İsrail kinorejissorunun antimüharibə
filmi
Nə vaxtsa baxdığımız bir kino nümunəsinin
fərqli şərhi, peşəkar səviyyədə şərhi...
Hələ baxmadığımız filmin maraq oyadan, bu ekran əsərini
seyr etməyə həvəsləndirən təqdimatı...
Azərbaycan tamaşaçısını dünya kinosuna bir
qədər də yaxınlaşdırmaq, dəyərli filmlər
barədə məlumatlandırmaq...
"525-ci qəzet"də hər həftə dərc
olunması nəzərdə tutulan bu yazılar məhz belə
vacib məramlara xidmət edir.
Kinorejissor Samuel Maozun "Livan" (2009) bədii filmi
66-cı Venesiya festivalında "Qızıl şir"
mükafatına layiq görülmüş ilk İsrail
filmidir. İsrail, Fransa, Almaniya və Livanın birgə
istehsalı olan "Livan" nədən bəhs edir?
Hadisələr 1982-ci ilin Livanında baş verir. Qəhrəmanlar
İsrail tankının ekipajıdır və onların məqsədi
Livan ərazisini Suriya hərbçilərindən, fələstinli
döyüşçülərdən təmizləməkdir.
Əməliyyat zamanı döyüşçülərlə
yanaşı, dinc əhalinin də ölümü ekipaj
üzvləri arasında gərginliyə səbəb olur. Gənc
ekipaj üzvü olan gənclərdən biri gördüklərindən
dəhşətə gəlir və ona əmr olunan nöqtələri
vurmaqda çətinlik çəkir, bəzən isə
stresdən qeyri-müəyyən nöqtələri hədəf
alır...
"Livan" müasir kinoda müharibənin
görünməyən tərəflərini göstərə
bilən, emosiyaları gərən, yaddaşda qalan ekran əsərlərindəndir.
Məlumat üçün deyək ki, 1982-ci ildə
İsrail Livan ərazisində yerləşən Fələstin
Azadlıq Təşkilatının bazalarını məhv
etmək üçün hərbi əməliyyata
başlayır. Rejissor Samuel Maoz özü də bu əməliyyatda
iştirak edib və film onun xatirələrinə əsaslanır.
Film, demək olar ki, ancaq tankın kabinəsində
çəkilib və çöldəki hadisələr
tankın nişangahından görünür. Amma əsas motiv
tank heyətinin psixoloji narahatlığı, seçim
qarşısında qalmaları, vicdanlarıyla üzləşməsidir.
Müəllif aktyorlara müharibə vaxtı
tankdakı atmosferi yaşatmaq məqsədilə onların hər
birini 2 saat refrijatorda (soyuducu maşında mayenin
buxarlandığı və aşağı temperaturun əmələ
gəldiyi hissə, buxarlandırıcı) saxlayıb. Bununla
o, aktyorların tankın kabinəsində klaustrofobiyanı
daha dərindən hiss edəcəklərini
düşünüb: "Aktyorlar çölə
çıxandan sonra artıq bildim ki, onlara nəyisə izah
etməyə ehtiyac yoxdur".
Çəkiliş meydanında qurulan tankın maketi əsl
tankdan böyük olub. Çünki tanka çəkiliş
qrupu da yerləşməliydi.
Rejissor filmə görə aldığı mükafat
barədə belə deyir: "Bu mükafatı
dünyanın müxtəlif yerlərində mənim kimi
müharibədən sağ qayıdanlara həsr edirəm.
İlk baxışdan elə görünür ki, bizim
üçün hər şey qaydasındadır: işləyirik, ailə qururuq,
dünyaya uşaq gətiririk. Lakin daxilimizdə baş verənləri
heç vaxt unutmuruq.
Bu film mənim şəxsi hekayəmdir - mən
özüm təsvir edilən hadisələrin bilavasitə
iştirakçısı - qəhrəmanlardan biri kimi tankda
nişançı olmuşam. Filmi çəkərkən
yaşadıqlarımı hər hansı qəhrəmanlıq
ştamplarına salmadan, bir daha dərk etmək istəmişəm.
Özümə sual verirəm ki, tamaşaçının
ağlıyla yox, qəlbiylə, daha çox fiziki səviyyədə
hiss edəcəyi əhvalat danışa biləcəyəmmi?
Məqsədimə çatmaq üçün əhvalatın
emosional tərəfini gücləndirməliydim, ona görə
qəhrəmanları tankın dar kabinəsinə yerləşdirdim
ki, tamaşaçı məhz oradan əsgərlərin
gördüyünü görsünlər, o hissləri onlarla
bərabər yaşasınlar. Ona görə filmin 30 faizi
dialoqdan ibarətdir, çünki ekstremal vəziyyətlərdə
sözlər artıq yükə çevrilir, bu halda vacib olan
vücudun dilidir".
"Livan" siyasi məzmunu səbəbindən
İsraildə birmənalı qarşılanmayıb. Bununla
belə, film İsrail Kino Akademiyasının "Ofir"
mükafatına 10 nominasiyada namizəd olub və "Ən
yaxşı rəssam işi", "Ən yaxşı
operator işi", "Ən yaxşı səs" və
"Ən yaxşı ikinci plan kişi rolu"na görə
mükafatlar qazanıb. Kinotənqidçilərin bir
çoxu "Livan"ı cəsarətli antimüharibə
filmi adlandırırlar.
Sevda SULTANOVA
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.14.