"Üçüncü Bahar"
- yaşlı insanların hüzur tapdıqları məkan
"ÇALIŞIRIQ Kİ, YAŞLI İNSANLARIN
HƏYATLA BAĞI QIRILMASIN"
Baharın gəlişinə az qalıb. Artıq
üç çərşənbəni yola salsaq da,
qış hələ ki təslim olmaq istəmir.
Çiskinli, boz-bulanıq səhərin səmasından
günortaya doğru günəş boylanır, azacıq da
olsa, havanın soyuğunu hərarəti ilə isidir.
Çünki bahar təbiətin ən incə, ümid dolu nəfəsidir
və hər birimizin ömründə onun özəl yeri həmişə
var. Ömrün bahar fəsli insan həyatının ən
işıqlı, arzularla aşıb-daşan
çağıdır. Yaşamaq, yaşatmaq, yaratmaq, hər
bir istək, arzu, amal uğruna çalışmaq və istədiyinə
nail olmaq ömrün bahar fəslinin payına
düşür...
Amma həyat ömrün bu baharı ilə bitmir.
İllər keçir, insan həyatının fərqli bir mərhələsinə
qədəm qoyur və bu zamanın içində
ömrün ikinci baharı başlayır. Bu bahar artıq gəncliyin tələsik addımlarını
deyil, həyatın verdiyi təcrübəni, müdrikliyi və
daha dərin duyğuları özü ilə gətirir. Və
həmin bu çağda insanın həyata baxışı
daha sakit, daha düşüncəli olsa da, qəlbinin dərinliyində
yenə də bahar nəfəsi duyulur. Çünki insan ruhən
hər zaman yenilənməyə qadirdir...
Beləcə, illər bir-birini geridə qoyur,
insanın yaşı üstünə yaş gəlir və
bir də görür ki, ikinci bahar da artıq geridə
qalıb, ömür isə hələ davam edir. Məhz davam
edən bu ömrə üçüncü bahar adını
verərək müdrik yaş həddinə çatan, qəlbən
hələ də gəncliyini belə, qoruyub saxlayanlara
qarşı çox həssas olanlar bu insanlara qayğı,
diqqət göstərməkdən savayı, nə qədər böyük savab
qazandıqlarının bəlkə də heç fərqində
deyillər. Bu məqama elə-belə toxunmadıq. Müsahibimiz
"Üçüncü Bahar" Yaşlılara Dəstək
İctimai Birliyinin həmtəsisçisi və İdarə
Heyətinin sədri Nərmin xanım Qəniyevadır.
- Həm maraqlı ideya, həm birliyinizə
seçdiyiniz ad bir-birini tamamlayır - Üçüncü
Bahar...
- Hər ideyanı həyat özü diktə edir. On
il əvvəl birliyin digər həmtəsisçisi Natəvan
Yusifova ilə Avropada səyahətdə idik. Orada diqqətimizi
çəkən o oldu ki, müxtəlif məkanlarda
yaşlı insanlara tez-tez rast gəlinir. Maraqlanıb onlarla
ünsiyyət yaratdıq və məlum oldu ki, orada təqaüdə
çıxanlar qalan ömrünü özləri
üçün yaşayır, yəni özünü cəmiyyətdən
təcrid etmir, kənardan özünə lazımsız biri
kimi baxmır, həyatın axarı ilə yaşamağa
davam edir. Düşündük ki, görəsən, bizdə
də belə düşünənlər və ya onlarla
maraqlanan bir platforma varmı? Vətənə qayıdandan
sonra araşdırmalara başladıq. Məlum oldu ki, məhz
yaşlı insanlarla bağlı heç bir layihə yoxdur və
2017-ci ilin fevral ayında biz belə bir yola çıxdıq,
yaşlı insanları yavaş-yavaş ətrafımıza
toplamağa başladıq. Təəssüf ki, Avropadan fərqli
olaraq bizdə təqaüdə çıxanlar çox vaxt
sarsıntı keçirir, düşünür ki, artıq
heç kimə lazım deyiləm və bu, onlarda bəzən
ruh düşkünlüyü yaradır. Təsəvvür
edin, illərlə necə deyərlər, külüng
çalan insan bir gün yuxudan oyananda anlayır ki, artıq
işə getməyəcək. Baxmayaraq ki, ailə, övlad,
nəvə onun ətrafındadır, o, həyatda özünə
həm doğma bildiyi, həm aludə olduğu, vərdiş
etdiyi bir parçadan həmişəlik
ayrıldığının fərqinə vara bilmir. Bu məqsədlə
"Üçüncü Bahar"ı yaratmaq qərarına
gəldik. İstədik onlarda ruh yüksəkliyi oyatmaqdan
savayı, bildirək ki, yaşlı nəslə ehtiyac həmişə
var. Onlar, "artıq yaşım keçib deyə" fikri
ilə yaşamağı unudub, Tanrının onlara bəxş
etdiyi ömür payının qalan hissəsini özləri,
maraqları, nə zamansa gerçəkləşdirə bilmədikləri
arzuları üçün yaşasınlar.
- Dediniz ki, artıq doqquz ildir fəaliyyətdəsiniz.
Gəlin başlanğıca qayıdaq...
- Başlanğıcda 2017-ci ildə təşəbbüs
qrupu yaratdıq. Bir ildən sonra Bakıxanov qəsəbəsində,
2020-ci ildə Mingəçevir və Şamaxıda mərkəzlərimiz
açıldı. İndi qonaq olduğunuz İçərişəhər
mərkəzi sayca dördüncüdür. 2019-cu ildən
sonra ictimai birlik statusunu aldıq. Bir təşkilat olaraq
ölkədə yaşayan yaşlı insanların sosial
rifahının yaxşılaşdırılması,
onların artıq zamanlarının səmərəli
keçməsini qarşımıza məqsəd qoyduq.
İlk olaraq özümüzün, rəfiqələrimizin
valideynlərini, onların dostlarını, yaxın bildiklərimizi
dəvət etdik. On yeddi nəfərlə İçərişəhərə
ekskursiya etdik. Mir Teymur Məmmədovun ev-muzeyinə getdik, daha
sonra onun dəvətilə çay süfrəsi arxasında
gördüklərimizi müzakirə etdik. Və beləcə,
birliyin üzvlərinin sayı yavaş-yavaş artmağa
başladı. Televiziya və radio verilişlərinə
çıxdıq, sosial mediaya müraciət etdik.
Televiziyalardakı səhər verilişlərindən sonra zənglərin,
bizə müraciət edənlərin sayı artmağa
başladı. Artıq doqquz il ərzində qırx beş
min insanın həyatına toxuna bilmişik ki, zənnimcə,
o qədər də kiçik rəqəm deyil. Getdikcə
hiss etdik ki, onların özlərinin maraq dairəsi var və
istədiklərini görməyəndə yanaşmaları fərqli
olur. Anladıq ki, fəaliyyətimizi insanların maraq dairəsi
çərçivəsində qurmalıyıq və bunu
etdik. Fəaliyyətimizin üç istiqaməti var -
yaradıcılıq, sağlamlıq və maarifləndirmə.
Yaradıcılığa istiqamətlənənlər rəsm,
toxuma, qurama, tikmə, muncuqlarla işləmə kimi sahələrdə
həvəslə çalışırlar, dəvət
etdiyimiz ekspertlərin köməyi ilə lazımi məlumatlara
yiyələnirlər. Aralarında elələri olur ki, kifayət
qədər bilgi əldə edəndən sonra özləri təlimlər
keçməyə başlayır, sərgilərdə
iştirak edir, əl işlərinin satışını təşkil
edirlər. Daha sonra poeziya dərnəyi, kitab klubu, teatr
tamaşası, xor kollektivi kimi sahələrimiz də var.
- Teatr dərnəyi və xor... Maraqlı səsləndi...
- Təbii ki, onlar peşəkar aktyor deyillər. Sadəcə
olaraq uşaqlıqdan onların içində aktyor olmaq kimi
bir istək olub. Biz onlara şərait yaratdıq və
içində bu istəyi qalan insanlar 65-70 yaşında
böyük səhnəyə çıxdılar. İki dəfə
onların iştirakı ilə Gənc Tamaşaçılar
Teatrında anşlaqla tamaşa göstərmişik.
Tamaşadan sonra tamaşaçı bilib ki, gənclər
peşəkar aktyorlardır, yaşlılar isə həvəskarlar.
Xordakılar isə bir qədər fərqlidir. Bura
toplaşanlar bəlli yaşdan sonra özündə cəsarət
tapıb indi oxumağa başlayanlardır. Onları
festivallara, tədbirlərə dəvət edirik, hətta
onlar üçün geyim də sifariş etmişik ki, fərqli
görünsünlər. Mən bir qədər digər
istiqamətlərimiz haqqında da azacıq məlumat vermək
istərdim. Maarifləndirmə çərçivəsində
biz onlara kompüter, dil bilgiləri öyrədirik.
Sağlamlıq çərçivəsində isə biz
yaşlılarımızı müayinə və müalicə
etmirik. Onları sağlam yaşlanmaları üçün məlumatlandırırıq.
- Maraqlı və faydalı iş
görürsünüz. Amma bu gün yaşlı dediyimiz
kifayət qədər insanlar var ki, onlar ömrünü
qocalar evinin divarları arxasında yaşayır. Kimisi tənhadır,
kimisindən övladları imtina edib. Onlar da
ömrünün üçüncü baharını
yaşayır...
- Əslində həssas bir nöqtəyə
toxundunuz. Uzun illərdir könüllü kimi fəaliyətim
olub və bu gün də davam edir. Davamlı olaraq uşaqlar və
qocalar evlərini bir vətəndaş olaraq ziyarət
etmişəm. Lakin birliyimizin ahıllar evi ilə əməkdaşlığı
olmayıb. Həmin insanların hansı səbəbdən
orada yaşamaq məcburiyyətində olduğunu
özünüz dediniz. Təəssüf ki, biz onların həyatında
nə bir dönüş nöqtəsi ola bilirik, nə də
dəyişiklik etmək imkanımız var. Bilirsiniz niyə?
Onlar kifayət qədər həssas insanlardır. Bir dəfə
gedib onları nəyəsə həvəsləndirib sonra
gözlərini yolda qoymaq da günah etməkdir. Mənim nəzərimdə
nə ediriksə, davamlı olmalıdır. Əgər bu
davamlılığını saxlaya bilməyəcəksənsə,
başlamamaq daha məqsədəuyğundur. Mənim
yanaşmam belədir.
- "Üçüncü Bahar"ın yəqin
ki, özəllikləri də var...
- Var təbii ki... Bizə əməkdaşlıq təklif
edən təşkilatlar az deyil. Olub ki, əməkdaşlıqdan
imtina etmişik o səbəbdən ki, formatımızı dəyişmək
istəməmişik. Biz elə üçüncü bahar
olaraq gözəlik. Birliyimiz həm də ona görə
davamlıdır ki, dəyərlərini qoruyur, ona inananlara
sahib çıxır. Biz hər bir yeniliyə
açığıq və bu yeniliklərə daxili dəyərlərimizi,
öz çərçivələrimizi pozmadan qoşuluruq.
Biz iki təsisçi - Natəvan xanım və mən
yaşımıza rəğmən, bir qədər konservativ
insanlarıq. Çox vaxt bizə irad bildirirlər ki, siz cəmiyyət
kimi düşünmürsünüz. Bir forumda mənə
sual verdilər ki, niyə piarınız zəifdir? Bir misal
çəkim. Bizdə yaşlı insanlar idman, yoqa dərsləri
ilə məşğul olur. Biz heç zaman onların fonunda
şəkil çəkdirmirik. Ona görə ki, həmin dərslərdə
onlar idman geyimində olur, fərqli görsənirlər. Mən
heç vaxt istəmərəm ki, anam yaşında olan
birinin şəkli hansısa sosial şəbəkənin
manşetində yer alsın və ona baxıb şərhlər
yazsınlar. Bu, bizim dəyərlərə uyğun deyil.
Baxmayaraq ki, müasir dövr bunları tələb edir, biz dəyərlərimizi
daha dəyərli bilirik. Yaşlı nəsil bizim
keçmişimizdir. Biz gənc
nəslə təlqin edirik ki, keçmişimizi qorumasaq, gələcəyimizi
qura bilmərik. "Üçüncü Bahar"ın
özəlliyi budur. Biz müdrik yaşında olan
insanların həyatına bir
daha bahar gətirməklə nə qədər onları
sevindirdiyimizi görürük.
- Gözləntilər, planlar olmamış deyil...
- Çox şeylər gözlənilir. Bizim birliyin
loqosu çinar ağacıdır. Ona görə ki,
çinar kökü dərin, budaqları göylərə
çatan məğrur ağacdır. Çox istəyirəm
ki, bu ağacın budaqları bütün ölkəmizi əhatə
etsin və biz buna doğru gedirik. Bir təşkilat olaraq Azərbaycanı
dəfələrlə xarici ölkələrdə təmsil
etmişik. Ölkəmizdə yaşlı təbəqəyə
olan münasibəti, qayğını, diqqəti, sevgini nümunə
olaraq əcnəbi vətəndaşa çatdırmağa
çalışmışıq. Madrid planı adlı
çərçivə sənədi var. Bu plan dünya
ölkələrində yaşlılığı öyrənir
və onlarla bağlı hansı islahatların
aparılmalı olduğunu göstərir. Dünya ölkələri
hər dörd ildən bir bu istiqamətdə hesabat verir.
2018-2022-ci illəri əhatə edən son hesabatda
"Üçüncü Bahar"ın fəaliyyəti əks
olunub. Bir vətəndaş cəmiyyəti olaraq ölkəmizdə
yaşayan yaşlı insanların həyati keyfiyyətinin
yüksəldilməsi, onların cəmiyyətə inteqrasiya
edilməsi üçün bütün mümkün imkanlarımızdan
istifadə edirik. Nə yaxşı ki, insanların həyatına
üçüncü baharı gətirə bildik.
- Mərkəzə daxil olanda əsasən
qadınları gördüm. Bəlli bir yaşda, özünə
baxımlı bu qadınlara nəzər yetirəndə
düşündüm ki, qadını zəif hesab edənlər
yanılırlar...
- Mənim nəzərimdə qadın zərifdir.
Tanrı qadınları daha incə, daha kövrək
yaradıb və bu, Allahın bizə göstərdiyi bir
lütfdür. Qadın bir ocağın nəfəsidir, hərarətidir.
Mən çox istərdim ki, gənc qızlarımız
kişi kimi güclü olmağa çalışmasınlar.
Yaranışdan zəriflik bizə layiq görülübsə,
elə də qalaq. Yeri düşmüşkən, bir fikrimi də
bildirim. Həmişə zərif cinsin nümayəndələrinə
təlqin etməyə çalışıram ki, rolunuzu dəyişib
əks cinsin nümayəndəsi kimi davranmağa
çalışmayın, mövqeyinizin dəyərini bilin,
bacarıqlı olub, əldə etdiyiniz sənətin sahibinə
çevrilin ki, gözünüz kimsənin əlinə
baxmasın. Bununla yanaşı, qadın, qız ailədə
öz yerini, davranışını mütləq ki, bilməlidir.
Və bir də arzu edirəm ki, qadının yanında həmişə
arxalana biləcəyi bir güc olsun ki, heç zaman zərifliyini
unutmasın.
SÖZARDI: Ömrün hər mərhələsi
taleyimizə öz rəngini qatır. Rənglər bəzən
parlaq olur, bəzən də sakit və düşüncəli.
İllər keçir və zamanla anlayırıq ki, həyatın
ən böyük gözəlliyi yaşananların
özüdür. Hər yaşın, hər dövrün
öz baharı var. Əsas olan isə bu baharın nəfəsini
duymağı, həyatın verdiyi anların dəyərini
bilməyi bacarmaqdır. Çünki ümid qəlbdən
itməyincə, ömrün baharı heç vaxt tükənməz.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.29.