Zahiri gözəlliyin arxasında çürüyən ruh  

 

 

Fevralın 28-də ölkənin ən böyük səhnələrindən biri olan Heydər Əliyev Sarayında tamaşaçılar fərqli bir teatr gecəsinə şahidlik etdilər. Həmin gün bu möhtəşəm məkanda Azərbaycan və Makedoniyanın birgə layihəsi olan, aktyor Ziya Ağanın rəhbərlik etdiyi "White Roof" şirkətinin layihəsi çərçivəsində hazırlanmış "Dorian Qrey" tamaşasının üçüncü premyerası təqdim olundu. İngilis yazıçı Oskar Vayldın dünya ədəbiyyatına qazandırdığı əm məşhur əsərlərdən biri olan "Dorian Qreyin portreti" fəlsəfi romanı əsasında hazırlanmış bu səhnə işi tamaşaçını yalnız estetik baxımdan deyil, həm də dərin mənəvi və fəlsəfi suallar qarşısında düşünməyə vadar edir.

Əsərin müəllifi Oskar Vayld insanın zahiri gözəllik, şöhrət və həzz arzusunun arxasında gizlənən mənəvi boşluğu ustalıqla təsvir edən yazıçılardandır. "Dorian Qrey" də məhz bu mövzunu mərkəzə çəkərək insan ruhunun necə dəyişə və deqradasiyaya uğraya biləcəyini göstərir. Səhnə həlli isə bu klassik ideyanı müasir teatr dili ilə təqdim edərək əsərə yeni nəfəs verir.

Süjetin mərkəzində gənc və gözəl Dorian Qrey (Ziya Ağa) dayanır. Onun hekayəsi zahiri gözəlliyin insan həyatında necə təhlükəli bir illüziyaya çevrilə biləcəyini göstərir. Dorian öz mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Onun cismi zamanın təsirindən kənarda qalır, lakin ruhu tədricən çürüməyə başlayır. Bu çürümə isə onun məşhur rəssam Bezil Holvard (Firdovsi Atakişiyev) tərəfindən çəkilmiş portretində əks olunur. Dorianın etdiyi hər bir mənəvi səhv, hər bir cinayət, hər bir satqınlıq və təkəbbür portretin üzərində silinməz izə çevrilir. Beləliklə, portret yalnız bir rəsm əsəri deyil, insan ruhunun gizli güzgüsünə çevrilir.

Təqdim olunan səhnə işi məhz bu ideyanı teatr dilinin imkanları ilə tamaşaçıya çatdırmağa çalışır. Burada yalnız bir insanın faciəsi deyil, bütövlükdə cəmiyyətin mənəvi dilemması əks olunur. Zahiri gözəlliyə, şöhrətə və dəbdəbəli həyata həddindən artıq dəyər verən bir mühitdə insanın daxili aləminin necə tədricən süquta uğradığı aydın görünür. Bu baxımdan "Dorian Qrey" yalnız bir ədəbi əsərin səhnə interpretasiyası deyil, həm də insanın öz mənəviyyatı ilə münasibətinə dair fəlsəfi düşüncədir.

Dorianın həyatı zahirən cazibədar görünür. O, kübar mühitin mərkəzindədir, hər cür həzzin dadına baxır və zahiri gözəlliyi ilə hamını heyran edir. Lakin bu parlaq həyatın arxasında böyük bir boşluq gizlənir. Özündən yaşca böyük dostu lord Henrinin (Vidadi Həsənov) də təsiri ilə onun ruhu tədricən qaranlığa qərq olur. Hətta gənc aktrisa Sibil Veynə (Oksana Rəsulova) duyduğu məhəbbət belə onun ruhunu pisliklərdən arındırmağa kifayət etmir, nəticədə o, sevgilisinin intiharına səbəb olur. Şöhrətpərəstlik, eqoizm və məsuliyyətsizlik onun xarakterinin ayrılmaz hissəsinə çevrilir. Bu dəyişimin əsas səssiz şahidi isə Dorianın portretidir. Səhnə işi məhz bu ziddiyyəti - zahiri gözəlliklə daxili çürümə arasındakı uçurumu - güclü bədii vasitələrlə nümayiş etdirir.

Səhnə işinin əsas ideyalarından biri insanın daxili aləminin zahiri görünüşdən daha qiymətli olmasıdır. İnsan zahiri cazibədarlıq və maddi nemətlər uğrunda öz mənəviyyatını itirdikdə sonda əldə etdiyi heç bir şey onu xoşbəxt edə bilmir. Dorian Qrey də məhz belə bir taleyin simvoludur. Onun yeganə arzusu əbədiyyən gənc və gözəl qalmaqdır ki, buna da nail olur. O, gəncliyini və gözəlliyini qoruyur, lakin daxili dünyasını itirir. Bu isə onu getdikcə daha böyük mənəvi böhrana sürükləyir.

Tamaşanın yaradıcı heyəti klassik əsərin ideyasını müasir bədii üslubla təqdim etməyə çalışıb. Quruluşçu rejissor Gjorgji Rizeski əsərin fəlsəfi qatlarını səhnə həllində qoruyaraq tamaşaçı ilə emosional dialoq qurmağa nail olur. Musiqi müəllifi Almir Bajramoski tərəfindən seçilmiş musiqilər hadisələrin dramatik təsirini daha da gücləndirir. Quruluşçu rəssam Emil Packovski isə səhnə məkanını əsərin qaranlıq və düşündürücü atmosferinə uyğun şəkildə formalaşdıraraq vizual ifadəni tamamlayır. Layihənin baş prodüseri Ziya Ağa olan bu yaradıcı iş müxtəlif teatr ənənələrinin sintezini özündə birləşdirir.

Səhnədə baş verən hadisələrin emosional təsirini artıran əsas amillərdən biri də, şübhəsiz ki, aktyor oyununun gücüdür. Bu səhnə əsərində Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Firdovsi Atakişiyev, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rza, Nicat Məmmədov və müğənni İlhamə Qasımova kimi sənətçilər müxtəlif obrazları yüksək peşəkarlıqla canlandıraraq əsərin dramatik xəttini tamamlayırlar. Onların hər biri obrazların daxili psixoloji vəziyyətini, mənəvi ziddiyyətlərini və emosional dəyişimini inandırıcı şəkildə təqdim edərək tamaşaçını hadisələrin emosional axınına cəlb etməyi bacarırlar.

"Dorian Qreyin portreti" tamaşaçı qarşısında mühüm bir sual qoyur: insan zahiri gözəllik və şöhrət naminə öz mənəviyyatını qurban verə bilərmi? Bu sual yalnız əsərin qəhrəmanına aid deyil, hər bir insanın daxilində gizlənən mənəvi seçimlərin simvoludur. İnsan bəzən cazibədar görünən bir həyatın arxasında gizlənən mənəvi boşluğu görməyə bilər. Lakin zaman keçdikcə bu boşluq özünü daha aydın şəkildə göstərir.

Bütün məsuliyyətimizlə deyə bilərik ki, ölkənin ən böyük səhnəsində - Heydər Əliyev sarayında 3-cü dəfə anşlaqla keçən bu tamaşa yalnız estetik baxımdan deyil, həm də fəlsəfi və psixoloji baxımdan diqqət çəkən bir bədii hadisədir. O, tamaşaçıya xatırladır ki, insanın həqiqi dəyəri onun zahiri görünüşündə deyil, daxili aləmindədir. Əgər insan bu həqiqəti unudarsa, o zaman ən parlaq həyat belə mənasız və boş görünəcəkdir. Bu baxımdan "Dorian Qreyin portreti" insan ruhunun qaranlıq və işıqlı tərəflərini eyni anda göstərən, düşündürən və ömürlük xatirəyə çevrilən sənət nümunəsi kimi yadda qalır.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.20.