Nağıllara inanmayın, hərçənd,
həyatın özü də nağılvaridir
Xalq yazıçısı, akademik Kamal Abdullanın
"Kim dedi ki, Simurq quşu var imiş" pyesi əsasında
Naxçıvan Dövlət Milli Dram Teatrının
hazırladığı "Simurq quşu" tamaşası
barədə qeydlər
Dünyanı tanımaq, həyatı dərk etmək
üçün insan ilk növbədə özünü
tanımalı, iç dünyasını, daxili
yaşantılarını, sirli, mübhəm duyğu və
düşüncələrini kəşf etməlidir. Zaman və
kainat, yoxluq və varlıq, real dünya və metafizik aləm,
varolumla xəyalı dünya real mövcudluqdan öncə təfəkkürdə
təcəlla tapır. Odur ki, xəyal və reallıqda
yaşayan, görünən və görünməyən
dünyanın ehtirasları arasında çabalayan insan
bütün bunları ilk öncə özündə
yaşayır, əqli-intellektual və hissi-emosional süzgəcdən
keçirir, real dünyanın konturları kimi xəyalı
aləmin surətinə köçürür. Bu
yaşantıların, bəzən insanın, heç
özü də fərqinə varmır, intuitiv şəkildə
mütləq həyat həqiqəti kimi qəbul edir.
Əslində şüurda var olan həqiqətdə dərkolunmaz
bir proses də yaşanıla bilər. Şüurun qəbul
etdiyini reallıq inkar da eləyə bilər. Beləcə,
insan ikili düşüncə və hisslərlə həyatını
bölüşüb intiusiyanı yuxulaşmaya çevirə
bilən həyatını yarımfantastik ölçülər
üzərində qurar və laübalı həyat sürər:
nə yerdə, nə göydə qərar tuta bilər,
reallıqla xəyal arasında vurnuxar. Haydeqqer bu mənada
deyirdi: "Həyat insanla sonsuz qara boşluq arasında bir
oyundur". Bəli, insan ömür boyu bu oyunun içindədir.
Və bu oyunun müəllifi də, iştirakçısı
da insan özüdür. Ssenarini də özü yazır,
baş qəhrəman rolunu da özü ifa edir. Xalq
yazıçısı, akademik Kamal Abdullanın bütün əsərləri
bu ruhdadır, qəhrəmanları bu ovqatdadır. Onların
hər biri bu həyat oyununda narahat bir yaşam içində
vurnuxur, bir-birinə münasibətdə, dünyaya yanaşma
tərzində reallıqla fantasnoqomiya arasında mübarizədə,
əndişədə yaşayır. Bu, Kamal Abdulla qəhrəmanlarının
həyat və yaşam etirafıdır. Bu yaşantı ədəbi
və metoforik təsvirdən, illüstrativ stixiyadan daha
çox real təsir və məntiq üzərində
qurulmuş psixoloji mənzərələrdir. Onun "Kim dedi
ki, simurq quşu var imiş" pyesinin qəhrəmanları
da eyni təəssüratı bölüşürlər.
Bu günlərdə Kamal Abdullanın "Kim dedi ki,
simurq quşu var imiş" adlı fəlsəfi, psixoloji və
sentimental dramı əsasında C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Milli Dram Teatrının
kollektivi tərəfindən hazırlanmış "Simurq
quşu" Bakıda, S.Vurğun adına Akademik Rus Dram
Teatrının səhnəsində
oynanılmışdır. Bəri başdan deyək ki,
kollektiv müəllif ideyalarını dərindən mənimsəmiş,
tamaşanın dramaturji mizan-tərəzisini
yazıçının ideyalarınının açılışı
istiqamətində qurmuşdur. İlk növbədə səhnə
tərtibatı barədə. Səhnə ilk baxışdan
sadə dekorasiyalardan, birtipli, birçalarlı, ilk
baxışdan elementar informasiya verən qurğulardan ibarətdir.
Gəmidir, simvolik əşyalardır, göy qübbəsini
bürümüş işıq yüklü ulduzlardır,
balıqçı torudur... Hadisələr inkişaf etdikcə,
hər bir əşyanın, elementin, detalın simvolik mənası
aşkarlanır. Gəmi, bütünlüklə həyatın
özü anlamına gəlir, detallar insan ömrünün
anlarına işarə vurur, kapitan körpücüyü o
dünyayla bu dünyanın sərhəddi simvoluna
çevrilir, gəminin sükanı çərxi-fələk
mənası verir və s. Bundan başqa, işıq-kölgə
effektlərindən, musiqi sayrışmalarından, səsləşmə
diapozonundan, aktyorların səhnədə yerdəyişməsindən
tutmuş mimika və hərəkətlərinin
kompatlığına, tənzimlənməsinə, onların
jest və mimikalarının harmoniyasına qədər hər
şey ölçülü-biçili, ritmik və
tarazdır. Xüsusən, musiqi hadisələri yaxşı
tamamlayır, dramaturji ovqatla ritmik halda səsləşir. Səhnə
tərtibatında hər şey müəllif ideyasından
qaynaqlanan fəlsəfi simvolların açılış və
uğurlu təqdimatına xidmət edir.
Kamal müəllimin, ümumiyyətlə,
bütün yaradıcılığına xas fəlsəfi
yanaşma, həyat həqiqətlərinin simvollar vasitəsilə
təqdimi, xarakterlərin mürəkkəb
konstruksiyasını əks etdirən metafizik illüstrasiyalar
və başqa bu kimi bədii təqdimatlar qoyulan məsələlər,
irəli sürülən problemlərin dərki
üçün müəyyən oxucu səviyyəsi
lazım gəlir. Mətləb, müəllif ideya və məqsədləri
mətnin dərinliyindən süzülüb gələn,
remarkaların alt qatında gizlənən məntiqi mənaların
dərki oxucudan müəyyən səviyyə tələb
edir. Bu hal yazıçının pyeslərində də
aparıcı leytmotivdir. Odur ki, pyeslərə müraciət
edən teatr kollektivinin baş verənləri dərk etməsi,
hadisə və xarakterlərin gizli fəlsəfi
dünyasını açıb göstərmək
bacarığı intellektual hazırlıq, peşə səriştəsi
tələb edir. Naxçıvan teatrının kollektivi bu
işin öhdəsindən layiqincə gəlib. Bu işdə
quruluşçu rejissor Mir Qabil Əkbərovun əməyini
xüsusi qeyd etmək lazımdır. O, müəllifin məqsəd
və ideyasına uyğun səhnə mizanları
tapmış, metafizik dramaturji elementləri klassik səhnə
dili ilə uğurla uzlaşdırmağı
bacarmışdır. Quruluşçu rəssam Araz Xudiyev,
musiqi tərtibatçısı Əfsanə Şirəliyeva,
rejissor assisenti Leyla Yaqubova və başqa təşkilatı-inzibati
işləri yerinə yetirən teatr əməkdaşları
səhnə poetikasını paylaşanlar
sırasındadır.
Tamaşada Kamal Abdulla yaradıcılığına
xas postmodernik üslub, şərtiliklər, intellektual və
hissi eksperimentlər, zaman-məkan dəyişmələri,
simvol və işarələrin gerçək qatları,
obrazların bir-birinə, ümumiyyətlə səhnə
ovqatına mürəkkəb köklənməsi müəllif
məqsədinin açılışına xidmət edir.
Rejissor yozumunda fəlsəfi yanaşma səhnə şərtilikləri
ilə üzvi şəkildə qovuşur. İnsan
duyğularının incə tellərinə toxunan
yazıçı mətninin transkripsiyası, səhnə təcəssümü
şərtiliklə reallığın ahəngində, daxili
yaşantıların qabarıq təqdimində əks olunur.
Aktyorlar insanın ikiləşmə anını, hiss və
duyğularla əqli-intellektual çabalar girdabında mürəkkəbləşən
və daha dərinlərdə gizlənən psixoloji
yaşantılarını müxtəlif səhnə dili ilə
peşəkarcasına çatdırır.
Tamaşada insanın ovqatı, daxili dünyası ilə
əndişəsi hər an, hər epizodda azad idealların təntənəsi
kimi üzə çıxır. "Zabit (Kapitana): Nə
görmüsən sən bu təklikdə?" Kapitan təkliyi
sevir, demək, azadlığı arzulayır. Təklik
sindiromu deyilən bir hissi-emosional yaşantı var. Təklikdə
insan özüdür, özü ilə baş-başadır,
azad və xürrəmdir. Hissləri, duyğu və
düşüncələri, daxili yaşantıları ilə
avtonomdur. İnsan təklikdə öz içindədir, azad
dünyasındadır. Özü ilə baş-başa insan
daha mükəmməldir. Cəmiyyət içində o,
parçalanır, dağılır, sabitliyi pozulur,
düşüncə və yaşam pərakəndəliyi
yaşayır.
Əslində, pyesin personajları hamısı təkdir,
içində tənhadır. Onlar sanki cəmiyyətdə
epizodik iştirakçılardır, əsl həqiqi, real,
pozitiv həyatı özləri öz dünyasını təşkil
edən daxilində yaşayırlar. Onlar sanki iki həyatın
arasındadır, cəmiyyətdə daha çox
oynayırlar, öz içində, daxilində əsl mübhəm
və səmimi həyatlarını yaşayırlar. Kapitan da
o cümlədən. O, qapalıdır, bəzən
düşüncəli və qəddar, bəzən laqeyddir.
Ancaq təkliyində səmimidir. Sevdiyi və tez itirdiyi
sevgilisinin xəyalı səsiylə söhbətdə əsl
içi, insani duyğuları açılır. Kapitan bəzən
səmimi anlarında öz-özünə şeir də
deyir:
Sən o tərəf, mən bu tərəf
Ağla uca barı, ağla.
Həyat güllə, ömür hədəf?
Ağla, ağlaya bilsən.
Əsərdə personajların hər biri öz
çıxışında, remarkalarda, bir-biri ilə
dialoqlarda sırf fəlsəfi yanaşmalar nümayiş elətdirirlər.
Bu mənada əsərin dilini xüsusi qeyd etmək
lazımdır. Onu da deyək ki, hər kəsin öz fəlsəfi
intonasiyası, məntiqi çərçivəsi, həyat
hadisələrinə və insanlara baxış bucağı
vardır. Obrazların dilində saya, bayağı, təsadüfi
ifadələrə rast gəlinmir. Bu mənada əsərin
leytmativini və əsas fəlsəfi tutumunu ifadə edən
Nağılçının dedikləri maraq doğurur:
"Nağılçı: Padşah sağ olsun, harda həyat
varsa, ölüm də elə bil ki, onun həndəvərində
gizlənib. (Gözəl qıza) Harda gözəllik varsa,
(Devi göstərir) eybəcərlik də yanındadır. (Vəzirə)
Ağıl nadanlıqdan uzaq deyil. (Şahzadəyə) Cəsurluq
qorxaqlıqla yanaşı yol gedir. (Kapitana yanaşır) Xeyir
və şər kimi, mərhəmət və zalımlıq
kimi, işıq və zülmət kimi, insan və adam kimi
(yavaş-yavaş səhnənin ortasına gəlir). Və
belə yanaşı yaşamaq günlərin bir günü
hamını yoranda, adamlar bir-birindən dincəlmək istəyəndə
və bir-birindən ayrılıb hər biri öz təzə
yolu ilə getmək istəyəndə yalnız
işıqdan, mərhəmətdən və xeyirdən ibarət
bir dünya qurub o dünyada yaşamaq istəyənlərin
sayı son dərəcə az olacaq. Təəccüb etməyin.
Sözdə hamı belə bir dünya arzusunda olduğunu deyəcək,
işdə isə... Niyə? Nə üçün? Nəyə
görə? Səbəb? (Vəzirə) Niyə biz bu
dünyada bizə buraxılmış yaşam müddətinin
mənasını bir-birimizin həyatını zəhərləməkdə,
(Cəllada) bir-birimizin axırına çıxmaqda
görürük?"
Əsərin qəhrəmanları hamısı öz
ampulasındadır. Xeyirli əməllərilə, şər
işlərilə, yaxşısı yaxşı, pisi pislə,
xeyirxahlığı və əzazilliyi ilə birgə. Tərəf
və tendensiya yoxdur. Hər kəs obyektiv, görünən və
görünməyən tərəfləri ilə təqdim
olunur. Buradakı Cəllad da öz acı taleyini
yaşayır. Devə müraciətdə, hətta həssas
bir qayğıkeşlik göstərir. Devin boynuna
bağlanmış zəncirə işarə ilə:
"Boynunu sürtmür?" - deyə soruşur.
"Şahzadə: Zavallı! (Cəllada) Sən deyə bilərsənmi
qırmızı rəng daha çox kiminkidir, - qanı
axıdılan qurbanın, yaxud o qanı axıdan cəlladın?"
Əsər başdan-ayaq bu tip dilemmalarla süslənmiş
suallardan ibarətdir. Mahiyyətcə bu suallar ritorik deyil, həyatın
fəlsəfi dərkinə yönəlmiş müəmmalardır.
Aktyorlar müəllif fikrini və tendensiyasını
həssaslıqla duyur, öz oyunlarını, mimika və jestlərini,
hərəkətlərini, maneralarını onun üstündə
qururlar. Onlar müəllifin işarə və şifrələrlə
kodlaşdırılmış sətiraltı məna
daşıyan psixoloji obrazlarının yaşam tərzini dərindən
duyur və onun səhnə təcəssümünü
ustalıqla təqdim edirlər. Naxçıvan Muxtar
Respublikasının Əməkdar artisti Səməd
Canbaxşiyev (Kapitan), Günay Qurbanova (Səs), Əlizamin
Abbasov (Ada sahibi), Anar Eyvazov (Nağılçı), Azərbaycan
Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev
(Zabit), Zakir Fətəliyev (Padşah), Şəbnəm
Qayıbəliyeva (Gözəl qız), Uğur Nəsirli
(Şahzadə), Azərbaycan Respublikasının Xalq artisti
Şirzad Abutalıbov (Vəzir), Xəlil Hüseynov (Cəllad),
Ələsgər Quliyev (Dev) səhnə mizanına, şərtiliklərə,
pafosa ciddi riayət edir, müəllifin ideya və fikirlərini
bütün məntiqi ilə çatdırmağa
çalışırlar.
Əsərdə, qeyd etdik ki, gəmi də simvolik məna
daşıyır. Bu dünyanın simvolik mənzərəsini
əks etdirir. Gəmi bu gündən axirətə gedən həyat
yoludur. Sonda Kapitan Səsə deyir: "İstər günəş
olsun, istər ay, istərsə də ulduzlar, bir sözlə,
bütün bu göy qübbəsi - tanrısıyla,
möcüzəsiylə, o biri dünyasıyla, bizə tərəf
gəlmir. Biz, biz, yalnız biz öz dünya
adlandırdığımız bu gəmidə onlara tərəf
yavaş-yavaş üzürük".
Şərq mifologiyasında, o cümlədən
türk təsəvvüf elmində Simurq sehri, möcüzəsi
və hikməti geniş yer alır. O, aləmlərarası
keçid yaradan, o dünya ilə bu dünyanı birləşdirən,
qaranlıq dünyadan işıqlı dünyaya elçilik
edən bir simvoldur. Onun lələyini yandıranda, yaxud
adını ananda sehir işə düşür və simurq
köməyə yetir. İnsanları başqa aləmə,
metafizik məkana və ya nağılvarı səfərə
çıxarmaq motivi simurq quşu ilə bağlıdır.
Tamaşanın adı simurğun varlığını inkar
edir. Demək, insanlığın xilas yolu, bnunla da
bağlanır. Bu, tamaşaya mistik səciyyə vermir,
xoşbəxtlik axtarışı üçün impulslara
yol açır. İnsan xoşbəxtlik çabalarında
simurqu tapmayanda alternativlər axtarmağa məcbur olur. Bu mənada
tamaşa mistik ovqatdan daha çox axtarış vəd edən
estetik eleksir kimi yadda qalır.
Tamaşada reallıqla illüziyanın
qarışığı olan nağılvarı bir dünya
təqdim olunur. Sehri, möcüzəsi ilə bu dünya
nağılın ekvivalentidir. Baxmayaraq ki, müəllif
obrazlarının dili ilə tamaşaçıları
nağıllara inanmamağa çağırır, əksinə
bu səhnələr tamaşaçı marağını
bir o qədər çox çəkir. Tamaşaçı
istər-istəməz təqdim olunan bu dünyaya can atır və
müəllifin təsvir etdiyi nağılvari aləmə
inanır. Bəlkə, nağıllara həqiqətən
inanaq?!
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.21.