Akademik B.B.Bartold:
İstanbuldan Bakıya, Türkoloji Qurultaya
Birinci Türkoloji qurultay
iştirakçılarının izi ilə
1925-ci ilin avqustunda Moskvada Türkiyə diplomatik
nümayəndəsi Əziz Zəkai Apaydınla (1884-1947) XX əsr
rus şərqşünaslıq məktəbinin görkəmli
nümayəndəsi, şərqşünas (türkoloq, ərəbşünas),
tarixçi və filoloq, akademik V.V.Bartold (1869-1930)
görüşdülər. Görüşün məqsədi
ilə bağlı Daşkənddə olan həmkarına
EA-nın daimi elmi katibi akademik Oldenburq hələ iki ay öncədən
məlumat vermişdi. Onun Türkiyəyə uzunmüddətli
elmi ezamiyyətə dəvət olunması ilə
bağlı məktub alındığını
bildirmişdi.
Əziz Apaydın Moskvaya diplomatik təyinat alana qədər
ölkəsinin tarım bakanı - kənd təsərrüfatı
naziri vəzifəsində çalışmışdı.
Humanitar elmlə, xüsusən də spesifik sahə sayılan
şərqşünaslıqla bir əlaqəsi yox idi. Sadəcə
səfir kimi üzərinə düşən vəzifəni
yerinə yetirmək zərurəti yaranmışdı. Vəzifə
isə Türkiyənin milli egitim bakanı - xalq təhsili
naziri, İstanbul darülfünunun professoru Həmdullah Subhi
Tanrıövərin (1885-1966) dəvət məktubunu alimə
təqdim etmək idi.
Məktubun göndərildiyi 1925-ci il rus-türk (yaxud
sovet-türk) elmi-mədəni əlaqələr tarixində
iki hadisə ilə yadda qalmışdı. Birincisi, artıq
qeyd etdiyim kimi, akademik Bartoldun Türkiyəyə uzunmüddətli
elmi ezamiyyətə dəvət olunması idi. İkincisi isə,
türk təsəvvüf tarixinə dair qiymətli
araşdırmaların müəllifi kimi tanınan professor
Mehmet Fuat Köprülüzadə (1890-1966) Rusiya Elmlər
Akademiyasının 200 illik yubiley təntənələrində
iştirak etmək üçün 1925-ci ilin sentyabr ayında
SSRİ-yə gəlməsi idi. Yubiley təntənələri
5-14 sentyabr tarixlərində keçirilsə də, o,
oktyabrın sonuna qədər SSRİ-də
qalmışdı. Tanınmış rus türkoloqları ilə
görüşmüş, Moskva və Leninqradın akademik
müəssisələrinin fəaliyyəti ilə
tanış olmuş, türklərin təbiri ilə desək,
universitetlərdə "konfranslar vermişdi". Yəni tələbə
və müəllimlər qarşısında
türkologiyanın problemləri, türk ədəbiyyatı
tarixi və ilk addımlarını atan Türkiyə
Cümhuriyyəti haqda mühazirələr oxumuşdu.
Şəxsi əlaqələr və ünsiyyət səmərəsiz
qalmamışdı. 1925-ci ilin dekabrında SSRİ EA-na
seçkilərdə Mehmet Fuat türk alimləri arasında
ilk olaraq akademiyanın müxbir üzvü seçilmişdi.
Namizədliyini Rusiya şərqşünaslıq elminin
sütunları sayılan şərqşünas-akademiklər
İ.Y.Kraçkovski, S.F.Oldenburq və V.V. Bartold irəli
sürmüşdü. Onların imzaladıqları birgə təqdimatda
Köprülüzadənin əsərləri "tarix və
filologiya sahəsində türk elmi ədəbiyyatını
həmin dövrə qədərki vəziyyəti ilə
müqayisə edilməyəcək bir yüksəkliyə
qaldırmışdır". Çox güman, bu iki hadisə
- iki səfər arasında müəyyən bağlılıq,
yaxud əlaqə mövcud idi.
Akademik V.Bartold Türkiyədə ilk dəfə
1906-cı ildə olmuşdu. Aradan keçən 20 ilə
yaxın vaxt ərzində Çar Rusiyası SSRİ-yə,
Osmanlı imperatorluğu TC-nə çevrilmişdi.
Bütün sahələrdə böyük dəyişikliklər
baş vermişdi. Təbii ki, türk tarixinə dair bir
sıra əsərlərin müəllifi olan akademik Bartold
Türkiyəyə səfər etməyə, yeni əlaqələr
qurmağa, ortaq elmi araşdırmalar aparmağa maraqlı idi.
Üstəlik, SSRİ EA rəhbərliyi və Xalq xarici
işlər komissarlığı da bunu istəyirdi.
Rusiyada 1910-cu illərdən etibarən Volqaboyu və Mərkəzi
Asiyanın türk tarixinə dair birgə
çalışmalardan yaxşı tanıdığı
siyasi mühacir, Türkiyədə Zəki Vəlidi Toğan
kimi tanınan Əhməd Zəki Validov həmkarına 15
oktyabr 1925-ci il tarixli məktubunda (o dövrdə siyasi səbəblərə
görə mühacirətə yollananlarla əlaqə saxlamaq
hələ mümkün idi) yazmışdı: "Nazirimiz
kişi kimi boynuna alır ki, siz çapda alimləri dəvət
eləməkdən məqsəd türk elminin səviyyəsini
qaldırmaqdır".
Hələ Mehmet Fuatın Moskvada olduğu dövrdə
- 1925-ci il oktyabrın 21-də SSRİ EA-nın Tarix və
filologiya bölməsi Bartoldun Türkiyəyə elmi ezamiyyətini
təsdiq etmişdi. Əvvəl 1, hətta 3 illik ezamiyyə
haqda söhbət getsə də, Vətəndə görməli
işlərin çox olduğunu bildirən alimin istəyini nəzərə
alıb onun 1925-ci il dekabrın 20-dən növbəti il
sentyabrın 2-nə, yəni 9 ay müddətinə
İstanbula ezam olunması ilə bağlı qərar
verilmişdi. Sənədlərdə də göstərildiyi
kimi, akademik Bartold "SSRİ və Türkiyə elmi müəssisələri
arasında yeni əlaqələr qurmaq və möhkəmləndirmək",
habelə "Şərq əlyazmaları üzərində
işləmək" məqsədi ilə ezam edilirdi. Alim
Türkiyə tərəfinin məqsədəuyğun
saydığı təqdirdə o zaman hələ
darülfünun adlanan İstanbul universitetində mühazirələr
oxumağa, eyni zamanda elmi əməkdaş kimi
çalışmağa hazır olduğunu bildirmişdi. Amma
türk tələbələrin əksəriyyəti onun
ünsiyyət dili kimi seçdiyi alman dilini bilmədiyi
üçün mühazirələri türkcəyə
çevirən Zəki Vəlidi Toğan onu həm də tələbə
auditoriyasına çatdırmışdı. Yeri gəlmişkən,
akademik V.Bartold bu mətnlər əsasında VI yüzillikdən
XX əsrin əvvəlinə qədərki dövrü əhatə
edən "Orta Asiyanın türk xalqlarının tarixinə
dair on iki mühazirə" adlı dərs kitabı
hazırlamışdı. Əsər 1927-ci ildə Zəki Vəlidi
və Rəşid Xülusinin türkcəyə tərcüməsində
İstanbulda çap olunmuş, sonrakı illərdə isə
alman (1935) və fransız (1945) nəşrləri meydana
çıxmışdı.
Akademik V.V.Bartold.
Elmlər Akademiyası Bartoldun qarşısında iki əlavə
vəzifə də qoymuşdu. Bunlardan birincisi Osmanlı
imperiyasında fəaliyyət göstərmiş "Rus elmi
institutunun" bərpası, digəri isə "türk
alimləri ilə əməkdaşlıq şəraitində
akademik V.V.Radlovun ilk nəşri 1893-1911-ci illərdə
Peterburqda çıxan dördcildlik "Türk ləhcələri
lüğəti təcrübəsi" əsərinin yeni nəşri
idi. "Rus elmi institutu" dedikdə söhbət
bizanşünas alim F.İ.Uspenskinin təşəbbüsü
ilə 1895-ci ildə təsis edilmiş Rus arxeologiya
institutundan gedirdi. I Dünya müharibəsinin
başladığı 1914-cü ildə institut məlum səbəblərə
görə fəaliyyətini dayandırmalı olmuşdu.
Kolleksiyanın bir hissəsi Rusiyaya aparılmış, digər
qismi Osmanlı muzeyinə verilmişdi. Hadisələri
qabaqlayaraq deməliyəm ki, Bartold bu işdə müsbət
dönüşə nail ola bilməmişdi. Eyni sözləri
Radlovun 4 cildliyinin yeni, təkmil nəşri haqda da demək
mümkündür. TC milli egitim bakanlığı yanında
fəaliyyət göstərən Təlif və Tərcümə
Heyəti əsərin nəşrində maraqlı idi. Hətta
onun Türkiyə, SSRİ və Almaniyanın (V.V.Radlov etnik
alman idi - V.Q,) iştirakı ilə beynəlxalq layihəyə
çevrilməsi ideyası da prinsipcə qəbul
edilmişdi. Lakin canlı türk dilləri üzrə
lüğətlərin hazırlanması zərurəti tədricən
tarixi abidənin nəşrini arxa plana
sıxışdırdı və gündəlikdən
çıxardı.
lll
Akademik V.Bartold Türkiyəyə 1925-ci il dekabrın
son günlərində xanımı Mariya Alekseyevna Bartoldla
(1868-1928) birgə yola düşmüşdü. Xanım
Bartoldun da elmi vəzifəsi vardı:
çalışdığı Leninqrad Antropologiya və
Etnoqrafiya muzeyi (Kunstkamera) imkandan
yararlanıb onu "etnoqrafik kolleksiya" toplamaq məqsədi
ilə Türkiyəyə altı aylıq ezamiyyətə
göndərmişdi.
Bartold və xanımının İstanbulda
olduqları müddəti əslində iki hissəyə
bölmək mümkündür. Yanvarın 2-dən
fevralın 17-nə qədər İstanbulda qalan Bartold həmin
tarixdə Türkoloji qurultaya dəvət edilmiş xarici
qonaqlarla birlikdə Bakıya yola düşmüşdü.
Şərti olaraq "Konstantinopol gündəliyi" adlanan
qeydlər səfərin birinci hissəsini - 2 yanvar-17 fevral
tarixini ehtiva edir. Qurultay başa çatandan sonra alim xəstəliyi
səbəbindən dərhal Türkiyəyə yox, Leninqrada
qayıtmışdı. Səhhəti ilə bağlı
problemi həll edib təzədən İstanbula
dönmüş, ezamiyyət müddəti isə əvvəlki
qayda ilə anlaşmada göstərildiyi kimi, avqustun 19-na qədər
sürmüşdü.
Bir həssas məqama da diqqət yetirmək istərdim.
Ola bilər ki, alimin gündəlik qeydlərində
"İstanbul" yerinə "Konstantinopol" toponiminin
işlənməsi bizim günlərdə türk
insanının izzəti-nəfsinə toxuna bilər. Lakin nəzərə
almaq lazımdır ki, 1930-cu ilin martına qədər
Konstantinopol Osmanlı dövlətinin keçmiş
paytaxtının beynəlxalq miqyasda qəbul olunmuş adı
idi. Hətta Ə.Topçubaşov və M.Ə.Rəsulzadənın
1923-1928-ci illəri əhatə edən
yazışmalarında da şəhərin adı hər yerdə
"Konstantinopol" kimi göstərilmişdi. Yalnız
Türkiyə hökuməti 1930-cu ildə rəsmən
"İstanbul" adını yeganə məqbul variant kimi
qəbul etdiyini bildirəndən sonra əski yunan adı
istifadədən çıxmışdı. Bizim günlərdə
isə Türkiyə dövlətinin tələbi ilə beynəlxalq
miqyasda işlədilən və ingilis dilindən tərcümədə
o qədər də yaxşı məna bildirməyən
"Turkey" sözü "Türkiye" ilə əvəzləndi.
1926-cı il yanvarın 2-də İstanbula gələn
Bartold və xanımını hərarətlə
qarşılamışdılar. Və bütün səfər
boyu belə davam etmişdi. Gündəliyindəki "getdiyim
hər yerə böyük lütfkarlıq və diqqət
görürdüm" sətirləri də bunun sübutudur.
Elə ilk gün rektor, ixtisasca hərbi həkim olan professor
Ali Nurəddin Berkol onu universitetlə tanış etmişdi.
Yanvarın 4-də İstanbuldakı SSRİ Baş
konsulluğunda, üç gün sonra isə nazir Həmdulla
Sübhi və baş konsul V.P.Potyomkinin də iştirakı
ilə Milli Egitim Bakanlığında şərəfinə
qəbul düzəldilmişdi. Bartold İstanbulda olduğu
müddət ərzində ən çox Mehmet Fuat və
Əhməd Zəki Valitovla əlaqə saxlasa da, İstanbul
asari-ətiqə muzeyinin direktoru, professor Xəlil Ədhəm,
Orhun abidələrinin tədqiqatçısı Nəcib
Asim, "Kitabi-Dədə Qorqud" dastanını ilk dəfə
nəşr edən Kilisli Müəllim Rifət, karaim əsilli
şərqşünas, karaimlərin dini lideri Hacı Soreya
Şapşal, Avropa türkologiyası nümayəndələrindən
Dyula Mesaroş, Paul Vitek, Teodor Menzel, Karl Qolsinger və b. ilə
dəfələrlə görüşmüşdür. Hətta
İsmayıl bəy Qaspralının həmin dövrdə
İstanbul universitetinin tarix fakültəsində təhsil
alan oğlu Cövdət Mənsur Qaspralı ilə
görüşməyə də vaxt tapmışdı
(gündəlikdə 16 yanvar tarixli qeyd - V.Q.). Yerli qəzetlər
səfərini diqqətdə saxlamış, Türkiyəyə
gəlişinin məqsədi və universitet mühazirələri
haqda məlumatlar yaymışdılar. "Son saat",
"Axşam" kimi populyar qəzetlərə müsahibə
vermişdi. Ancaq müxbirlərin naşılığı
ucbatından bəzi faktlar təhrif edilmiş, adlar
qarışıq salınmışdı (2 fevral tarixli qeyd).
Tələbəsi, Leninqrad Canlı Şərq Dilləri
institutunun rektoru N.İ.Samoyloviç səfər ərəfəsində
Bartolda yazırdı ki, İstanbulda "inqilabdan sonra
Türkiyəyə gəlmiş krımlı, kazanlı, azərbaycanlı
tanışlarla rastlaşacaqsınız". Həqiqətən
də belə olmuşdu. Gündəliyindəki 7 yanvar tarixli
qeyddə "Türk Ocaqları"nın təşkil etdiyi
konsertdə iştirakından danışan alim dörd qurucu
üzvü sırasında yer almış Əhməd bəy
Ağayevi (Ağaoğlu) xatırlayır. Onun bir il əvvəl
Ocağın fəaliyyətində köklü islahat
apardığını, üzvlərin sayını 3000 nəfərdən
200-ə saldığını qeyd edir.
12 yanvar tarixli qeyddə isə Əhməd bəylə birlikdə
Ankaradan yeni qayıtmış Köprülüzadənin
Sultan Əhməd camisinin arxasında yerləşən, pəncərələrindən
Mərmərə dənizinə çox gözəl mənzərə
açılan evində qonaq
olduğu aşkara çıxır. Həmin vaxt Türkiyə
Böyük Millət Məclisinin üzvü Əhməd
Ağaoğlu Mehmet Fuatla ailəvi
dostluq münasibətləri vardı. Yəni onu Türkiyənin
seçkin ziyalılarından biri kimi rus qonağa təqdim edə
bilərdi. Lakin Bartoldun Əhməd bəyi Bakıdakı fəaliyyəti
və rus mətbuatındakı
çıxışlarından tanıması da
mümkündür.
Gündəliyində yanvarın 20-də
apardığı qeyddə akademik Bartold "Azərbaycan
tarixinə dair kitabın müəllifi Cahangir Zeynaloğlunu
ziyarət etdiyini" yazır. Söhbət Cümhuriyyət
ordusunun keçmiş zabiti, siyasi mühacir Cahangir Zeynal
oğlu Nəsirbəyovdan (Şuşa, 1892-Berlin, 1944) gedir.
Adı çəkilən əsər 1924-cü ildə
İstanbulun Şəms mətbəəsində çap
olunmuşdu. Cahangir Zeynaloğlu "Şirvanşahlar
yurdu", "Tariximizin xanlıqlar dövrü" kimi
kitabların da müəllifidir. Lakin həmin kitablar daha gec,
1930-cu illərdə çap edilmişdi. İstənilən
halda, Avropa miqyasında tanınan akademik Bartold kimi
adlı-sanlı alimin hansı səbəbdən həvəskar
azərbaycanlı tarixçinin
ziyarətinə getməsi son dərəcə
maraqlıdır. Təbii ki, bu görüşün
arxasında mütləq hansısa bir hikmət, yaxud sirr
dayanırdı...
Əli bəy Hüseynzadənin adı
"Konstantinopol gündəliyi"ndə iki dəfə
çəkilir. 9 fevral qeydində müəllif daxil olan məlumatlara
əsasən, çox ehtimal, ayın 18-də Mehmet Fuat, Menzel,
Mesaroş və Əli bəylə birlikdə Bakıya,
Türkoloji qurultaya yola düşəcəyini yazır.
Fevralın 16-da isə "türkologiyaya heç bir dəxli
olmayan, Rusiyada tibb təhsili almış Əli bəyin
qurultaya Köprülüzadənin təklifi ilə, yəni
sadəcə ona yol yoldaşlığı etmək
üçün getdiyini" bildirir. Elə buradaca
seçimin niyə məhz Əli bəy olduğuna
aydınlıq gətirməyə çalışır: "Köprülüzadə
türklərin (Anadolu türkləri nəzərdə tutulur
- V.Q.) arasından çıxmış qabiliyyətli
adamlarına irəli getməsinə qısqanclıqla
yanaşır. Onların qarşısını kəsir".
Akademik Bartoldun bu irad, yaxud ittihamında nə qədər
haqlı olduğunu deyə bilmərəm. Amma Əli bəy haqda yazdığı bir cümlədə
iki yanlışlığa yol vermişdi. Əvvəla, azərbaycanlı
mütəfəkkir ali tibb təhsilini Rusiyada deyil, Türkiyədə,
Əsgəri Tibbiyyədə (Hərbi Tibb Akaemiyası - V.Q.)
almışdı. İkincisi isə, tələsik qərar
verən rus aliminin müasirlərinin
"türkçülüyün babası" kimi yüksək
ehtiram göstərdikləri Əli bəyin elmi-publisist irsindən,
xüsusi ilə də "Həyat" qəzeti və
"Füyuzat" jurnalındakı fəaliyyətindən xəbərsiz
olduğu aşkara çıxır. Çox güman,
İstanbul-Odessa-Bakı marşrutu ilə uzun yol
yoldaşlığı və qurultay günlərindəki
yaxın ünsiyyət Bartolda Əli bəylə bağlı
qənaətinin yanlış olduğunu anlamağa imkan
yaratmışdı.
Akademik Bartold qurultay iştirakçıları
arasında (Birinci sıra, sağdan beşinci). Sağ tərəfində
Bəkir Çobanzadə, sol tərəfində isə Mehmet
Fuat Köprülüzadə əyləşib.
Akademik Bartoldun İstanbulda keçirdiyi yanvar-fevral
aylarını müəyyən mənada həm də
Türkoloji qurultaya hazırlıq dövrü hesab etmək
olar. Çünki əgər Əli bəy Hüseynzadəni
də "əcnəbi" saysaq, xarici qonaqlar hamısı
Azərbaycana Türkiyədən, Bartoldla bir yerdə
getmişdilər. Bakıya yola düşənə qədər
İstanbulda dəfələrlə bir araya gəlmiş,
müxtəlif məsələlərlə bağlı
müzakirə və fikir mübadilələri
aparmışdılar. Avropalılar arasında Bartoldun daha
sıx təmas qurduğu avstriyalı Paul Vittek idi. Bu səbəbdən
də digər xarici alimlərlə müqayisədə
"Konstantinopol gündəlikləri"ndə onun adına
daha tez-tez təsadüf etmək mümkündür.
Məsələn, 6 yanvar tarixli qeyddə Paul Vittek belə
təqdim olunur: "İstanbulda avtomobil gəzintisi. Daha əvvəl
doktor Vittekin gəlişi (keçmiş Avstriya zabiti, indi Qərb
qəzetlərinin müxbiri və elmi əməkdaş).
Türkcə yaxşı danışır. Səfərdə
(arxeoloji ekspedisiya nəzərdə tutulur - V.Q.) iştirak
edib. Konstantinopolun topoqrafiyasını çox yaxşı
bilir. Şərq tarixinin tədqiqinə keçməzdən əvvəl
antik dövrlə məşğul olub. Vittekin Türkiyə
elmi mühiti haqda söhbətləri. Xəlil bəyi tərifləyir,
alman dilini və alman elmini çox yaxşı mənimsədiyini
deyir. Kiçik Asiyada dini hərəkatların öyrənilməsində
xidmətlərini təqdir etsə də, Köprülüzadəni
bəyənmir".
Yanvarın 10-da yenidən Vitteklə bir yerdədir:
"Axşam Vitteklə birlikdə. Osmanlı dövlətinin
mənşəyi (Avstriya aliminin mühüm tarixi
araşdırması Osman Qazinin müstəqil türk dövləti
qurmasında dini müharibənin - qəzavatın roluna həsr
edilmişdi - V.Q.) ilə əlaqədar tədqiqatlar. Vittekin
sonrakı mənbələrdə istifadə olunan ilkin xronika
mətnini bərpa etmək niyyəti". Yanvarın 16-da Bartold,
Vittek, Mesaroş və Köprülüzadə Xəlil Edhemin
evində çay məclisinə toplaşırlar.
İstanbulda məqalələrin üç əsas Avropa
dilində (ingilis, fransız, alman) nəşr olunduğu, hər
sayında "Türkiyyat Məcmuəsi"nin qısa
icmalının verildiyi beynəlxalq türkologiya
jurnalının təsisi ətrafında müzakirə
aparırlar. Vittek ideyaya tərəfdar çıxır.
Yanvarın 23-də isə Bartold avstriyalı həmkarından
eşitdiyi "fantastik məlumat" haqda yazır. Vittek bizim
eradan 1200 il əvvəl qədim Çin ədəbiyyatında
türk dilindən tərcümə edilmiş əsər barəsində
xəbər gətirib. Həm də tərcümə qədim
Çində ilk nəsr nümunəsi imiş! Bartold ixtisas
etibarı ilə sinoloq olmasa da, eşitdiyi xəbərə
son dərəcə maraqla yanaşır... Ertəsi gün isə
Vittekin mənzilində daha iki alman aliminin iştirakı ilə
türklərin astagəlliyi, söz verib əməl etməmələri,
ümumən türk xarakterində heç bir dəyişiklik
baş verməməsi haqda "qiybət" qırırlar.
Bartold türklərin ifrat millətçiliyi, qeyri-müsəlmanları
hər yerdən
sıxışdırıb çıxarmaq cəhdlərindən
də şikayətlənir. Yəqin ki, o, Osmanlı
dövründə Anadolu türkünün öz vətənində
ikinci dərəcəli vətəndaş
sayıldığını, hər şeyin yunanların və
ermənilərin əlində olduğunu, yalnız Qazi Mustafa
Kamal paşanın sayəsində xalqın öz haqqında və
hüququna sahib çıxdığını nəzərə
alsaydı, belə düşünməzdi...
Fevralın 14-də
Bartold İstanbulda yaşayan almanların
"Tevtoniya" klubunda Vittekin mövzusunu göstərmədiyi
mühazirəsini dinləmişdi. Ertəsi gün isə onun
mənzilində iki həftə əvvəl Bakıdan
qayıtmış Menzelin də iştirakı ilə
"Tevtoniya" klubunda oxunmuş mühazirə əsasında
Vittekin Türkoloji qurultaya təqdim olunması nəzərdə
tutulan məruzəsini müzakirə edir, daha elmi şəklə
salmağa çalışırlar. Vittek bu dəfə də
türklərdə elmi üslubun və orijinal
düşüncə tərzinin olmamasından, fikirlərin
trafaret xarakter daşımasından şikayətlənir.
Vitteklə müqayisədə İstanbulda
Türkoloji qurultaya yola düşməyi gözləyən
digər iki xarici türkoloq - macar Dyula Mesaroş və yəhudi
əsilli alman Teodor Menzel
"Konstantinopol gündəliyi"nin səhifələrində
o qədər tez-tez gözə dəymirlər. Macar həmkarından
bəhs edərkən müəllif onun Ankarada Etnoqrafik muzey
qurmaq məqsədi ilə hazırlıq işləri
gördüyünü, yayda Kiçik Asiyaya elmi ekspedisiyaya
yola düşəcəyini (16 yanvar) qeyd edir, "köhnə"
istanbullu kimi şəhərlə bağlı xatirələrini,
türk folkloru və etnoqrafiyası ilə bağlı fikirlərini
bölüşür.
Teodor Menzelin adına və qurultayla bağlı nisbətən
konkret məlumatlara ilk dəfə 2 fevral tarixli qeyddə təsadüf
olunur: "Menzelin gəlişi. Bakıda komissiyaların
iclası haqda təəssüratı. Türkmən nümayəndəsi
Berdiyev ona daha istedadlı və ağıllı adam təsiri
bağışlayıb. Berdiyevlə qırğızlar
(Baytursunov) latın əlifbasına keçidin qəti əleyhinədir.
Qurultayın çap olunmuş proqramı. Menzelə bir
neçə nüsxə vermək istəyirmişlər. Amma
sonra verməyiblər. Pavloviç (türklərin son mədəni
nailiyyətləri) və Borozdin (mövzusu bəlli deyil, yəqin
düşünürlər) proqrama salınıblar".
Burada adı çəkilən Pavloviç Sovet Şərqşünaslarının
Elmi Assosiasiyasının sədri, Borozdin isə rus şərqşünas-tarixçisi
və etnoqraf idi. Akademik V.Bartoldun tamam fərqli məqsədlər
üçün getdiyi İstanbulda mütəmadi olaraq
Türkoloji Qurultaya hazırlığın gedişini izləməsi,
səfərlə bağlı praktiki məsələlərin
diqqətdə saxlanması sovet türkoloqlarının ilk
Ümumittifaq forumuna necə böyük əhəmiyyət
verdiyini göstərir. Həm də həqiqi alim, elm adamı
kimi onu maraqlandıran əsas məsələ qurultayın
elmi-nəzəri baxımdan yüksək səviyyədə
keçməsi idi.
"Konstantinopol gündəliyi"nə gəldikdə
isə müəllif nədənsə 8 aylıq ezamiyyətinin
daha uzun çəkən ikinci hissəsində onu davam etdirməyə
lüzum görməmişdi. Ümumi təəssüratını
"Nauçnıy rabotnik" ("Elmi işçi")
jurnalının 1926-cı il noyabr sayında dərc olunan
"Türkiyəyə səfərdən" adlı məqaləsində
əks etdirmişdi.
lll
Akademik V.V.Bartold 1926-cı il fevralın 26-da İsmailiyyə
binasında öz işinə başlayan Birinci Türkoloji
qurultayın yeganə ən yüksək elmi dərəcəli
iştirakçısı idi. Həmkarı, SSRİ EA-nın
daimi elmi katibi akademik Oldenburq xəstə olduğu
üçün açılış mərasiminə
qatıla bilməmişdi. İlk iş günü təbii
ki, daha çox rəsmi-təntənəli xarakter
daşımışdı. Rəsmi çıxış və
təbriklər dinlənilmiş, qurultayın işçi
orqanları seçilmişdi. 22 nəfərlik Rəyasət
heyətinə seçilənlər arasında Bartold da var
idi.
Fevralın 27-də keçirilən ikinci iclasda ilk
söz adlı-sanlı qonağa verilmişdi. V.V. Bartold
"Türk xalqlarının tarixinin öyrənilməsinin
mövcud vəziyyəti və ən yaxın vəzifələri"
mövzusunda məruzə etmişdi. İlk elmi məruzənin
ona həvalə olunması alimin türkologiyada söz sahibi
olmasının təsdiqi idi. Akademikin yanlış təəssürat
və məlumatsızlıq nəticəsində
"türkologiyaya dəxli olmayan şəxs"
saydığı Əli bəy Hüseynzadə qurultayla
bağlı qeydlərində onun məruzəsindən bəhs
edərək yazmışdı: "...səhər saat 10-da
Bartold ərəb və fars qaynaqları əsasında Teymur
tarixindən bəhs etdi. VII yüzillikdə Orhun
yazıları ilə özlərini Türk adlandıran bir
xalq tarix səhnəsinə çıxır. Yeni
araşdırmalara görə, Çin ədəbiyyatında
indiyə qədər məlum olmayan bir sıra vəsiqələr
aşkar edilib ki, onlar Türk tarixinin ilk dövrlərinə
işıq salmağa imkan verir. Bundan sonra o,
"Qırğız" istilahının filoloji
kökündən söz açdı. Bartoldun qənaətinə
görə türklər islamiyyəti öz istəkləri
ilə, heç bir təzyiq olmadan qəbul etmişdilər.
Çin, Yava, Sumatra və Afrikada islamiyyətin
yayılması da eyni şəkildə baş tutmuşdu.
İslamı hər bir xalq qəbul edə bilər. Bartold
burada türkmən kəlməsinin etimologiyası üzərində
də dayandı".
Alimin öz dövrü üçün proqram
xarakteri daşıyan məruzəsinin daha geniş təhlilini
başqa vaxta saxlayaraq yalnız onu qeyd etmək istərdim ki, Mərkəzi
Asiya və Azərbaycan türklərinin qədim tarixinin, zəngin
ədəbi-mədəni irsinin öyrəniləməsi
Bartold yaradıcılığının aparıcı istiqamətlərdən
biri olmuşdu. Onun rəhbərliyi altında 1912-ci ildə Nizami Gəncəvi məqbərəsində
ilk dəfə elmi prinsiplərlə qazıntı işləri
aparılmışdı. Araşdırmanın nəticələrini
çoxsaylı şəkil, sxem və diaqramlarla birlikdə
Rusiya İmperator Arxeologiya Cəmiyyəti Şərq Bölməsinin
"Elmi Qeydləri"ndə "Şair Nizaminin məqbərəsi"
adı altında çap etdirmişdi.
Azərbaycandilli ədəbi-tarixi abidələrin
öyrənilməsində də alimin mühüm xidmətləri
olmuşdu. Onun "Dərbəndnamə"nin mənşəyi
məsələsinə dair" tədqiqatında Qafqaz-Azərbaycan
tarixinə dair bu mühüm əsərin qaynaqlarını,
tarixi faktların dəqiqliyini araşdırmışdı.
Müəllifin "Dərbənd tarixinə dair", "Dərbəndin
qala divarları haqda yeni məlumatlar" məqalələrində
mövzu tarixi-arxeoloji aspektlərdən daha təfərrüatlı
şəkildə işlənmişdi. "İslam
ensiklopediyası" üçün yazdığı
"Qafqaz, Türküstan, Volqa",
"Şirvanşahlar" və digər məqalələri
Azərbaycanın qədim tarixinə bələdliklə qələmə
alınmışdı. O, Abbasqulu ağa Bakıxanov irsinə,
xüsusən də "Gülüstani-İrəmə" bələd idi. Bu əsəri Azərbaycan
və Qafqaz tarixinin qaynaqlarından biri kimi qiymətləndirirdi.
V.V.Bartold 1924-cü ildə Azərbaycan dövlət
universitetinin dəvəti ilə Bakıda olmuşdu. Şərq
fakültəsində "Müsəlman dünyasının
tarixində Xəzəryanı vilayətlərin yeri haqda"
mövzusunda məruzə etmişdi. Növbəti ildə məruzənin
mətni Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin
(ATTC) təşəbbüsü ilə Bakıda kitabça
şəklində çap olunmuşdu. Alim ATTC-nin
tarix-etnoqrafiya seksiyasının iclaslarında region tarixi ilə
bağlı hamı üçün açıq olan silsilə
mühazirələr oxumuş, Azərbaycanın arxiv və
kitabxanalarında mühafizə olunan bir sıra əlyazmaları
araşdırmışdı.
Dilimiz və ədəbiyyatımız, milli-mənəvi
varlığımız qarşısında ən
böyük xidməti isə heç şübhəsiz,
türk xalqlarının monumental folklor abidəsi olan
"Kitabi Dədə Qorqud" dastanının rus dilinə
mükəmməl tərcüməsini hazırlaması idi.
Bakıda olduğu zaman gördüyü işlərin
hesabatı Azərbaycan MEA Rəyasət heyətinin arxivində
indi də qorunub saxlanmaqdadır.
Sarayevo
Fevral-mart, 2026-cı il.
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 6 mart (¹9).- S.16-17.