Gömrük bağlamalarının
bəyan edilməsində yeni qaydalar
Yeni sistem nələri dəyişəcək?
Məlum olduğu kimi, iyun ayından etibarən
gömrük bağlamalarının bəyan edilməsi yeni
qaydalarla həyata keçiriləcək. Dövlət
Gömrük Komitəsi "Smart Customs" saytı və
mobil tətbiqindən istifadə edən vətəndaşlara
müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən
məhsul sifarişi edən şəxslər elektron ticarət
bəyannamələrini artıq identifikasiya nömrəsi
(FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.
Yeni qərara əsasən, bu xidmətdən yalnız
ASAN İmza, SİMA və ya myGov/QR vasitəsilə istifadə
etmək mümkün olacaq. Daşıyıcı şirkətlərin
əməkdaşlarının sözlərinə görə,
hazırda tətbiq olunan təsdiqləmə prosesi - yəni
FİN kod və parol vasitəsilə aparılan bəyannamə
- gücləndirilmiş identifikasiya hesab edilmir.
İqtisadçıların fikrincə, bu dəyişiklik
gömrük və vergi sistemində nəzarətin gücləndirilməsi
məqsədi daşıyır.
İqtisadçı ekspert Natiq Cəfərli bildirib
ki, belə qərarlar xaricdən mal alınmasını
çətinləşdirən faktorlardandır: "ASAN
İmza və yaxud da SİMA-nı telefona yükləmək o
qədər də çətin deyil. Amma yaşlı insanlar
var ki, bundan istifadə etməkdə çətinlik çəkə
bilərlər. Əvvəllər daha rahat idi. Bunu çətinləşdirirlərsə,
deməli, xaricdən sifarişlərin azaldılması
yönündə addımların atılmasını
düşünürlər. Bu da ölkədən valyuta
çıxışını zəiflətməyə
yönəlmiş addımlardır ki, daha az valyuta ölkədən
çıxsın. Amma nəzərə almaq lazımdır
ki, bu tələb yerindəcə qalır. Xaricdən niyə
insanlar mal alır? Çünki daha ucuz başa gəlir. Yerli
pərakəndə satış mağazalarında məhsullar
daha bahadır. Ona görə də insanlar xaricə üz
tuturlar və problemin kökü oradadır. Amma Azərbaycanda
rəsmi orqanlar müəyyən çətinlik yaratmaqla bu
problemi həll edəcəyini düşünürlərsə,
yanılırlar. Bu problemin köklü həlli
başqadır. Yerli istehsal artırılmalı, yerli pərakəndə
satışın onlayn ticarətlə rəqabətə davam
gətirməsi üçün daha çevik
davranmalıdırlar və s. Ona görə də bu qərar
müəyyən çətinliklər yaradacaq, amma
insanlarımız belə məsələlərə də
tez öyrəşirlər. İndi kimsə bacarmasa, qohumu,
tanışı, övladı vasitəsilə belə tətbiqlərdən
istifadə etməyi öyrənəcək".
İqtisadçı millət vəkili Vüqar
Bayramovun sözlərinə görə, gömrük
bağlamalarının bəyan edilməsinin yeni qaydalarla həyata
keçirilməsində əsas məqsəd ödənişlərdə
şəffaflığı təmin etmək və vəsaitlərin
hərəkətini izləməkdir: "Söhbət, təbii
ki, Dövlət Gömrük Komitəsinə və dövlət
büdcəsinə yönəlik ödənişlərdən
gedir. Prinsipcə, vəsaitin hansı mənbədən ödənilməsinin
fiskal baxımdan ciddi fərqi olmaya bilər. Lakin şəffaflıq
və çirkli pulların yuyulmasına qarşı
mübarizə baxımından bu ödənişlərin
birbaşa məsul və ya öhdəlik daşıyan şəxs
tərəfindən həyata keçirilməsi olduqca
vacibdir".
Millət vəkili qeyd edib ki, bu yanaşma Avropa
İttifaqı da daxil olmaqla, bir sıra inkişaf etmiş
ölkələrdə artıq tətbiq olunur: "Yeni sistem
ödəniş prosesini daha izlənilə bilən edir, şəffaflığı
artırır və çirkli pulların yuyulmasına
qarşı mübarizədə effektiv alətə
çevrilir. Vətəndaşlar üçün bu, sadəcə
texniki yenilik deyil - həmçinin fiskal intizamın güclənməsi,
dövlət gəlirlərinin şəffaf şəkildə
idarə olunması və ümumilikdə daha sağlam maliyyə
mühitinin formalaşması baxımından mühüm
addımdır".
Vüqar Bayramov əlavə edib ki, dəyişikliklər
əsasən iş və xidmətlərə, xüsusilə
də qeyri-rezidentlər tərəfindən təqdim olunan iri
məbləğli rəqəmsal xidmətlərə şamil
ediləcək. Bu səbəbdən onlayn platformalarda
satılan fiziki məhsulların qiymətində birbaşa artım
gözlənilmir. Əsas təsir daha böyük məbləğdə
olan və xarici şirkətlər tərəfindən
göstərilən xidmətlərin xərcində
özünü göstərə bilər. Bu isə həmin
xidmətlərin uçotunun aparılması və rəsmiləşdirilməsi
ilə bağlıdır. Bu addım həm iqtisadi, həm də
fiskal xarakter daşıyır. Çünki əvvəlki
qaydalara əsasən dövlət büdcəsi həmin fəaliyyətlərdən
tam həcmdə gəlir əldə edə bilmirdi".
İqtisadçı-ekspert Asif İbrahimovun dediyinə
görə, qanuna təklif olunan dəyişiklik limitlər
ödənilmədiyi halda yaranan məsuliyyət məsələlərini
tənzimləməyi nəzərdə tutur: "Bu məsələ
fiziki şəxslərin şəxsi istifadə
üçün, yəni kommersiya məqsədilə gətirmədiyi
mallara şamil olunur. Bildiyiniz kimi, daha əvvəl bu istiqamətdə
müəyyən limitlər təyin olunmuşdu. Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən, həmin limit
çərçivəsində mallar gömrük
rüsumundan azad edilirdi. Hazırda isə qanuna təklif olunan
dəyişiklik həmin limitlər ödənilmədiyi halda
yaranan məsuliyyət məsələlərini tənzimləməyi
nəzərdə tutur. Yəni bu halda fiziki şəxs zəmanət
təqdim etməli, bank təminatı göstərməli və
digər mexanizmlərlə öhdəliklərini təsdiqləməlidir.
Bu yanaşma beynəlxalq təcrübəyə
uyğunlaşdırılmış addım kimi qiymətləndirilə
bilər və dünyanın bir çox ölkəsində tətbiq
olunur".
Yeni qaydalar gömrük öhdəliklərinin təmin
olunmasında alternativ alətlərin tətbiqini mümkün
edir və bu da vətəndaşlar üçün maliyyə
çevikliyi yaradır. Eyni zamanda, ödənişlərin
üçüncü şəxslər tərəfindən həyata
keçirilməsi hüquqi plüralizmə şərait
yaradır və sosial dəstək sisteminin hüquqi təzahürü
kimi çıxış edir. Bundan əlavə, gömrük
idarələrinin fəaliyyətində risk əsaslı
yanaşmanın tətbiqi sayəsində vətəndaşlara
qarşı əsassız nəzarət və müdaxilələrin
qarşısı alınır. Bu isə həm şəffaflığın
artırılmasına, həm də vətəndaş məmnuniyyətinin
yüksəlməsinə xidmət edir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.10.