Üzeyir və Ceyhun Hacıbəylilər
MƏKTUBLARDA YAŞANAN İLLƏR
(Əvvəli ötən saylarımızda)
1940-cı ilin 24 sentyabrında, II Dünya müharibəsinin
artıq Avropa ölkələrini ard-arda işğal etdiyi bir
zamanda Üzeyir bəy Hacıbəyova Parisdən, Zeynəb
adlı bir qadından məktub gəlir. Artıq neçə
illərdir əlaqə saxlaya bilmədiyi qardaşı Ceyhunun
ailəsində baş vermiş fəlakətdən bəhs
edilən bu məktubdan aydın olur ki, yaxınları tərəfindən
əzizləyici tərzdə "Ceyçik"
çağırılan, Ceyhun bəyin öz adını
verdiyi 22 yaşlı böyük oğlu Fontenblo artilleriya məktəbinin
kursantı kimi Fransa ordusunda xidmət edərkən
almanların Puatye şəhərinə hava hücumu nəticəsində
həlak olub.
Ceyhun bəyin yoldaşı Zöhrə xanımdan
aldığı iki məktub əsasında yazılan, baş
vermiş hadisə və Ceyhun Hacıbəylinin
özünün və ailə üzvlərinin çox
ağır fiziki-mənəvi durumu təfsilatı ilə təsvir
edilən bu məktubun sonunda Zeynəb xanım Üzeyir bəyə
başsağlığı verməklə, ona həm də
Zöhrə xanımın xahişini çatdırır:
"Vətənə yazmağa səy edin, Bizə təcili
kömək lazımdır, sonra gec olacaq..."
Üzeyir bəyə Fransadan gələn ikinci, 25
sentyabr tarixində yazılmış və "sizin bədbəxt
Zorya" kimi imzalanmış məktubda həmin ağır xəbər
təsdiqlənir. Zöhrə xanım özü baş verən
faciədən ətraflı söz açır, "nə qədər
əziyyətlə böyütdükləri", hüquq
fakültəsini bitirmiş, doktorluq işini hazırlayan
oğlunun fransız olmadığı halda, yerli qanunlara
görə hərbi xidmətə
çağırıldığını və 1940-cı il
iyunun 19-da Puatye şəhərində səngər qazarkən
- "bizim üçün dəhşətli olan bu
qırğında günahsız yerə həlak
olduğunu" bildirir. Məlum olur ki, Sarbonna universitetinin fəlsəfə
fakültəsini bitirən və eyni zamanda heykəltaraşlıq
üzrə İncəsənət məktəbində oxuyan
kiçik oğul Timuçini də eyni aqibətdən Fransa
ilə Almaniya arasında 22 iyun 1940-cı il tarixdə
Barışıq sazişinin imzalanması xilas etmişdir.
Zöhrə xanım Ceyhunun indiki vəziyyətində ona
ümid bağlamağın qeyri mümkünlüyünü
vurğulamaqla, Üzeyir bəydən "buraya gəlib bizi Vətənə
aparana qədər" maddi köməklik istəyir və
çox mühüm bir etiraf edir: "Vətəni tərk
etdiyimizə görə çox peşmanıq".
Üzeyir bəy bu məktuba düz bir il yarımdan
sonra cavab verir! Və 4 mart 1942-ci il tarixli bu cavab məktubunun
bütün məzmunundan göründüyü kimi,
aradakı bu uzun fasilə heç də Üzeyir bəyin
özündən asılı deyilmiş. Həmin məktubun
mətninin iki - Azərbaycan (ərəb əlifbası ilə)
və rus dillərində, bir neçə nüsxədə
yazılması, əlyazmalarda xeyli düzəlişlər,
ixtisarlar edilməsi, mümkündür ki, onun hətta ilkin
variantının da kənar şəxslər tərəfindən
redaktə olunması açıq-aydın bu "cavab"
üçün uzun müddət razılıq gözlənildiyindən
və onun nəzarət altında yazıldığından xəbər
verir. Əslində Üzeyir bəy özü də rəsmi
orqanların bu işə qarışdığını gizlətmir.
Üzeyir bəy və Məleykə xanım (Parisdən
gələn məktublardan yalnız o xəbərdar edilib) 9
aylığında vidalaşdıqları, lakin məktublar
vasitəsilə daim xəbər tutub çox sevdikləri
"Ceycikin" - "gələcəyinə böyük
ümidlər bəslədikləri" gənc Ceyhunun - faciəli
ölümündən həqiqətən bərk
sarsılmışlar. Lakin bu sarsıntı, əlbəttə,
həmin ağır xəbəri il yarım ərzində
qohum-qardaşa bildirməmək üçün, Üzeyir bəyin
göstərdiyi kimi, əsas "səbəb" ola bilməzdi.
Adəti üzrə "Nuri didə"
adlandırdığı Ceyhuna il yarımdan sonra
yazdığı cavabın və maddi köməkliyin gecikməyini
də Üzeyir bəy "beynəlmiləl vəziyyət"
və öz məktubu ilə qardaşına "bir ziyan"
dəyəcəyindən ehtiyatlandığı ilə izah
etsə də, sonrakı sətirlər bu məsələ ilə
bağlı əsl həqiqəti açıqlayır.
Təbii ki, uzun illər sərt totalitar rejimin hakim
olduğu bir ölkədə, həm də müharibə
şəraitində Üzeyir bəy müvafiq rəsmi
orqanlardan xəbərsiz xaricdən məktub ala, xüsusilə
ona cavab yazıb, siyasi mühacir olan qardaşına hər
hansı maddi köməklik edə bilməzdi. Odur ki, nəhayət,
il yarımdan sonra, Üzeyir bəyin qardaşına "təsəlli
vermək üçün" axtardığı "əlacın
tapıldığını" qeyd etməsi başa
düşüləndir, hərçənd məktubun
qaralamasında bu sətirlərin üstündən xətt
çəkilib. Və özlüyündə aydındır
ki, bu "əlacı" da Üzeyir bəy
üçün rəsmi dövlət orqanları
"tapıb" və əslində onun neçə illər
nigarançılığına son qoyaraq həqiqətən
hədsiz sevindirib: "Fəqət dünən sənin
sağ və salamat olmaq xəbərin mənə yetişib
son dərəcə şad oldum. Və xoşbəxtliyim onda
oldu ki, sənə bir müfəssəl məktub yazıb
maddi kömək yetirmək yolu dəxi mənə göstərildi:
o şey ki, poçta vasitəsilə heç vəchlə
mümkün degil idi, hökumətimizin köməgi ilə
mümkün oldu".
Üzeyir bəyin hər iki dildə yazdığı
cavab məktublarının bir neçə nüsxələri
arasında Azərbaycan dilində yazılmış və
üzərində böyük ixtisarlar və düzəlişlər
edilmiş əlyazması ən müfəssəl hesab edilə
bilər. Belə ki, məhz üstündən xətt çəkilmiş
ixtisarlar hissəsindən məlum olur ki, Üzeyir bəyin məktubu
və göstərdiyi maddi kömək Ceyhuna diplomatik kuryer
vasitəsilə çatdırılacaq. Məktubun son, düzəliş-ixtisarlarsız
variantında sadəcə "dost" adlandırılan bu
şəxsin Ceyhuna onun istədiyi qədər maddi kömək
edəcəyi bildirilir. Üstü qaralanan digər sətirlərdən
isə bu pulun əvəzinin Üzeyir bəy tərəfindən
Bakıda ödəniləcəyi və onun istənilən məbləği
ödəməyə "gücü
çatacağı" göstərilir, həmin köməyin
birdəfəlik olmadığı da vurğulanır: "Sən
onunla əlaqə saxla və dost ol, maddi cəhətdən
korluq çəkmə".
Üzeyir bəyin Azərbaycan dilində cavab məktubunun
bu ilkin nüsxəsində sonrakı variantlarda
bütünlüklə ixtisar edilmiş, rus dili nüsxələrində
isə ümumiyyətlə, yer almamış, lakin dərin məna
və informasiya yükü daşıyan bütöv bir abzas
var. Üzeyir bəy qardaşının övlad itkisinə
görə çəkdiyi əzabı özünün də
bütün varlığı ilə hiss etdiyini bildirmək
üçün ilk dəfə və heç bir başqa məktubunda
söz açmadığı çox zərif bir nöqtəyə
toxunur: "...hərçənd mən və Məleykə
bala dərdi çəkməmişik, fəqət qohum-əqrəbanın
balaları eyni bizim balalarımız yerindədir". Və
bu sətirlərin ardınca Kamaldan - bacısı Sayadın nəvəsi,
Camal Paşayevin böyük oğlundan, anadan olduğu vaxtdan
Ceyhuna bütün məktublarında daim istəklə
xatırlatdığı oğlandan söz açır:
"Kamalı mən çox sevərdim və öz
övladım kimi özümlə hər yerə aparardım".
Üzeyir Hacıbəyov (1940-cı illər).
Məlum olur ki, 1941-ci ilin əvvəllərində
Kamalı əsgərliyə çağırıblar və
müharibə başlamazdan bir ay əvvəl hətta
Üzeyir bəy Məleykə xanımla birlikdə onun xidmət
etdiyi "uzaq yerə" gedərək onunla
görüşüblər. Müharibə başlanandan sonra
isə artıq "səkkiz aydır" ki, Kamaldan xəbər
yoxdur (Xidmət etdiyi Litvanın alman qoşunları tərəfindən
işğalından sonra Kamalın əsir
düşdüyü və Üzeyir bəyin onun xilası
üçün göstərdiyi səylər Camal Paşayevlə
yazışmalarda açıqlanır). Üzeyir bəy
hal-hazırda bütün ailənin Kamaldan çox nigaran
olduğunu vurğulamaqla bərabər, bu iki gənc
arasında çox ağrılı bir müqayisə
aparır: "Ancaq burasını da nəzərə
alırıq ki, Kamalın başına bir iş gəlmişsə
də, öz vətəninin müdafiəsi yolunda gəlmiş
olur, halbuki bədbəxt Ceyçik özünü bu yolda tələf
elədi... Qərəz ki, səbir və mətanəti əldən
buraxmayın".
Özünün və Məleykə xanımın
adından Ceyhuna, Zöhrəyə və Timuçinə
"yazıq Çeyçikin vəfatı münasibətilə
başsağlığı verib, səbirli və mətanətli
olmağı" arzu edən və "mümkün
olduğu qədər Timuçini böylə fəlakətlərdən"
qorumağı tapşıran Üzeyir bəyin məktubunun
bundan sonrakı səhifələri ilk baxışda öz məzmunu
ilə ən azı heyrət doğurur. Belə ki,
açıq-aydın rəsmi təbliğatı və
ideoloji ruhu ilə fərqlənən, dövlətə və
partiyaya sədaqət ifadə edilən, özünün
bütün nailiyyətləri maddə-maddə sadalanan sətirlər
sanki tamam başqa məqsəd daşıyır və
qardaşının hər cəhətdən ağır
vaxtında ona dəstək olmaq istəyindən
çox-çox kənara çıxır.
Beləliklə, "Nuri didə Ceyhun! Səninlə
bir qədər söhbət edib vətənimiz barəsində
danışmaq istəyirəm" müraciəti ilə
başlanan və şərti olaraq məktubun "ikinci"
sayıla biləcək hissəsində Üzeyir bəy
özünün Azərbaycanda və ümumən Sovet
İttifaqında tutduğu yüksək mövqelərdən
söz açır, "Lenin-Stalin partiyasının
üzvü" olduğunu ayrıca vurğulayır. Maraqlıdır
ki, əvvəlki dövrlərdə hər hansı siyasi təşkilata
üzv olmadığına və olmaq da istəmədiyinə
diqqət çəkən Üzeyir bəy bunun səbəbini
o dövrün partiyalarında "nə nəzəriyyə,
nə də vətənpərəstlik və insanpərvərlik
olmadığı" ilə izah edir. Onların müqabilində,
Üzeyir bəyə görə, bolşeviklər
partiyasının nailiyyətləri, xüsusilə
"Lenin-Stalin milli siyasətinin" uğurları göz
qabağındadır. Nümunə olaraq "özbək,
tacik, qırğız və sair "vəhşi" hesab
edilən tayfaların Moskvada verilən incəsənət
dekadalarını" - ongünlüklərini göstərən
Üzeyir bəy bu xalqların, eləcə də Rusiyanın ən
geridə qalmış millətlərinin qabağa gəlib mədəni
və qabaqcıl millətlər cərgəsinə keçməsində,
bu "bədbəxt millətlərin xoşbəxt
olmasında" böyük rəhbər Stalinin xidmətlərini
ən bəlağətli ifadələrlə tərənnüm
edir.
"Əziz Vətənim
olan Azərbaycana gələndə" Üzeyir bəy
qardaşına onun görmüş olduğu "qoçular
Bakısından, lotu-yutular Azərbaycanından" indi bir əsər
də qalmadığını bildirir: "Bu günün
Sovet Azərbaycanı tam mənası ilə mədəni bir
məmləkətdir və bu mədəniyyət milli forma və
sosialist məzmunu ilə xarakterizə edilir ki, bu xüsusiyyət
CCCP-dəki bütün millətlərin mədəniyyətinə
aiddir". Məktubda SSRİ sözünü Üzeyir bəy
rus abreviaturasında yazır.
Dediklərinə sübut kimi, Üzeyir bəy əsrin
əvvəllərində Azərbaycanda qadın təhsilinin vəziyyətinə
toxunur, Bakıda "Tağıyev qız məktəbinin"
nümunəsində tək-tək açılan və məhdud
sayda qızlara təhsil verən məktəblərin fonunda
hazırda qızlara sərbəst olaraq istədikləri təhsili
almaq üçün ölkədə hər cür şərait
yaradıldığı, hətta ali təhsil almış
qadınların sayının minlərlə
ölçüldüyü və onların bir çox sahələrdə
mütəxəssis olduqları vurğulanır: "Cavan
oğlanlarımızdan isə uşaq vaxtlarından
tanış olanların bir çoxusu adlı-sanlı
professorlardır".
Azərbaycanın kənd təsərrüfatı, mədəni
quruculuq, incəsənət sahələrində də
uğurlarını təsvir edən, "Bu gün balaca da
olsa bir kənd yoxdur ki, orada məktəb, klub, radio və bu
kimi mədəni təsislər olmasın" - deyən
Üzeyir bəy burada çox mühüm bir məqama da
toxunur: "Burası da təbiidir ki, məmləkət idarəsi
namus və qeyrətlə işləyən və vətənlərini
olduqca sevən azərbaycanlılara
tapşırılmışdır".
Məktubun bu hissəsində diqqətəlayiq bir məqam
var. Məmləkətin idarəsi tapşırılan azərbaycanlı
rəhbərlər arasında Üzeyir bəy Mir Cəfər
Bağırovun adını çəkir, onun partiyanın
siyasi xəttini uğurla yeritdiyini, Stalinin yanında
böyük hörməti olduğunu, hamının, o cümlədən
Üzeyir bəyin özünün də "Mir Cəfərə
hərarətli məhəbbət bəslədiyini" və
hətta "qardaşlarından da artıq sevdiyini"
vurğulayır. Lakin Azərbaycan dilindəki ilkin nüsxədə
yer alan bütün bu abzasın üstündən Üzeyir bəyin
öz əli və yazdığı mürəkkəblə
deyil, qalın qırmızı karandaşla xətt çəkilmişdir və həmin sətirlərə nə
redaktə olunmuş ikinci nüsxədə, nə də rus
dilində yazılmış nüsxələrdə artıq
rast gəlinmir. Bu və eyni şəkildə ixtisar edilmiş
digər hissələr məktubun hansısa kənar şəxs
tərəfindən redaktə edildiyi ehtimalına əsas
verir.
Üzeyir və Məleykə Hacıbəyovlar
(1940-cı illərin əvvəlləri).
Məktubun sonrakı vərəqlərində Sovetlər
ölkəsinin və o cümlədən, Azərbaycanın
görünməmiş inkişafa çatdığı bir
zamanda faşist Almaniyasının qəfil və xəyanətkar
hücumu nəticəsində ölkənin müharibəyə
sürükləndiyi bildirilir. "Biz bu müharibəyə
"Vətən müharibəsi" deyirik" - yazan
Üzeyir bəy burada Qırmızı Ordunun cəbhədəki
qəhrəmanlıqlarından söz açır,
özü də daxil olmaqla "bütün vətən
övladlarının, pionerdən tutmuş 80 yaşlı
qocalara qədər son damla qanımıza qədər vətənimizin
müdafiəsi yolunda" düşmənə qarşı
vuruşacağına əminliyini bildirir.
Burada Üzeyir bəyin maraqlı bir
"müşahidəsi" diqqəti cəlb edir:
"Öz texnika və diri qüvvəsinə güvənən
Hitler belə xam xəyalda idi ki, sovet ölkəsində
"beşinci kolonna"ya dəxi
istinad edəcəkdir. Fəqət təbiidir ki, sovet
ölkələrində "beşinci kolonna" tapılmadı".
Beləliklə, ölkədə xəyanətkar
qüvvələrin olmadığını nəzərə
çatdırmaqla Üzeyir bəyin yavaş-yavaş mətləb
üstünə gəldiyi aydınlaşmağa
başlayır: "Bunu da sənə deməliyəm ki, sovet
hökuməti öz düşmənlərini amansız bir
surətdə məhv etmək əzmində olduğu kimi
öz dostlarını və məmləkətə xidmət
göstərənləri olduqca əzizləyir". Bu dediklərinə
nümunə olaraq özünün "vətənə
cüzi bir xidmət olmaq üzrə" bəstələdiyi
"Koroğlu" operası Moskvada Azərbaycan incəsənətinin
ongünlüyündə (1938-ci il aprel) nümayiş etdiriləndən
sonra şəxsən yoldaş Stalin və sovet dövləti
tərəfindən nə qədər yüksək qiymətləndirildiyini
Üzeyir bəy artıq bir-bir
sadalayır.
Göstərdikləri Üzeyir bəyin həqiqətən
nail və layiq olduğu mükafatlardır: Dekada günlərində
azərbaycanlı nümayəndələrin şərəfinə
Kremldə verilən qəbulda Stalinin Üzeyir bəyi öz
yanında oturdaraq 5 saat onunla söhbət etməsindən
tutmuş, ona Lenin ordeni, SSRİ Xalq artisti və "Stalin
Mükafatı laureatı" adları, pul mükafatları
verilməsi, SSRİ Ali Sovetinə deputat seçilməsi,
şəxsən Stalinin göstərişi ilə Sov.İKP
sıralarına qəbul edilməsi (namizədlik stajı
keçmədən, zəmanətlər verilmədən),
professor adı alması, nəhayət, yeni tikilmiş binada
geniş mənzil və minik avtomobili ilə
mükafatlanması - kimi məlumatlar əslində Üzeyir
Hacıbəyovun Azərbaycanda uzun illər musiqi təhsilinin
təşkili və inkişafı, bəstəkar
yaradıcılığı, mədəni quruculuq sahəsində
yorulmadan çəkdiyi zəhmətin və
qazandığı uğurların, ictimai və dövlət
xadimi olaraq göstərdiyi xidmətin nəticəsi idi.
Lakin özünün yüksək şöhrətə
yetişdiyi Vətənində uğurlu həyatının
bütün bu göstəricilərini hazırda qürbət
bir ölkədə, müharibənin od-alovu içində,
ailəsi ilə birlikdə böyük şəxsi faciə
yaşayan və ağır fiziki, maddi və psixoloji durumda
olan sevimli qardaşına çatdırmaqda məqsəd nə
idi?
10 maddədən ibarət "uğurlar"
siyahısından dərhal sonra gələn sətirlər
Üzeyir bəyin bu məktubunun ən pafoslu hissələrindən
tutmuş bütün sətiraltı,
üstüörtülü, eyham dolu məqamlarına qədər
əslində geniş mənada xəbərdarlıq mahiyyəti
daşıdığını göstərir.
"Burada əcnəbi məmləkətdə
qohumları olanların hamısına etibar cəhətincə
bir nəzərdən baxmırlar" - deyə Üzeyir bəy
"yeni mövzuya" keçir. Xüsusilə müharibə
zamanı belə məsələlərin daha ciddi "heysiyyət"
kəsb etdiyi vurğulanandan sonra: "Sən mənim
qardaşım olub da əcnəbi məmləkətdə
yaşadığını burada hər kəs biliyor" -
cümləsi qardaşına mətləbi artıq
açıq anlatmalıdır. Bununla belə, Üzeyir bəy
məsələni başqa cür qoyur: "Fəqət, bunu
da yaxşı bilənlər vardır ki, Üzeyirin
qardaşı Ceyhun əcnəbi məmləkətdə olsa
da, heç vaxt öz vətəninə xəyanət etməz.
Və heç bir vaxt istəməz ki, bu xoşbəxt vətən
özgələrin ayağı altında əzilib, bədbəxt
olub azadlığını itirsin və yadlara qul olsun.
Çünki Ceyhunun qeyrət və namusu Üzeyirinkindən
az deyildir".
Üzeyir bəyin bu sətirləri yazmasına bir səbəb,
daha dəqiq deyilərsə, ona qardaşına məktub və
maddi dəstək göndərməyə izn verənlərin
bu narahatlığına əsas vardımı?
Təbii ki, vardı. Rusiya monarxiyasının
süqutundan sonra öz milli dövlətlərini qurmuş,
daha sonra bolşevik Rusiyasının işğalı nəticəsində
xaricə mühacirət etmiş və burada yenidən təşkilatlanmış
keçmiş imperiyanın qeyri-rus xalqlarının siyasi
qüvvələri, azərbaycanlılar da daxil, öz milli
dövlətçiliyinin bərpası uğrunda davamlı
mübarizə aparırdılar. Avropanın rəsmi-siyasi dairələri
tərəfindən dəstəklənən siyasi mühacirlər
1930-cu illərin ortalarından başlayaraq Sovet
İttifaqına qarşı gözlənilən müharibə
ərəfəsində xüsusilə fəallaşmışdılar.
M.Ə.Rəsulzadənin sədr olduğu Azərbaycan Milli Mərkəzi,
Parisdəki "Azərbaycan nümayəndəliyi",
İstanbuldakı Azərbaycan mühacir təşkilatları
rəhbərləri və tanınmış siyasi xadimlər
Polşa, daha sonra Almaniya rəsmi dairələrinin
hazırladıqları plan və layihələrə cəlb
olunur və "düşmənimin düşməni"
prinsipi ilə SSRİ-yə qarşı çıxış
edən siyasi-hərbi qurumların yanında yer alaraq
bolşevik hakimiyyətinin süqutu ilə öz dövlətçiliklərinin
bərpasına ümid bəsləyirdilər.
Ceyhun bəy Hacıbəyov böyük oğlu
Ceyhunla (1939-cu il).
Ceyhun Hacıbəyli də digər azərbaycanlı
siyasi mühacirlərlə bərabər, Avropada düzənlənən
müxtəlif təşkilatlarda və tədbirlərdə
bu və ya digər dərəcədə təmsil olunurdu.
Üzeyir bəy təbii ki, onun bu fəaliyyətindən xəbərdar
ola bilməzdi. Amma xaricdəki siyasi mühacirəti diqqətlə
izləyən sovet əks-kəşfiyyat orqanları
sözsüz ki, Ceyhun Hacıbəylinin 1927-1933-cü illərdə
Sovet İttifaqına qarşı geniş və
çoxşaxəli mübarizə aparan məşhur
"Prometey" hərəkatında fəal iştirakı,
1934-1939-cu illərdə "Qafqaz" qrupunun tərkibində
çalışması, xüsusilə eyniadlı jurnalın
fransız versiyasının redaktoru, 1940-cı ildən
başlayaraq isə Parisdəki "Qafqaz Mühacirlərinin
İşləri üzrə İdarə"nin Azərbaycan bölməsinin rəisi
olduğu kimi məlumatlara malik idilər. Ceyhun bəyin
1920-30-cu illərdə Sovet İttifaqında ictimai, elmi, ədəbi
mühitin, ziyalıların vəziyyətinə dair Avropa mətbuatında
kəskin siyasi tənqidi publisistik yazılarından da xəbərsiz
deyildilər.
Aydın idi ki, faşist Almaniyası ilə
ölüm-dirim müharibəsi aparan Sovet dövlətinin
xüsusi orqanları bu qüvvələri hər vasitə ilə
zərərsizləşdirmək üçün
bütün mövcud imkanlardan istifadə edirdi və 1942-ci
ildə Hacıbəyov qardaşlarının əlaqələrinin
məqsədyönlü bərpası da ilk növbədə
bu maraqdan irəli gəlirdi.
Üzeyir bəyin Ceyhuna yazdığı məktubun
son abzasları da onun özünün və
qardaşının bu məsələlərə məhz həmin
niyyətlə cəlb olunduğundan xəbər verirdi:
"Bu gün əcnəbi ölkələrdə sülənən
bir para qor-qoduqlar bu müharibə dövründən istifadə
edib də vətən satmaq kimi rəzil işə qoşulub
özlərinə kampaniya düzəltmək istəyirlər.
Bu cür alçaq və xainanə xəbərləri
eşidəndə adamın başında tükləri biz-biz
durur. Biz burada tarixdə misli görünməmiş sellərcə
qan axıdıb əziz və azad vətənimizi canavar
düşməndən müdafiə etməklə məşğul
olduğumuz bir zamanda, bir para insan adı daşımağa ləyaqəti
olmayanların gündə bizə hürməyi işimizə
təfavüt eləməz, fəqət könül
bulandırılır. Zərər yoxdur: dost və
düşmən böylə məqamlarda aşkar olur. Mən
arxayınam, sən o xainləri tanıyıb onlara yaxın
durmazsan".
Bu "arxayınlıq" artıq Üzeyir bəy tərəfindən
Ceyhuna birbaşa xahiş, xəbərdarlıq,
tapşırıq, yaxud "diplomatik kuryerin" məktub və
pulla bərabər, həm də əmr çatdırması
kimi qəbul edilə bilər.
Beləliklə, Ceyhunun sağ olması xəbərindən
tutmuş, onunla ünsiyyət yaratmağın və maddi
köməklik etməyin qiyməti məlum olur.
Üzeyir bəyin Ceyhuna yazdığı 1942-ci il 4
aprel tarixli məktubunun rus dilində əlyazmasının ilk
və son səhifələri.
Bütün bunlarla bərabər, Üzeyir Hacıbəyovun
1942-ci ildə qardaşına yazdığı bu məktubu
heç bir vəchlə birmənalı qiymətləndirmək
olmaz. Təbii ki, Cümhuriyyət dövrünü
yaşamış, Azərbaycanın milli dövlətçilik
quruculuğunda qardaşı ilə birlikdə ən fəal
surətdə iştirak etmiş, Aprel işğalı ərəfəsində
"qırmızı əliheydərləri",
"daşnakdan dönmə mikoyanları" ifşa
etmiş Üzeyir bəy yeni hakimiyyətin siyasi-ideoloji xislətinə
yaxından bələd idi. 1920-ci illərin təhlükəli
dönəmlərinin təşvişlərini adlamış,
1937-ci ilin repressiyaları ilə şəxsən üzləşmiş,
özü labüd ölümdən qurtulsa da, yaxın dostu
Hüseyn Caviddən tutmuş bacanağı Pənah
Qasımova qədər neçə-neçə
tanışların, həmkarların həbs, sürgün və
güllələnməsinin şahidi olmuş Üzeyir
Hacıbəyovun Sovet dövlətinin, Lenin-Stalin
partiyasının uğurlu siyasətinə dair
yazdıqlarında və bu qəbildən digər təriflərində
səmimi olması əlbəttə, mümkün deyildi və
belə bir iddiaya heç bir əsas vermir. Hətta şəxsən
gördüyü bütün hörmət və yüksək
mükafatlar müqabilində belə, sovet hakimiyyətinin
özünə qarşı daim ehtiyatlı-etimadsız
münasibətini hiss edən Üzeyir bəy, əslində
elə bu hakimiyyət tərəfindən əvvəldən
"ikili" həyat yaşamağa məhkum olunmuşdu. Onu
bu məhkumiyyət və məcburiyyət altında
yaşamağa sövq edən səbəblər də
aydın idi: ilk növbədə özünün və
böyük ailəsinin salamatlığını və təhlükəsizliyini
təmin etmək, qohum, dost, həmkar və tələbələrindən
başlayaraq, "seçicilərinə",
tanıdığı-tanımadığı insanlara bütün
səlahiyyətləri və
imkanları daxilində köməklik göstərmək!
Bununla belə, Üzeyir Hacıbəylinin Sovet dövlətinin
milli siyasətinin uğurlarından danışarkən tamamilə
qeyri-səmimi olduğunu söyləmək də
düzgün olmazdı. Sovet Azərbaycanında dövlət
quruculuğu, xüsusilə maarif, təhsil, elm və mədəniyyət
sahələrində nailiyyətləri görməmək
mümkün deyildi. Üzeyir bəyin özünün də
yaxından iştirak etdiyi bu prosesləri xalqın Çar
Rusiyası dönəmindəki ümumi vəziyyəti ilə
müqayisə etməsi və üstünlüklərini
vurğulaması da bu baxımdan anlaşılan idi. Lakin
Ceyhuna çatdırılacaq məktubun yalnız bu məqsədlə
yazılmadığı da aydın idi.
Üzeyir bəy 1940-cı ildə Fransadan
aldığı, əslində ona çatdırılan və
kömək istəyən doğmalarının məktubunu
cavabsız qoya bilərdimi?
Əlbəttə, yox.
"Gözünün işığı"
adlandırdığı və uzun illər xəbər tuta
bilməyərək nigaran qaldığı
qardaşının gərgin psixoloji və maddi durumunda
göstəriləcək kömək müqabilində, ona
edilən "təklifləri" yazmaqdan, ümumiyyətlə,
cavab verməkdən imtina edə bilərdimi? Təbii ki, yenə
də yox!
Üzeyir bəyin Azərbaycan dilində
yazdığı məktubun əlyazmasının ikinci,
"təmiz" nüsxəsinin, eləcə də rus dilindəki
nüsxələrin başlığında 3 dəfə
"Məxfi, Məxfi, Məxfi" qrifi qoyması, sonunda isə
"Səni sevən qardaşın Üzeyir" imzasından
sonra "Mənim məktubum haqqında heç kimə demə
və oxuyandan sonra onu məhv et və yandır" xəbərdarlığı
Üzeyir bəyin bütün bu işlərin fərqinə
vardığını və "məsləhətlərə"
əməl etdiyini göstərirdi.
Bu sonuncu məktub açıq görünməsə
də, daima nəzarət altında yaşamış
Üzeyir bəyin Bakıda, Ceyhun bəyin isə Parisdə
Sovet orqanları tərəfindən artıq girov vəziyyətinə
salındığına heç bir şübhə qoymur.
Beləliklə, Üzeyir Hacıbəyovun 1919-cu ildə
Bakını tərk etmiş qardaşı ilə elə həmin
ildə başlanan və 20 ildən artıq müddətdə
fasilələrlə davam edən yazışması məhz
bu sonuncu - 4 mart 1942-ci il tarixli məktubla - özünün ən yüksək
dramatik həddinə çatır.
Ceyhun Hacıbəylinin qardaşının göndərdiyi
bu məktubu, eləcə də vəd edilən "istənilən
məbləğdə" maddi köməyi
alıb-almadığına dair açıq mənbələrdə
təbii ki, heç bir məlumat yoxdur. Üzeyir bəy tərəfindən
də bu məsələyə açıqlıq gətirəcək
sənədə, şəxsi arxivindəki müxtəlif
növ əlyazmalar arasında hər hansı qeydlərə,
məlumatlara, o cümlədən bundan sonrakı tarixlərdə
Ceyhuna ünvanlanmış məktublara təsadüf olunmur.
Bu baxımdan Üzeyir bəyin bir çox gizli mətləbləri
əxz edən olduqca əhəmiyyətli bu son məktubunun nə
özü, nə də qohumları tərəfindən "məhv
edilib yandırılmaması", əksinə, bir neçə
variantda və nüsxələrdə onun ev arxivində qorunub
saxlanması özlüyündə heyrətamiz bir hadisədir.
1942-ci ilin yayında Stalinqrad vuruşu ilə II
Dünya müharibəsinin gedişində baş verən
dönüş, sovet qoşunlarının cəbhələrdə
qazandığı qələbələr və Avropa sərhədlərini
aşması digər mühacir təşkilatları kimi Azərbaycan
siyasi mühacirətinin də fəaliyyətinə
güclü dağıdıcı təsir qoyur. Almaniyanın
siyasi-diplomatik dairələri və xüsusilə Almaniya tərəfində
vuruşmaqda davam edən Azərbaycan legionları ilə əvvəldən
əlaqəsi olmayan Ceyhun Hacıbəylinin həmin dövr
Üzeyir Hacıbəylinin 1948-ci ildə vəfatına qədər
Avropada hər hansı aktiv siyasi-publisistik fəaliyyəti nəzərə
çarpmır.
Ceyhun Hacıbəylinin mühacirət dövrü
öz yaxın məsləkdaşları və
tanışları ilə yazışmalarında Üzeyir bəyin
adı təbii ki, dəfələrlə çəkilmişdir.
Həmçinin, Ceyhun bəyin Azərbaycanın tarixi, ədəbiyyatı
və mədəniyyətinə dair Avropada nəşr
olunmuş əsərlərində, məqalə və xatirələrində
həyatının ən doğma, ən əziz, ən vacib
insanına, varlığı ilə fəxr etdiyi məşhur
qardaşına səhifələr həsr olunmuş, onun Azərbaycanın
ictimai fikir və mədəniyyət tarixində yeri layiqincə
göstərilmişdir. Lakin bütün bu ədəbiyyat
Üzeyir və Ceyhun Hacıbəyli qardaşlarının
yazışmasında əks olunan ünsiyyətin dəruni, zərif
ruhunu, xüsusilə Üzeyir bəyin bir çox
çalarları ilə yeni, işıqlı obrazını
ifadə edə bilməmişdir...
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2026.- 6 mart (¹9).- S.22-23;24.