İran malları
bahalaşacaqmı?
"İranda baş verənlər Azərbaycanda
satılan İran mallarının qiymətlərinə təsir
göstərə bilər. Sərhədlərin müvəqqəti
bağlanması, gömrük nəzarətinin sərtləşməsi
və yol təhlükəsizliyi ilə bağlı problemlər
daşınmanı çətinləşdirə bilər. Bu
isə məhsulların bazara daha gec və daha yüksək
qiymətə çatmasına gətirib çıxarır.
Xüsusilə tez xarab olan məhsullar, məsələn, meyvə
və tərəvəzlərdə gecikmə əlavə
itkilər yaradır və satıcılar bu riski qiymətə
daxil edirlər".
Bu fikirləri iqtisadçı ekspert Akif Nəsirli
deyib. O bildirib ki, müharibə zamanı İranın milli
valyutasında kəskin dəyişikliklər və bank əməliyyatlarında
məhdudiyyətlər yarana bilər. Ödənişlərin
çətinləşməsi idxalçıların xərclərini
artırır ki, bu da son nəticədə pərakəndə
satış qiymətlərinə təsir edir:
"Üçüncü amil təklifin azalmasıdır.
Əgər istehsal bölgələrində təhlükəsizlik
problemi yaranarsa və ya ixrac məhdudlaşdırılarsa, Azərbaycana
gələn məhsul həcmi azalar. Tələb sabit
qaldığı halda təklifin azalması qiymətlərin
yüksəlməsinə səbəb olur. Azərbaycan alternativ
bazarlardan, məsələn, digər qonşu ölkələrdən
idxalı artıra bilər. Lakin yeni təchizat zənciri
qurulana qədər keçid dövründə qiymətlərdə
artım və bazarda müvəqqəti
çatışmazlıq müşahidə oluna bilər. Belə
bir müharibə ssenarisi qısa və orta müddətdə
İran mənşəli meyvə və tərəvəzlərin
qiymətinin artması ehtimalını yüksəldir. Uzun
müddətdə isə bazar yeni şərtlərə
uyğunlaşdıqca qiymətlər sabitləşə bilər,
lakin bu, müharibənin miqyasından və davametmə
müddətindən asılı olacaq".
İqtisadçı ekspert Natiq Cəfərli deyib ki,
Azərbaycanla İran arasında ticarət dövriyyəsi təqribən
600 milyon dollar civarındadır. Azərbaycan İrandan bir
sıra məhsullar, əsasən də quru meyvə, ədviyyatlar
alır: "Hələlik İrandan gələn məhsullarla
bağlı ciddi problem müşahidə etmirik, çünki
gərginlik hələ ticarət münasibətlərinə
təsir göstərməyib. Logistika işləyir, mal və
xidmətlər gəlir. İrandan Azərbaycana əsasən
kənd təsərrüfatı, ərzaq məhsulları,
tikinti materialları və məişət kimyası məhsulları
idxal olunur. Son statistikaya görə, kərə
yağının Azərbaycana ixracında İran birinci yerdədir.
Lakin müharibə qlobal miqyas alarsa, İrandan gələn məhsullarda
da problemlər yarana bilər".
İqtisadçı ekspert Razi Abasbəyli
vurğulayıb ki, son bir il ərzində Azərbaycan və
İran arasında ticarət dövriyyəsi təxminən 30
faiz artaraq 480 milyon dollardan 660 milyon dollara yüksəlib.
2025-ci ilin sonlarına qədər bu artım yüksələn
xətlə davam edib. Azərbaycan-İran ticarət münasibətlərində
idxal üstünlük təşkil edir. Belə ki, Azərbaycan
2025-ci ildə İrana cəmi 14 milyon dollarlıq mal ixrac
etdiyi halda, İrandan 640 milyon dollardan çox ərzaq və
tikinti məhsulları idxal edib. Bu da ticarət balansında
İranın xeyrinə ciddi fərqin olduğunu göstərir.
İdxalın yüksək paya malik olması səbəbindən
İranda baş verən proseslər Azərbaycan daxili
bazarına ciddi təsir göstərə bilər. Xüsusilə
İrandan məhsul idxal edən iri şirkətlərin xərclərinin
artması gözləniləndir. 25 faizlik əlavə
rüsumlar və İranda yerli valyutanın dəyər itirməsi
nəticə etibarilə İrandan Azərbaycana idxal olunan məhsulların
həcminin müəyyən qədər azalmasına səbəb
ola bilər. Bu azalma isə bazarda qiymət artımı şəklində
özünü göstərəcək.
Ekspert bildirib ki, hazırda İran məhsullarının
Azərbaycan daxili bazarındakı payı ÜDM-in təxminən
7 faizini təşkil edir: "Bu rəqəm böyük
olmasa da, İranın Azərbaycanla qonşu olması,
daşınma xərclərinin nisbətən
azlığı və milli valyutanın ucuzluğu
idxalçılar üçün əlavə
üstünlük yaradırdı. Bu amillər hesabına daha
ucuz məhsulların ölkəyə gətirilməsi
mümkün olurdu. Lakin bu 7 faizlik payın azalması bazarda
müəyyən bahalaşmaya səbəb ola bilər.
Xüsusilə ərzaq, qənnadı və tikinti məhsulları
üzrə qiymət artımının daha çox hiss edilməsi
mümkündür".
S.QARAYEVA
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.10.