"Ailə institutumuzu mənfi təsirlərdən
qorumalıyıq"
"AZƏRBAYCAN AİLƏSİ DÜNYADA ƏN
YAXŞI AİLƏ MODELLƏRİNDƏN HESAB OLUNUR"
Azərbaycan cəmiyyətində ailə həmişə
ən müqəddəs və əsas sosial institutlardan biri
hesab olunub. Tarix boyu formalaşmış milli-mənəvi dəyərlər,
adət-ənənələr və mədəni xüsusiyyətlər
ailə institutunun güclü olmasına böyük təsir
göstərmişdir. Azərbaycan xalqı üçün
ailə yalnız qan qohumluğu deyil, həm də
qarşılıqlı hörmət, sevgi, məsuliyyət və
mənəvi bağlılıq deməkdir. Bu dəyərlər
nəsildən-nəslə ötürülərək cəmiyyətin
möhkəmliyini və sabitliyini təmin edir.
Azərbaycan cəmiyyətində ailə insanın tərbiyə
aldığı ilk və ən mühüm mühitdir.
Uşaq dünyaya göz açdığı andan etibarən
ailədə milli dəyərlərlə tanış olur,
böyüklərə hörmət, kiçiklərə
qayğı, qonaqpərvərlik və birlik kimi keyfiyyətləri
mənimsəyir. Bu səbəbdən ailə yalnız sosial
qurum deyil, həm də mənəvi məktəb kimi qəbul
olunur.
Ənənəvi Azərbaycan ailəsində valideynlər
uşaqların həm fiziki, həm də mənəvi
inkişafına böyük diqqət yetirirlər.
Uşaqların tərbiyəsində ata və ananın rolu
xüsusi əhəmiyyət daşıyır. Ata ailənin
dayağı və məsuliyyət daşıyan şəxs
kimi qəbul edilir, ana isə ailənin mənəvi mərkəzi,
sevgi və qayğı mənbəyi sayılır. Azərbaycan
ailə dəyərlərinin əsas xüsusiyyətlərindən
biri böyüklərə hörmət ənənəsidir.
Yaşlı ailə üzvləri təcrübə və hikmət
mənbəyi kimi qiymətləndirilir. Onların məsləhəti,
həyat təcrübəsi və tövsiyələri ailə
qərarlarının qəbulunda mühüm rol oynayır. Nənə
və babalar da ailə həyatında xüsusi yer tutur. Onlar
yalnız nəvələrinə sevgi göstərmir, həm
də milli adət-ənənələrin qorunmasına və
ötürülməsinə töhfə verirlər. Bu səbəbdən
Azərbaycanda çox vaxt bir neçə nəsil eyni ailə
mühitində sıx əlaqəli yaşayır.
Azərbaycan xalqı qonaqpərvərliyi ilə
dünyada tanınır. Ailə dəyərlərinin
mühüm tərkib hissələrindən biri də
qonağa xüsusi hörmət və diqqət göstərməkdir.
Qonaq evə gələndə ona ən yaxşı yeməklərin
təqdim olunması, səmimi münasibət göstərilməsi
və ehtiramla qarşılanması ənənəvi dəyər
kimi qəbul olunur. Qohumluq əlaqələri də Azərbaycan
ailə modelində çox güclüdür. Toy, nişan,
ad günü və digər ailə mərasimləri
qohumları və dostları bir araya gətirərək sosial
bağları möhkəmləndirir.
Azərbaycan ailə mədəniyyətində
müxtəlif mərasimlər mühüm yer tutur. Toy mərasimləri,
nişan mərasimləri, körpənin dünyaya gəlməsi
ilə bağlı keçirilən tədbirlər və digər
ailə şənlikləri həm ailə birliyini gücləndirir,
həm də milli ənənələrin yaşamasına xidmət
edir. Toylar xüsusilə böyük əhəmiyyət
daşıyır və ailələrin birləşməsinin
rəmzi hesab olunur. Bu mərasimlərdə milli musiqi, rəqslər
və ənənəvi yeməklər Azərbaycan mədəniyyətinin
zənginliyini nümayiş etdirir. Qloballaşma və sosial dəyişikliklərə
baxmayaraq, Azərbaycanda ailə dəyərləri hələ
də güclü şəkildə qorunur. Müasir gənclər
təhsil və karyera imkanlarını inkişaf etdirərkən,
eyni zamanda ailə bağlarını və ənənələri
də davam etdirməyə çalışırlar. Bu gün
ailələrdə qarşılıqlı anlayış, bərabərlik
və əməkdaşlıq daha çox ön plana
çıxır. Valideynlər uşaqların təhsilinə,
şəxsi inkişafına və gələcək həyatına
böyük diqqət ayırırlar.
Nəticə etibarilə, Azərbaycanın ailə dəyərləri
xalqın milli kimliyinin mühüm tərkib hissəsidir.
Sevgi, hörmət, birlik, qonaqpərvərlik və ənənələrə
bağlılıq bu dəyərlərin əsasını təşkil
edir. Bu xüsusiyyətlər sayəsində ailə institutu
Azərbaycan cəmiyyətində bu gün də güclü
mövqeyini qoruyur və gələcək nəsillərin
formalaşmasında mühüm rol oynayır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, ailə
bizim varlığımızı hədəfə alan qlobal
hücumlara qarşı qorunmalı olan ən müqəddəs
ictimai strukturdur. Bütün alternativlərə qarşı
hörmət, sevgi, anlayış kimi ən gözəl
davranışların sərgiləndiyi ailə nümunələrinin,
obrazlarının ictimailəşdirməsi, qalib Azərbaycan
ailələrinin kütləvi təbliği, bizi zirvələrə
ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə
tərbiyəsinin, mühitinin və təliminin
ideallaşdırılması mühüm milli vəzifədir:
"Möhkəm təməllərlə qurulan ailələr
bir qayda olaraq dövlətin güclü əsası rolunu
oynayır. Ailə institutumuzu lokal və qlobal xarakterli mənfi
təsirlərdən qorumalıyıq. Dünyada
inkişafın və tənəzzülün səbəbi
insan amili ilə bağlıdır. Bütün bunların
faydası və ziyanları da insana birbaşa təsir edir.
Demokratik dövlətlərin formalaşdırdığı
modellər ailəni dünyanın regional və qlobal təsirlərindən
qorumalıdır. Biz də bu yöndə inkişaf edən
ailə modelləri üzərində işləməliyik ki,
dəyişən dünyanın problemlərinin təsirini
minimuma endirmək mümkün olsun".
Ailədə əxlaqi dəyərlərin təbliği
də böyük əhəmiyyət daşıyır. Belə
ki, ata-ananın davranışı birbaşa uşağa təsir
edir. Bu gün dünyanın istənilən yerində
övladların təlim-tərbiyəsinə təsir göstərən
başlıca amil ailə daxili münasibətlərdir,
fikrimizi daha dəqiq ifadə etsək, ailə böyüklərinin,
valideynlərin bir-birləri ilə qurduğu təməl əlaqələrdir.
Mütəxəssislərin fikrincə, səmimi, intellektli ailədə
böyüyən hər bir uşaq, gələcəkdə hər
bir sahədə özünü doğrulda bilir. Bu baxımdan
ailə böyükləri, ələlxüsus da valideynlər
kiçik dövlət hesab etdiyimiz ailədə nümunəvi
mədəniyyət formalaşdırmaqla ideal ailə dəyəri
yaratmış olar. Övladlarına düzgün tərbiyə
verməli, qeyri-əxlaqi davranışların düzgün
olmadığını onlara başa salmalı, ailə
daxilində paxıllığı, riyakarlığı, yalan
danışmaq və pis vərdişlərdən uzaq
tutmağı bacarmalıdırlar. Hər bir valideyn öz
davranışları ilə bunu övladlarına
aşılamalıdır.
Millət vəkili Hicran Hüseynovanın fikrincə,
tarixən ailə xalqımızın yüksək mənəvi
dəyərlərinin qoruyucusu, genofondumuzun
daşıyıcısı kimi milli inkişafımızda
mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi
köklərinə, mənəvi dəyərlərinə
bağlılığı böyük amildir. Bu qiymətli sərvət
yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın
mütərəqqi mənəvi dəyərlərindən
istifadə edilməklə zənginləşdirilir. Buna
görə də hazırda Azərbaycan ailəsi dünyada ən
yaxşı ailə modellərindən hesab olunur.
Hər bir azərbaycanlının xüsusi önəm
verdiyi həyat həqiqətlərindən biri də ailədir.
Azərbaycanlı psixologiyasında ailə faktoru digər
xalqlarla müqayisədə daha dərin və
uzunömürlüdür. Yəni ailə üzvləri
böyüdükcə, digər millətlərdən fərqli
olaraq, fərdlər ailədən uzaqlaşmır, əksinə,
daim əlaqələrini genişləndirir. Həmçinin
ailədə hər bir fərdin öz yeri və üzərinə
düşən öhdəlikləri vardır. Azərbaycanlı
psixologiyasında ailə müqəddəsdir; o, gücü,
birliyi, iradəni təmsil edir ki, milli dəyərlərimizin
təhlili zamanı məhz bu keyfiyyətlərlə
rastlaşırıq. Başqa sözlə, Azərbaycan ailəsinin
dəyər verdiyi keyfiyyətlər zaman keçdikcə əhatələnmiş,
qanuniləşmiş və bugünkü milli dəyərlərimizi
meydana gətirmişdir. Milli dəyərlərimizi ailə fərdlərinin
ayrı-ayrılıqda Azərbaycan ailəsindəki yerini və
vəzifələrini qısa şərh etməklə belə
səciyyələndirə bilərik. Ata, ilk növbədə,
ailədaxili qanunları tənzimləyən və ailəni həyatın
müxtəlif çətinliklərindən qorumaqla idarə
edə bilən şəxsdir. O, öz ədaləti və
iradəsi ilə ailədə böyüməkdə olan
övladları, xüsusilə oğul üçün
nümunəvi olan və onun gələcək həyatında
meyar rolunu oynaya bilən Azərbaycan kişisi, ana isə
namuslu qadın, ləyaqətli həyat yoldaşı,
qayğıkeş, mərhəmətli ana, xanım-xatın,
ailəcanlı, ismətli, yeri gələndə mərd və
döyüşkən olmağı bacaran Azərbaycan
xanımıdır. Ailənin digər üzvləri olan
övladlar isə ata-ananın sözündən
çıxmamaq, onların haqqını ömrün vəfası
bitənə qədər uca tutmaq, ailə dəyərlərinə
qarşı gəlməmək, nəticə etibarilə
valideynlərinin fəxrinə çevrilməklə əsl azərbaycanlı
ailəsini təşkil edirlər ki, bu nüanslar Azərbaycan
xalqının milli dəyərlərində geniş şəkildə
və ümumxalq formatında yaşamaqdadır. Böyüyə
hörmət, böyüklük göstərmək və onu
qorumaq kimi ailədə təlqin və tələb olunan
yüksək keyfiyyətlərin Azərbaycan xalqında
özünəməxsus şəkildə ifadə olunması
da milli dəyərlərimizin əsas prinsiplərindəndir.
Sosioloq Üzeyir Şəfiyev bildirib ki, hər bir
xalqın özünəməxsus, milli, mənəvi, əxlaqi
dəyərləri var: "Biz çalışmalıyıq
ki, ailələrimizdə bağçalarda, orta məktəblərdə,
ali məktəblərdə bu dəyərləri gənclərimizə
sevdirə bilək, aşılaya bilək. Ancaq bunu məcbur
etmək yolu ilə yox, sevdirməyi bacarmalıyıq.
Uşaqlarımızı bu ruhda tərbiyə etməliyik.
Eyni zamanda, bununla bağlı çalışmalıyıq
ki, efirlərdə, sosial mediada dəyərlərimizi məqsədli
şəkildə gözdən salan paylaşımlar,
verilişlər olmasın. Çünki məqsədli şəkildə
bu işlə məşğul olan xarici qüvvələr
var. Biz çalışmalıyıq, ayıq olaq ki, belə
qüvvələr bizim cəmiyyətimizin mənəvi əsaslarını
sarıtmasın. Uşaq və yeniyetmələrə, gənclərə
mənəvi, əxlaqi dəyərləri aşılayaq və
nəsillərin sosial varisliyini təmin edək, nəsillərarası
qarşıdurmadan çəkinək. Çünki bizim
çox böyük uğurları olan gəncliyimiz var. Eyni
zamanda orta və yaşlı nəslimiz kifayət qədər
keyfiyyətli, böyük uğur hekayələri olan nəsildir
və bizim xalqımız dəyərli xalqdır. Yəni bu
tarixi faktlarla sübut olunaraq gəldiyim qənaəti qeyd edim
ki, tarixdə birinci dəfə qlobal miqyasda ilin xalqı
adını almışıq. Bu bizim milli mənəvi, əxlaqi
dəyərlərimiz sayəsində
qazandığımız uğurdur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.31.