərin formalaşmasına zəmin yaradır.
Gənclər cəmiyyətin yeniliyə və
inkişafa meyl edən qüvvəsidir. Onların bilik,
bacarıq və enerjisi düzgün istiqamətləndirildikdə
ölkənin davamlı inkişafına güclü təkan
verir. Buna görə də gənclərin təhsili, məşğulluğu
və ictimai fəallığının dəstəklənməsi
hər bir cəmiyyət üçün prioritet məsələ
olmalıdır.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, gənclər
cəmiyyətin ən fəal və təşəbbüskar
qismini təşkil edir. Gənclik mənsub olduğu xalqın
müasir simasını əks etdirməklə yanaşı,
onun perspektiv inkişaf potensialının
formalaşdırılmasında da mühüm rol oynayır.
Əsrlər boyu Vətənə sədaqət, milli-mənəvi
dəyərlərə hörmət ruhunda tərbiyə
olunmuş Azərbaycan gəncləri XX əsrin sonlarında
dövlət müstəqilliyinin, ərazi
bütövlüyünün bərpa edilməsi, ermənilərin
Azərbaycana qarşı törətdikləri hərbi təcavüzə
qarşı mübarizənin ön sıralarında olublar. Təsadüfi
deyil ki, ölkəmizin azadlığı və suverenliyi
uğrunda şəhid olanların əksəriyyətini gənclər
təşkil edirlər. Onlar ölkənin ən gərgin
dövrlərində əlində silah Vətənin müdafiəsinə
qalxmaqla yanaşı, ictimai-siyasi proseslərdə də fəallıq
nümayiş etdiriblər. Bu gün Azərbaycanda
köklü şəkildə aparılan islahatlarda gənclərə
xüsusi yer ayrılması və onların dövlət
quruculuğunun inkişafında irəli çəkilməsi
bir daha sübut edir ki, gəncliyə diqqət daha
artıbdır: "Ölkəmizin müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünün
qorunması, həmçinin hüquqi, demokratik dövlət
quruculuğu prosesinin həyata keçirilməsi ilə
bağlı vəzifələr gənclərimizin milli maraqlar
əsasında səfərbər olunmasını, eyni zamanda,
onların harmonik inkişafını təmin etməyə
imkan verən dövlət siyasətinin hazırlanıb həyata
keçirilməsi zərurətini meydana gətirib. Gənclik
cəmiyyətin ən dinamik, yeniliyə və inkişafa
açıq olan, daim irəliyə can atan, həssas və
qayğıya ehtiyacı olan təbəqədir. Ona görə
də dövlət tərəfindən hər zaman bu təbəqəyə
xüsusi diqqət yetirilir, onların problemlərinin həlli
ümdə vəzifə sayılır".
Millət vəkili Tahir Mirkişili bildirir ki, Ulu
öndər Heydər Əliyev gəncləri Azərbaycanın
gələcəyinin əsas təminatçısı, milli
inkişafın əsas insan kapitalı kimi qiymətləndirirdi.
Ulu öndərin gənclər siyasəti təkcə sosial
yanaşma deyil, eyni zamanda, iqtisadi inkişaf, dövlət təhlükəsizliyi
və milli ideologiya ilə sıx bağlı strateji xətt
idi: "1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və
İdman Nazirliyinin yaradılması gənclərlə
bağlı dövlət siyasətinin institusional əsaslarını
formalaşdırdı. Azərbaycan gənclərinin
forumlarının keçirilməsi, istedadlı gənclərin
"Qızıl kitab"a daxil edilməsi, gənclər siyasətinin
mahiyyətini əks etdirən qanunvericilik təşəbbüsləri
gənclərin intellektual və peşəkar
potensialının inkişafına yönəldi. Bu siyasət
gənclərin vətənpərvər ruhda
formalaşması ilə yanaşı, onların müasir
iqtisadi münasibətlər sistemində fəal
iştirakına zəmin yaratdı. Ulu öndərin müəyyənləşdirdiyi
siyasi xətt Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələblərinə uyğun şəkildə
uğurla davam etdirilir. Dövlət başçısı gəncləri
ölkənin innovativ inkişafının və iqtisadi
dayanıqlılığının əsas aparıcı
qüvvəsi kimi qiymətləndirir. "Yüksəliş"
müsabiqəsi gənc kadrların irəli çəkilməsi
siyasətinin uğurlu nümunəsinə çevrilib, Gənclərin
İnkişaf və Karyera Mərkəzi isə gənclərin
peşəkar bacarıqlarının artırılmasında
mühüm rol oynayıb. Könüllülər hərəkatı
gənclərdə sosial məsuliyyət və vətəndaş
mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Dördüncü Sənaye İnqilabı dövründə
Azərbaycan gəncliyi rəqəmsal texnologiyalar, startap
ekosistemi, innovativ sahibkarlıq və İKT sahəsində
mühüm uğurlar əldə edir. Gənclərin xaricdə
təhsil proqramları, 2026-2027-ci tədris ili üzrə təsdiqlənmiş
universitet və ixtisas siyahıları bilikəsaslı
iqtisadiyyatın formalaşmasına yönəlmiş dövlət
siyasətinin tərkib hissəsidir".
Tahir Mirkişili qeyd edib ki, Azərbaycan gəncliyinin
formalaşmasında vətənpərvərlik əsas ideoloji
xətt kimi qalmaqdadır: "44 günlük Vətən
müharibəsində rəşadətli Azərbaycan Ordusunun
sıralarında vuruşan gənclər ölkəmizin
suverenliyi və ərazi bütövlüyü uğrunda
misilsiz qəhrəmanlıq nümunəsi göstərdilər.
Onlar həm döyüş meydanında, həm də informasiya
müharibəsində Azərbaycanın milli maraqlarını
qətiyyətlə müdafiə etdilər. Bu gün Vətən
müharibəsində iştirak etmiş hər bir gənc Azərbaycan
xalqının qürur mənbəyidir və onların qəhrəmanlığı
gənc nəsil üçün əsl vətənpərvərlik
məktəbidir".
Millət vəkili əlavə edib ki, Azərbaycanın
idman ölkəsi kimi tanınması gənclər siyasətinin
mühüm istiqamətlərindən biridir. Bakıda
keçirilmiş Birinci Avropa Oyunları, "Bakı
Eurovision-2012", Avropa Gənclər Paytaxtı layihələri
gənclərin beynəlxalq səviyyədə təmsilçiliyini
gücləndirib. Azərbaycan idmançılarının
beynəlxalq arenadakı uğurları dövlət
başçısının gənclərə göstərdiyi
diqqətin real nəticəsidir. Bu gün Azərbaycan gəncliyi
ölkənin iqtisadi inkişafının, innovativ
potensialının və milli təhlükəsizliyinin əsas
aparıcı qüvvəsidir. Ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu və Prezident İlham
Əliyev tərəfindən müasir dövrün
çağırışlarına uyğun şəkildə
inkişaf etdirilən dövlət gənclər siyasəti
müasir, bilikli, texnoloji savadlı və vətənpərvər
gənclik formalaşdırıb.
Millət vəkili Mehriban Vəliyeva deyib ki, Ulu öndər
Heydər Əliyev hələ 1990-cı illərin mürəkkəb
ictimai-siyasi şəraitində gənclər siyasətini
dövlətin prioritet istiqaməti kimi müəyyənləşdirdi:
"1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və
İdman Nazirliyinin yaradılması bu sahədə institusional
əsasların formalaşdırılmasına xidmət etdi.
Müxtəlif dövlət qurumlarının gənclərlə
iş sahəsində fəaliyyətinin əlaqələndirilməsi,
vahid siyasətin həyata keçirilməsi təmin olundu. Azərbaycan
gənclərinin forumlarının keçirilməsi,
istedadlı gənclərin "Qızıl kitab"a
salınması, gənclər siyasətinin mahiyyətini əks
etdirən qanunvericilik təşəbbüsləri, vətənpərvərlik
tərbiyəsinin ön plana çəkilməsi Ümummilli
liderin gənclərə baxışının əsas istiqamətlərini
təşkil edirdi. 1996-2002-ci illər ərzində
keçirilən forumlarda, görüşlərdə və
çıxışlarda Ulu öndər Heydər Əliyev gəncləri
milli dövlətçiliyin daşıyıcısı kimi
formalaşdırmağın vacibliyini xüsusi
vurğulayırdı. Bu gün Azərbaycan gəncliyinin əldə
etdiyi uğurlar Ulu öndərin müəyyənləşdirdiyi
siyasi kursun Prezident İlham Əliyev tərəfindən
ardıcıl və müasir çağırışlara
uyğun şəkildə davam etdirilməsinin nəticəsidir".
M.Vəliyevanın dediyinə görə, Prezident gəncləri
ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında
aparıcı qüvvə kimi qiymətləndirir: "2007-ci
ilin "Gənclər ili" elan olunması, ölkə
üzrə "Gənclər evləri"nin
yaradılması, 2011-ci ildə Prezident yanında Gənclər
Fondunun təsis edilməsi gənclərin sosial fəallığının,
təşəbbüskarlığının və
yaradıcılıq potensialının dəstəklənməsinə
yönəlmiş mühüm addımlar oldu. Prezident
İlham Əliyevin gənclər siyasətində vətənpərvərlik
xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusunun sıralarında döyüşən
minlərlə gənc öz qəhrəmanlığı ilə
bu siyasətin real nəticəsini sübut etdi. Azərbaycan gəncliyi
təkcə döyüş meydanında deyil, informasiya
müharibəsinin ön cəbhəsində də ölkənin
maraqlarını qətiyyətlə müdafiə etdi. Bu
gün hər bir Vətən müharibəsi
iştirakçısı olan gənc xalqımızın
qürur mənbəyidir və onların fədakarlığı
Azərbaycan tarixinin ən parlaq səhifələrinə
çevrilib".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.31.