Gəncənin salnaməçisi
ŞAH ABBASI TAXTDA, NURİ PAŞANI ATDA GÖRƏN
GƏNCƏ MƏSCİDİ
Azərbaycan Respublikası Prezidentinin "Gəncə
şəhərində yerləşən Cümə məscidində
təmir-bərpa işlərinin həyata keçirilməsi
üçün vəsait ayrılması haqqında" 2
mart 2025-cı il tarixli Sərəncamı tarixi maddi mədəniyyət
nümunələrimizə, eləcə də milli-mənəvi
dəyərlərimizə həssas münasibətin daha bir təzahürüdür. Bu Sərəncamın
işığında həmin məscidin tarixçəsinə
nəzər salmağı faydalı saydıq.
Yaşı minillikləri ötmüş qədim Gəncə
şəhəri müxtəlif təbii fəlakətlər və
tarixin təlatümləri səbəbindən öz yerini bir
neçə dəfə dəyişib. 17-ci əsrin lap əvvəllərindən
etibarən isə indiki ərazidə qərar tutmuş şəhərdə
ən möhtəşəm və qədim abidə Şah
Abbas məscidi kimi tanınan 420 yaşlı Cümə məscididir.
Bu məscid, eləcə də onun kompleksinə daxil
olmuş tikililərdən bugünümüzə gəlib
çatan "Çökək hamam" 1606-cı ildə bu
ərazilərin fəthi ilə hakimiyyətini Gəncəyə
də şamil etmiş və şəhəri daha rahat
landşafta köçürərək faktiki yenidən
salmış Səfəvi hökmranı Şah Birinci
Abbasın göstərişi və şərq aləminin
böyük memarlarından olmuş Şeyx Bəhaəddin Məhəmməd
Amilinin verdiyi layihə əsasında inşa edilib. Şeyx Bəhaəddin
həmçinin baş meydandan bir qədər kənardakı
karvansaranın da müəllifi olub.
Dövrün bütün zəruri qaydalarına, o
cümlədən dünyanın "əbədi
inşaat" üsullarının riyazi hesablamalarına əməl
edilərək ərsəyə gətirilmiş bu kərpic
binalara yüksək seysmik coğrafiyada yerləşən Gəncə
ərazisində ardıcıl olaraq təkrarlanan güclü zəlzələlər
belə xələl yetirə bilməyib.
Kompleksin inşasından sonra onun
qarşısındakı ərazi geniş inkişaf vüsəti
alaraq, Sah Abbas meydanına çevrilib. Şahın zəmanəsindən
bir- iki əsr keçdikdən, demək olar ki, 19-cu əsrdən,
yəni rus işğalından sonra yavaş-yavaş əhali
arasında bura Bazar meydanı kimi tanınmağa
başlayıb. Elə Gəncə mənzərələrinə
aid Rusiyada basılmış açıqcalarda da "Bazarnaya
ploşşad" ifadəsi işlədilib.
Qeyd edək ki, məscid ta 19-cu əsrin
axırlarına kimi, giriş qapısı qarşıdakı
qoşa minarələrin arasından açılan
bütöv dördbucaqlı divar-hücrələrlə əhatələnibmiş.
Yəni məscid kompleksi bu cür konstruksiya ilə bir növ,
həyət halına salınaraq, hasarlanıbmış.
Söylənilən hücrələrdə, eləcə də
həyətdəki ayrıca uzunsov birmərtəbəli
tikilidə yerləşən siniflərdə mədrəsə
fəaliyyət göstərirmiş.
Bu otaqların birində Mirzə Fətəli Axundov
(1812-1878) öz müəllimi Mirzə Şəfi Vazehdən
(1794-1852) dərs alıb. Sonrakı dövrlərdə də
Gəncə mədrəsəsinin maarifçilik tariximizdə
əhəmiyyətli izi olub. Təkcə onu xatırlamaq kifayətdir
ki, görkəmli şərqşünas alim, akademik Həmid
Araslı (1909-1983) hələ uşaq yaşlarından Şah
Abbas məscidi nəzdindəki mədrəsədə
aldığı dərslərin onun ərəb və fars dillərinə
mükəmməl yiyələnməsinin açarı
olduğunu söyləyib.
Eni və uzunluğu 20, hündürlüyü 4,5
santimetrlik kərpiclərlə və gəc məhlulu ilə
inşa edilmiş, bəzi yerlərində divarlarının
qalınlığı 3 metrədək çatan Şah Abbas
məscidinin 204 kvadratmetr sahəyə və 13 metr
hündürlüyə malik mərkəzi salonu da öz
dövrünə görə Qafqaz müsəlman aləminin ən
iri ibadət məkanlarından biri olub.
Burada möhkəm palıddan hazırlanmış iri,
qədim minbər də var. Unikal sənət əsəri
sayıla bilən bu minbər şəbəkə üsuluyla,
heç bir mismar işlədilmədən
yığılıb. Üzərində gözəl xətlə
düzülmüş yazılarından aydın olur ki,
yaşı məscidlə təxminən eyni olan, müxtəlif
vaxtlardakı düşmən hücumları zamanı xəsarət
görmüş bu minbəri hicri 1209-cu, indiki tarixlə desək,
1897-ci ildə Gəncənin hökmranı Cavad xan Şahverdi
xan oğlu Ziyadoğlu-Qacar təmir etdirib.
Şücaət və dönməzlik simvoluna
çevrilmiş Cavad xanın məqbərəsi də məscidin
yaxınlığındadır.
Gəncənin Rus İmperiyasının
qoşunları ilə qeyri-bərabər döyüşdə
1804-cü ilin yanvarında qəhrəmancasına həlak olan
Cavad xan Şah Abbas məscidinin həyətində xan ailəsinin
qəbiristanlığında dəfn olunur. Bir əsr
yarımdan çox müddətdən sonra, 1962-ci ildə onun
və yəqin ki, digər yaxınlarının
qalıqları burada gedən rekonstruksiya işləri
zamanı çıxarılaraq, şəhərin Səbzikar
məzarlığındakı Əsgər ağa Goraninin sərdabəsinə
qoyulur. Daha 28 il keçdikdən sonra, 1990-cı ilin 27 mart
ayının 27-də o, öz ilkin məzar yerinə
qaytarılaraq, bir daha torpağa tapşırılır.
Cavad xanın məzarı üstündəki məqbərə
2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən
inşa edilib.
Bu məscid əsrlərdən-əsrlərə
tariximizin çətin və qürurlu günlərinin
şahidi olub.
Rusiyadakı mütləqiyyətin devrilməsilə nəticələnən
fevral inqilabından bir qədər sonra, 1917-ci ilin mart
ayının 22-də, Novruz bayramı günü məscidin
qoşa minarələrinin qarşısındakı
meydançada Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən
yeni yaradılmış "Türk Adəmi Mərkəziyyət
Firqəsi"nin keçirdiyi
izdihamlı toplantı ilk dəfə olaraq,
"Yaşasın Azərbaycanın müstəqilliyi!"
şüarı səslənib.
Azərbaycan Cümhuriyyətinin (1918-1920) ilk
paytaxtı kimi burada gedən siyasi proseslər zamanı da bu məkan
dövrün dinamikasının simvolu idi.
Millətimizin taleyi üçün həlledici tarixi
məqamda - 1918-ci ilin iyununda, Cümhuriyyətimizin xilası
üçün Nuri paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu adı
altında Gəncəyə gəlmiş Türkiyə
silahlı hissələrinin buradakı ilk əməliyyatları
zamanı şəhid olmuş 13 nəfər əsgəri elə
bu qoşa minarələrin yaxınlığında
torpağa tapşırılıb.
104 il sonra, 2022-ci ilin iyunun 26-da, Azərbaycan Silahlı
Qüvvələri Günündə bu möhtəşəm
tarixi məkanın qoynunda onların xatirəsinə
ucaldılmış abidənin açılışı oldu
və bu qədim məscid Gəncə salnaməsinin daha bir əsrlik
səhifəsini tamamladı!
Zakir MURADOV
Gəncə
Foto Rövşən Əmiraslanoğludur
525-ci qəzet .- 2026.- 6 mart (¹9).- S.24.