Sevgi limiti
"İnsan mənzərələri"
silsiləsindən
"Ən gözəl qadınlar gündüzlər
gülür,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş".
Kənan Rza
Onlar təsadüfən, yoxsa zərurətdənmi
tanış olmuşdular - demək çətindir (Əslində,
bu dünyada təsadüfi heç nə olmur).
Feysbukun "Təklif olunan dostlar" bölməsinə
baxırdı. Birdən nəzərləri onun profil şəklinə
sataşdı: qadının dodaqlarında kövrək,
işıqlı bir təbəssüm, amma gözlərində
qəribə kölgə vardı - yüngül, sanki titrəyən
kölgə. Və bu kölgə təbəssümdən
güclu idi, onu boğurdu.
Maraq kişiyə güc gəldi, qadının
profilinə girib onun haqda məlumatlara baxdı.
Çox-çox uzaqda yaşayan, başqa millətdən olan
bu qadın ondan 10 yaş kiçik idi, Texniki Universiteti bitirsə
də, sənətini heykəltaraş-dizaynçı kimi
göstərmişdi ki, bu da kişinin bu qadına olan marağını
daha da artırdı. Qadın evli idi. Səhifəsində isə
əsasən Şərq müdriklərinin xoşbəxtlik, həyatın
mənası, sədaqət, etibar barədə fikirlərini
paylaşırdı. Nəyə görəsə bu qadına
münasibətdə bir yaxınlıq, doğmalıq hiss
etdi: elə bil onu çoxdan tanıyırdı. Ona görə
da dostluq təklifi göndərdi və heç yarım dəqiqə
keçməmiş təsdiq cavabı aldı - elə bil
qadın gözlərini telefonun ekranına dikib bu təklifi
gözləyirmiş.
Bəlkə də etika xətrinə qadına mesaj
yazıb təklifini qəbul etdiyinə görə təşəkkürünü
bildirdi. Qadın dərhal qəribə tərzdə reaksiya
verdi: "Məni tapıb dostluq təklifi göndərdiyinizə
görə təşəkkür edirəm". Sonra çəkdiyi
rəsmlərin, uşaq bağçalarının həyətləri
üçün işlədiyi kiçik heykəlciklərin
şəkillərini göndərdi və bir neçə dəqiqədən
sonra yüz ilin tanışlari kimi virtual ünsiyyətə
başladılar.
Səhəri gün söhbətləri xeyli
uzandı. Qadın həvəslə, köhnə
tanış, dost kimi yazırdı - illərlə içində
saxladığı, heç kimə demədiyi bütün
sirlərini bu tanımadığı kişiyə
açmaqdan ehtiyat etmir, utanmırdı.
Kişi həssas adam idi və hiss edirdi ki,
qadının yazdıgı sözlər illər uzunu xoş
sözə, nəvazişə, diqqətə möhtac olan,
arzuladığı və layiq olduğu yox, qismətinə
çıxan ömrü yaşayan bir qadının ürəyindən
gəlir.
Sonrakı günlərdə də qadının ən
etibarlı sirdaşı kimi illərlə içində
yığılıb qalmış bütün sirlərini tərəddüdsüz
ona açması, etibar etməsi, düzü, kişini bir az
çaşdırmışdı. Qadının
yazdıqlarından belə məlum olurdu ki, profilində ailəli
olması barədə yazdıgı məlumat həqiqətin
hamısını yox, yarısını əks etdirir, yəni
o, rəsmən ailəli olsa da, əri ilə bir dam altında
yaşasa da, artıq ruhu və bədəni ona məxsus deyil,
ona arvadlıq etmir. Çünki 25 il ona sevgisiz arvadlıq,
qulluq eləməkdən bezib.
Kişi kiminsə özünün şəxsi həyatını
başqaları ilə müzakirə eləməyinə
yaxşı baxmadığından qadının bu canfəşanlığı,
sadəlövhlüyü xoşuna gəlmədi, soruşdu
ki, nə üçün özünün ən şəxsi
sirlərini ona - yaxından tanımadığı yad
kişiyə açır.
- Mən niyə bunları sizə deyirəm, heç
özüm də bilmirəm. Amma içimdə nə varsa,
sizə yazanda hamısı üzə çıxır,
yüngülləşirəm. Özümə də təəccüblü
gəlir ki, sizə niyə bu qədər inanıram. Siz
çox nəcib, həssas insansınız. Bilirəm ki, mənim
bu səmimiyyətimə xəyanət etməzsiniz.
Sonrakı günlərdə söhbətlərinin
mövzuları daha da şaxələndi. Bir dəfə
qadın ağzından qaçırdı ki, kaş bu
kişiyə oxşayan bir övladı olaydı. Kişi
zarafatla "Olmaya mənə vurulmusnuz" - deyə
soruşanda, qadın ağladı və dedi ki, vurulmaq
sözü yetərli deyil, artıq həyatını onunla
ünsiyyət olmadan təsəvvür etmir, çünki o,
ruhunun bir parçasına çevrilib.
Qadın gözəl idi və kişi qadın gözəlliyinə
biganə olmasa da, kişi və qadın arasında münasibətlərin
sevgi adlandırılmasını düzgün hesab etmirdi.
Ən azından ona görə ki, əsl sevgi əbədi və
müqəddəs hiss idi və kişiyə görə
filosofların, yazıçıların vəsf etdikləri
eşq, məhəbbət sadəcə istək, instinktlər
üzərində qurulmuş kişi-qadın münasibətlərini
estetikləşdirmək cəhdindən başqa bir şey
deyildi. Bəlkə elə buna görə bu kitab, şeir
sevgisinə inanmır və özü də sevməyi
bacarmırdı. Amma qəribədir ki, qadının sözlərində
bir istilik vardı və onun buza dönmüş ruhu bu istiliyi
hiss edirdi.
Kişi bir gün sevgi barədə
düşündüklərini qadına açdı.
Qadın qəribə cavab verdi: "Eybi yoxdur, mən sizə
sevməyi, sizsə mənə həyatı öyrədərsiniz".
Beləliklə, onlar bir-birilərinin həyatına
daxil oldular.
Bir müddət sonra zəngləşib bir- birilərinin
canlı səslərini eşitdilər, video ünsiyyətdə
oldular.
Kişi görürdu ki, bu gözəl qadın 25 il
sadəcə öhdəsinə düşən
qadınlıq borcunu yerinə yetirmək məcburiyyəti
qarşısında fərəhsiz, sevgisiz bir ömür
yaşayıb. Amma ona rast gələndən çiçək
kimi açıb, tamam başqa adam olub.
Görəsən, nəyə görə? Nə
görmüşdü qadın onda?
Zaman keçdi. Gündəlik yazışmalar, gecə
saatlarında uzun səsli mesajlar, bəzən incə
zarafatlar... Artıq "siz"dən "sən"ə
keçmişdilər. Qadın bir gün yazdı:
- Sən uzaqdasan, amma səsin, nəfəsin ruhuma
toxunur...
Kişi o an diksindi. Bu sözlər ona yad deyildi. Amma
istəmirdi ona ünvanlana, onun haqqında deyilə. Sevgi hissi
ona yad idi, qulağı belə sözlərə
alışmamışdı. Amma qadınla
danışdıqca, onun səsinə qulaq asdıqca, fikirlərini
oxuduqca getdikcə özünü itirdiyini hiss edirdi. Onun
yoxluğunda darıxırdı.
Qadın bir dəfə zarafatla soruşdu:
- Düzünu de, sən də mənə
bağlanmısan?
Kişi:
- Mən sənin içində olan boşluğa
bağlanmışam. - dedi. - Çünki o boşluğun
davamı mənim içimdədir. Elə bil biz ikibiz ikimiz
bir ömürü birlikdə yaşamışıq.
Əvvəllər qadın onu dəhşətli dərəcədə
qısqanırdı - kişinin paylaşımları
altındakı "bəyəndim" işarələrinə
görə hay-küy qaldırır, hətta bəzən
ağlayırdı. Və kişi də hiss edirdi ki, get-gedə
bu qadına təkcə ruhən yox, həm də gözəl,
yaraşıqlı bir qadın kimi bağlanır, onsuz
darıxır.
Qadın bir dəfə videozəng açdı. Səsi
titrəyirdi, gözləri yaşla dolu idi. Üz-üzə
dayanıb heç nə demədilər. Sadəcə
baxışdılar. Uzaqdan baxışmaq... real toxunuşdan
daha gözəl idi. Onlar arasında fiziki təmas olmasa da,
ruhlarının toxunuşu sanki hər ikisini titrədirdi.
Bir gecə qadın dedi:
- Kaş illər əvvəl tanış olaydıq və
mən səndən bir uşaq doğaydım. Onda xoşbəxt
olardım. Təkcə onu qucaqlayanda sənin nəfəsini, ətrini
hiss edəcəyinə görə yox, həm də sənə
aid olan bir varlığı, sənin nişanəni bu
dünyaya gətirəcəyimə görə.
Bu cümlə kişinin içindəki bütün
səssizliyi dağıtdı, oradakı boşluğu silkələdi.
İlk dəfə qadının səsinə cavab olaraq
pıçıltı ilə dedi:
- Qəribədir, min kilometrlərlə məndən
uzaqdasan, amma səni düşünəndə ruhum isinir.
Bu, onlar arasında əsaslanmayan ruhani təmas kimi
şey idi. Münasibətləri elə bir səviyyəyə
çatmışdı ki, sanki toxunuşa ehtiyac
qalmamışdı. Onlar bir-birinin ruhuna toxunurdular - hər gecə,
hər mesajda, hər baxışda...
Amma zaman keçdi. Qadının mesajları azaldı.
Zəngləri gecikdi. Və kişi başa düşdü.
Başa düşdü ki, həyatın amansız gerçəklikləri
şairlərin, yazıçıların pafosla vəsf elədikləri
sevgidən qat-qat güclüdür: gerçəklik heç
də həmişə sevginin əlindən tutub
başını sığallamır, bəlkə də əksinə,
ona hədd, limit qoyur və indi illər sonrası bu iki şəxsin
arasında yaranan o ülvi hisslər gerçəkliyi yenmək
gücündə deyil. Evdə ailə, uşaqlar, gündəlik
qayğılar, sosial qorxular, tənə, qınaq
sindromları bu sevginin qarşısında keçilməz bir
divar kimi dayanırdı.
Kişi yazdı:
- Mənə niyə əvvəlki kimi yazmırsan?
Qadın bir neçə gün sonra cavab verdi:
"Səni sevirəm. Amma getdikcə daha çox
darıxıram. Bu darıxmaq məni boğur. Həyatım
parçalanır, hissələrə bölünür. Səni
sevdikcə isə qorxuram, səndən daha uzaqlaşıram. Və
bu qorxu, bu uzaqlıq məni məhv edir".
Bu, son idi. Sükutun içində yazılmış
vidalaşma. Qadın bir cümlə ilə bitirdi:
"Məni unutma. Amma bil ki, səni bu dünyada mənim
qədər sevən olmayıb və olmayacaq..."
Kişi cavab yazmadı. Bilirdi ki, o, qadını sevdiyi
kimi, qadın da onu sevmişdi. Amma sevgidən daha güclü
olan reallıq bu sevgini uddu...
Son bir cümlə yazıb göndərdi: "Sevgi
bizi əvvəlcə yaxınlaşdırdı, sonda isə
ayırdı... çünki o, qalib gəlməyə yetərli
deyildi".
Uzun müddət ekrana baxdı - sanki qadının
qayıdacağını gözləyirdi.
Amma ekran susurdu.
O, pəncərəyə yaxınlaşdı.
Çöldə asta-asta qar
yağır, qar dənələri sanki torpaqla təmasa -
ona toxunaraq əriməyə tələsirdi.
Fikirləşdi ki, sevgi deyilən şey də elə
qarın torpağa can atması kimi bir şeydir, həyatımıza
gec daxil olan ən vacib insanlar da məhz buna görə bizi bax
beləcə tərk edir, bir gün əriyib yox olurlar.
"O, mənə sevməyi öyrətdi, mənsə
ona yaşamağı öyrətmək istəyirdim. Amma bəlkə da məhz məhəbbət
yeganə həyatdır ki, biz onu bir-birimizə
bağışlaya bilirik".
Qadının titrək, yumşaq səsi yenə
qulaqlarında səsləndi: "Mən səni sevirəm".
Diksinib geri çevrildi - otaq boş idi.
Amma bu boşluq daha onu qorxutmadı, sanki içindəki
boşluq sinəsindən çıxıb otağa
yayılmışdı. Orda isə qadının əbədi,
isti nəfəsi yaşayırdı.
Ola bilsin ki, onlar daha heç vaxt bir-birlərinə
heç nə yazmayacaqdılar. Lakin yüz kilometrlər uzaqda
qadın hər axşam səmaya, bədirlənmiş Aya
baxanda biləcək ki, kişi də ora baxır və parlaq Ay,
sonsuz səma onların baxışlarını yenə də
bir-birinə qovuşdurur.
Bundan sonra isə məhəbbət limiti bitir və
sonsuzluq başlayır...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.29.