"Dəb insanı
həm müasirləşdirə, həm də gəncləşdirə
bilir"
Fəxriyyə Xələfova: "Pyer Karden məni
işarə edib dedi ki, ilk dəfə mənə Azərbaycanı
xəritədə bu xanım göstərib"
Sənətin müxtəlif sahələrinin nümayəndələri
ilə söhbətlərimizi zaman-zaman oxucularımıza
çatdırmışıq. Lakin özümə də
maraqlı olan bir sahə var ki, ona dəfələrlə
üz tutmaq istəsəm də, peşəkar ünvana yönəlmək
üçün gözləmək lazım gəlib. Sonunda
tapdığım ünvana çatmaq asan olmasa da, gözləməyə
dəyərdi, çünki söhbətimizin mövzusu moda,
yəni dəb haqqında idi.
Bəs dəb nədir? İnsanın özünü
ifadəsi, yoxsa zamanın tələbi? Bizi biz edən zərif
cizgi, yoxsa görünən üzümüz? Diqqətlə
müşahidə edəndə görünən odur ki, dəb
zamanın dilidir. Düşüncədən başlayır, mədəniyyətdən
süzülür, zövqə söykənərək sonda
bir gözəlliyə çevrilir. Dəb bəzən
keçmişə qayıdışı, bəzən də
gələcəyə atılan cəsarətli addımı
ilə insanın özünü ifadə etməsinə təkan
verir. Olur ki, insan hisslərini, düşüncələrini
hansısa bir geyimlə, rənglə çatdırmağa
çalışır. Zaman dəyişdikcə, dəbin dili
də dəyişir, lakin dövrün ruhunu həmişə
daşımağı bacarır.
Bu mövzudan danışanda ilk yada düşən həmin
dəbləri yaradan, yaşadan, üzərində işləyən,
yeni nümunələr ortaya çıxarmaq
üçün
düşünən, zaman sərf edən
modelyer-dizaynerlər olur. Beləliklə, həmsöhbətimiz
modelyer-dizayner, Əməkdar incəsənət xadimi, Azərbaycan
Respublikası Prezidentinin Fəxri diplomçusu, Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının
dosenti, parfümer, "Fakhriya Khalafova" Moda və dizayn Mərkəzinin
rəhbəri Fəxriyyə Xələfovadır.
- Bir atalar məsəli ilə başlayaq söhbətimizə:
Gözəllik ondur, doqquzu dondur...
- Tam razıyam bu deyimlə. Atalar məsəli
adlandırılan bu deyimlər təbii ki, zamanında kimlər
tərəfindənsə düşünülüb. Hər dəfə
bu məsəli eşidəndə, həmin adama Allahdan rəhmət
diləyirəm. Qısa, konkret bir fikrin içində həm
məntiq var, həm fəlsəfi məna. Mən
araşdırmaçılığa çox meyilliyəm. Bu
atalar sözü bilavasitə mənim sənətimlə əlaqədar
olduğu üçün
özlüyümdə bir analiz apararaq belə qənaətə
gəlmişəm ki, həmin məsəl XIX əsrdə
yaranıb, zərbi-məsələ çevrilib və
günümüzə qədər gəlib çatıb. Bunu
onunla əlaqələndirirəm ki, bizim milli geyimlərimiz
forma, məzmun və rəng çalarları baxımından
hər zaman gözəl olub. Zənn edirəm ki, bu gözəlliyi
seyr edən həmin insan o qədər təsirlənib ki,
hisslərini "Gözəllik ondur, doqquzu dondur" fikrilə
dilə gətirib. Bu fikri müasir dövrümüzlə əlaqələndirsək,
deyə bilərəm ki, geyim bir kommunikasiya vasitəsinə
çevrilərək haqqımızda ətrafa məlumat
ötürür. Yəni geyimimiz bizə baxanlarda, dinləyənlərdə
bizimlə bağlı müəyyən baxışlar
formalaşdıra bilir və nəticədə yaranan təəssürat
həmin atalar məsəlinə gətirib
çıxarır.
- Bu gün peşəkar modelyer-dizayner Fəxriyyə
Xələfova sənətə birbaşa deyil, fərqli
yollarla gəlib çatıb...
- Yaxşı sualdır... Hər bir yeniyetmə məktəbin
yuxarı siniflərində artıq hansı yol ilə gedəcəyini
özü üçün müəyyənləşdirir. O
zaman mənim də istəyim formalaşmışdı və
modelyer olmaq seçimini etmişdim. Lakin həmin dövrdə
bu peşə bizim ali məktəblərimizdə tədris
olunmurdu. Təbii ki, valideynlərim də bunu bilirdilər və
mənə dedilər ki, özümə başqa bir peşə
seçmək haqqında düşünüm. Mən məktəb
vaxtından sevdiyim biologiyanı seçdim. Bu seçimdə
məqsədim sırf insanı öyrənmək istəyim
idi, yəni insan anatomiyası və fiziologiya məni çox
cəlb edirdi. Beləcə, Bakı Dövlət Universitetinin
Biologiya fakültəsinə daxil oldum.
- Lakin təhsilinizi Milli Elmlər Akademiyasının
aspiranturasında psixologiya üzrə davam etdirdiniz...
- Mənim ixtisasım insan beyninin neyrofiziologiyası
idi. Bu, insan beyninin daxildən öyrənilməsi, fizioloji
proseslərin dərk edilməsi deməkdir. Elmi rəhbərlərim
belə məsləhət gördülər ki, mən psixologiyanı
da öyrənib incəliklərinə bələd
olmalıyam. Çünki beyin daxilində gedən prosesləri
analiz etmək üçün insan psixologiyasını bilmək
vacibdir. Mən məsləhəti qəbul etdim və bu səbəbdən
aspiranturada psixologiya üzrə təhsil aldım. Burada bir məqamı
vurğulamaq istəyirəm. Mən fasiləsiz təhsilin tərəfdarıyam.
Əksəriyyət beş il ali təhsil, bəziləri daha
sonra aspiranturanı bitirərək elmi işi müdafiə
etməklə kifayətlənir. Mənim nəzərimdə
insan istənilən yaş həddində təhsil ala bilər,
təbii ki, əgər buna marağı və istəyi varsa.
Biliklərini təkmilləşdirə də bilər, maraq
dairəsində olan yeni bir peşəyə sahib də ola bilər.
- Sizin etdiyiniz kimi...
- Bəli... Baxmayaraq ki, universitet və aspirantura ilə
birlikdə üst-üstə doqquz il təhsilim vardı,
özü də fərqlənmə diplomu ilə, amma mən
arzusunda olduğum peşəni öyrənmək
üçün düşünmədən yenidən
oxumağa qərar verdim və üz tutdum qardaş Türkiyəyə.
İzmirdə daha üç il Ali Bədii Dizayn Məktəbinin
hazır geyim istehsalı bölməsində oxudum. Mənim
düşüncəmdə yiyələnmək istədiyin nə
varsa, onun təhsilini almaq mütləqdir. Ömrümün on
üç ilini təhsildən əsirgəmədim. Sonralar
müşahidə etdim ki, on üç rəqəmi mənə
həmişə uğur gətirib. Vətənə
qayıdandan sonra hiss etdim ki,
modelyer olmaq arzumun reallaşmasına çox yaxınam.
- Təbii ki, bu sahəyə olan
marağınızın qaynağı mütləq var...
- Bu maraq rəhmətlik anamdan gəlib. Evimizin bir
küncündə həmişə tikiş maşını
dayanıb, zamanla təkmilləşib. Hansısa bir geyimə əl
gəzdirmək lazım olanda anam həmin tikiş
maşınının arxasına keçərdi, yəni onda
bu bacarıq vardı. Deyərdi ki, bu bacarıq İzzət nənəmdə
də olub. Rəfiqə xanım geyimlərini adətən dərziyə
tikdirərdi və ona görə də həmin tikiş
maşınının yanında anamın alıb
üst-üstə yığdığı müxtəlif
parçalar olardı. Zamanla hiss etdim ki, bu tikiş maşını
məni özünə çəkir və tikməyə cəhd
etdim. Gördüm ki, rahatlıqla bunun öhdəsindən gələ
bilirəm və özüm üçün anamın
aldığı parçalar üzərindən eksperimentlər
etməyə başladım. Bacarığım var idi deyə,
çətinliyim olmadı. Artıq tikiş dünyasına
daxil olduğumdan bütün yenilikləri izləyirdim. Elə
bir zaman oldu ki, "Burda" moda jurnalı dərc edilməyə
başladı və orada da tikiş üçün lekallar
olurdu. Onların üzərindən rahatlıqla işləməyə
başladım. O zaman yeddinci sinifdə oxuyurdum və artıq
16-17 yaşlarımda bacımla özümə heç bir
çətinlik çəkmədən paltarlar tikirdim. Hətta
anama da təklif edirdim ki, gəl sənin üçün də
istədiyin geyimi tikim. O isə deyərdi ki, mənim peşəkar
dərzim var, sən elə özünüz üçün
tik. Amma mən bununla kifayətlənmədim.
- Yəni...
- Modelyer sənətini daha dərindən dərk etmək
üçün məşhur modelyerlərin fəaliyyətini
araşdırmağa başladım. O zaman məlumat almaq
indiki kimi asan deyildi. Müxtəlif mənbələrdən -
jurnalardan, qəzetlərdən, kitabxanalardan Kristian Dior, Koko
Şanel haqqında məlumatlar toplayırdım və oxuduqca
onların keçdiyi yolu, fəaliyyətini təsəvvürümdə
canlandırırdım. Beləcə, bu peşəni dərk
etməyə başladım. Sonra isə qarşıma belə
bir məqsəd qoydum ki, dünyaca məşhur modelyerlərlə
görüşməliyəm və mən bu hədəfə
çatdım. Bununla bağlı xeyli unudulmaz xatirələrim
var. Dünya moda sənətinin əfsanəsi olan Pyer Kardenlə,
Pako Rabanla, rusiyalı məşhurlar Valentin Yudaşkinlə,
Vyaçeslav Zaysevlə şəxsən
görüşüb tanış olmaq məni hədəfimə
çatdırdı. Təəssüflər olsun ki, onlar
artıq dünyalarını dəyişiblər. Türkiyəli
modelyer Yıldırım Mayrukla görüşüm
unudulmazdır. Onlar tərəfindən çox səmimi
qarşılanaraq məsləhətlərini, tövsiyələrini
eşitmək bir məktəbə bərabərdir və mən
onları özümə müəllim sayıram.
- Yaradıcılığınızda millilik daha
qabarıqdır...
- Bu, mənim içimdən gələn bir hissdir.
Bayaq müəllimlərimin adlarını sadaladım. Onlar
Avropa moda məktəbinin nümayəndələri olublar.
Özüm də bu üslubu öyrənmişəm,
çox sayda tədbirlərdə iştirak etmişəm.
Lakin sırf Avropa üslubunda bir kolleksiya yaratmaq istəsəm
də, bu, məndə alınmaz. Çünki
kolleksiyalarımda milli çalarlar, rənglər, onların
sintezi hardasa özünü mütləq göstərir. Bunu
sırf layihə kimi heç zaman etməmişəm.
Düşünürəm ki, bunun da şüuraltı bir səbəbi
var. Ata tərəfim Qarabağdandır. Şuşada
tanınmış Xələfbəyovlar nəslindən olub.
Onun Şuşa haqqındakı xatirələri bitib-tükənmirdi.
Həmişə bizə Şuşadan danışardı,
onların dövründən, həyat tərzindən elə
danışardı ki, həmin mühit gözlərimiz
önündə canlanardı. Bu söhbətləri dinlədikcə
özlüyümdə təsəvvür edirdim ki, o
dövrün xanımlarının çox gözəl geyimləri
olub, müxtəlif aksesuarlarla bəzəniblər və xəyalımda
sanki bir nağıl dünyası görürdüm. Erkən
yaşlarımızdan valideynlərimiz davamlı olaraq bizi muzeylərə,
teatr tamaşalarına aparıblar. Tarix muzeyində, İncəsənət
muzeyində gördüyüm eksponatlarda millilik diqqətimi
xüsusi çəkərdi. Yadımdadır, bir dəfə
anamla Milli Dram Teatrında "Xurşidbanu Natəvan"
tamaşasına baxdıq. Xan qızının rolunda rəhmətlik
Amaliya Pənahova çıxış edirdi. İndiyə qədər
yadımdadır ki, tamaşadan çox təsirlənmişdim.
"O olmasın, bu olsun", "Arşın mal alan",
"Dəli Kür" kimi milli ruhda çəkilən filmlərimizi
çox maraqla seyr etmişəm. Ona görə də
kolleksiyalarımda bu, öz ifadəsini tapır.
- Elə qisim insanlar var ki, dəblə
uyğunlaşmağı mütləq hesab edirlər...
- Deməzdim ki, mütləqdir. Lakin həmişə
məsləhət görürəm ki, dəbi hiss etmək
lazımdır. Əslində dəblə ayaqlaşmaq
yaxşı haldır, çünki dəb insanı həm
müasirləşdirə, həm də gəncləşdirə
bilir və bunu faydalı proses hesab edirəm. Burada insanın
zövqü də özünü büruzə verir.
- Zövq dediniz, amma zövq hər kəsdə olmur
axı...
- Zövq haqqında xeyli araşdırmalar
aparmışam və bu haqda mənə çox suallar da
verirlər. Zövq daxildənmi gəlir, onu öyrənmək
olarmı və ya dəb bunu diktə edə bilərmi və
sairə. Öz müşahidələrimə əsasən
düşünürəm ki, zövq daxildən gəlir.
Razıyam ki, hər kəs zövqlü ola bilmir. Olur ki,
xanımlar geyimləri uyğunlaşdıra bilmədiklərini
etiraf edirlər. Bu baxımdan artıq müasir satış
strategiyaları dəyişib və bu da zövqü zəif
olanlara bir köməkdir. Artıq geyim markaları özləri
geyimi komplekləşdirir və satışa
çıxarır. Alıcı baxır, seçimini edir.
Əgər əvvəl biz mağazaları gəzərək,
birindən çanta, digərindən ayaqqabı, o birisindən
ona uyğun geyim alırdıqsa, bu gün bunlara ehtiyac
qalmayıb. Bu günün gənci də, orta
yaşlısı da hər şeyi hazır görüb ala
bilir. Yəni bu gün zövqü olmayanlar əziyyət
çəkmirlər.
- Geyimlərdə rəng çalarlarının
uyğunluğu...
- Modelyerin peşəkarlığını moda tənqidçiləri
bilirsiniz necə müəyyən edirlər? Əgər
modelyer bir geyimdə beş-altı rəngi sintez edə bilirsə,
deməli, peşəkardır. Bu sintez elə olmalıdır
ki, rənglərin harmoniyası rəssamın palitrası kimi
görünə bilsin. Kolleksiyalarımda elə geyimlər
olub ki, orada yeddi rəngi sintez edə bilmişəm. Qeyri-təvazökarlıq
kimi səslənməsin, bunu sırf peşəkarlar edə
bilirlər. Rəng çalarlarında söz
düşmüşkən,
kolleksiyamdakı bir libasdan danışmaq istərdim. Azərbaycanda
ilk modelyerəm ki, libasda bayrağımızın rənglərini
tərənnüm etmişəm. Xüsusi olaraq
vurğulayıram ki, bu, bayraq deyil, bayrağımızı əks
etdirən üç rəngin harmoniyasından yaranan
libasdır. Etiraf edirəm ki, dünyaca məşhur ingilis
modelyeri Aleksandr Makkuindən ilhamlanaraq mən bu cəsarətli
addımı atdım. Onun ingilis bayrağını libasda tərənnüm
etdiyini görəndə heyrətimi gizlədə bilməmişdim.
Sonra bir daha dönə-dönə bayrağımızın rənglərinə
baxdım və düşündüm ki, belə gözəl
rənglərin möhtəşəm sintezini yaratmaq olar.
Düşündüyüm kimi də etdim, on iki-on
üç metr ipək parça işlətməklə mən
həmin libası yaratdım. İndi çox sevinirəm ki,
bu ideyam kütləvi şəkil aldı. Uşaq kollektivlərinin,
rəqqasələrimizin bayrağımızın rəng
çalarları olan geyimlərdə
çıxışları mənə olduqca xoş təsir
bağışlayır.
- Kolleksiyanıza məxsus üç libas bu gün
Ermitajın "Kostyum qalereyası" fondunda
saxlanılır...
- Maraqlı fakta toxundunuz. Kolleksiyalarımı yaradanda
bəzən elə geyimlər alınırdı ki, mən
onları unikal adlandırırdım. Özlüyümdə
düşünürdüm ki, kaş bu geyimi hansısa bir
muzeyə verə biləydim, eksponat kimi gələcək nəsillərə
çataydı. Elə alındı ki, ölkəmizin təqdimatı
ilə hər il Sankt-Peterburqda keçirilən Humanitar foruma dəvət
aldım. Ermitajda dizaynerlərə ünvanlanan müasir geyim
kolleksiyalarının toplanması üçün müsabiqə
elan olunduğunu eşitdim. Ermitajda kifayət qədər
möhtəşəm tarixi geyim eksponatları var. Müsabiqənin
məqsədi isə yeni kolleksiyanın gələcək nəsillərə
çatdırılması idi. Müsabiqəyə
qatılmağa qərar verdim, iştirak etmək
üçün lazım olan anketi doldurdum. Orada təqdim edəcəyin
kolleksiyanın bütün xüsusiyyətlərini qeyd etmək
lazım idi. Üç geyimim vardı ki, onlar həqiqətən
də unikal idi. Libasın birinin dekoru yarımtəbii
daşlardan ibarət idi. İkincisi günəş simvolu olan
çox gözəl ipək parçadan
hazırlanmışdı. Günəş simvolu qədim
Qarabağ kəlağayılarının hamısında əks
olunan bir element olub. Üçüncü libasım Avropa
üslubunda idi və bu geyimdə krujevadan istifadə
etmişdim. O krujevalardan ki, onları Parisdən antik bir
mağazadan almışdım. Hər üç geyimin həm
mahiyyəti, həm dəyəri çox yüksək idi və
komissiya onları eksponat kimi qəbul etdi. Təbii ki, sevincim
yerə-göyə sığmırdı. Bir sənətkarın
əl işinin dünyaca məşhur muzeydə
saxlanılmasını onun fəaliyyətinin zirvəsi hesab
etmək olar. Sevindirici haldır ki, bizim muzeylərdə də
artıq bu proses başlayıb. Tarix və Xalça muzeylərindən
artıq təklif almışam və bunun gələcək nəsillərə
çatdırılması çox vacibdir.
- Parisdə məşhur "ETHICAL FASHION SHOW" moda
tədbiri var və 2007-ci ildə Azərbaycanı orada ilk
olaraq siz təmsil etmisiniz...
- Təxminən 2004-cü ildən mənim internet
saytım fəaliyyət göstərir.
Bacardığımız kimi bir sayt yaratmışdıq.
Günlərin birində elektron poçtumu yoxlayanda orada bir dəvət
gördüm. Yəqin ki, saytımızla tanış olub belə
bir dəvəti mənə göndərmişdilər.
Artıq milli üslubda çalışan dizayner kimi
kolleksiyalarım tanınırdı. Festivala xüsusi hazırlaşmışdım.
Orada gözəl moda nümayişim keçirildi, sərgi
oldu, mənə ayrılan stendlə maraqlananlar çox idi. Mən
ölkədən kənarda qatıldığım tədbirlərə
gedəndə özümlə Azərbaycan haqqında məlumatları
əks etdirən kitablar, bukletlər aparıram və
oradakı iştirakçılara təqdim edirəm. Bunu dedim
bir hadisə yadıma düşdü. 2000-ci ildə ilk dəfə
Pyer Kardenlə görüşüm oldu. Almaniyanın Hannover
şəhərində keçirilən Ümumdünya sərgisində
Azərbaycanı təmsil edirdim. Bu şəhər Parisə
çox yaxındır, çıxışların
arasında iki gün boş vaxt var idi. Parisdə yaşayan rəfiqələrim
Pyer Kardenlə görüşmək üçün vaxt
almışdılar və mən təyin olunan vaxtda orada
oldum. Özümlə yenə də kitab və bukletlər
götürmüşdüm. Modelyer məndən haradan
olduğumu soruşdu, Azərbaycandan olduğumu dedim. O zaman bizim
haqqımızda məlumat az idi. Dərhal xəritəni
açdım və Azərbaycanı, Xəzər dənizini
göstərdim. Bu görüşün üstündən illər
keçdi və 2009-cu ildə Pyer Karden Tahir Salahovun yubileyinə
dəvət olunmuşdu. Həmin tədbirdə məni
işarə edib dedi ki, ilk dəfə mənə Azərbaycanı
xəritədə bu xanım göstərib, lakin indi artıq
özüm bu ölkədəyəm və vətənimə
xoş təəssüratlarla qayıdacağam. Yəni mənim
üçün Azərbaycanı beynəlxalq aləmdə təmsil
etmək böyük məsuliyyət olub. Amma vətənə
mükafatla qayıtmağın sevinci
daşıdığın bu məsuliyyətin
ağırlığını unutdura bilir.
- Söhbət əsnasında kökünüzün
Qarabağdan olduğunuzu dediniz və Şuşanı
xüsusi olaraq vurğuladınız. Ora ilə bağlı
xatirələriniz yəqin ki var...
- Kiçik yaşlarımda da, gənclik illərimdə
də Şuşaya mütəmadi gedərdik. Orada çox
qohumlarımız vardı, onlara qonaq gedər, maraqlı vaxt
keçirərdik. Atamgilə məxsus olan mülk bəy evləri
siyahısında idi və sovet dönəmində müsadirə
olunmuşdu. Müstəqillik illərində atam həmin
mülkün qaytarılması üçün hərəkətə
keçmişdi ki, məlum hadisələr baş verdi və
uzun illər Şuşadan ayrı qaldıq. Sonuncu dəfə
1986-cı ildə olduğum Şuşaya müharibədən
sonra 2022-ci ilin may ayında Şuşa icmasının
nümayəndələri ilə birlikdə getdim.
Yarıdağıdılmış vəziyyətdə olsa da,
o bəy evini gördüm, əlimi daşlarına
sürtdüm. Təəssüf ki, onu bərpa etmək
mümkün deyil. Artıq dəfələrlə o torpaqlara
getmişəm və bu fürsəti heç zaman
qaçırmamışam. Xan qızı Natəvanın 190
illik yubileyinin dövlət səviyyəsində keçirilməsi
üçün ölkə başçısı sərəncam
vermişdi. Nümayəndə heyətinin tərkibində mən
də vardım. Orada olarkən kökü Qarabağa
bağlı olan bir neçə xanım xan qızı
haqqında sənədli bir film çəkmək qərarına
gəldik. Ssenarini folklorşünas Fəridə Hicran öz
üzərinə götürdü. Bu ideya ilə yola
çıxdıq və həmin sənədli filmi ərsəyə
gətirdik. Həm Şuşada, həm Bakıda təqdimat
keçirildi, televiziya kanallarında bu sənədli film
nümayiş olundu.
- Bildiyim qədər xan qızının
obrazını siz yaratmısınız...
- Düzü, bu, mənim üçün gözlənilməz
oldu. Çəkilişləri Şuşada və Ağdamda
aparırdıq. Şairə ilə qohumluq əlaqələri
olan ailələri taparaq, nəsildən nəsilə
ötürülən xatirələri maraqla çəkirdik.
Film artıq bitmək üzrə idi, yaradıcı heyət
belə qərara gəldi ki, xan qızının
obrazını göstərmək lazımdır,
çünki Xurşidbanu Natəvanın bir neçə
arxiv şəkli və bir portreti vardı, canlı
görünüşü isə yoxdur. Gördüm ki,
hamı bir-birinə baxdı və rolu canlandırmağı
mənə təklif etdilər. Obraza uyğun məndə
geyimdən tutmuş bəzək əşyalarına, baş
örtüyünə qədər hər şey vardı.
Razılaşdım, çünki
yaradıcılığımda bu bir yenilik oldu. Daha əvvəllər
müxtəlif vaxtlarda bir neçə dəfə mənə
filmdə çəkilmək təklifi almışdım.
İstəyim olsa da, vaxt baxımından təkliflərdən
imtina etməli oldum. Natəvan obrazı isə içimdəki
hisslərə toxundu, zamanında gördüyüm
tamaşanı xatırlatdı və həvəslə
razılıq verdim. Şuşada Natəvanın
sökülüb dağılmış evində çəkiliş
aparanda mənə içəri girməyin təhlükəli
olduğunu desələr də, öz fikrimdə qaldım.
Dekabr ayı, hava çox soyuq, əynimdə milli geyim və
beynimdə qəti fikrim. Əgər mən bu obrazı
oynayıramsa, o evə mütləq daxil olmalıyam. Heç
kəs məni fikrimdən daşındıra bilmədi.
İdeya ondan ibarət idi ki, evə gələn xan
qızının ruhudur. Səsləndirilən şeirlərdə
ev əvvəlki görkəmindədir, burada şeir məclisləri
qurulur, qəzəllər səsləndirilir, xan qızı
eyvandan Şuşaya baxır. Bunları bacardığım qədər
canlandırmağa çalışdım. Şuşa soyuq
aylarda dumansız olmur. Bir də gördük ki,
uçulmuş evi duman bürüdü və son kadrlarda
Xurşidbanu Natəvan dumanın içində yox olur.
Qeyri-adi bir səhnə yarandı və bir neçə
gün mən bunun təsirindən qurtula bilmədim.
- Sənətə gəlişinizlə bağlı
danışanda çox həssaslıqla ananızın, nənənizin
adını çəkdiniz. Bir az da onlardan danışaq...
- Təhsilimdə, qazandığım
uğurlarımda valideynlərimin rolu böyük olub.
Arzuların əksəriyyəti insan ömrünün gənclik
illərini əhatə edir. Psixoloqlar deyirlər ki, sizin əldə
etdiyiniz uğurlar sizin gənclik arzularınızdır və
mənim hansısa nailiyyətim
olanda onu ata-anamla paylaşırdım. Qız övladı
anaya daha yaxın olur və mən bunu öz həyatımda
yaxından görmüşəm. Rəfiqə xanım uzun
illərin pedaqoji təcrübəsinə malik böyük
müəllim və ziyalı olub. O, dinləmək, analiz etmək,
çıxış yolları axtarmaq istiqamətində
yüksək bacarığa malik idi. Anam həm
övladlarına, həm də tələbələrinə
qarşı çox həssas idi. Mən "Neft ilahəsi"
adlanan ilk kolleksiyamda anamın alıb
yığdığı parçalardan istifadə etdim. Onun səxavətlə
mənə verdiyi parçalardan iyirmiyə qədər libas
tikdim, həmin kolleksiya ilə Qazaxıstanda beynəlxalq
festivalda çıxış etdim və laureat adını
qazandım. İlklər heç zaman unudulmur və anamın
mənə bəxş etdiyi bu ilk uğur unudulmazdır. Nənəm
İzzət xanımı anamın danışdığı
xatirələrdən tanıyıram, çünki onu
görməmişəm. Və eşitdiyim həmin xatirələrdən
özüm üçün onun bir obrazını
yaratmışam. Şəkillərdən də
görmüşəm ki, İzzət xanım çox incə
qadın olub, amma mən onu çox güclü qadın zənn
etmişəm. Çoxuşaqlı ailədə
övladlarının hamısına ali təhsil verən bir
qadın böyük güc sahibi ola bilərdi. Üstəlik,
bu övladların hamısı Azərbaycanın elm, təhsil
sahəsində, ictimai-siyasi həyatında aparıcı
qüvvəyə malik olmaqla, öz imkan və
bacarıqları ilə xalqın rifahı və mənafeyi
naminə yorulmadan çalışaraq mübarizə
aparıblar. İzzət xanım başına yalnız kəlağayı
örtərmiş. Anam danışardı ki, o, kəlağayılarını
səliqə ilə qatlayıb arasına reyhan ləçəkləri
düzərdi ki, başına örtəndə xoş rayihə
gəlsin.
Və zamanla mən öz ətir kolleksiyamı
yaradanda düşünmüşdüm ki, bu maraq mənə
nənəmdən keçib. Allah hamısına rəhmət
eləsin.
- Azərbaycan xalqı üçün Ulu öndər,
sizin isə həm də dayınız Heydər Əliyev...
- O, çox işıqlı insan olub, onunla
bağlı xatirələrim də yaddaşımda çox
işıqlı izlər buraxıb. Həmin xatirələr
canlanda içimdə xüsusi bir ovqat yaranır. Mayın 10-u
onun doğum günü idi və ailə olaraq həmin
günü adətən bir yerə
yığışardıq. Ailənin gənclərinə
dayımın xüsusi diqqəti vardı. Ayrılıqda
hamımızla hal-əhval tutar, dərslərimizlə
maraqlanar, seçəcəyimiz peşə haqqında fikirlərimizi
soruşardı. Belə yığıncaqların birində məndən
gələcəyim haqqında nə kimi planlarım var deyə
soruşanda, mən dərhal cavab verdim ki, moda ilə məşğul
olacağam. Bəlkə də bu fikir ona bir qədər təəccüblü
gəlmişdi deyə, təkrarən məndən soruşdu
- moda ilə? Bir qədər pauzadan sonra dedi ki, moda çox
maraqlı sahədir, mən sənə uğurlar arzu edirəm.
Ümumiyyətlə, Ulu öndər söhbətinin sonunda həmişə
bu ifadəni işlədərdi: "Sizə uğurlar arzu
edirəm". Bunu eşidəndə özlüyümdə o
qədər sevindim ki, Heydər Əliyev kimi bir şəxsiyyət
mənə uğurlar arzuladı, hansı ki, hələ
qarşıda məni nələrin gözlədiyini bilmirdim.
Çox qayğıkeş, diqqətcil, duyğusal, dəqiq,
ciddi, yumor hissi olan bir insan kimi yaşayır xatirəmdə. Vətən,
xalq, millət onun həyatının ən başlıca
amalı idi. Güclü məntiqi, uzaqgörən siyasəti
ilə Azərbaycanı dünyaya tanıda bildi. Həqiqətən
şəninə yazılmış mahnıda deyildiyi kimi: xalq
hər zaman Heydər söyləyəcək.
- Qayıdaq yaradıcılığınıza...
Modelyerlikdən savayı, siz öz ətir kolleksiyanızı
da yaratdınız...
- Bu, beynəlxalq bir təcrübədir. Ətirlərin
böyük qismi moda brendlərinə aiddir, yəni bu,
artıq bir ənənəyə çevrilib. Görəndə
ki, artıq kolleksiyalarımla, fəaliyyətimlə
tanınıram, moda dünyasında modelyer-dizayner kimi müsbət
qarşılanıram, düşündüm ki, mənim də
brend ətrim olsun. Bu məqsədlə hərəkətə
keçdim. Amma mənim üçün bir işə
başlamağın yolu ilk növbədə onun təhsilindən
keçir, çünki peşəkar bilgi almaq
yaradıcılığımın əsas xəttidir. Ona
görə də Fransanın Qras şəhərində ətriyyatçıların
kursuna yazıldım. Dağlarda yerləşən bu qədim
şəhər tarixən parfümeriyanın mərkəzi sayılır.
Orada baza bilgiləri aldım, testlərdən keçdim və
sonda mənə diplom təqdim etdilər ki, bir parfümer kimi
fəaliyyət göstərə bilərəm. Beləcə,
yeni bir yola çıxdım və bu, daha çox mənim
biznesimdir. Baxmayaraq ki, ətir dünyasında böyük rəqabət
var, mən çəkinmədim və nəticə göstərdi
ki, uduzmadım. Ətirlərim xanımlarımız tərəfindən
bəyənilir və alınır.
- İstər modelyer-dizayner, istər parfümer kimi sənətiniz
sonunda gözəlliyə söykənir. Belə bir deyim də
var: dünyanı gözəllik xilas edəcək...
- Dostoyevskinin məşhur deyimidir. Gözəlliyin qədrini
bilən heç zaman ona xələl gəlməsini istəməz.
Bizi əhatə edən hər tərəfdə gözəllik
var. Əfsuslar olsun ki, bu gün dünyada müharibələr
də var, təbii fəlakətlər də var, insan
ölümü də var və bunu törədənlər təbii
ki, gözəlliyin qədrini bilməz. Gözəl nə
varsa, onu qorumaq və gələcək nəslə çatdırmaq lazımdır. Biz
otuz il ərzində qonşu
adlandırdıqlarımızın Qarabağın gözəlliyini
necə talan və məhv etdiyini gördük. Bir ömür
lazımdır ki, onlar yenidən bərpa olunsun. Təbii ki,
biz bunu edəcəyik. Gözəllik dünyanı o zaman xilas
edəcək ki, bəşəriyyət gözəlliyi qoruya
biləcək.
SÖZARDI: Bu gün dəb
və gözəllikdən danışdıq. Gözəllik
səsli-küylü olmur. O, sakit və özünə
arxayındır. Dəb isə cəsarət tələb edir
- dəyişmək, yenilənmək, özünü yenidən
kəşf etmək cəsarəti. Səssiz gözəlliyin
içində cəsarətli olmağı bacaraq.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2026.- 6 mart (¹9).- S.12-13;14.