Bu dövrdə insan olmaq: müharibə
ehtimalı və mənəvi sınaq
Esse
Tarixin müxtəlif mərhələlərində bəşəriyyət
müharibə adlanan bəla ilə üz-üzə qalıb.
Bəzən bu təhlükə real silahlı toqquşmalara
çevrilib, bəzən isə uzun illər insanların
şüurunda dolaşan narahat bir ehtimal kimi qalıb.
Müasir dünyada informasiya axınının sürətlənməsi,
siyasi gərginliklərin artması və beynəlxalq
münasibətlərdəki qeyri-müəyyənlik
insanların bu təhlükəni daha kəskin hiss etməsinə
səbəb olur, nə yazıq ki. Belə dövrlərdə
müharibə yalnız dövlətlər və ordular
arasında baş verən toqquşma kimi deyil, həm də
milyonlarla insanın psixologiyasına, düşüncəsinə
və mənəvi dünyasına təsir edən bir fenomen
kimi özünü göstərir. Qorxunun hökm
sürdüyü dövrdə insan olmaq sadəcə təhlükədən
yayınmaq deyil, həm də mənəvi sınaqdan
keçmək deməkdir.
Müharibə ehtimalı insanın ən ilkin və təbii
hisslərindən biri olan təhlükəsizlik duyğusunu
sarsıdır. İnsan öz həyatını
planlaşdırarkən gələcəyə dair müəyyən
sabitlik və ümid hissinə ehtiyac duyur. Lakin qlobal gərginliklərin
artdığı zamanlarda bu sabitlik hissi zəifləyir.
İnsanlar xəbərlərdə eşitdikləri siyasi
qarşıdurmaları, hərbi hazırlıqları və
diplomatik böhranları şəxsi həyatlarının
fonunda düşünməyə, dəyərləndirməyə
başlayırlar. Nəticədə uzaqda baş verən hadisələr
belə insanların gündəlik psixoloji vəziyyətinə
təsir edir. Bir çoxları gələcək haqqında
narahat düşüncələrə qapılır, digərləri
isə qeyri-müəyyənlik qarşısında
özünü gücsüz hiss edir.
Bununla yanaşı, müharibə qorxusu insanın mənəvi
dünyasını da sınağa çəkir. Tarix göstərir
ki, böhran və təhlükə dövrlərində cəmiyyətlər
iki fərqli istiqamətdə dəyişə bilər. Bəzi
hallarda qorxu insanları bir-birindən uzaqlaşdırır, fərdlər
daha çox öz təhlükəsizliklərini
düşünməyə başlayır, cəmiyyət
daxilində etimadsızlıq artır. Digər tərəfdən
isə belə dövrlər insanların həmrəyliyini
gücləndirə bilər. İnsanlar anlayırlar ki,
ümumi təhlükə qarşısında birlik və
qarşılıqlı dəstək daha böyük əhəmiyyət
kəsb edir. Bu mənada müharibə ehtimalı insanın
yalnız fiziki deyil, mənəvi keyfiyyətlərini də
üzə çıxaran bir sınaqdır. Bir xalq olaraq buna
bənzər təcrübəni elə yaxın
keçmişimizdə - 44 günlük Vətən
müharibəsində yaşadıq. O günlərdə bir
yumruq kimi dövlətimizin, dövlət
başçımızın və ordumuzun ətrafında
sıx birləşməyimiz, bir-birimizə maddi-mənəvi
dayaq olmağımız müharibənin nəticəsinə
birbaşa təsir edən amillərdən hesab oluna bilər.
Qorxu dövründə insanın ən böyük
dayaqlarından biri ümid hissidir. Ümid insan
psixologiyasının qoruyucu mexanizmlərindən biri kimi
çıxış edir. O, insanın gələcəyə
inamını itirməsinə imkan vermir. Tarix boyu ən
çətin müharibə və böhran dövrlərində
belə insanlar ümidlərini qorumağa
çalışmış, mədəniyyət, ədəbiyyat
və incəsənət vasitəsilə bu hissi
yaşatmışlar. Ümid yalnız nikbinlik deyil, həm də
insanın mənəvi müqavimət formasıdır.
Ümid sayəsində insan qorxunun onu tamamilə idarə etməsinə
imkan vermir.
Digər tərəfdən, müasir dövrdə
informasiya texnologiyalarının inkişafı müharibə
qorxusunun psixoloji təsirini daha da gücləndirir.
Keçmişdə insanlar uzaq regionlarda baş verən hadisələr
haqqında məhdud məlumat əldə edirdilər. Bu
gün isə hər bir hadisə saniyələr içində
bütün dünyaya yayılır. Sosial şəbəkələr
və xəbər portalları vasitəsilə insanlar daim gərginlik
yaradan xəbərlərlə qarşılaşırlar. Bu isə
kollektiv narahatlıq hissinin yaranmasına səbəb olur.
İnsanlar bəzən real təhlükədən daha
çox informasiya bolluğunun yaratdığı psixoloji təzyiq
altında qalırlar.
Belə bir şəraitdə insanın əsas vəzifəsi
qorxu ilə rasional düşüncə arasında tarazlıq
yaratmaqdır. Qorxu təbii hissdir və insanın təhlükələrə
qarşı diqqətli olmasına kömək edir. Lakin
qorxunun həyatın bütün sahələrini idarə etməsi
insanın psixoloji sağlamlığı üçün təhlükəli
ola bilər. Buna görə də insanın informasiya
axınını düzgün qiymətləndirməsi,
emosional reaksiyalarını idarə etməsi və gündəlik
həyatında sabitliyi qorumağa çalışması
vacibdir. Bu həm fərdi psixoloji sağlamlıq, həm də
cəmiyyətin ümumi sabitliyi üçün mühüm
əhəmiyyət daşıyır.
Bu dövrdə insan olmaq eyni zamanda etik seçimlər
də tələb edir. Müharibə ehtimalı insanların
humanizm, ədalət və sülh kimi dəyərlər
haqqında düşünməsinə səbəb olur. Belə
vaxtlarda öz-özünə sual verirsən ki, bəşəriyyət
qarşıdurma və dağıntı yolunu, yoxsa dialoq və
anlaşma yolunu seçməlidir? Bu sual yalnız siyasətçilər
üçün deyil, hər bir insan üçün
mühüm əhəmiyyət kəsb edir. Çünki cəmiyyətin
dəyərləri məhz fərdlərin düşüncə
və davranışlarının cəmindən
formalaşır.
Müharibə ehtimalı yalnız siyasi və hərbi
məsələ deyil. O, həm də insanın
psixologiyasını, mənəvi dəyərlərini və
gələcəyə baxışını
formalaşdıran mühüm amildir. Qorxu dövründə
insan olmaq qorxuya təslim olmaq demək deyil, çətin
şəraitdə belə insanlığın əsas dəyərlərini
qorumağı bacarmaq deməkdir. Tarix göstərir ki, ən
qaranlıq dövrlərdə belə insan ümidini və mənəvi
gücünü itirmədikdə bəşəriyyət yeni
və daha sabit bir gələcəyə doğru yol tapa bilir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.20.