Unudulmamalı unudulmuş
Unutmaq da Pərvərdigarın insana bir töhfəsidir
ki, soyumazsa, insanın axırına çıxa biləcək
duyğu və fikir yüklərini daşımaqdan xilas olsun.
Ancaq unudulmamalıları unutmaq da bir ayrı mərəzdir
ki, o xəstəliyə düçar olan adam içəridən
çürüyür, mənəviyyatca kasıblaşır,
bu azara mübtəla olan bütöv bir xalq da get-gedə
heysizləşir, üzsüzləşir, yaddaş pas
bağladıqca budaqların köklərlə
bağlılığı itir, ardınca da cırlaşma,
ruhca yoxsullaşma gəlir.
XII əsrdə parlaq bir şairimiz olub. Ancaq
adını şairlərimiz cərgəsinə
qatmırıq, belə bir şəxsiyyətin
yazdıqlarından da, taleyindən dəxəbərsizik.
Unutmamalı olub yaddan çıxardığımız
saysız-hesabsız dəyərlilərdən və dəyərlərdən
biridir.
...İnsan tarixin övladıdır. İnsanın
taleyi ilə zamanın aqibəti, dövrün qisməti
arasında xeyli bənzərliklər var. İnsan
ömrünün sevincli-fərəhli,
yaxşılı-yamanlı günləri olduğu kimi, tarixin
özünün də yüksəlişli, insanların məsud
yaşadığı, şəhərlərin, yurdların
inkişaf etdiyi dövrü də olur, tənəzzül
çağları, eniş əyyamları da.
Orta çağdan üzü bəri hərdən Azərbaycan
tarixinin XI-XII yüzillərini ədəbiyyatımızın,
mədəniyyətimizin "qızıl əsrlər"i
adlandırıblar və bir çox cəhətdən
yanılmayıblar. Əslində, bu əsrlər yalnız Azərbaycanın
da deyil, elə Yaxın-Orta Şərqin çox ölkələrinin
həyatındakı altun dövr sayıla bilər: hakimiyyətdə
böyük Səlcuqlardır - I Sultan Toğrul, Alp Arslan, Məlikşah,
Mahmud Börküyarıq, İkinci Məlikşah, Məhəmməd
Tapar, Sultan Səncər; bunlar, sadəcə, güclü
hökmdarlar, ağıllı siyasətçilər, bəsirətli
dövlətçilər deyildilər. Onlar həm də mədəniyyətin,
elmin, təhsilin hamisi idilər. Bu hökmdarların taxtda
olduğu çağlarda mədəniyyət bütün
başqa zamanlardakından daha artıq çiçəklənir.
Apardıqları dürüst, müdrik siyasət nəticəsində
onillər boyu onlar hakimi olduqları səltənəti, sahibi
olduqları yurdları durmadan tərəqqiyə doğru irəlilədirlər.
Əlbəttə ki, bu inkişafonların adı ilə
bağlı olduğundan tarixdə də elə beləcə
- qurucular, yüksəliş təkançıları, sənətin,
sözün, elmin havadarları kimi qalırlar.
Tarix salnamələri böyük Səlcuqların yalnız
ayrı-ayrı savaş meydanlarında qazandığı zəfərlərdən
bəhs etmir. Salnamələr böyük Səlcuq
hökmdarlarının siyasətdə, dövlət işində,
döyüş meydanlarında çaldıqları zəfərlərlə
bərabər, onların quruculuqda, mədəniyyətin, ədəbiyyatın,
sənətin yüksəlişində əldə etdikləri
zəfərlərdən də heyranlıqla söz
açır. Eyni parlayışlar bizlərdə - Azərbaycan
Atabəylərinin dönəmində də davam etməkdədir.
Şəmsəddin Eldəniz, Nüsrətəddin Cahan Pəhləvan,
Müzəffərəddin Qızıl Arslanda böyük Səlcuq
hökmdarları kimi, eyni xətti götürmüşdülər.
Onlar da ağıllı dövlətçilər, mahir siyasətçilər,
həm də quruculardılar.
Səlcuqlar dönəmində,Atabəylər
dövründə Yaxın-Orta Şərqin, elə o
sıradan Azərbaycanın mənzərəsi
büsbütün dəyişir. Əvvələn,
ayrı-ayrı şəhərlər çox inkişaf edir.
İstənilən yurdun da tərəqqisinin ilk və bariz
görsənişi şəhərlərdir. Yaxın-Orta
Şərqin o çağacan xırda sayılan neçə
şəhəri də böyüyərək, rövnəqlənərək
mədəniyyət mərkəzlərinə çevrilir.
XI-XII yüzillərdə Əbu Bəkr Əcəmi
Naxçıvanivə onun sağında-solunda elə
özü kimi üstün memarlar yarandısa, onlar ən əvvəl
elə həmin nəhəng əsrin övladları və bəhrəsiydilər
- Əcəmiləri vaxt yaradırdı. Əbu Bəkrin
Naxçıvanda yaratdığı abidələr məsafəcə
yaxınımızda - göz önündə idi. Ancaq onun Azərbaycandan
kənarda yaratdığı misilsiz memarlıq abidələri
də vardı. Onun Azərbaycan sərhədlərindən
uzaqlarda davam edən üslubu, onun ülgüləri ilə
işləyən ardıcıllarının
yaratdığı məktəbi vardı. Fəqət Əcəmi
tək də deyildi, həmin parlayan vaxt kəsiyində müsəlman
Şərqi boyunca elə bu cür yola çevrilən, məktəbə
dönən sıra-sıra ünlü memarlar
yetişmişdi. Tərəqqidə həmişə cazibə
var - Səlcuqlar dönəmində, Atabəylər
çağlarında zəmanənin mühüm elm, maarif mərkəzləri
hesab edilən Bağdaddan, Dəməşqdən, Qahirədən,
Əndəlüsdən Azərbaycana sıra-sıra
böyük alimlər gəlirdi. Azərbaycanda, əlbəttə
ki, XI-XII yüzillərə qədər də məşhur təbiblər
olmuşdu. Ancaq Səlcuqlar dönəmində, Atabəylər
dövründəki güclümüaliclərinşöhrəti
elə həddə yetir ki, onların adı elə
sağlıqlarında tarixləşir, Vaxt Kitabına
"qızıl hərflərlə" həkk olunur: Cəlaləddin
Təbib Əli İbn Əhməd, Fəxrəddin
Naxçıvani, Əkmələddin Naxçıvani - bunlar
Azərbaycanda Səlcuqlar dönəmində, Atabəylər
dövründə fəaliyyət göstərmiş
böyük həkimlərin yalnız bir neçəsidir.
Salnamələr, həm də yalnız Azərbaycanda
yazılanlar deyil, Azərbaycandan kənarlarda yaradılanlar da
bu həkimlərin adını o çağın
Yaxın-Orta Şərqdəki ən misilsiz təbibləri
sırasında çəkir. Həm də bunların ətrafında
böyük bir dəstə başqa qabil həkimlər fəaliyyətdə
idi. Məşhur təbib Əkmələddin
Naxçıvaninin şöhrəti haqqında bircə bunu
vurğulamaq yetər ki, onun ad-sanı Azərbaycan
hüdudlarına sığmamışdı, ayrı-ayrı
qaynaqların məlumatınca, o, sıralarında nəhəng
kütləni qovuşduran mövləviliyin öndəri
Mövlana Cəlaləddin Rumini müalicə edən əsas
həkim kimi seçilibmiş.
Bu dövrdə Yaxın-Orta Şərqdə, o
sıradan Azərbaycanda da elmin ucalış əyyamlarıdır.
Məlikşahın Nişapurda yaratdığı rəsədxananın
təsiri, əlbəttə ki, oçağkı mədəni
aləmdə nücum elminin sıçrayışlı
inkişafına təsir göstərməyə bilməzdi. Rəsədxana
qısa müddətdə Nişapuru nücumun Məkkəsinə
çevirmiş, göyşünas araşdırıcılar
ora axın-axın üz tutmağa başlamış, orada
yığdıqları təcrübələri tezliklə
bütün Yaxın-Orta Şərq boyu yaymağa
başlamışdılar.
Həmin dövrdə elmin ayrı-ayrı sahələri
- riyaziyyatda, dilçilikdə, musiqişünaslıqda,
şeirşünaslıqda eyni qaynar ritmdə inkişaf etməkdədir.
Ancaq sözsüz ki, ən böyük tərəqqi şeirdə,
ədəbiyyat aləmində müşahidə edilməkdədir.
Bir-birinin ardınca müsəlman Şərqinin, o sıradan
Azərbaycanın neçə şəhəri həm də ədəbiyyat
mərkəzi, şeir paytaxtı kimi məşhurlaşmağa
başlayır. Təbriz də, Marağada, Xoyda, Ərdəbildə,
bu tərəfdən Gəncədə, Bərdədə, Beyləqanda,
Şirvanda və neçə-neçə digər Azərbaycan
şəhərləri də oçağkı mədəniyyət
fəzasında cazibə nöqtəsinə çevrilməyə
başlayır.
Şərqin bu məmləkətindən o məmləkətinə
karvanlar gedirdi. O karvanların daşıdığı
yalnız ticarət yükləri deyildi. O karvanlar həm də
SÖZ aparırdı. Asta-asta şöhrətlənən
şairlərin "Divan"ları, o şairlərin
adlarının yanındakı nisbələr - onların
hansı məmləkətlərdən, hansı şəhərlərdən
çıxdığını göstərən kəlmələr
əslində sadəcə təxəllüsün davamı
deyildi. Bu nisbələr həm də onların
çıxdığı şəhərləri,
yurdları,mənsub olduqları xalqları - Marağanı,
Ərdəbili, Xoyu, Təbrizi, Gəncəni, Bərdəni,
Beyləqanı, Bakını, Şamaxını... - Azərbaycanı
məşhurlaşdırırdı.
VIII, IX, X əsrlərdə də Azərbaycanın
görkəmli alimləri vəədibləri
yaşayıb-yaradıb, bu qəbil zəka və ilham hünərliləri
XIII, XIV, XV, XVI əsrlərdə də az olmayıb. Ancaq
XI-XII əsrlərdəki əliqələmli şair və
alimlərimizin, sənət adamlarımızın ümumi
sayını göz önündə tutaraq digər əsrlərdəkilərlə
müqayisə edəndə elə miqdarın özü və
məşhur adların çəkisi, siqləti niyə məhz
XI-XII əsrlərin "altun əsrlər"
adlandırılmasının səbəbini üzə
çıxarır.
Və mətləbin bir diqqətəlayiq
çaları da var. Həmin əsrlərdə Azərbaycanda
yetişən məşhurların hər biri yalnız
özlüyündə böyük yaradıcılar deyillər,
onların bir çoxu həm də əngin coğrafiyaya təsir
dalğası yayılan örnəyə, məktəbə, dəst-xəttə,
cərəyana dönürlər.
Nizami səfərlər etmədən, səyahətlərə
çıxmadan Gəncəsində əyləşmişdi,
onun əvəzində əsərləri ən fəal peşəkar
səyyahları da heyrətdə qoyacaq sürətlə
ölkə-ölkə, şəhər-şəhər, ev-ev
yayılırdı.
Ya Xaqani Şirvanini yalnız Şirvanın, təkcə
Azərbaycanın şairi necə hesab edəsən? O da,
Nizami kimi,bütün müsəlman Şərqininki idi. Onun
da qələmindən çıxanların bir çoxy qəlibə,
nəzirə ünvanınaçevrilmişdi. Gündən-günə
qıraq ellərin çox söz sahibləri ondan öyrənirdilər,
yolunu tutub gedirdilər.
Beləcə ülgü kimi baxılan, yalnız Azərbaycanınkı
olmayan, sözünün dalğası çox uzaq sahillərədək
çatan, yaratdıqlarına bənzətmələr
yazılanlardan biri də XII əsrin Azərbaycan şairi Tacəddin
Əmir Əhməd idi və o vaxt o qədər məşhurkən
bu gün bunca unudulmuş olması nə qədər gözlənilməz
olsa da, bu paradokslu yaddançıxmanın izahı da var.
Kəhkəşandakı ulduzların
irisi-xırdası olan kimi, şairlərin də parlaqlıq və
şöhrət dərəcəsinin bəzən lap kəskinliklə
fərqlənənləri də olur. Nizaminin
çağdaşı olan və Gəncədə
yaşamış şairlərin sayı onlarla yox, yüzlərlə
idi. Bəlkə də ayrı zaman qatında o şairlərdən
bir çoxu yaşadığı vaxtı doldura, ən mahir
söz ustaları kimi şöhrətlənərdi. Lakin
Nizami işığı o qədər gur idi ki, hətta
parlaq olanların belə əksəri həmin nur selində
diqqət hədəfindən böyürdə qalır, nəhəng
ulduzun şöhrət selində itib-batırdılar. XX
yüzildə aparılan araşdırmaların, aşkarlanan
bir sıra əski tarixli əlyazmaların sayəsində təkcə
Gəncə mühitində qələm çalmış və
arxada qalan 8 əsr ərzində təzkirələrdə belə
adına rast gəlmədiyimiz 30-dan artıq alim, şair və
nasirimiz əsərləriylə birgə bizə
qayıtdı. Gələcəkdə bu sıraya əlavə
ediləsi başqalarının da olacağı istisna deyil. Elə
təkcə 1345-ci ildə Cəmaləddin Şirvaninin tərtib
etdiyi "Nüzhət əl-məcalis" məcmuəsində
şeirləri yer alan 20-dən artıq bilinməz gəncəlinin
(hələ bu topludakı digər onlarla başqa naməlumları
bir qırağa qoyuruq) yadigarlarını oxuduqca şahid olur
və əmin kəsilirik ki, onların hər biri
yaşamağa layiq, əsərləri gələcək
içərisində də insanların ruhunu oxşamağa
qadirdir. Sərvətimiz çoxdursa, onun ən qiymətlilərindən
yapışıb, o ən qiymətlilərin yanında nisbətən
solğun görünənləri bir kənara atmaq heç də
düz olmaz. Almazın almaz yeri var, qızılın
qızıl, gümüşün gümüş yeri.
Əlimizdə-ovcumuzda nəyimiz varsa, onun qədrini bilməliyik.
Ancaq yaxınlaşdıqca, dərin qatlarına endikcə bu yəqinlik
də hasil olur ki, gendən bizə xırda ulduzlar kimi
görünən bu şairlər də əslində hər
biri mahiyyətcə çoxdan kəşf edilməyə
haqqı çatan ulduzmuş. Sadəcə, onlara doğru hərəkət
etmək, onları görmək, tanımaq üçün
can atmaq gərəkdir.
Tacəddin Əmir Əhməd İbn Xətib XI əsrin
sonları - XII əsrdə yaşadı. Haqqında ötəri
bilgilərimiz var. Bugün onu Azərbaycanın tanınan
şairləri sırasına daxil etmirik. XII yüzil ədəbiyyatımızdan
söz açırkən də ona məhəl qoymuruq. Amma rəvadırmı?
Tarixin bizə çatdırdığı danılmaz həqiqətlərsə
umur ki, Tacəddin Əmir Əhmədi - XII yüzildə
yaşamış bu bənzərsiz şairimizi gərək
yaxşı tanıyaq və ona doğru irəliləyək.
Sənai Qəznəvi (1080-1131) Şərqin ən
azman şairlərindən biri kimi uca mərtəbədə
yer tutmaqdadır. O, sadəcə mahir söz ustası və
düşüncə adamı deyil, həm də ardınca
gedilən, əsərlərinə cavablar yazılan, dahi
sayılanların belə bəhrələndiyi qələm
sahiblərindəndir. Əbdülməcid ibn Adəm Sənai
Qəznəvidən insanlığa çox əsərlər
yadigar qalıb - mükəmməl "Divan"ı da var, məsnəviləri
də. Ancaq onun "Hədiqətül-həqaiq" əsəri
daha məşhur olub və elə şöhrətlənib ki,
təsəvvüfə üz tutan şairlərin əksəri
az qala dərslik, müntəxəbat kimi bu məsnəvidən
yan keçə bilməyiblər. Sənai dünyadan
köçəndə bu ayrılığa kədərlənən,
ədəbiyyatın daha bir parlaq ulduzunun sönməsinə qəmlənən
xeyli şair mərsiyələr yazdı. Sənainin əbədi
gedişinə heyifsilənənlərdən biri də ulu Cəlaləddin
Rumi idi. Mövlana cavabı içində olan sual verirdi:
"Kim deyir Sənaiöldü?" Yəni Sənai nəhənglikdəki
şair ölə bilməz, beləirs yaratmış,
düşüncələrə bunca təsir etmiş,
ardınca neçə-neçə şairlər qafiləsini
aparmış bu möhtəşəmlikdəki ustad
yoxluğa qovuşmaz, izi ilə ömrünü davam etdirər.
Sənainin yaşayıb-yaratdığı XII əsrdə də,
onun həyatda olmadığı XIII, XIV, XV, XVI, XVII yüzillərdə
də "Hədiqətül-həqaiq"inə də,
ayrı-ayrı şeirlərinə də çox nəzirələr
yazılıb. Cavablar yazanlar, təbii ki, onu özlərindən
üstün, müəllim sayaraq böyüklüyünü
etiraf edib. Bütün müsəlman Şərqi də, Azərbaycan
da bu gün ən azı adı çəkilincə Sənaini
tanıyır. Ancaq nə Şərq, nə də Azərbaycan
Sənainin özünün ustad kimi qəbul etdiyi, şeirinə
nəzirə yazdığı azərbaycanlı şair Tacəddin
Əmir Əhmədi tanıyır. Əlbəttə, Şərq
tanımırsa, bunun da günahkarı bizik. Gərək əvvəlcə
özümüz lazımınca tanıyaq və dünyaya da
yetərincə təqdim edək ki, başqaları da bilsin. Sənainin
"Divan"ındakı qəzəllərdən biri nəzirədir
və nəzirəni kimə yazdığını, həmin
şairin hansı şeirindən ilhamlandığını o
qəzəlin məqtəsində-son beytində göstərməkdədir.
Sənainin "Divan"ındakı o məşhur şeir
belə başlanır:
Rah-e din peydast, leykən sadeğ-e dindar ku
Yek cəhan məşuq binəm, aşeq-e ğəmxar
ku?
Din yolu aydın, fəqət sadiq olan dindar hanı,
Bu cahan məşuq dolu, bəs aşiq-i qəmxar
hanı?
Və Sənai gəlib qəzəlinin son beytinə
çatanda bu şeirinə qığılcımın
hansı şairdən saçdığını da bəyan
edir:
Həm bedin vəzn ey pesər, Pur-e Xətib-e Gənce
qoft:
"Noubəhar aməd negara, bade-ye qolnar ku?"
Bu vəzndə,ay oğul, Pur-i Xətib-i Gəncə
der:
"İlk bahar gəlmiş, nigarım, bade-yi
gülnar hanı?"
Başqalarının "ustad" deyib ardınca
getdiyi Sənai Qəznəvi Gəncə xətibinin
oğlunun - Tacəddin Əmir Əhmədin qəzəlini
iqtibas edir, onun ardınca gedir, ona bənzətmə yazır.
Orta əsr şeir aləmindəki yazılmamış qaydalar
nəzərdə tutulurkən bu, son dərəcə
böyük diqqətdir. Nizamiyə cavab yazmaq onu özündən
böyük hesab etmək anlamına gəlir. Xaqaniyə nəzirə
yazmaq özünü Xaqaninin yanında şagird hesab etmək,
yaxud ən azı onun üstünlüyünü,
seçkinliyini etiraf etməkdir. Eyni şəkildə Sədiyə,
yaxud Hafiz Şiraziyə, ya Nəvaiyə cavab yazmaq qiymətləndirilir.
Cavab yazırsansa, ardınca gedirsənsə, demək, onu sən
böyük sayırsan, məktəb sayırsan, yol hesab edirsən.
Bu dəyərləndirmənin çəkisi qat-qat onda
artır ki, etiraf şeir mühitində
böyüklüyü təsdiqlənmiş bir qüdrətli
sənətkar tərəfindən edilmiş ola. Sənai isə
sadəcə sıradan olan, hətta məşhur olan şairlərdən
biri deyil, zirvələr arasında da zirvə
sayılanlardandır.
Baxın ki, zirvənin zirvə kimi baxdığı
bir azərbaycanlını tanımırıq. İndiyə qədər
onun şeirlərinin izinə düşərək
axtarışa başlamamışıq. Axtarışa
başlanarsa, bunun sevindirən bəhrələrə gətirib
çıxaracağına isə şübhə yoxdur.
Tacəddin Əmir Əhməd XI əsrin
axırlarıında doğulub, XII əsrin ikinci
yarısında vəfat edib. Yəni təqribən
1080-1090-cı illərlə 1170-ci illər arası
ömür sürüb. Hələ ki Tacəddin Əmir
Əhmədin ömür yolunun təfərrüatları
haqda məlumat ala biləcəyimiz əsas qaynaq Cövhəri
Təbrizinin əsəridir. Cövhəri Təbrizi XII əsrdə
yaşayıb və "Zərgər" təxəllüsü
ilə şeirlər də yazıb. Onun "Məhsəti və
Əmir Əhməd haqqında dastan"ından savayı,
ayrı-ayrı qoşquları da bizə çatıb. "Məhsəti
və Əmir Əhməd dastanı"nın əldə
olan əlyazma nüsxələri XV əsrdə
köçürülmüş nüsxələrdir.
Tehranda, Bakıda və Londondakı əlyazma xəzinələrində
qorunan 3 nisbətən bütöv mətnlərin
tutuşdurması göstərir ki, onların hər biri tamam
fərqli nüsxələrdən
köçürülmüşdür. Deməli,
"Dastan"ın başqa nüsxələri də olub və
başlıca qənaət də ondan ibarətdir ki, bunlardan
da mükəmməl, həm də tarixcə daha köhnə əlyazmaların
əldə edilə biləcəyi istisna deyil. Bəlli 3
nüsxə arasındakı ən yaxşısı Britaniya
muzeyində saxlanan əlyazmadır. Həmin nüsxənin digər
özəlliyi də bundan ibarətdir ki, "Dastan"ın
digər əlyazmalarından fərqli olaraq, həm də
miniatürlərlə bəzədilib.
Cövhəri belə yazır ki, Tacəddin Əmir
Əhməd Gəncənin hörmətli ailələrindən
birinin övladı idi və yolu çox gözlənilən
uşaq olmuşdu. Əmir Əhmədin atası Gəncənin
nüfuzlu şəxslərindən biri - Gəncənin xətibiymiş.
Xətib orta əsrlərdə sadəcə minbərdən
xütbələr oxuyan imam və din alimi deyildi, həm də
cəmiyyətdə nüfuzu, eləcə də səlahiyyətləri
çox olan şəxs, hakimiyyətlə əhali arasında
körpü olan sima idi. Gəncə xətibi dünyaya yeni gəlmiş
övladını kənar gözlərdən, bəd nəfslərdən
qorumağa çalışır. Şəhərdən
aralıda ayrıca bir həyət alıbmış, uşaq
orada böyüyürmüş. Gəncə xətibi
balasının mükəmməl təhsil alması
üçün heç nəyi əsirgəmirmiş.
Başqa yaşıdlarından fərqli olaraq, Əmir Əhmədin
mədrəsəsi də evinin içərisində imiş,
dərs verəcək müəllimlər də özləri
bura dəvət olunurmuş. Dastan bunu da xəbər verir ki, Gəncə
xətibi o dövrün mədrəsələrində öyrədilən
və hətta bilinməsi faydalı olsa da, əksər mədrəsələrdə
tədris edilməyən fənləri də oğlunun bilməsinin
qeydinə qalmışdı. Odur ki, həddi-büluğa
çatanda Əmir Əhməd artıq elmlərə mükəmməl
yiyələnmiş bir yeniyetmə idi və həm də
şairlik qabiliyyəti varmış. Günlərin birində
gənc Əmir Əhməd atasına müraciət edir və
şəhərə çıxmaq, Gəncəni görmək
istədiyini söyləyir. Xeyli tərəddüddən sonra
hər halda Gəncə xətibi oğluna bu izni verir.
Anlayır ki, artıq balası yekə oğlandır,
oxumuş, dünyagörüşlü gəncdir və gərək
elmlə yanaşı helmi də ola, həyatı da öyrənə.
Bu üzdən xətib müşayiətçi dəstəni
də qoşaraq, Əmir Əhmədi şəhər gəzintisinə
yollayır. Gəncə o dövrdə karvan yollarının
qovuşağında yerləşən digər böyük
Şərq şəhərləri kimi müxtəlif məhəllələrdən
ibarətmiş və həmin məhəllələrin də
çoxu əsnafa - sənət-peşə sahiblərinə
bağlıymış. Əmir Əhmədbaşının
dəstəsi ilə həmin məhəllələr
arasında gəzib-dolaşandan sonra nəhayətdə gəlib
xalq arasında "Xərabat" deyilən məhəllənin
həndəvərinə çatır. Buranın yetərincə
abad olduğu halda belə adlandırılması onu təəccübləndirir
və belə təzadlı adlanmanın səbəbini
soruşur. İzah edirlər ki, buranın adı
"xarabalıq", "viran olmuş yer" mənasında
qavranılmamalıdır. Deyirlər ki, bura, əksinə,
gözəl bir məkandır, rindlərin məskənidir.
Lakin müşayiətçiləri Əmir Əhmədin ora
getməsini məsləhət görmürlər və
söyləyirlər ki, atan bizə qeyzlənər, axı sən
Gəncə xətibinin oğlusan, xətib övladının
rindlər məhəlləsində nə işi? Əmir
Əhməd inad edir, mütləq oranı görüb
tanış olmaq istədiyini söyləyir. Xərabat məhəlləsində
irəlilədikcə, buradakı insanlarla tanış olduqca
Tacəddin Əmir Əhməd məmnun qalır,
çünki onun qarşısında yeni bir həyat səhifəsi
açılmışdı. İllərcə kitablarla
baş-başa qalmışdı, qarşı-qarşıya
dayandıqları da yalnız müəllimləri olmuşdu.
İndi isə burada həyatla üzbəüz idi. Hər
cür rəsmiyyətdən, təkəbbürdən uzaq,
saya danışıqlarıyla, oturuş-duruşlarıyla,
sadə davranışlarıyla bu əsnaf elçiləri
Əmir Əhmədi valeh edir və heyranlığının
bir səbəbi də bu ilk təmaslar əsnasında əsnafdan
eşitdiyi, ənənəvi divan ədəbiyyatı
nümunələrinə əsla bənzəməyən, elə
həmin adamların özləri, davaranışları,
danışıqları kimi sadə şeirlər idi. Ancaq
rindlər məhəlləsinə - Xərabata gəlişinin
Əmir Əhmədə hazırladığı bir ayrı
tale töhfəsi də vardı - burada o, həyatının
sonrakı illərini dolduracaq və ömrünün mənasına
çevriləcək bir xanımla, hər kəsin Məhsəti
Gəncəvi kimi tanıdığı Mənicə ilə
tanış olur.
Yeri gəlmişkən, orta əsrlər Gəncəsində
belə bir məhəllənin olmasınıvə onun dəqiq
məkanını 1930-cu illərin sonlarında
apardıqları tədqiqatlar zamanı Azərbaycanın
görkəmli arxeoloq və tarixçiləri təsdiqləmiş,
"Xərabat"ın Gəncə şəhərinin tarixi
əhatə dairəsində, xalq arasında hətta XX əsrin
ilk onillərində də "Xaraba yeri" adlanan məskən
olduğunu yazmışlar.
"Məhsəti və Əmir Əhməd
dastanı"nda Xətiboğlunun müxtəlif məqamlarda
silsilə şeirləşmələrinə rast gəlinir.
Lakin həmin rübailərə keçməzdən öncə
başqa məxəzlərdə əks olunmuş Əmir
Əhməd şeirlərindən bəhs etmək daha düz
olar. Çünki digər mənbələrdəki nümunələr
Əmir Əhmədin şairlik şöhrətinin
yayılışına aid əlavə sübutlar olmaqdan
başqa, həm də o baxımdan cəlbedicidir ki, Xətiboğlunun,
Məhsətidən fərqli olaraq, yalnız rübailərlə
kifayətlənməyərək digər şeir şəkillərinə
də həvəslə müraciət etməsini göstərir.
Bu şeir Tacəddin Əmir Əhmədin
bütöv "Divan"ına bir körpü də
sayıla bilər. Çünki onun rübailərindən kənardakı
ədəbi irsindən əlimizdə olan yeganə nümunə
Sənainin iqtibas etdiyi bircə misrasıdır. Ancaq
ayrı-ayrı cünglərdə yer alan bu şeir artıq
tam bir qəzəldir. Əmin Əhməd Razinin "Həft
iqlim" təzkirəsindən (müəllifin öz
yazmasınca, bu əsərini 1593-cü ildə tamamlayıb)
götürdüyümüz bu şeiri oxuduqca hər
misrası və beytindən Sənainin bənzətmə
yazdığı digər Tacəddin Əmir Əhməd qəzəlinin
havası duyulur:
Pay-e hər naəhl navizəd be rənc-e dam-e eşq,
Dəst-e bidərdan o namərdan nəgirəd cam-e
eşq.
Çeşm-e biqane nəgirəd xak-e kuy-e məhvəşan,
Quş-e naməhrəm nəyabəd ləzzət-e
peyğam-e eşq.
Hər kəsi lafi zənəd bər xire quyəd
aşeqəm,
Mən bemordəm zin təğabon ey dəriğa
nam-e eşq.
Bade xordən xub nayəd coz ze cam-e dorr-e dust,
Hərze qoftən sərd başəd coz ke dər
doşnam-e eşq.
Olmayan hal əhli tab etməz məhəbbət
damına,
Dərdiyox, namərd olan həsrətdir eşqin
camına.
Yad gözə qonmaz pərivəş kuyinin bir zərrəsi,
Kar olan ləzzətlə dalmaz sevginin peyğamına.
Hər yetən əfsanələr söylər ki, mən
də aşiqəm,
Qəlb üzən bu yapma sözlər ardır
eşqin namına.
Badə içmək düz sayılmaz eşq
camından səva,
Hərzə sözlər heç yapışmaz
sevginin bədnamına.
Tacəddin Əmir Əhmədin bu misraları onun təbinin
rəvanlığını, qələminin bişkinliyini,
üslubunun sərrastlığını açıqcaəyan
etməkdədir.
Bu qəzəl varsa, demək, bunun yanında Xətiboğlunun
başqa şeirləri də olub. Uzun onillər boyu biz XIII əsrdə
qələm çalmış şairimiz İzzəddin Həsənoğlunu
bircə qəzəli ilə tanıyırdıq. Elə təkcə
şeiri ilə ədəbiyyat tariximizə də, dərsliklərimizə
də düşmüşdü, anadilli şeirimizin ən
köhnə örnəklərindən birinin doğurucusu kimi ədəbiyyatımızın
ən sayğı ilə anılan şairləri
ucalığına qalxmışdı. Hazırda isə Həsənoğlunun
daha 2 qəzəlindən başqa yeni tapılmış 12.390
beytlik "Kitab-i sirət ün-Nəbi" məsnəvisinə
də sahibik və bu gün ixtiyarımızda 30-a yaxın
rübaisi və 1 qəzəli olan Tacəddin Əmir Əhmədin
də irsinin daha dolğun mətnlərinin aşkara çıxarılacağı
ehtimalı böyükdür. Xətiboğlunun yazı tərzi,
qələminin mükəmməlliyi haqqında xoş qənaətlər
oyadan bir neçə nümunənin və qəzəllərindən
birinə Sənai kimi ali dərəcəli ustadın nəzirə
yazmasının anlatdığı ümdə həqiqətsə
ondan ibarətdir ki, o, zəmanəsinin üstün şairləri
cərgəsində olubdur.
Əmir Əhmədin də, Nizami Gəncəvinin də
müasiri olmuş,XII əsr Gəncəsində
yaşamış Xosrov Əbu Bəkir ibn əl-Ustadı kiXX
yüzilin yetmişinci illərinə qədər heç Tacəddin
Əmir Əhməd qədər də tanımırdıq.
Ancaq "Munisnamə"si tapıldı və həmin əsərinə
müəllifin özünün müqəddiməsindəki
xəbər çatdırmasından bəlli oldu ki, bir
yığın başqa əsəri də araya-ərsəyə
gətirib, bir-bir adlarını da çəkir, məzmunu
haqqında da bilgi verir. Ümiddir ki, onlar da elə "Munisnamə"
kimi, bir gün xoşbəxt təsadüflə ortaya
çıxa. Eyni qüvvətli ümid də Tacəddin
Əmir Əhmədinitkin şeirlərinin tapılması,
"Divan"ının üzə çıxması ilə
əlaqədardır.
Tacəddin Əmir Əhmədin, elə Məhsəti
Gəncəvinin, həmçinin,o çağda Gəncədə
yaşayıb-yaratmış bir çox başqa şairlərin
də əlyazmalarının bugün ortada olmamasının
mühüm tarixi səbəbi var. Bu da Gəncənin aqibətindən
qaynaqlanır. Dalbadal baş verən və sözün ən
birbaşa mənasında yerin altını üstünə
çevirən zəlzələlər saysız evləri,
imarətləri, mülkləri viran qoyub, saraylar, qala
divarlarıdağılıb. Təzədən şəhər
salınıb, yenidən quruculuq başlanıb, ancaq sonra
yadellilərin basqınları və talanları, törətdikləri
yanğınlar, ardınca yenə daha bir viranedici zəlzələ
vadar edib ki, insanlar hər şeyi uçqunlar altında
buraxaraq daha aralıda yeni Gəncə tiksinlər. Həmin
tar-mar olan sarayların xəzinələrində, o
dağılan evlərdəki taxçalarda, sandıqlarda
sıra-sıra əlyazmalar torpağın altına
gömülüb. Olsun ki, bu qayıdışsız məhvolanlararasında
Tacəddin Əmir Əhmədin "Divan"ı da
varmış. Amma bunu da nəzərə alaraq ki, Tacəddin
Əmir Əhməd cavan müasiri Nizamidən fərqli olaraq,
dəfələrlə uzunmüddətli səfərlərə
çıxıb və mümkündür ki, əsərlərinin
əlyazmalarını qonağı olduğu Bəlxəmi, Mərvəmi,
Nişapuramı, ya digər şəhərlərə
aparıb. Başqa sözlə, Xətiboğlu irsinin yeni
nümunələrinin aşkarlana biləcəyi haqda
düşüncələr əlçatmaz arzu deyil,
danılmaz məntiqi dəlillərə söykənən
mümkünlükdür.
...Tacəddin Əmir Əhmədin bizə gəlib
çatan şeirlərində də, "Məhsəti və
Əmir Əhməddastanı"nda da, ümumən, orta
çağda yaşayıb-yaratmış çox şairlərimizin
"Divan"larını vərəqləyərkən də
tez-tez mey, cam, badə kimi kəlmələrə rast gəlirik.
Ömər Xəyyam rübailərində də əvvəldən-sonacan
rübaidən-rübaiyə keçən mey əsas surətlərdən
biridir. Ona görə hətta bəzilərində belə bir
güman da əmələ gəlib ki, Xəyyam meyə aludə
imiş. Ancaq Nizami də, Sədidə şeyx idilər, Hafiz
də, Füzuli də ömründə dilinə şərab
dəyməmiş müqəddəs xislətli
insanlardılar. Ancaq onların hər biri şeirlərində
məstdir. Üzüm şərabının deyil, ilahi meyin məsti.
Və Məhsətinin də, Tacəddin Əmir
Əhmədin də rübailərindəki mey elə həmin
meydəndir. Bu baxımdan "Məhsəti və Əmir
Əhməd dastanı"ndakı iki nöqtəyə
xüsusi diqqət yetirməyin yeri var. Rindlər məhəlləsinə
gəlib çatanacan Tacəddin Əmir Əhməd artıq
bir dəfə şərab içmişdi. Ancaq həmin şərab
dasadə insanların nuş etdiyi şərabdan deyildi. Xətiboğlu
o meyi yuxuda içmişdi və "Dastan"ın xəbərinə
görə, gecələrdən birində Əmir Əhmədin
röyasına nurlu bir surət gəlir və əlindəki
camı Tacəddinə uzadaraq "başına çək"
deyir. Əmir Əhməd camı içir və ertəsi
gün artıq onda fövqəladə şairlik istedadı
yaranır. Şərq xalqları ədəbiyyatlarında belə
ilhamvermələr haqqında rəvayətlər
bollucadır. Xacə Hafiz Şiraziyə də şairlik
istedadının verilməsi ilə bağlı oxşar əhvalat
təsdiqlənərək dildən-dilə dolaşmaqdadır.
"Məhsətivə Əmir Əhməd
dastanı" nağıl edir ki, artıq yuxuda ilham badəsini
içmiş olan Tacəddin Əmir Əhməd rindlər məhəlləsində
Məhsəti ilə üzləşir, vəhdət şərabını
da nuş etmək zəruriyyəti ilə
qarşılaşır.
Bu, onların ilk görüşü idi, tuş gəlincə
də bir-birlərinə aşiq olmuşdular, fəqət bu
aşiqliyin səmavi meylə də təsdiqlənib mötəbərləşməsi
gərəkdi.
Məhsəti Tacəddini Xərabatda görəndə
əvvəlcə gözlərinə inanmamışdı,
qayıtmışdı ki, sən xətibin oğlusan, bura isə
rindlər məskənidir. Sənin atan zahiddir, şəraba
düşmən olan insandır.Rindlər məhəlləsi
isə elə yerdir ki, burada badə əldən düşməz,
bu məkana gələn hər kəs rindlər yolunu
tutmağa hazır olmalıdır, bu imtahana hazırsanmı?
Artıq içərisi eşqlə dolmuş Əmir
Əhməd cavab verir ki, hazıram, çünki mənim
artıq başqa yolum ola bilməz. Belə olanda Məhsəti
gələcək ərini sınamağı qət edir.
Meydolu camı Əmir Əhmədə uzadır və Əmir
Əməd də vədinə dərhal əməl edir.
Xərabat öz yerində, amma əslində Tacəddin
Əmir Əhmədin də,Məhsəti Gəncəvinin də
ömründə elə gerçəkdə də şəhər
içində belə bir şəhər vardı - Gəncəbazarı.
Oradakı əsnaf sırası şəhərin balaca bir
görüntüsü idi. Çünki bu sənət-peşə
sahiblərinin özlərinin bir-birinin boğazından
keçən sözləri, bir-birinə uyğun gələn
ruhları, öz həyat tərzləri vardı. Xərabatsa
orada sakin olanların hamısının ürəklərinin
eyni ahəngdə çırpındığı, xəyallardakı
"azadlar", "bərabərlər şəhəri"nin
daha bir cazibədar görüntüsü sayılan məkan
idi.
...Orta əsrlərdə şeir aləmində qərar
tutmağın, irəliləməyin əsas şərtlərindən
biri klassik ədəbiyyata - səndən əvvəl
yaradılmış irsə dərindən bələdlikdi.
Şair olub şairlər cərgəsinə qoşulmaq istəyəndə
ilhamın varlığı Tanrıdan gələn pay idisə,
onun şeir yazma vərdişlərinə yiyələnməsi,
bəyan, bədi`, məani, əruz, qafiyəni səriştəylə
mənimsəməsi yaxşı tədrisin tərkib hissəsi
idi. Amma bu da bəs eləmirdi. Belə sərt tələb də
qoyulurdu ki, köhnə şairlərdən 20 min, müasirlərdən
10 min seçmə beyti əzbərləməlisən.
Bütün bunlardan sonra sabahın şairi həm içəridən
zənginləşirdi, həm də artıq onacan edilmişləri
ayrıntıları ilə bildiyindən məsuliyyəti
çoxalırdı.
Tacəddin Əmir Əhmədin zamanca yaxın
olduğu, XI yüzilin ikinci yarısında ömür
möhləti bitmiş filosof-şair Baba Tahir Üryanın
dübeytiləri, belə məlum olur ki, XII əsrdə
artıq kifayət qədər məşhur imiş. Bunun ən
üzdə olan nişanələrindən biri Əmir Əhmədin
bir neçə Baba Tahir dübeytisinə yazdığı bənzətmələrdir.
Baba Tahirin əsrlərcə dildə-ağızda
dolaşmış, elə bu gün də həmin təhər
olan "Ey del, ey del!"("Ey ürək, eyürək")
rədifli dübeytiləri var:
Məgər şir o pələngi, ey del, ey del,
Be mo daem becəngi ey del, ey del.
Əgər dəstəm rəsəd, xunət bericəm,
Bevinəm ta çe rəngi, ey del, ey del!
Şirmi, ya pələngsən, ürək, ay ürək!
Döyüşlərdən təngsən, ürək,
ay ürək!
Əllərim çatsaydı, qanın tökərdim,
Görüm ta nə rəngsən, ürək, ay
ürək!
Tacəddin Əmir Əhməd Baba Tahirin bu
"Eydel"li dübeytisi ilə səsləşən bir
yox, bir neçə rübai qoşmuşdu:
Pa əz həd-e xod borun nəhadi, ey del!
Dər dam-e ğəm-e eşq fetadi, ey del!
Qeyfəl ze çeşm mən qoşadi, ey del!
Xodra vo məra be bad dadi, ey del!
Ey ürək, həddini heç bilmədin sən,
Sevgi qəmlərinin tələsindəsən,
Ey ürək, gözümdən pərdəni çəkdin,
Əsirik o gündən həm sən, həm də mən.
Ya Baba Tahirin gözlər və ürək haqqında
silsilə dübeytləri var ki, İran ərazisində məskunlaşmış
türk, fars, kürd və digər xalqların el ədəbiyyatından
ötrü çoxdan ülgüyə çevrilmiş, həmin
dübeytilərin nəğmə kimi oxunmasından əlavə
onlara sayı bilinməyəcək qədər çoxlu bənzətmələr
yaradılmışdır.
Bunun yalnız sonrakı əsrlərdə ənənəviləşməməsinin,
elə Baba Tahirə yaxın zamanda da baş verməsinin
göstəricisi Tacəddin Əmir Əhmədin həmin
biçimli rübailəridir. Baba Tahir belə yazmışdı:
Xudaya, gözlərim mənə bəladır,
Gözlər günah edib, qəlb mübtəladır.
Gözlər görməsəydi o gözəlləri,
Könül də duymazdı bu nəcəfadır.
Bu dübeytiyə Tacəddin Əmir Əhməd belə
cavab verirdi:
Gözlərim, oldunuz siz mənə düşmən,
Daim sayənizdə atəşdəyəm mən.
Oğrunca baxırsız sevgilim sarı,
Siz məmnun, mən isə əziyyət çəkən.
Belə ortaq dalğada olmaqlar və bu təhər
"söz efiri"nə çıxmaqlar, bu sayaq səsləşmələr,
həm də yalnız Baba Tahirlə deyil, özündən əvvəl
yaşamış bir sıra məşhur şairlərlə
həmnəfəs olmaqlıqlar Tacəddin Əmir Əhmədin
sabiq yolu yaxşı öyrənməsinin bariz əlamətidir.
Keçilmiş yola yaxşı bələd olanlarınsa
özlərinin də bir gün yola çevrilmək fürsəti
həmişəvar!
2 mart 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.18-19.