Kitabın keşiyini
zərifliklə çəkənlər
UNUDULMAZ KİTABXANA MÜTƏXƏSSİSİ
TAMİLLA İSMİXANOVANIN ƏZİZ
XATİRƏSİNƏ VƏ BÜTÜN KİTABXANAÇI
QADINLARA DƏRİN EHTİRAMLA
Təqvimdə 8 Mart - Dünya Qadınlar Günü
kimi qeyd olunur. Bu erkən yaz gününün qadınlara həsr
edilməsi bəlkə də təsadüfi deyil. Necə ki, təbiət
hər bahar yenilənir, torpaq oyanır, çiçəklər
açır, eləcə də qadınlar həyatın
başlanğıcı, ailənin dayağı, cəmiyyətin
mənəvi sütunudur. Kitabxanaçı qadın isə həm
də elm, bilik işığını yandıran
çıraqdır. Onun varlığı kitabxanaya ruh,
kitablara nəfəs, oxucuya isə ümid verir.
Ömrünü kitablara bağışlayan, qoruduğu
kitablardan daha az yaşayan kitab adamıdır
kitabxanaçı. Çox vaxt dəyəri layiqincə verilməsə
də, zamanın dəyişən küləklərinə
boyun əyməyən, müqəddəs saydıqları
peşəni sədaqətlə, yorulub-usanmadan yerinə yetirən
fədakar insanlardır kitabxanaçılar. Onlara əmanət
edilən kitabları zərifliklə, qayğıkeşliklə
qoruyur, mühafizə etdikləri kitablar kimi öz mənəvi
dəyərlərini də saf və ləkəsiz
saxlamağı bacarırlar. İllər keçdikcə sanki
özləri də kitablaşırlar. Hər gün oxucu ilə
təmasda olmaq, hər səhifədə bir düşüncə
ilə qarşılaşmaq kitabxanaçı ruhunu
qidalandırır, ona müdriklik, mənəvi zənginlik bəxş
edir. Kitab səhifəsi kimi ləkə götürməyən
paklığın, səbir və təmkinin rəmzinə
çevrilirlər. Onlar zəhmətini, gözünün
nurunu müqəddəs kitaba fəda edən, dünyanın
hay-küyündən uzaq bir guşədə keçmişin
səsini qoruyub saxlayan, onu gələcəyə ötürməyə
çalışan səssiz, sadə, təmənnasız qəhrəmanlardır.
Kitabxanaçı sadəcə kitab verən və ya qəbul
edən şəxs deyil, o, biliklə insan arasında
körpüdür, doğru kitabı doğru oxucu ilə
görüşdürən incə zövq sahibidir. O, bəzən
bir gəncin həyat yolunu dəyişən tövsiyənin
müəllifi, bəzən bir uşağın ilk mütaliə
sevincinin şahidi, bəzən də ömrünün
payız çağını yaşayan bir insanın ən sədaqətli
həmsöhbətidir. Onlar sözün keşiyində duran,
düşüncənin sərhədlərini qoruyan, biliyin səssiz
mühafizəçiləridir.
8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində
qələmə aldığım bu yazı məşhur
kitabxanaçı qadınlardan biri, mənim mənəvi
müəllimim Tamilla İsmixanovanın xatirəsinə ithaf
olunur.
Qərbi Azərbaycandan olan dəyərli pedaqoq
Əşrəf Bayramovun ailəsində dünyaya göz
açmış Tamilla İsmixanovanı tanıyanlar onun Azərbaycan
qadınına xas ən ümdə xüsusiyyətləri
daşımaqla yanaşı, həm də nümunəvi rəhbər,
bacarıqlı təşkilatçı olduğunu
yaxşı bilirlər. Kitabxana sahəsində
tanınmış ziyalılardan olan Tamilla xanım həm də
mərd, cəsur, olduqca qətiyyətli və qeyrətli bir
xanım kimi milli-mənəvi dəyərlərə sadiq,
sözübütöv, insanpərvər, el-oba təəssübkeşi
olaraq da şöhrət qazanmışdı. Bakı Dövlət
Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə
diplomu ilə bitirmiş Tamilla xanım uzun illər Azərbaycan
Ensiklopediyasının redaksiyasında Xalq şairi Rəsul
Rzanın rəhbərliyi altında
çalışmışdı. Sonralar səhhətindəki
problemlərlə əlaqədar ali təhsil müəssisələrindən
birinin kitabxanasında fəaliyyətini davam etdirən Tamilla
xanım işlədiyi müəssisədə yerdə əyləşib
kitabların tozunu sildiyi zaman o vaxtlar Respublika Ali Sovetinin sədri
Elmira Qafarovanın diqqətini cəlb edir. Və taleyin xoş
təsadüfü nəticəsində təhsil sistemi
kitabxanalarının metodik mərkəzi olaraq
yaradılmış Azərbaycan Respublikası Təhsil
Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına rəhbər təyin
olunur və qırx il həmin müəssisəyə rəhbərlik
edir. Kitaba və kitabxanalara xüsusi sevgisi ilə
yaddaşlarda iz qoymuş Tamilla xanım rəhbərlik etdiyi
müəssisədə uşaqdan-böyüyə hər kəsin
hörmətini qazanmışdı. Tabeliyində olan hər kəsə
əvvəlcə bir ana, daha sonra bir əməkdaş kimi
yanaşan Tamilla xanım sosial idarətemə
qanunlarını bilən nadir liderlərdən idi. Mən bəzən
idarəetmə ilə bağlı kitablar oxuyarkən onun bu
kitablarda yazılanları necə doğru tətbiq etməsindən
heyrətlənərdim. Tamilla xanım təhsil müəssisələri
kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması, uşaq mütaliəsinin
səmərəli təşkili üçün təkliflər
verər, öz təşəbbüsləri ilə hər
zaman yeni nəslin ömürboyu təhsilinin təşkilinin
formalaşmasında məktəb kitabxanalarının nə qədər
böyük rolu olduğunu ön plana çəkməyə
çalışardı. Hazırladığı metodik vəsaitlər,
tövsiyə nəşrləri, bülletenlər,
keçirilmiş seminarlar, konfranslar
kitabxanaçıların bilik və bacarıqlarının
artırılmasına xidmət etməklə yanaşı, həm
də uşaq mütaliəsinin təşkili və məktəb
kitabxanalarının problemlərinin həllinə istiqamətlənmişdi.
Ona görə də kitabxanaçı kadrlar daima ondan öyrənməklə
yanaşı həm də onun əzminin pərəstişkarı
idilər. Tamilla xanım, eyni zamanda gözəl ailə
başçısı, qayğıkeş ana və mehriban nənə
idi.
O, səssizliyi ilə müdriklik öyrədir, təmkinli
davranışı ilə örnək olur, qayğıkeş
münasibətilə həmkarlarının və
oxucuların qəlbində iz qoyurdu.
Tamilla İsmixanovanın ömrü kitab səhifələri
kimi sakit, amma məzmunlu keçdi. Bu gün onun əməyi
oxucularının yaddaşında, qoruduğu kitabların səssiz
nəfəsində və davam edən mütaliə ənənəsində
yaşayır.
Bu bayram münasibətilə Tamilla xanımı sonsuz
ehtiramla yad edir, onun timsalında bütün
kitabxanaçı xanımların zəhmətinə və sədaqətinə
dərin hörmətimi bildirirəm.
Səyyarə MƏMMƏDOVA
AMEA-nın Mərkəzi Elmi Kitabxanası
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.26.