Hüseynbala Mirələmov
bədii nəsri: insan və zaman kontekstində
Zəngin
tarixə malik Azərbaycan ədəbiyyatı əsrlər
boyu özünəməxsus inkişaf yolu keçib.
Müasir dövr Azərbaycan ədəbiyyatı
üçün həm məhsuldar, həm də keşməkeşli bir dövr
sayılır. Çağdaş mərhələdə
öz məhsuldar yaradıcılığı ilə ədəbiyyatımızı
zənginləşdirən, ədəbi proseslər zəminində
sənətinin formalaşmasını təmin edən, Azərbaycan
bədii nəsrinin inkişafında müstəsna xidmətləri
ilə seçilən sənətkarlardan biri də
Hüseynbala Mirələmovdur.
Hüseynbala Mirələmovun çağdaş Azərbaycan
bədii nəsrinin inkişafında özünəməxsus
mövqeyi ilə seçilməsi
təsadüfi deyildir. Azərbaycan ədəbiyyatında insan
amilinə ardıcıl müraciəti, milli dəyərlərin
bədii ifadəsindəki mühafizəkarlığı onu
yeni dövrün qabartdığı və önə çəkdiyi
imzalarından biri edib. Yazıçının nəsri
mövzu və problematika, qəhrəman tipologiyası
baxımından ciddi maraq doğurub. İstedadlı bir qələm
sahibi kimi, o, öz estetik idealını, əsərlərinə
gətirdiyi həyat materiallarını qəhrəmanlarının
xarakter və hərəkətlərində göstərməyə həmişə
müvəffəq olub. Ona görə də Hüseynbala Mirələmov sənətinin estetik mahiyyətinin
araşdırılması ədəbiyyatşünaslığımızda
hər zaman aktuallığını qoruyub saxlaya bilib. Zalxa
Orucovanın "Hüseynbala Mirələmovun bədii nəsri"
mövzusunda yazmış olduğu monoqrafiya bu baxımdan səciyyəvidir.
Müəllif
monoqrafiyada H.Mirələmovun bədii nəsrini bir neçə
kontekstdən təhlilə cəlb etməyi aktual hesab
etmişdir: ailə məişət mühiti və qəhrəman;
tarixi-siyasi mühit və qəhrəman; çağdaş
sosial-siyasi həyat və qəhrəman və sair.
Zalxa
Orucova haqlı olaraq göstərir ki,
yazıçının qəhrəman konsepsiyasının əsasında
kamil insan, bütöv şəxsiyyət dayanır.
Çünki Hüseynbala Mirələmov
yaradıcılığında şəxsiyyətin
(xarakterin) bütövlüyünü təbii
varlığı ilə sosial təbiətinin harmoniyası
müəyyənləşdirir. Yazıçının əsərlərində
ilk növbədə, şəxsiyyət
başlanğıcına artan maraq ön mövqedədir. Ailə-məişət
hekayətindən, həmçinin sosial problemlərin
inikasını önə çəkən əsərlərdən
mənəvi-əxlaqi konteksti aparıcı olan romanlara
keçid H.Mirələmov
yaradıcılığındakı keyfiyyət dəyişməsinin
konseptual mahiyyətini göstərir. Onun
yaradıcılığında insan, hər şeydən əvvəl,
təbii varlıq kimi öyrənilir. İnsanın daxili
dünyasının mürəkkəblikləri, ziddiyyətləri,
qeyri-adilikləri bədii təsvirin mərkəzinə gətirilir.
Bildiyimiz
kimi, H.Mirələmovun povest və romanlarında qəhrəmanların
daxili aləmlərinin bütün tərəflərinin -
ziddiyyət və mürəkkəblikləri, sevgi və həyəcanları
ilə təsvir edilməsi bu yaradıcılığın
öz yaxın sələflərinin birbaşa varisi kimi
çıxış etməsinə vəsilə olub.
Yazıçı ilk hekayələri ilə içindəki
insan amilinin qüvvətli çalarlarını sərgiləməyi
həmişə bacarıb. Ədəbiyyatın birmənalı
olan və heç bir zaman təsirini azaltmayan yeganə aksiomu
var: ədəbiyyat insanı yazır. Ədəbiyyat elə
bir sahədir ki, ordakı qatilin daxilindəki
adamlığın, fərarinin içindəki vətən
sevgisinin anlanılmasına istiqamətlənmiş bir
cığır var. Müəllif yalnız insanı yazır,
ona hökm vermir, onu hər bir cəhətləri ilə birgə
sənətə gətirməyə səy göstərir.
Bütün bu yaradıcılıq keyfiyyətləri Zalxa
Orucovanın araşdırmalarında nəzəri-estetik
kontekstdə özünün dərin təhlilini tapa bilir.
Azərbaycan
ədəbiyyatında insan amilinin davamlı yer almasında,
milli dəyərlərin bədii ifadəsində Hüseynbala
Mirələmovun estetik düşüncəsi öz
funksionallığını bu gün də davam etdirməkdədir.
Yazıçının qəhrəman konsepsiyasının əsasında
dayanan bütün vacib məsələlərə monoqrafiyada
bu və ya digər nəzəri müstəvidə münasibət
bildirilir. Zalxa Orucovanın yazıçının nəsrini
mövzu və problematika, qəhrəman tipologiyası, insan və
zaman və sair problemlər kontekstində təhlilə cəlb
etməsi və bu təhlilləri nəzəri
bütövlükdə təqdimi ciddi maraq doğurur.
Müharibə,
xüsusilə "Qarabağ" mövzusu son dövr ədəbiyyatımızın
başlıca mövzusudur. Hüseynbala Mirələmov
yaradıcılığında bu mövzunu hədəfə
alaraq daha çox zamanın dərdlərindən,
ağrılarından yazmağı lazım bilsə də,
başlıca məqsədi insanın ağrılarına enmək,
onun yaşantılarını bədii mətnə gətirmək
olub. Monoqrafiyada Hüseynbala Mirələmov
yaradıcılığının bu keyfiyyəti cəmiyyət
problemləri, insan və müharibə problemləri, eyni zamanda
insanın lirik-psixoloji düşüncələri çərçivəsində
dəyərləndirilir.
İnanıram
ki, gənc ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə
doktoru Zalxa Orucovanın "Hüseynbala Mirələmovun bədii
nəsri" monoqrafiyası
yazıçının bədii irsinin
araşdırılması, bu sənətin daha çox insan və
zaman kontekstində dəyərləndirilməsi
baxımından mirələmovşünaslığın
yeni töhfəsi olacaqdır.
Elman
QULİYEV
Filologiya
elmləri doktoru, professor, ADPU Türkoloji mərkəzinin
Türk ədəbiyyatı bölməsinin müdiri
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.26.