"Elə yazmalıyıq ki, bizi
düşmən də oxusun"
Bu il martın 1-də yazıçı-publisist Kamil
Əfsəroğlunun 75 yaşı tamam oldu. Kamil Əfsəroğlunun
imzası yəqin ki, "525-ci qəzet"in oxucularına
yaxşı tanışdır. İndiyə qədər 16
kitabı işıq üzü görən, əsərləri
müxtəlif dillərə tərcümə edilən
yazıçı-publisist neçə illərdir qəzetimizlə
əməkdaşlıq edir. Qeyd edək ki, Kamil Əfsəroğlu
səmərəli ədəbi-publisistik fəaliyyətinə
görə Prezident təqaüdünə layiq
görülüb, Azərbaycan Milli Mətbuatımızın
150 illiyi yubiley medalı ilə təltif olunub.
75 yaşının tamam olması münasibəti ilə
yubilyarı təbrik edir, onunla müsahibəni oxucuların
diqqətinə çatdırırıq.
- Kamil müəllim, bu günlərdə 75
yaşınız tamam oldu. Amma bildiyimiz qədəri ilə
indiyədək nə yubiley keçirmisiniz, nə də kitab
təqdimatı.
- Belə tədbirlər keçirməyə əzəldən
həvəsli olmamışam. Ömürdür,
yaşayırıq, azdan-çoxdan yazıb-yaradırıq.
Söz var, deyir, yazılan qalır. Əgər
yazdıqlarımdan nəsə qalırsa və qalacaqsa,
türklər demiş, nə mutlu mənə.
- Çağdaş dövrümüzdə ədəbiyyata
uzanan yolu necə görürsünüz?
- Bu yol asan deyil, sadəcə, gendən baxana asan
görünür, dava asan göründüyü kimi. Hər
kəs ədəbiyyata öz sözü, üslubu,
mövzularıyla gəlməlidir. Tapdanmış yollarda ayaq
döyənlərdən maraqlı nəsə gözləmək
sadəlövhlük olardı. Son zamanlar ədəbiyyatda
kütləviliyin baş alıb getdiyi, meyarların
qarışdığı bir vaxtda bədii söz sənəti
çox problemlərlə üzləşməli olur. Əli
qələm tutan-tutmayan yazmaq istəyir. Ən qorxulusu isə
kütləvilik və plagiatdır. Litva Yazıçılar
İttifaqında olarkən həmkarlarımla söhbətlərdən
öyrəndim ki, dərdimiz-qayğılarımız
aşağı-yuxarı eynidir. Nasir Danielyus Muşiniskas dedi
ki, əvvəllər qələm adamlarının adı
çox yüksək tutulub, küçədə-parkda
yazıçı görəndə adamlar
şlyapalarını çıxarırdılar.
- Sizin bəzi əsərlərinizdə ötən
illərə qayıtmağa meyillilik hiss olunur...
- Bəzən adama elə gəlir ki, keçmiş
keçmişdə qalıb və tarix yazılıb
qurtarıb. Bu, mümkün olan deyil. Sovet dövründəki
sərt tələb və qadağalar hər mövzunu ədəbiyyata
gətirməyə imkan vermirdi, o üzdən də çox
boşluqlar bizə miras qalıb. Yazıçı həyata,
hadisələrə, hətta insanlara belə sosializm realizminin
absurd prinsiplərindən yanaşmalı idi. Bu baxımdan,
keçmişimiz, dünənimiz haqqında yazmağa ehtiyac
var. Bu həm də zamanın tələbidir.
Yazıçı keçmiş hadisələrə bu
günün gözüylə baxmağı
bacarmalıdır. Beynəlxalq aləmdə gərginliyin
artması, Rusiya-Ukrayna müharibisi bu günün siyasəti
deyil ki... Kökü ötən illərə gedib
çıxır. Ona görə də qələm
adamları keçmişə aparan pillələri
qayıdıb hələ çox enməli olacaqlar.
"Qorxulu tayqa" romanımı yazanda bir daha buna əmin
oldum. Romanın adında simvolika var, daş evləri, göydələnləriylə
Moskva da bir "Qorxulu tayqa"dır və bu tayqanın
öz vəhşi, yırtıcı ayıları var.
- Siz Cəbrayılda doğulmuş, orta təhsilinizi
də orada almısınız. Sonra da ki, şəhər həyatı,
tələbəlik illəri... Əyalət həyatı, kənd
mövzusu yaradıcılığınızda nə dərəcədə
prioritet təşkil edir?
- Mən şəhərə şəhərli olmaq
üçün gəlməmişdim və istəsəm də
ola bilməzdim. Ömrümün əlli ilindən çoxunu
şəhərdə yaşasam da, əyalət həyatını
unutmuram. O illərin hər anı mənə əzizdir. Bir
neçə ilin söhbətidir, uşaqlıq dostlarımla
İsmayıllıda, dağların ətəyində,
meşəliklərin qoynunda şam yeməyi yeyirdik. Üvəz
ağacının altında oturmuşduq. Xidmətçidən
xahiş elədik ki, bizim masadakı elektrik
işığını qaraldıb, neft
çırağı yandırsın. Kənardan baxanlara bu, bəlkə
də, qəribə gələrdi, amma biz çox rahat və
məmnun idik, ona görə ki, əllinci illərin
uşaqlarıydıq, neft çırağının
işığında oxumuş, böyümüşdük.
Yazılarımda ötən illərə həsrətlə
qayıdıram. Qayıdıb o boş qalmış
bağlı-bağçalı evimizin qapısını
döyür, elə bilirəm qapı açılacaq və mən
uşaqlıq dünyama qovuşacaq, o şirin,
qayğısız çağları yenidən
yaşayacağam. Qapını açan olmur...
- Yazıçılar onlara ilham verən atributları
fərqli görürlər. Məsələn, Viriciniya Vulf
ayaq üstə yazmağı sevirmiş.
- (Gülür) Şillerin isə yazı
masasının üstündə daim çürük alma
olarmış. Bilsəydim ki, o məşhurların
yazdıqlarının üç-beş faizini yaza bilərəm,
günün çox hissəsini ayaq üstə keçirər
və ya mənim də yazı masamdan çürük alma əskik
olmazdı. Hər kəsin fərdi yazı üsulu,
texnikası var. Yazı prosesində mənim öz bədii qəhrəmanlarımla,
personajlarımla danışdığım məqamlar da olur.
Bunu da deyim ki, yazıçı yazı prosesində oxucunu
yanında görməli, onun zövqüylə
hesablaşmalıdır. Əsər kimin üçün
yazılır? Oxucu üçün. Zövqlü oxucu isə
hər yazıçını, hər əsəri
özününkü bilmir.
- Yaradıcılıqda dil və üslubu necə dəyərləndirirsiniz?
- Yaradıcılıqda bunlar başlıca amillərdir.
Üslubu, zəngin dili olmayanın yazdıqları oxucunun
inamını qazanmır və bir qədər də sərt
desəm, elə yazılar ədəbiyyat sayılmır.
Sözlər var ki, onları süni surətdə arxaikləşdirmişik,
göndərmişik söz qəbiristanlığına. Bəzi
yazıçılarımızın, xüsusən də gənslərin
yaradıcılığınada dil bəsitliyini, söz
kasadlığını müşahidə edirik. Hərdən
belə hallara da rast gəlirik - yazıçı əsərdə
zaman və məkanı dəyişəndə obrazın
dilini, hətta qiyafətini belə dəyişməyi unudur. Nəticədə
isə əllinci-altmışıncı illərin qəhrəmanı,
personajı bu günün diliylə danışır,
davranışı da həmçinin. Yadımdadır, nənəm
köynəyin düyməsinə "sədəf", pencəyin
dəmir düyməsinə isə "pilək" deyərdi.
Dil həm də bədii ədəbiyyatda formalaşır,
onun sayəsində zənginləşir.
- Müharibə mövzusu bədii ədəbiyyatın
da tez-tez toxunduğu mövzulardandır. Müharibə faciəsini
bizim xalqımız da yaşayıb.
- İkinci Dünya müharibəsi bitəndə
insanlar elə bildilər ki, bu, sonuncu Dünya müharibəsidir.
Amma sonrakı hadisələr göstərdi ki, belə fikirlər,
necə deyərlər, xam xəyaldır. Hətta
Üçüncü Dünya müharibəsi söz-söhbəti
dolaşmağa başladı. Nüvə silahı təhdidləri
bitmək bilmir. Rusiya-Ukrayna, İsrail, ABŞ-İran
müharibələri fonunda bu təhdidləri eşidirik.
Azərbaycan torpaqlarının iyirmi faizinin otuz il erməni
işğalında qalması bizim ədəbiyyatımıza
da müharibə mövzusu verdi. Bu mövzuda romanlar, povestlər,
hekayələr, şeirlər, poemalar çox yazılıb və
indi də yazılmaqdadır. Bu gün
yazıçılarımız qələbə ədəbiyyatımızı
yaradırlar. Torpaqlarımızın azad edilməsi ədəbiyyatımıza
yeni ruh gətirdi. Bir yazıçı kimi mən də bu
mövzudan qıraqda qala bilmərəm.
"Çadır", "İt qanı" romanlarım,
"Alın yazısı" pyesim və hekayalərim buna
misaldır.
"Çadır" romanımda belə bir epizod
var: çadırlıqda yaşayan qaçqınlara humanitar
yardım gətirirlər. Biləndə ki, yardım gətirənlər
almanlardır, İkinci Dünya müharibəsi veteranları
sinələrindəki orden və medalları açıb ciblərində
gizlədirlər. Qulaməli kişi özlüyündə
düşünür ki, dar ayaqda almanlar bizə yardım gətirirlər,
biz isə onlara qarşı müharibədə
aldığımız orden və medalları onların
gözünə dürtürük. Dünyanın işlərini
bilmək olmur, bu almanlardan kiminsə doğmalarından davada
qalan olar, elə fikirləşər ki, dədəsi mənim
gülləmə tuş gəlib...
Dünyadakı gərginlik, od-alov səngiməsə
də, insanlar ümidlərini üzmür, belə bir suala
cavab axtarırlar: "Müharibələrin sonuncu gülləsi
hansı əsrdə atılacaq?"
- Nəsrinizlə yanaşı, publisistikanızda da
müharibə mövzusu önəmli yer tutur.
- Müharibə mövzusunun publisistikada öz yeri var.
Bu janrda da yazılarım az deyil. Publisistika digər janrlardan fərqli,
daha çevikdir. Müharibə mövzusunu kinoya gətirən
məşhur sənətkarlarla görüşmək mənə
nəsib olub. "Nürnberq prosesi" filmini çəkən,
dünyaca ünlü amerikan kinorejissoru Stenli Kramerlə 1987-ci
ildə Moskvadakı söhbətimi unutmuram. Maraqlı
müsahib idi. Dedim sizin "Nürnberq prosesi" filminizə
ilk dəfə baxmağımın maraqlı tarixçəsi
var. Altmışıncı illərin əvvəlləri idi,
on iki-on üç yaşımdaydım. Bizim əyalət qəsəbəsinin
qış klubunda avtovağzalın kassiri Abbas kişinin məhkəməsi
gedirdi. Qəpik-quruş kəmi çıxdığına
görə ona beş il iş kəsdilər. Hakim
hökmü oxuyandan yarım saat sonra klubda yeni məhkəmə
prosesi başladı - "Nürnberq prosesi" filmi göstərildi.
Zal qızdırılmasa da, tamaşaçılar soyuqda oturub
maraqla baxırdılar. Tamaşaçılar arasında
atasını, qardaşını, əzizlərini müharibədə
itirənlər də var idi. Onlar beynəlxalq məhkəmə
kürsüsündəki cinayətkarların simasında həm
də öz doğmalarının qatillərini görür,
göz yaşlarını saxlaya bilmirdilər… Mənim
sözlərimdən Stenli Kramer çox təsirləndi, dedi
o qış klubundakı şaxtanın soyuğu canımdan
keçdi, üşüdüm. Dedi, çox istərdim ki,
Nürnberq prosesi sonuncu olsun, tarixdə qalsın. Amma təəssüf
ki... Müsahibim sözünün gerisini gətirmədi.
Qarşıdan gələn iyirmi birinci əsrdən də
nigaran idi...
- Yaradıcı insanlar yer üzünün humanist,
sülhpərvər insanları kimi tanınırlar. Bu amal
uğrunda onlar da mübarizə aparır,
döyüşürlər.
- Yazıçının silahı qələmdir.
Bizim qələm adamlarımıza da müharibə faciəsini
yaşamaq, yazmaq nəsib olub. Müharibə ocaqları
dünyanın bir çox guşələrində bu gün də
alovlanmaqdadır. Çağdaş dövrümüzdə
müharibə, elə bil, adiləşib, insanlar cəngə-davaya,
qana-qadaya alışıblar sanki.
Müharibə adiləşdikcə də o mövzuda
yazmaq çətinləşir. Necə yazasan ki, yeni söz
deyə biləsən, oxucunun marağını çəkəsən?
Zəngin klassik ənənəçiliyə malik Azərbaycan
bədii söz sənəti dünya ədəbiyyatının
tərkib hissəsidir. Elə yazmalıyıq ki, bizi
düşmən də oxusun. Eyni zamanda biz özümüz də
düşməni oxumalıyıq. Bir neçə il əvvəl
mətbuatda erməni yazıçısının hekayəsinə
rast gəldim. Süjeti yadımda təxmini belə qalıb:
Uşaqlarına ayın-oyun almaq üçün şəhərə
gedən cavan qadın yol qırağında günün
altında maşın gözləyir. Ümidini
üzmüşdü ki, uzaqdan yük maşını
görünür. Maşın onun tuşuna çatanda
dayanır. Qadın kabinəyə qalxır. Əsgər
formasındakı saqqallı sürücü kir-pas içindədir.
Deyir cəbhədən gəlir, orada vəziyyət çox
ağırdır, hər gün nə qədər insan
qırılır... Yolboyu aralarında ünsiyyət
yaranır. Sürücü maşını yolun kənarına
verib saxlayır.
Düşüb çəmənlikdə sevişirlər.
Əsgər sükan arxasına keçir, siqnal verib
qadını tələsdirir ki, cəld olsun, gecikə bilməz,
yükü tez çatdırmalıdır, yoxsa günün
altında xarab olar. Qadın kabinəyə qalxanda boylanıb
baxır, görür ki, maşının yük yeri cavan erməni
əsgərlərin meyitləriylə doludur...
- Dövri mətbuatda yeni-yeni imzalara rast gəlirik. Gənclərin
yaradıcılığına münasibətiniz?
- Gənclər ədəbiyyatımızın gələcəyidir.
Onlar ədəbiyyata iddialı, öz mövzularıyla gəlirlər.
Daha geniş, planetar düşünürlər.
Yaradıcılıqda bu, vacib amildir. Yazmaq istəyənlər
çoxdur, amma zaman onları ələyib ələkdən
keçirir. Yaradıcılığa aparan yol heç vaxt
hamar olmayıb, çətin və keşməkeşli olub.
Bu yolda yalnız həqiqi istedadlar baş çıxara bilir və
ədəbiyyat da öz qapılarını elələrinə
açır.
Bu yaxınlarda mətbuatda gənc şair
Allahşükür Ağanın şeirlərinə rast gəldim:
Bir ləpirim
axşam yağan yaz yağışından
bir ovuc su saxlamış içində.
Bir alagöz sərçə
su içir ləpirimdən...
Bəzən, dörd-beş misra yetir ki, şairin
kimliyinə, istedadına bələd olasan.
Yaradıcılıqda özlərini tapmaq, püxtələşmək
üçün gənclərə uzun yol keçmək
lazım gəlir və bu yol sınaq yoludur, kimin nəyə
qadir olduğu üzə çıxır. Maraqlı imzalara
rast gələndə ürəyim açılır,
inanıram ki, ədəbiyyata yeni söz, yeni nəfəs gətirənlər
var.
- Öz dünyanızda özünüzlə
baş-başa, tənha qalan vaxtlarınız olurmu?
- Olur.
- Onda təklik-tənhalıq sizi üzmür ki?
- Hərdən tənhalıq axtarır, sakit, susqun bir
guşəyə çəkilmək istəsəm də,
alınmır. Ədəbi qəhrəmanlarım,
personajlarım məni tək buraxmır, darıxmağa
qoymurlar...
Söhbəti yazdı:
E.SƏLİMLİ
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.28.