Qərblə Şərq əks
qütblər olmamalıdır
(Əvvəli ötən cümə sayımızda)
Şərqlilər kənd təsərrüfatı
istehsalında böyük nailiyyətlərə imza
atmışdılar. Axı onlar ilk dəfə olaraq qida təminatında
təbii məhsulu yığmaqdan və ovlamaqdan, bitkiləri
becərməklə və heyvanları əhliləşdirməklə
daha təminatlı ərzaq istehsalı sisteminə
keçmişdilər, suvarma yolu ilə quraqlıq ərazilərdə
onlar nisbətən bol məhsul yetişdirməyə nail
olmuşdular. Əgər şərqlilərin bu icadları
olmasaydı, avropalılar uzun müddət belə
axtarışlar labirintindən çıxmağı
bacarmayacaqdılar.
Herodota görə, Nilin hədiyyəsi hesab edilən
Misir, bu çaydan həm suvarma, həm də əkin
torpaqlarının münbitləşməsi üçün
istifadə edirdi. Axı Nilin suyu əhalinin ilk çörəyi
olan xurmanın məhsul verməsində də böyük rol
oynamışdı. Bir məsələni qeyd etsək, kənd
təsərrüfatı istehsalındakı irəliləyişlər
həm də digər sahələrdəki inkişafa, tərəqqiyə
yol açmışdı. Əgər kəndlilərin
yaratdığı ərzaq təminatı olmasaydı,
onların özləri piramida tikintisi kimi ağır bir
işdə ilin müəyyən hissəsini necə işləyə
bilərdilər? Faraonların o dünyada həyatlarını
davam etdirmək üçün belə nəhəng tikililər
inşa edilirdi və ona gərgin əmək sərf edilirdi.
Şərqlilər həyati tələbata görə
yazını icad etmişdilər, onlar məhsulun istehsalı
uçotunu bu yolla aparırdılar. Ona görə də ilkin
yazılarda hansısa monarxın, alimin, filosofun,
yazıçının adı deyil, mühasibin imzası həkk
olunmuşdur. Avropalılar ağır və çox yer tutan
Roma rəqəmlərindən istifadə edəndə, ərəblər
hindlilərdən sıfır rəqəmi də daxil olmaqla,
onluq ədəd sistemini götürüb tətbiq etdilər.
Avropada bu sistem ərəb rəqəmləri kimi
tanındı. Əslində isə onun müəllifi hindlilər
idi. Ona görə də avropalılar tezliklə Roma rəqəmlərindən
imtina edib, daha mükəmməl ərəb rəqəmlərinə
keçdilər.
Ərəblər digər nailiyyətləri də əxz
edib, onu təkmilləşdirməklə,
özününkünə çevirməkdə müasir
yaponlara bənzəyirdilər. İngilis tarixçilərinə
görə, ərəb nağıllarının, miflərinin,
əfsanələrinin çoxunun mənşəyi hindlilərə
gedib çıxır. "Min bir gecə"
nağıllarının çoxu hind mövzularına əsaslanır.
Doğrudan da, qədim hindlilər ədəbi
yaradıcılıqda özlərinə rəqib
tanımırdılar. "Ramayana" və
"Mahabharata" eposları poeziya inciləri sayılmaqla
yanaşı, həm də böyük həcmlərə
malik idilər. Çarın şərəfinə
yazılmış "Ramayana"nın 24 min beytdən ibarət
olduğu güman edilir. Bəşəriyyət,
təkcə şahmat oyununa görə hindlilərə minnətdar
olmalıdır, çünki beyinin inkişafına şahmat
olduqca güclü təsir göstərir.
Bütün yeni yaranan sivilizasiyalar üçün
Şərq aləmi böyük mənbə və örnək
rolunu oynamışdır. Əslində Şərqin elmi
nailiyyətlərin xəzinəsi adlandırmaq olar. Onun təsiri
ilə Orta əsrlərdə elmi inkişaf daha sürətlə
davam etdirilmişdi. Riyaziyyatda Əl-Xarəzmi, tibb elmində və
praktikasında İbn Sina, ədəbiyyatda Firdovsi, Sədi,
Nizami, Ömər Xəyyam kimi dühalar bəxş edən
Şərqin, öz dahi yetirmələri ilə fəxr etmək
haqqı vardır. Əl-Xarəzmi cəbr elmini
yaratmış və onun adından
götürülmüş "alqoritm" termini indiyədək
hadisələri izah etmək vasitəsinə
çevrilmişdir.
Şərqlilər şəhər salmaqda, arxitekturada
da öz nailiyyətləri ilə seçilmişlər.
İlk şəhərlər Şumerdə
salınmışdı. II Nabuhodonosorun yenidən qurduğu və
abadlaşdırdığı Babil dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrilmişdi. Orta əsrlərdə də Şərq ənənələri
geniş yayılmış, yeni yaradılan Bağdad, Qahirə,
Səmərqənd şəhərləri öz arxitektura
inciləri ilə şöhrət qazanmışdılar.
Ərəblər VIII əsrdə işğal etdikləri
İspaniyada da əl-Əndəlüs sivilizasiyasını
yaratmaqla yanaşı, şəhər tikintisinə də
böyük diqqət vermişdilər. Kordoba şəhəri
sarayları, həcminə görə Aya-Sofiya ilə
müqayisə edilə bilən Meskida adlanan böyük məscidi,
Avropa arxitekturasını xeyli zənginləşdirmişdi.
İslam xilafəti öz imperiyasının
başlanğıcından, müsəlman ərəblər
işğal etdikləri ərazilərin mədəniyyətlərini
götürməyə, özününkünə absorbsiya
etməyə hazır olduqlarını nümayiş etdirirdilər.
Ərəblər həqiqətən də Roma
imperiyasından qalan yunan-Roma mədəniyyətinin şərikləri,
varisləri idi. Onlar buna hazır olduqda, Persiya və Bizans mədəniyyətlərini
də assimilyasiya etdilər. VIII və IX əsrlərdə
çox sayda yunan, Suriya və Persiya elmi və fəlsəfi əsərləri
ərəb dilinə tərcümə edildi. Aralıq dənizinin
cənubunda və Yaxın Şərqdə müsəlmanlar
üçün tələb olunan baş dil rolunu ərəb
dili oynamaqla, bu vaxt həqiqətən beynəlxalq bir dilə
çevrilmişdi.
Qərbi Avropa əsasən fermer yaşayış məntəqələrindən
ibarət bir kənd dünyası kimi mövcud olduqda, müsəlmanlar
parlaq şəhər mədəniyyəti yaratdılar. Bunu
yeni şəhərlər olan Bağdadda, Qahirədə, həmçinin
İspaniyadakı Əməvi xilafətinin paytaxtı olan
Kordobada görmək mümkündür. Güman ki, 100 min əhalisi
olan Kordoba Konstantinopoldan sonra Avropanın ən böyük
şəhəri idi. Şəhərin 70 ictimai kitabxanası
var idi və Xəlifənin özəl kitabxanasında olan əlyazmaların
sayı 400 minə çatırdı. Al-Hakim adlı xəlifə
(961-976-cı illər) dünyanın müxtəlif guşələrindən
kitablar toplamışdı və sonra onlar ərəb və
latın dillərinə tərcümə edilmişdi. Bunlara
coğrafiyaya dair əsərlər də daxil idi və onlar
tacirlər üçün olduqca faydalı xarakter
daşıyırdı. Həmçinin məktəblər
yaradıldı və Kordobadakı Böyük Məscid,
bütün İslam dünyasından gəlmiş alimlərin
fəaliyyət mərkəzinə çevrildi. Kordobada bu vaxt
çox sayda qadın, müəllimə və
kitabxanaçı işləyirdi.
İslam şəhərləri müəyyən
arxitektura üslublarından geniş istifadə edirdi. Bunlara
alaqapılar (tağlar), forması dəyişilmiş pəncərələr,
tikililərin xüsusi növləri daxil idi. Sonralar saraylar və
ibadət üçün məscidlər, fəvvarələri
və ayrıca həyətləri olan ictimai binalar meydana gəldi.
Şəhərləri ictimai hamamlar, bazarlar və mağazalar
şəbəkəsi bəzəyirdi. Müsəlmanlar öz
tikililərini unikal dekorativ rəsmlərlə bəzəyirdilər.
Kordobadan savayı, digər islam şəhərləri də
həmçinin çox saydakı kitabxanalara malik idi. Bağdadın
30-dan çox kitabxanası var idi, Qahirədəki kitabxana 1,1
milyon saydakı əlyazmadan ibarət idi.
Ərəb imperiyasının ilk az saydakı
yüzilliklər ərzində mövcud olan imperiyası, bu, həm
də İslam dünyası demək idi, qədim
sivilizasiyaların elmi və fəlsəfi əsərlərini
xilas edərək, yaydı. Avropada Orta Əsrlərin ilk
yarısında antik yunan filosofları tanış olmayanda,
Platonun və Aristotelin mühüm əsərləri ərəb
dilinə tərcümə edilmişdi. Onlar Bağdaddakı
"Beyt ül-hikmə" - "Müdriklər evi"
adlanan mədəni ocağın kitabxanasına qoyulmuşdu,
orada onlar oxunur və müsəlman alimləri tərəfindən
öyrənilirdi. Kitabxana Hindistandan gətirilmiş matematika mətnlərinə
malik idi və kağızdan istifadə hesabına, onların
yayılması genişlənmişdi. Kağız
istehsalı isə VIII əsrdə Çindən
götürülmüşdü və həmin əsrin
sonunda Xilafətin vəziri olan
Barmakinin səyi ilə Bağdadda kağız istehsal edən
fabriklər yaradılmışdı. Bunun arxasınca kitab
satışı və kitabxanalar meydana gəldi. Avropa
universitetləri sonralar bu elmi nailiyyətlərdən
böyük xeyir götürdülər, bu vaxt həm də
həmin əsərlər ərəb dilindən latın dilinə
tərcümə edilirdi.
İslam alimlərinin çox saydakı klassik biliklərinin
Qərbə ötürmələrinə görə layiqincə
təriflənmələrinə baxmayaraq, onlar həm də
özlərinin xeyli dərəcədə inkişafına nail
olurdular. Onların matematikanı və təbiət elmlərini
yaymağa kömək etmələrinin şəhadəti hər
yerdə hiss olunurdu. Matematika elmində, astronomiyada onların
nailiyyətlərinin siyahısı xüsusilə
böyük təsir gücünə malik idi.
Müsəlmanlar rəqəm sistemini Hindistandan
götürüb, tətbiq etmişdilər, bu sistemdə
sıfırdan da istifadə olunurdu. Avropada isə bu rəqəmlər
ərəb sistemi kimi tanınırdı. Əl-Xarəzmi
(787- 858-ci illər) IX əsrin dahi Persiya matematiki olmaqla, cəbr
elmini yaratmışdı. Müsəlman astronomları Bağdadda
əl-Məmunun qurduğu rəsədxanadan ulduzların
mövqeyini öyrənirdilər. Onlara Yerin kürə şəklində
olması və ulduzların çoxunun adı məlum idi.
Onlar həmçinin atrolabı təkmilləşdirdilər,
bu alətdən dənizçilər göy cisimlərinin
müşahidə etmək yolu ilə naviqasiya
üçün istifadə edirdilər. Sonralar astrolab adlanan
bu cihaz avropalılara Amerikalara üzmək imkanı
yaratdı.
Müsəlman alimləri həmçinin kimya elmində
çox sayda yeni kəşflər etdilər və təbiətin
tədqiqatını, elmin öyrənməsi sahəsi kimi
inkişaf etdirdilər. Bu sahədə əlkimyaçıların
böyük əməyini xüsusi ilə qeyd etmək
lazımdır. Təbabət elmində və praktikasında
daha çox məşhur olan İbn Sina (980-1037-ci illər)
idi. O, Qərbdə Avitsenna kimi tanınırdı. O, bəzi
xəstəliklərin mənşəyinin təbii tipli
olduğunu izah edən ensiklopediya yazmışdı, xəstəliklərin
həm də içməli su təchizatı ilə
yayıldığını göstərmişdi.
Avropanın mərkəzi dövlətlərinə
müsəlmanlar, macarlar və vikinqlər hücum etməklə,
onları zəiflədirdilər. Avropa bu müdaxilələrlə
mübarizə aparanda Bizans və İslam dünyaları
inkişaf etməkdə və çiçəklənməkdə
davam edirdi. X əsr Bizans sivilizasiyası üçün də
qızıl dövr hesab olunur. Müsəlman ordularını
dəf etməklə, Bizans həm də öz ərazisini
genişləndirirdi.
Xəlifələrin Əməvi sülaləsi öz
İslam imperiyasının paytaxtını ilk olaraq Dəməşqdə
qurmuşdu. Yeni Abbasi sülaləsi paytaxtı şərqə,
Bağdada köçürdü, orada Persiyanın təsiri
daha güclü idi. Yunan və Persiya elmi və fəlsəfi
yazıları ərəb dilinə tərcümə edilirdi və
müsəlmanlar bu vaxt həm də parlaq şəhər mədəniyyəti
yaratmışdılar.
Həm Bizans imperiyasının, həm də İslam
dünyasının şəhər mədəniyyətlərinin,
Avropanın inkişaf etmiş kənd dünyası ilə
kontrası diqqəti cəlb edirdi. 1000-ci ildən kənd
dünyası nəinki təkcə canlana bildi, həm də
başlanan əvvəlki nəsillər tərəfindən
genişlənən dağılma prosesi getdi. Avropa artıq nəhəng
sıçrayış etməyə
hazırlaşırdı.
Ərəb filosofları içərisində XIII əsrdə
yaşayıb, yaratmış İbn Rüşd (1126-1198-ci illər)
və mənşəcə yəhudi olan, lakin ərəb
dilində yazan Moisey Maymonid (1135-1204-cü illər) daha
çox fərqlənirdi. İbn Rüşd Avropada Averroes
kimi tanınırdı və Şərq aristotelizminin
nümayəndəsi sayılırdı. O, Andalusiyada və Mərakeşdə
yaşamış, hakim və saray həkimi kimi fəaliyyət
göstərmişdi. "İnkarın inkarı"
traktatında Qazalinin hücumlarını rədd etmişdi.
O, təhsillə əldə edilən və "rasional"
adlandırdığı dinlə, hamıya xas olan
"obrazlı - alleqorik dini" fərqləndirirdi.
Onun rasional ideyaları Orta Əsrlər fəlsəfəsinə
böyük təsir göstərdi,
Avropada averroizm elmi təlimi geniş yayıldı.
Moisey Maymonid isə Tövratda təsvir edilən
hüquqi normalarla dini birləşdirmişdi. Maymonidə
görə Bibliyadakı dini təlimlərdə ilahi həqiqət
açılırdı. Ona görə də alimlər məhz
həqiqət axtarışı ilə məşğul
olmalıdır. Onun əsas əsəri "Tərəddüd
edənlərin yol göstəricisi" kitabıdır. O,
Aristoteli, İudaizm teologiyası ilə
barışdırmağa çalışırdı. O,
Aristotelin nüfuzunu etiraf etməklə yanaşı, Allahdan
göndərilən həqiqətləri daha üstün hesab
edirdi.
Ərəblər Orta Əsrlər fəlsəfəsinə
və elminə böyük töhfələr vermişdilər,
onların xidmətini inkar etmək tarixə hörmətsizlikdən
başqa bir şey deyildir.
Şərqdə alimlər, filosoflar çox
olmuşdur. Ərəblər qədim yunan fəlsəfəsinə
vurulduqlarına görə, faylsaf adlandırdıqları bu
elmi öyrənməyə, tədqiq etməyə
böyük maraq göstərmişdilər. Onlar antik
dünyanın dahi filosofları olan Platonu və Aristoteli
çox sevdiklərindən, onları öz dillərinə
uyğun qaydada Əflatun və Ərəstun
adlandırmışlar. İndi də bu adları
daşıyan azərbaycanlılar çoxdur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.30.