Xalq şairi Səməd Vurğunun
120 illik yubileyi Gürcüstanda qeyd edilib
Gürcüstanın Bolnisi rayonunda
soydaşlarımızın kompakt yaşadığı
Faxralı kənd orta məktəbində Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi Səməd
Vurğunun 120 illik yubileyi münasibətilə tədbir təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə
Gürcüstanın və Azərbaycanın Dövlət
himnləri səsləndirilib.
Mərasimdə Azərbaycanın
Gürcüstandakı səfirliyinin məsul əməkdaşı
Ramiz Hacızadə, kəndin meri Noyruz Ayvazov, ziyalılardan
Ramiz Bəkirov məktəbin Azərbaycan dili müəllimi
Fatma Əliyeva və başqaları çıxış
ediblər.
Çıxış edənlər şairin zəngin
ədəbi irsi, Azərbaycan poeziyasına verdiyi töhfələr
və onun yaradıcılığının bu gün də
aktuallığını qoruduğunu qeyd ediblər. Bildirilib
ki, Səməd Vurğun vaxtilə iki dəfə Faxralı kəndində
olub və kənd sakinləri ilə görüşlər
keçirib. Bu səbəbdən şairin xatirəsi kənddə
xüsusi ehtiramla yad edilir. Faxralı sakinləri onu xoş
xatirələrlə xatırlayır, yaradıcılığını
daim əziz tutur və gələcək nəsillərə
tanıtmağa çalışırlar.
Çıxış edənlər bu cür təşəbbüslərin
Gürcüstanda ana dilinin qorunması, yaşadılması və
gənc nəsil arasında təbliği baxımından
mühüm əhəmiyyət
daşıdığını vurğulayıblar.
Sonra məktəblilər arasında şairin
yaradıcılığına həsr olunan şeir müsabiqənin
qalibləri fəxri fərmanla təltif olunublar.
Mərasim bədii hissə ilə davam edib. Məktəblilər
tərəfindən şairin dram əsərlərindən səhnələşdirilmiş
səhnəciklər təqdim olunub.
Qeyd edək ki, bu cür tədbirlər
Gürcüstanda yaşayan azərbaycanlı icmasının
milli-mədəni dəyərlərinin, xüsusilə ana
dilinin qorunması və gələcək nəsillərə
ötürülməsi baxımından mühüm rol
oynayır.
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.27.