İranın nankorluğu
"Hesab edirəm ki, cənubda yaşayan
soydaşlarımız da bu məsələlərə biganə
qalmayacaqlar"
İranın molla rejimi dünən Azərbaycan ərazisini
hədəfə almaqla bir daha əsl mahiyyətini
nümayiş etdirdi. Belə ki, bir dron Naxçıvan Muxtar
Respublikasının Hava Limanının terminal binasına, digər
bir dron isə Şəkərabad kəndində məktəb
binasının yaxınlığına düşüb. 4 nəfər
yaralı var. Rəsmi Bakı bu hadisəyə sərt reaksiya
verərək, İran səfirini XİN-ə
çağırıb, İrana etiraz notası təqdim edib.
Azərbaycan dəfələrlə ən yüksək
səviyyədə bəyan edib ki, İrana qarşı hərbi
əməliyyatlarda öz ərazisindən istifadəyə
heç bir halda icazə verməyəcək. Eyni zamanda,
ABŞ-İsrail-İran münaqişəsinin sülh, dialoq
yolu ilə həllinə çağırış edib.
Ölkəmiz İranla münasibətdə hər zaman
qonşuluq prinsiplərini, tarixi ənənələri
üstün tutub. Prezident İlham Əliyev martın 4-də
İranın Azərbaycandakı səfirliyində olub,
başsağlığı verib.
Həmçinin xarici işlər naziri Ceyhun Bayramov
iranlı həmkarı Abbas Əraqçi ilə telefon
danışığı zamanı hər hansı bir ölkə
tərəfindən Azərbaycan ərazisinin qonşu və
dost İrana qarşı istifadə edilməsinin mümkün
olmadığını bir daha bəyan edib.
İran rejimi isə öz addımları ilə nankor
olduğunu, Azərbaycana qarşı illərdir davam etdirdiyi
düşmənçilik siyasətindən əl çəkmədiyini
bir daha göstərmiş oldu. Hansı ki, 44 günlük Vətən
müharibəsində, ondan sonrakı günlərdə buna hər
kəs şahid oldu. İran Ermənistanın yanında yer
alaraq, işğalçı tərəfə hər cür dəstək
və yardım göstərdi. Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etməsini
heç cür həzm edə bilmirdi.
Molla rejimi illərdir ki, Cənubi Azərbaycanda
yaşayan soydaşlarımıza qənim kəsilib, onları
bütün hüquqlardan məhrim edib, daim təzyiq
altında saxlayıb, azərbaycanlı fəallar təqib
olunub, cəzalandırılır. Baş verənlər onu
göstərir ki, özünü müsəlman, islam dövləti
adlandıran İranın əslində müsəlmançılıqdan,
islamdan xəbəri yoxdur. Bir gün əvvəl Türkiyəni,
ardınca Azərbaycanı hədəf seçən rejimin məqsədi
bütün regionu qana batırmaq, müharibəyə cəlb
etməkdir. Bu, bir daha onu göstərir ki, İran rejiminin
terrorçu mahiyyətinin dəyişməsi mümkün
deyil. Rəsmi Bakının bəyan etdiyi kimi, İranın bu
addımı cavabsız qalmayacaq.
Milli Məclisin deputatı Arzuxan Əlizadə
mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan
hər zaman bütün qonşu dövlətlərlə bərabərhüquqlu
dostluq və əməkdaşlıq münasibətlərində
maraqlı olub. İran da bu məsələdə istisna deyil:
"Baxmayaraq ki, İrandakı mövcud rejim 30 il ərzində
Azərbaycan torpaqları işğal altında olduğu
dövrdə ölkəmizə qarşı düşmən
mövqeyi sərgiləyib, işğalçı Ermənistana
dəstək olub. İşğal müddətində 65 məscid,
dini abidələrimiz dağıdılıb, təhqir edilib,
buna rəğmən özünü islam dövləti
adlandıran bu rejim faktiki olaraq islam dininə qənim kəsilib.
İslam dininə qənim kəsilənlərə dəstək
verib, bununla da islam dininə xidmət etmədiyini bir daha
nümayiş etdirib. İndi də bu riyakar addımı
atmaqla təbii ki, növbəti dəfə öz iç
üzünü göstərdi. Biz mütəmadi olaraq cənublu
soydaşlarımızın hüquqlarının pozulması
ilə bağlı məsələləri gündəmə
gətirməyə çalışmışıq, ancaq eyni
zamanda da İranla normal münasibətlərin
formalaşmasında maraqlı olduğumuzu qeyd etmişik. Təəssüflər
olsun ki, qarşı tərəfdən illər boyu sərgilənmiş
düşmən mövqeyi bu gün növbəti dəfə
öz təsdiqini tapmış oldu".
Deputat söyləyib ki, Azərbaycanın
Naxçıvan ərazisinə alçaqcasına hücum
edilib, bu, heç bir halda cavabsız qala bilməz: "Bu, əslində
molla rejiminin sonu, süqutu deməkdir. Sonları
yaxınlaşdıqca bir qədər də aqoniya vəziyyətinə
düşürlər. Azərbaycanın sərgilədiyi
mövqeyə baxmayaraq, belə riyakar mövqe təbii ki, bizim
də adekvat addımlar atmağımızı özündə
ehtiva edir. Hesab edirəm ki, cənubda yaşayan
soydaşlarımız da bu məsələlərə biganə
qalmayacaqlar. Orda yaşayan soydaşlarımızın
haqqı, hüququ bərpa edilməklə İranda yeni bir
dönəmin başlayacağını
proqnozlaşdırıram və bu, mütləq mənada
olmalıdır. Çünki bu cür riyakar qonşularla
yanaşı yaşamaq bütövlükdə region
üçün böyük təhlükədir, Azərbaycan
üçün də böyük təhlükədir. Bu
rejim tezliklə getməlidir. İranda normal bir dövlət
quruculuğu həyata keçirilməlidir ki, orda yaşayan
soydaşlarımız da öz dövlətçilik ənənələrini
bərpa etmiş olsunlar".
A.Əlizadə hesab edir ki, İranın Azərbaycana,
Türkiyəyə qarşı sərgilədiyi mövqe
heç də təsadüfi deyil: "Bunlar bilərəkdən
atılan addımlardır. Söhbət həm Türkiyəyə
raket atılmasından, həm Azərbaycan ərazisinin dronla
vurulmasından gedir. Bu təxribatlar birmənalı olaraq əvvəlcədən
planlaşdırılıb. Onlar müharibənin
bütövlükdə regionu əhatə etməsini istəyirlər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd etdi ki,
İran özü ilə bərabər bütün regionu
bataqlığa sürümək istəyir. Təbii ki, bununla
bağlı kifayət qədər məlumat var, ona görə
də nazir məsələyə bu formada münasibət
bildirdi. Yəni molla rejimi Azərbaycanı da, Türkiyəni
də, digər region dövlətlərini də prosesə
qoşaraq müharibənin coğrafiyasını genişləndirməklə
özünün mövcudluğunu hansısa formada qoruyub
saxlamağı hədəfləyir. Bu da mümkün olan məsələ
deyil. Onsuz da region ölkələrinə qeyri-dost münasibət
sərgilənirdi. İran bütün qonşularına
düşmən münasibəti bəsləyib. Müharibə
başlayandan Səudiyyə Ərəbistanı, Qətər,
BƏƏ, Oman, Küveyt vurulur, baxmayaraq ki, müharibə
ABŞ və İsraillə aparılır, vurulan ölkələr
sıralamasında İsrail 5-ci yerdədir. Daha çox region
və qonşu ölkələr hədəfə
alınır. Bir gün əvvəl Türkiyənin,
ardınca Azərbaycanın hədəfə alınması
bir daha onu deməyə əsas verir ki, İranın mövcud
molla rejimi aqoniyadadır, bütövlükdə müharibənin
arealını genişləndirməklə özünün
mövcudluğunu hansısa formada qoruyub saxlamağı hədəfləyir.
Amma bu, mümkün deyil. Bu, əslində molla rejiminin daha tez
süquta uğrayacağını deməyə əsas verən ciddi amildir".
Politoloq Şəbnəm Həsənova isə
"525"ə deyib ki, Azərbaycan illər ərzində dəfələrlə
və açıq şəkildə bildirib ki, öz ərazisindən
İrana qarşı hücum məqsədi ilə istifadəyə
icazə verməyəcək. Müharibə başlayan kimi Azərbaycan
öz ərazisindən müxtəlif dövlətlərin vətəndaşlarının
təhlükəsiz keçidini təmin etdi. Prezident İlham
Əliyev İrana başsağlığı verdi".
O bildirib ki, müharibə başlar-başlamaz, biz yenə
eyni yanaşmanı ortaya qoyduq ki, heç bir halda ərazimizdən
İrana qarşı hücum olmayacaq: "Habelə, hava məkanımızı
ABŞ və İsrail üçün
bağlamışıq. Lakin bu gün İranın
atdığı addımlar göstərir ki, o, müharibənin
ərazisini genişləndirməyə
çalışır, bununla da Azərbaycanı da proseslərə
qoşmaq istəyir. Bu, son dərəcə səhv bir
addımdır.
Dövlət başçımız dəfələrlə
bildirib ki, hər bir dövlət sərhədləri boyu təhlükəsizlik
haqqında düşünməli və bu istiqamətdə qərarlar
alarkən ciddi şəkildə götür-qoy edib,
düşünülmüş addımlar atmalıdır.
İranın Naxçıvana dron zərbəsi endirməsi
yanlış bir addımdır. Bu, proseslərə Azərbaycanı
da qatmaq cəhdidir və bütövlükdə Azərbaycana
arxadan vurulan zərbədir. İran nankorluq etdi. Müharibədə
bu və ya digər proseslər ola bilər, lakin alınan qərarlar
və xüsusilə də endirilən zərbələr
zamanı heç bir halda bu kimi hücumlara, xüsusilə də
Azərbaycanın sərgiləmiş olduğu yanaşma,
atdığı addımlar müqabilində belə
hücumlara yer yoxdur".
Pərvanə
525-ci qəzet .- 2026.- 6 mart (№9).- S.5.