"Məhəbbətin
çiçəklənir ürəyimin yarasında..."
Süleyman Rüstəm
- 120
Bu ilin mart ayında poeziyamızın bayraqdarı, ədəbiyyatımızın
klassiki, sovet dövrü Azərbaycan poeziyasının banisi,
görkəmli şair, nasir, dramaturq, publisist, Xalq şairi
Süleyman Rüstəmin 120 yaşı tamam olur.
40 il ərzində bu ölməz söz
ustadının yaradıcılığının müxtəlif
sahələrini əks etdirən yazılarım dərc
olunub. Hər zaman bu məşhur söz sərrafının sənət
dünyasına - ümmanına baş vurduqca yeni-yeni fikirlər,
mənalar üzə çıxır. Hər dəfə də
bu əsərləri təhlil etdikcə S.Rüstəmin nə
qədər çox böyük şair olduğunun
şahidinə çevrilirsən.
S.Rüstəm milli mənliyimizin, milli məfkurəmizin,
təmiz Azərbaycan türkcəsinin təəssübünü
çəkərək poeziyamızın zirvəsini fəth
edən nadir sənətkarlardandır. S.Rüstəmin bu
gün də həmin zirvədən ədəbiyyatımıza
keşik çəkən bir mayak kimi gənc
yazarlarımıza və şairlərimizə yol göstərir.
Əlbəttə ki, bu, onun ölməz, parlaq sənətkar
kimi Azərbaycan ədəbiyyatının yerindən,
mövqeyindən, çəkisindən xəbər verir.
Bu gün böyük sevgi ilə, dərin ehtiramla
ölməz ustadın, söz mühəndisinin, qəlblər
fatehinin, bahar nəfəsli, gənclik şövqlü, məhəbbət
vurğununun, sevgi aşiqinin, sevgi dünyasından məhəbbətlə
hörülmüş çələngdən - sənət
incilərindən söz açmaq qərarına gəldim.
Professor, pedaqogika üzrə elmlər doktoru, şair
Əjdər Ağayevin təbirincə desək: "S.Rüstəm
Azərbaycan ədəbiyyatının nəhəngi, Azərbaycan
vətənpərvərliyinin banisi, Təbrizi ürəklərdə
möhkəmləndirən, sevdirən, Təbriz güllərini,
ellərini, çiçəklərini bayraq edib hər yana
yayan və Arazımızın vasitəsilə bizi
ayıranlara öz kəskin misraları ilə atəş
açan böyük bir şairdir".
S.Rüstəmin zəngin
yaradıcılığı Azərbaycan ədəbiyyat
tarixinin, bütövlükdə Azərbaycan tarixinin parlaq səhifələrini
təşkil edir. Onun şux misraları mirvari kimi insan qəlbinə
nəzmə çəkilib.
S.Rüstəm gənclik şairi, məhəbbət
şairi idi. O, daim gənclik eşqi ilə, gənclik
şövqü ilə yazıb yaradırdı. Məhəbbət
gənclərə yaxın mövzu olduğundan şair bu
mövzuya böyük önəm verirdi. Əlbəttə ki,
şairin doğma vətənə, torpağa, anaya, valideynə,
ailəyə, təbiətə, müstəqilliyə həsr
olunmuş məhəbbət dolu şeirləri də
vardır. Lakin ədibin çox axıcı, lirik şeirləri
sevgiliyə həsr olunan əsərlərdir. Bu şeirlərin
bir neçəsini nəzərdən keçirək.
Aylı səmada, günəşli, uğurlu yollarda
sevgilisinin vəfasını şair ömrünə calanan bər-bəzəkdə
görən S.Rüstəm eşqin möcüzələr
yaratdığını, bu eşqdən heç bir zaman
usanmadığını sevə-sevə misralara
köçürür:
Sevgi dünyasında keçdi ömrümüz,
Ağ gündə, dar gündə sınadım səni.
Bağışla, sevgilim, olmasam da pis -
Bəzən yerli-yersiz qınadım səni.
Çox yaxşı bilirsən, vəfalı dilbər,
Adına bağlıdır sevincim dərdim.
Yenidən dünyaya gəlsəydim əgər,
Yəqin ki, yenə də səni sevərdim.
Eşqinə gülləri, çiçəkləri,
bülbülləri şahid çəkən, adına nəğmələr
qoşan, eşqi dünyada sədəqə kimi qəbul etməyən
şair günəş qədər sevdiyi cananına
könül verərək məhəbbətini belə izhar
edir:
Sevgilim, mən sənə canan deməyim, bəs nə
deyim?
Hüsnünü dərdimə dərman deməyim, bəs
nə deyim.
...Dikilib gözlərim həsrətlə
vüsalın yoluna
Olmasın ortada hicran deməyim, bəs nə deyim!
...Yox mənim başqa gözəllərdə bilirsən
ki, gözüm
Sənə qurban bu Süleyman deməyim, bəs nə
deyim.
Qəlbində sevgisini nəhəng bir ümmana bənzədən,
eşqin mənasını səmimiyyətdə, saf
duyğularda bilən, mahnısı ürəkləri dələn,
hicrana dözməyən bir aşiq kimi S.Rüstəm sevgilisi
ilə bir növ dialoqa girir:
Eşqimin bağından uçdun xəbərsiz,
De görüm, vəfasız sənsən, yoxsa mən?!
Mən bu ayrılığa dözürəm yenə,
De görüm, vəfasız sənsən, yoxsa mən!
Ömrümün nəğməsi səndin dilimdə
Səndin çiçəyim də, səndin
gülüm də,
Yansan səni anar mənim könlüm də,
De görüm, vəfasız sənsən, yoxsa mən?!
Sevdalı məhəbbətindən qəlbində
silinməz nişanə qalan o pak, müqəddəs
duyğulara həssaslıqla yanaşan şair sevgili
cananına qəlb çırpıntılarını belə
çatdırır:
Deyirəm, sevgili cananıma bu can qurban,
Canı qurban deməyən eşqi müqəddəs
bilməz.
...Rüstəmin ondaki, canan görünür gözlərinə,
İmtahançın sən onun barmağını kəs,
bilməz!
Hərdən öz sevgisindən uzaq düşən,
hicranına dözə bilməyən şair, bəzən zəif
küskünlüyünü misralarında incə hisslərlə
belə təsvir edir:
Olmasın hicrində bu könlüm pərişan,
neyləsin?
Etməsin öz canını canana qurban, neyləsin?
Gəlməsə gül eşqinə-sevdalı
bülbül gülşənə,
Solmasın şən nəğməsiz gülşən,
gülüstan, neyləsin?
"Gəl-gəl, ey yar" söyləməkdən
mən yoruldum, gəlmədin,
Sən özün oldun səbəb hicrana, hicran neyləsin?!
Özgə bir gülüzlüyə versəm
könül, ey bivəfa,
Sən özündən küs, günahkarsan,
Süleyman neyləsin.
S.Rüstəm öz sevgisinə sadiq qalaraq saf,
ülvi məhəbbətlə daim onu yaşadırdı. Bu
da onun şeirlərinə ilham verirdi. O, eşqini hər
qocaman dalğaya qalib gələn gəmiyə bənzədərək,
bu həyat dalğalı bir dəryada sönməyən, atəşli
məhəbbətini sanki ürək qanıyla misralara
köçürürdü:
Gələndə məclisə mey əldə lalə
şəklində,
Nigarım aytək olur, mənsə halə şəklində.
Ürək qanımla yazıb sönməyən məhəbbətimi,
Nigarə söyləyirəm odlu nalə şəklində,
Vəfalı könlünə bir yol tapan zaman
şeirim,
Gözündə nəm görürəm, inci, jalə
şəklində.
Mən aşiqəm, beləyəm mən, hər
aşiqanə sözüm
Coşub axır ürəyimdən şəlalə
şəklində.
Sevin, sevin ki, Süleyman, əlində sevgilinin
O qan olan ürəyindir piyalə şəklində.
Şair kövrək duyğularda eşqinə sadiq
qalan bahar sözlü nigarının hicranına dözməyərək
ürək ağrısını belə təsvir edirdi:
Hicran daşı vurdun kürəyimdən
Atdın məni, atdın məni, atdın.
Mən şəklini asdım ürəyimdən
Fikrimdə, xəyalımdasan hər an,
Sənsiz də sənin ətrini duydum
Bağçamda gülümdən, çiçəyimdən.
Çıxdım yola vəslin həvəsilə,
Hər yoldan ötəndən səni sordum,
Əl çəkmədi hicran ətəyimdən.
Atdın məni, atdın məni, atdın,
Mən şəklini asdım ürəyimdən.
Həyatı fırtınalı, dalğalı bir dəryaya
bənzədən S.Rüstəm bu həyat yolunda bir gün də
olsun sevgisiz yaşamadı:
Deyirəm hüsnünü gülşəndə
görüm,
Könlümə həsrətin düşəndə
görüm,
Ömürlük anamız Vətəndə
görüm -
Görməyim pərişan, bağrı qan səni.
Yazmışam adını günə, aya mən,
Düşmüşəm eşq adlı bir sevdaya mən.
Səninçün gəlmişəm bu dünyaya mən,
Mənimçün yaradıb yaradan səni.
S.Rüstəm xəzan bilməz mənalı, məhəbbət
dolu ömrünün bütün qaynar çağlarında,
bahar təravətli, gülüstanlı eşq bağında
sevgili cananını necə yanında görməyi
arzulayırdısa, dünyasını dəyişdikdən
sonra da bu eşq atəşinin onu tərk etməməsini
yumor hissi ilə belə təsvir edir.
Sevgilim, qoyma dilimdə nə şikayət qalsın.
Nə də könlümdə gözümdə
acı həsrət qalsın.
Gəl vəfasız demə, bəsdir, səni candan
sevənə,
Qoymaram bir daha üstümdə bu töhmət
qalsın.
Bir gözəlsən ki, gözəllər sənə
dikmiş gözünü
Deyirəm, ölkədə haqqında bu söhbət
qalsın.
Son verək gəl bu şikayətlərə; səndən,
məndən,
Dərdə dözmək cavan aşiqlərə adət
qalsın.
Varsa şübhən sözümə, onda buyur, al
gözəlim,
Ürəyim qəbrə qədər səndə əmanət
qalsın.
Gəl, Süleyman o qızılgül
dodağından öpsün,
Torpaq altında da ağzında bu ləzzət
qalsın.
S.Rüstəmi yaşadan, ilhamlandıran, böyük
əsərlər yazmağa sövq edən qəlbindəki gənclik
ruhu, həvəsi, şövqü, həmçinin, saf sevgi,
eşq, ülvi məhəbbət idi. Bu yüksək insani
hiss və duyğular şairi ömrünün sonunadək
müşayiət edirdi.
Şairin xatirat dəftərini vərəqlədikcə,
onun cavan yaşında gözəl Qarabağda seçdiyi
gözəli necə vəsf etdiyinin, könlündə
gözəllərə həsr olunmuş şirin nəğmələrin
ahənginin, dünyaya dəyən nazlı, siyah gözlü,
baldan, şəkərdən də şirin sözlü təbrizli
gözəllərin, gözəllər gözəli cənublu
gözəllərin şairin ilham pərisi olduğunun
şahidi olursan:
Heç kim səni mənim kimi duya bilməz, sevə
bilməz
Surətini gəzdirirəm qəlbimin saf aynasında.
Sən o tayda, mən bu tayda, vüsalını istər
könül
Hər anı səni düşünürəm, bu
azadlıq dünyasında.
...Günlər keçir durnaların payızdakı
qatarıtək,
Məhəbbətin çiçəklənir ürəyimin
yarasında.
S.Rüstəmin bu mövzuda yazıları
çoxdur. Gənclik, eşq, məhəbbət, saf sevgi
şairin lirikasının əsas leytmotivini təşkil edir.
Odur ki, gənclər xüsusilə, şairin bu qəbil
şeirlərinə tez-tez üz tutur, ülvi məhəbbətin
sirlərinə vaqif olurlar.
Bu yerdə yazıma yekun vuraraq, bu nəhəng sənətkarın,
Xalq şairinin sənət dünyasına baş vuraraq, sevgi
ümmanından bəzi nümunələri hörmətli
oxucularıma çatdırmaqla özümü xoşbəxt
hiss edirəm. Ölməz sənətkarın ruhu şad
olsun!
Qafar ƏSGƏRZADƏ
Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.25.