Qərblə Şərq
əks qütblər olmamalıdır
(Əvvəli ötən cümə sayımızda)
Tarixçilərin bir çoxu mübahisə edir ki,
Aleksandr kainat bəşəriyyəti idealına
inanırdı. Şəhadət kimi onu irəli
sürürdülər ki, öz əsgərlərini məcbur
etmişdi ki, yerli qızlarla evlənsinlər və b.e.ə.
324-cü ildə Suzada özünün on min
döyüşçüsünün yerli qadınlarla
kütləvi nikahını bayram etdi. Aleksandr özü də
Daranın böyük qızı Statiraya evləndi, əvvəllər
isə Baktriya torpaq sahibinin qızı Roksananı
almışdı. Daranın kiçik qızını isə
dostu Hefestionla evləndirdi.
Belə bir sual meydana çıxır ki, Aleksandr
yüksək idealını həyata keçirməyəmi
çalışırdı, yoxsa buna sadəcə
özünün yeni torpaqlarını birləşdirməyin
real yolu kimi baxırdı? İşğallarının erkən
dövrlərində o, Persiya hökmdarlarının bəzi
xüsusiyyətlərini qəbul edərək,
davranışında tətbiq edirdi. O, özünü
Böyük Çar adlandırırdı və öz təbəələrindən
tələb edirdi ki, onun qarşısında Persiya dəbində
təzim etsinlər. Makedoniyalı sərkərdə perslərin
paltarını geyinirdi, Persiya
inzibatçılığından istifadə edirdi. Pers gənclərini
Makedoniya hərbi metodlarında məşq etdirirdi. Misirin
inzibati idarəçiliyinin bir hissəsini, etimad göstərərək
yerli adamlara həvalə etmişdi.
Lakin makedoniyalılar onun tələb etdikləri ilə
razılaşmayıb, hətta ona sui-qəsd təşkil etmək
istəyirdilər. Əlbəttə, Aleksandr öz həmvətənlərini,
yunanları və persiyalıları idarə edən bir sinif
kimi qarışdırmağa ehtiyac hiss edirdi və bu üsul,
heç şübhəsiz, ona belə geniş imperiyaya səmərəli
nəzarət etməyə imkan verəcəkdi.
Aleksandrın Qərbi Şərqlə birləşdirmək
ideyası
Əlbəttə, Böyük Aleksandrın Qərblə
Şərqi birləşdirmək ideyası yəqin ki,
perspektivli və bəşəriyyət üçün
olduqca xeyirxah bir iş kimi görünə bilərdi. Lakin bu
böyük vəzifəni xırda, o qədər də əhəmiyyəti
olmayan tədbirlərlə deyil, geniş miqyasda həyata
keçirilməsi heç də asan məsələ deyildi.
Az sonra ideyanın reallaşdırılması, digər nəcib
arzular kimi Letanın mənsubluğuna verilməklə, tamamilə
yaddan çıxdı. Lakin bir ideya kimi Qərblə Şərqi
birləşdirmək, o vaxtkı dünyanı vahid
varlığa çevirmək olduqca böyük və nəcib
bir iş idi və onun həyata keçirilməsi, ziddiyyətlərin
və münaqişələrin yoxa çıxması
hesabına, bəşəriyyətə olduqca böyük
fayda verərdi. İdeya olduqca heyrətamiz və cazibədar
görünsə də, təxəyyüldə
yarandığından, həqiqi reallıqda isə uzağa
gedə bilmədiyindən, adi bir illüziyaya çevrilməyə
məhkum oldu.
Lakin Böyük Aleksandrın rüşeym halında
olan bu ideyasını da inqilabi bir hadisə, ciddi transformasiya
kimi qiymətləndirmək olar. Axı o, özü də
yaxşı bilirdi ki, Qərblə Şərqi çox sayda
amillər bir-birindən ayırır. Afinada yaranan siyasi yeniliyin
- demokratiyanın mehi də Persiyaya gəlib
çıxmamışdı, bu Şərq ölkəsi ciddi
dayaqlara malik olan bir monarxiya olmaqla, onun idarə edilməsinə,
bütövlükdə xalq və yaxud onun nümayəndələri
yaxın düşə bilməzdi. Persiya imperiyası
xalqların mənəvi cəhətdən istismarına
arxalanırdı, dövlətin siyasi, iqtisadi və sosial həyatı
yalnız çarın nəhayətsiz səlahiyyətlərinə
tabelikdə idi. Əgər iki bir-birinə bənzəməyən
dövlət nəcib məqsədlər naminə birləşsəydi,
onda Persiya öz tarixindən üz döndərib, yeni idarəetmə
yoluna keçməli, mütləq monarxiya bu birləşmə
naminə öz hüquqlarını kiməsə, yalnız
kütlə saydığı xalqa təslim etməli idi.
Persiyalılar bu dəyişikliyə nəinki inanmazdılar,
hətta onu rədd etməyə çalışardılar. Hərbi
qələbə, onların makedoniyalı sərkərdəyə
tabe olmasına səbəb olmuşdu. Lakin Afinanın icadı
olan, öz bəzi elementlərini ilk respublika kimi tətbiq
edildiyi Qədim Romada və XVIII əsrdə yaranan ABŞ
adlı yeni dövlətdə bütünlüklə bərpa
edilən siyasi quruluşu, bu Şərq xalqı,
nağıllarda təsvir olunan div kimi özünə
yaxın buraxmazdı.
Əgər Aleksandr həyatdan olduqca cavan
yaşında getməsəydi, öz məqsədlərini həyata
keçirməkdə böyük iradəyə və cəsarətə
malik olan bu adam bəlkə də ideyasını
reallaşdırmaq üçün daha böyük tədbirlərə
əl atardı. Axı onun iradəsinə qarşı, tək
bir Hindistanda ordunun qiyamı istisna olmaqla, çıxan
olmamışdı və o, özünə müxalifəti dəhşətli
qaydalara əl atmaqla da sakitləşdirə bilirdi. Dostu və
vaxtında onu Qranikdə ölümdən xilas etmiş Kliti,
ellinlərə məxsus qaydada onun davranışını tənqid
etdiyinə görə amansız qaydada
öldürmüşdü. Şübhələndiyi
Parmenionu, bu adam onun atasının sərkərdə
silahdaşı olmuşdu və onun oğlu Filotanı da məhv etmək göstərişini
vermişdi. Deməli, Alekasandr öz iradəsini həyata
keçirməkdə heç bir müqavimətə yol verə
bilməzdi, buna müvafiq olaraq ən dəhşətli tədbirlərdən
də çəkinməzdi.
İdeyası isə nəcib məqsəddən xəbər
verdiyinə görə, Qərblə Şərqi birləşdirmək
kimi böyük və mürəkkəb vəzifəni nəzərdə
tutsa da, ən azı qalib ordu ilə tabe edilmiş xalq
arasında daha insani münasibətlərin yaranmasına və
inkişafına yol açırdı. O, qeyri-adi bir
inqilabçı kimi, nə az, nə çox, dünyanı
vahid varlığa çevirməyi arzulayırdı və
kiçik nişanələri ilə belə ona can
atırdı. Bu ideya olduqca xeyirxah bir perspektivə xidmət
etməli idi. Qərblə Şərq birləşsə,
müharibələrin kökü kəsiləcəkdi, daxildə
başlanan toqquşmalar şəklindəki problemlər isə
ümumi səyin nəticəsində qısa müddətdə
həll edilərdi, qarşıdurmadan fərqli olaraq onları
yoluna qoymaq da o qədər də çətin olmazdı.
Lakin belə perspektivə də bütünlüklə inanmaq
mümkün deyildir. Axı Aleksandr və atası II Filip
Yunanıstanı öz tabeliyinə salmaq üçün
xeyli silahlı münaqişələr aparmışdılar,
hətta qohum və yaxın olan xalqları bir dövlətdə
birləşdirmək də qan axıdılması hesabına
başa gəlmişdi.
Lakin Aleksandrın Qərblə Şərqi birləşdirmək
ideyası, Yunanıstanı vahid dövlətə çevirmək
cəhdi ilə müqayisədə olduqca böyük
miqyaslı və əslində nəhəng bir iş idi. Onun
baş tutması nə qədər çətin olsa da, həyata
keçsəydi, dünya, bütövlükdə bəşəriyyət
ondan çox qazanardı. Müharibələrdə
bütöv nəsillərin, xüsusən cavan insanların
döyüşlərdə həlak olması hesabına məhvinə
yol verilməzdi.
Əgər bir qədər konkretliyə getsəydik, nə
Səlib yürüşləri baş verərdi, nə Avropa
Şərq ölkələrini, amerikaları və
Afrikanı öz müstəmləkəsinə çevirə
bilməzdi. Vahid və bir mərkəzdən idarə olunan
dünyada Napoleonun və Hitlerin də meydana gəlməsinə
ehtiyac yaranmazdı.
Aleksandrın işğal iştahı atasından da
böyük idi, öz niyyətində daha uzağa gedərək,
Persiya imperiyasını tutması ilə kifayətlənməyərək,
Mərkəzi Asiyaya, Baktriyaya keçmiş, Hindistanın
şimalını işğal etmişdi. Atasından fərqli
olaraq, o, öz imperiyasını bütün o vaxtkı
dünyaya yaymaq istəyirdi və buradan da onun dünya
imperiyası arzusu meydana gəlmişdi. Ölənə
yaxın da, o, heç də öz məqsədlərindən
geri çəkilmək istəmirdi. Misirdən qərbə
doğru irəliləyərək, bütün Şimali
Afrikanı tutmağı planlaşdırırdı. Lakin b.e.ə.
323-cü ildə onun 32 yaşında ölümü,
sonrakı niyyətlərinin üstündən qara xətt
çəkdi və ölümündən sonra onun
imperiyası, özünü diadoxlar adlandıran sərkərdələrin
başçılığı ilə dörd hissəyə,
müstəqil dövlətlərə parçalandı.
Onlar ellinist dövlətlər yaratdılar. Dörd
dövlətdən biri olan Selevkid sülaləsinin ellinist
monarxiyası Qərbdə indiki Türkiyədən, Şərqdə
Hindistana qədər köhnə Persiya imperiyasının ərazisinin
əksər hissəsinə nəzarət edirdi. Lakin Şərqdə
bu nəzarəti saxlamaq çətin idi.
Hindistandakı Maurya imperiyasının
yaradıcısı Maurya (b.e.ə. 324-301-ci illər) Selevkid
qüvvələrini həmin ərazilərdən qovdu. Onun nəvəsi
Aşoka (b.e.ə. 269-232-ci illər) daha məşhur imperator
olmaqla Hindistanın əksər ərazilərini imperiyaya daxil
etdi. O, buddizmə loyal münasibət bəslədiyinə
görə, imperiyasının ərazilərində qalan yunan
icmalarını da bu dinə keçirdi.
Misir çarı Ptolomey isə b.e.ə. 305-ci ildə
özünü faraon elan etdi və bu ad altında sülalə
yaratdı. Misirdə VII Kleopatra b.e.ə. 30-cu ildə
özünü intihar edənə və ölkə
Romanın tabeliyinə keçənə qədər sülalənin
hakimiyyəti davam etmişdi.
Aleksandr dünya şöhrətli sərkərdə
olsa da, birinci növbədə işğalçı idi və
onu Asiyaya hökmranlıq etmək çox
maraqlandırırdı. Hətta Qordi düyünü əfsanəsi
də onun bu arzusunu möhkəmləndirməyə xidmət
etmişdi. Aleksandr Hindistandan geri dönməsə, öz
planlarını hökmən yerinə yetirəcəkdi,
axı hökmən qələbə çalmasına o,
heç vaxt sübhə etməmişdi.
Əgər o, istədiklərinə nail olsaydı, yəqin
ki, ilk kainat, dünya imperiyası yaradacaqdı. Onun
üstün cəhəti işğal etdiyi əhaliyə,
xalqlara barbar kimi baxmaması idi. O, yerli xalqları öyrənməyə,
onlara bələd olmağa can atırdı və bu üsuldan
istifadə etməklə onları idarə etməyə
çalışırdı. Bəzi xalqlar da onu sevinclə
qarşılayırdılar. Misirlilər Persiya
işğalçılarına nifrət etdiklərindən,
Aleksandra müqavimət göstərməmiş, onu gülər
üzlə qarşılamışdılar.
Aleksandr şərqlilərin dini inanclarına da
hörmətlə yanaşırdı, bunun bariz ifadəsi kimi
özünü "Amon oğlu"
adlandırmışdı. İşğalçı yunanlar
Persiya və Misirdə abad şəhərləri, arxitektura
abidələrini gördükdə məəttəl
qalmış və onlara heyran olmuşdular. Onlar burada daha
hündür sütunlar, onların kapitellərini bəzəyən
ağır heykəllər görmüşdülər.
Persepolisin saraylarına təəccüb qalan
döyüşçülər Misirin Luksorundakı, Abu
Simbelindəki, Karnakındakı möhtəşəm
arxitektura incilərini və heykəllərini görsəydilər,
öz gözlərinə inanmazdılar, hətta Afina da onlarla
müqayisədə yoxsul görünüş təsiri
bağışlaya bilərdi.
Şərq qərblilərə, avropalılara sivilizasiya
dərsi verə bilərdi
Şərq, bütövlükdə Persiya, Misir və
Hindistan isə inkişafda daha irəli getmişdilər, ona görə də
orada yaşayanlara barbar kimi baxmaq ağılsızlıq
olardı. Axı qədim dünyanın möcüzələrindən
biri və ən böyüyü olan piramidaları yaradan xalqı
necə geridə qalmış adlandırmaq olardı, təkcə
Xeops piramidasının tikintisi böyük mühəndislik
istedadından və praktikasından xəbər verir. Beş
min il əvvəl avropalıların xeyli hissəsi
mağaralarda, komalarda yaşadığı halda, şumerlilər,
misirlilər, persiyalılar, hindlilər olduqca gözəl
şəhərlər tikmiş, inkişaf etmiş sivilizasiya
yaratmışdılar.
Şərqlilər elmin inkişafında, texnologiya
nailiyyətlərində heç də yunanlardan geri
qalmırdılar. Şumerlilər yazıda ilk hərflərdən
istifadə etmiş, finikiyalılar bütün səsləri
ifadə edən hərflər sistemini, əlifbanı
yaratmışdılar. Yunanlar onların bu yazısını
bir qədər dəyişərək, özlərində tətbiq
etmişdilər. Sonra bu yazı etrusklar vasitəsilə Romaya
da ötürülmüşdü.
Tayfa quruluşunda yaşayan digər avropalılara isə
yazı mədəniyyəti yad idi. Yuli Sezar öz qeydlərində
Böyük Britaniya adalarında (İngiltərədə)
yaşayan xalqları olduqca geridə qalmış adamlar kimi
xarakterizə edir. Şumerlilər isə texniki inqilaba səbəb
olan təkəri icad etmişdilər, suvarma kanalları şəbəkəsi
yaratmaqla irriqasiyanı inkişaf etdirmişdilər. Təkər
dulusçuluqdan start götürərək, nəqliyyatda
istifadəsi ilə insanlara böyük fayda vermişdi. Hərbi
arabalar döyüşün taleyini həll edən amilə
çevirməklə, müasir dronları
xatırladırdılar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.30.