Milli
Kitabxanada “Əməkdar elm xadimi Yaşar Qarayev – 90 ” adlı
kitab sərgisi açılıb
Milli Kitabxanada görkəmli tənqidçi və ədəbiyyatşünas,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvi, Dövlət
mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar
Qarayevin anadan olmasının 90 illik yubileyi münasibətilə
“Əməkdar elm xadimi Yaşar Qarayev – 90” adlı kitab sərgisi
istifadəçilərə təqdim olunub.
Sərgidə alimin əsərləri, məqalələri,
müsahibələri, məruzə və
çıxışlarından ibarət seçilmiş əsərləri,
redaktor, ön söz, tərtibçi və rəyçi
olduğu kitablar, həmçinin həyatı, çoxşaxəli
ədəbi-elmi yaradıcılıq yolu haqqında ədəbiyyatlar,
elmi, publisistik məqalələr və xatirələrdən
ibarət nəşrlər nümayiş olunur.
Yaşar Vahid oğlu Qarayev 1936-cı il mart
ayının 5-də Şəki şəhərində anadan
olub. 1946-cı ildə ailəsi ilə birlikdə Bakıya
köçüb, burada 31 nömrəli şəhər orta məktəbini
bitirib. 1954–1958-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya
fakültəsində təhsil alıb.
1959-cu ildən Akademiyada əmək fəaliyyətinə
başlayan alim Nizami adına Ədəbiyyat Dil İnstitutunun
şöbə müdiri (1975-1981), elmi işlər üzrə
direktor müavini (1981-1985), daha sonra direktoru vəzifələrində
çalışıb. 38 monoqrafik tədqiqat əsərinin və
ədəbi-tənqidi məqalələr məcmuəsinin,
500-dən artıq məqalənin müəllifidir.
Ədəbi fəaliyyətə 1955-ci ildə “Lenin tərbiyəsi
uğrunda” və “Azərbaycan gəncləri” qəzetlərində
çıxışlarla başlayıb. Onun tədqiqat obyekti
ədəbiyyatşünaslıq, ədəbi tənqid, ədəbiyyat
tarixçiliyi, teatrşünaslıq, estetika və humanitar
elmlərin nəzəri-metodoloji problemlərini əhatə
edir.
Alim “Ədəbi proses” adlı illik elmi-tənqidi məcmuənin
təşəbbüsçüsü, müəlliflərindən
biri və məsul redaktoru olub. Onun “Şərqin dahisi”, “Tənqid:
problemlər, portretlər”, “Azərbaycan ədəbiyyatında
faciə janrı”, “Tarix: yaxından və uzaqdan” kimi əsərləri
ədəbiyyatşünaslıqda mühüm yer tutur.
Yaşar Qarayev həmçinin respublikanın elmi və ədəbi-mədəni
həyatında da fəal iştirak edib.
Yaşar Qarayev 1980-ci ildə Azərbaycan Dövlət
mükafatı laureatı seçilib, 1982-ci ildə isə
“Əməkdar elm xadimi” fəxri adına, "Məmməd
Araz", "Həsən Turabov" mükafatlarına,
"Əmək rəşadətinə görə"
medalı ilə təltif olunub.
Şahanə
525-ci qəzet .- 2026.- 6 mart (¹9).- S.27.