Aydınlığa aydınlıq gətirən
Unudulmaz Aydın Səlimzadənın
əziz xatirəsinə
1989-cu ilin payızı idi. M.F.Axundov adına Azərbaycan
Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil
alırdım. İnstitutun nəşri olan "Ruskiy yazık
- Rus dili" qəzetinin redaktoru Emil Məmmədov
sözün həqiqi mənasında əlimdən tutub məni
o zamankı Azərbaycan SSR Elmlər Akademiyasına -
"Elm" qəzetinin redaktoru, tarixçi alim,
yazıçı Aydın Səlimzadənin yanına gətirdi.
Tanışlıqdan sonra Aydına məni qəzetin
redaksiyasında işə götürməyi tövsiyə elədi.
Elə həmin gün Aydın Səlimzadə məni məsul
katib ştatına işə götürdü.
Qəzet həftədə bir dəfə Azərbaycan
və rus dillərində nəşr olunurdu. "Elm" qəzetinin
çox mehriban və qayğıkeş kollektivi var idi.
Özümü çox xoşbəxt hiss edirdim. Mən burada
Mehman Cavadoğlu, onun həyat yoldaşı Lətifə Məmmədova,
Mahir Qarayev, Pyotr Lyukimson, Dilqəm Ağayev, Nəsib Nəsibzadə,
Ədalət Tahirzadə, Zəminə Hacıyeva, Ramiz Əsgər,
Arif Əmrahoğlu, Abid Tahirli və digər qələm
adamları ilə tanış oldum. Onlar hər biri mənə
həqiqi mənada ustadlıq edir, jurnalistikanı və qəzetçiliyin
sirlərini öyrədirdilər.
Sonralar Elmlər Akademiyasının geniş və
füsunkar dəhlizlərində akademiklər Eldar Salayevi,
Ziya Bünyadovu, Cəlal Əliyevi, İmam Mustafayevi, Budaq
Budaqovu, Aslan Aslanovu, Bəxtiyar Vahabzadəni, Püstəxanım
Əzizbəyovanı, Fərəməz Maqsudovu, Yaşar Qarayevi,
Mahmud İsmayılovu, Bəkir Nəbiyevi canlı görəndə
fəxarət hissi keçirirdim. Belə möhtəşəm
insanlarla bir binada işlədiyim üçün
qürurlanırdım.
Bütün bunların hamısının səbəbkarı
əlbəttə, Aydın Səlimzadə idi. Bir müddət
sonra - 1991-ci ilin yayında yenicə nəşrə
başlamış "Ədalət" qəzetinə, daha
sonra isə "Müxalifət" qəzetinə işləməyə
getdim. Mənim xahişimlə Aydın Səlimzadə əvvəllər
mənim işlədiyim məsul katib vəzifəsinə Səyyad
Aranı işə götürdü. Aydın Səlimzadə
ilə münasibətlərimiz artıq dostluğa
çevrilmişdi. Demək olar ki, həftənin bütün
günləri işdən çıxan kimi yenə
keçmiş Kommunist, indiki İstiqlaliyyət küçəsində
yerləşən Elmlər Akademiyasının Rəyasət
Heyətinə - Aydının yanına tələsirdim.
Əlyazmalar İnstitutunun zirzəmisində yerləşən,
öz aramızda "Dovğa" adı verdiyimiz adsız yeməkxanaya
- Həsənin yanına yığışıb
yeyib-içib başımızı qatırdıq.
1995-ci il idi. Adəti üzrə yenə
"Dovğa"ya toplaşmışdıq, Aydının
sonuncu ad gününü birlikdə qeyd edirdik. Amma bu
toplaşdığımız Aydının
axırıncı ad günü olduğunu Allahdan başqa
heç kəs bilmirdi. Mahir Qarayev, Pyotr Lyukimson, Ağabəy
Əsgərov, Dilqəm
Ağayev, Nadir Cabbarlı, Paşa Əlioğlu, Zəminə
Hacıyeva... ola bilər başqa kimlərsə də yenə
həmin məclisdə olub, amma mən unutmuşam.
Təxminən saat 9-a qədər birlikdə olduq. Tədbirin
sonuna yaxın Aydın qulağıma pıçıldadı
ki, onun ad gününü davam etdirmək üçün
onlara gedək, qonaqları olacaq (Aydına bir neçə ay
öncə Yazıçılar Birliyindən geniş mənzil
vermişdilər). Elə də oldu. Taksiyə əyləşdik.
Mən qabaqda, Aydın isə həmişəki kimi arxada əyləşdi.
Yolüstü olan dükanların birindən bir neçə
lazım olan şeyləri aldıq və Aydıngilə
getdik. Həyat yoldaşı Rübabə xanım bizi adəti
üzrə gülərüzlə qarşıladı.
Çiçəyə bənzəyən Ayaz və Aygün
atalarının qabağına qaçıb ona
sırmaşdılar və ad gününü təbrik etdilər.
Qonşuları Umud Rəhimoğlu, Nadir Cabbarlı, Taleh Həmid,
Musa Yaqub da ad gününü davam etdirmək
üçün onlara gəldilər.
Məclisin şirin yerində qapı
döyüldü. Məlum oldu ki, bir qədər əvvəl
bizi gətirən taksi sürücüsüdür gələn.
O, Aydının taksidə "unudub" qoyduğu paltosunu gətirmişdi.
Parçasının üstü xırda damalarla dolu, iri
düyməli, paqonlu - Aydının bütün dostlarına
tanış olan bozumtul rəngli palto... Aydın sonra gülərək
əhvalatı belə nağıl edirdi ki, sən demə, həmin
paltonu O, Moskvada aspiranturada oxuduğu illərdə
alıbmış. Söyləyirdi ki, həmin palto çoxlu
sayda acılı-şirinli günlərinin, unudulmaz xatirələrinin
şahidi olub. Amma artıq köhnəlib,
nimdaşlaşmışdı. Qollarının ağzı və
dirsəkləri geyinilməkdən süzülmüş, rəngi
havanın, qarın, yağışın təsirindən dəyişmişdi.
Aydın deyirdi ki, mən onu zibilliyə ata bilməzdim. Sən
demə, məhz elə bu səbəbdən Aydın
özü paltonu planlı şəkildə taksidə
"unudubmuş". Taksi sürücüsü isə bizi mənzil
başına çatdırdıqdan az sonra arxa
oturacağın üstündə palto qaldığını
görür və dərhal geri qayıdır. Binanın həyətində
paltonu kiməsə göstərib. Qonşulardan hansısa
Aydının paltosu olduğunu tanıyıb və onun evini
nişan verib. Nə isə... Beləliklə, Aydın
şirinlik verib taksi sürücüsünü yola saldı və
bizə söz verdi ki, paltonu ömürlük qoruyub saxlayacaq.
Qəribəsi o idi ki, Aydının başqa üst
geyimləri də var idi. Amma nədənsə O, bu nimdaş
paltodan əl çəkmək istəmirdi.
Aydın söhbətləri zamanı tez-tez təkrar
edirdi ki, alçaqlığı görüb susmaq özü
də alçaqlıqdır. Tanıyanlar tərəfindən
onu asanlıqla unutmaq, xatirəsini yad etməmək insanlıq
əlaməti sayıla bilməz. Bəlkə də Aydın Səlimzadə
çoxlarından fərqli olaraq insana necə pislik etmək
olar sualına cavab verə bilməzdi. Ona görə ki, onun
ruhunda, xislətində bu cür çirkin şeylər bir zərrə
belə yer almamışdı.
1995-ci ilin martın 9-da 42 yaşında
işıqlı insan, nur parçası Aydın Səlimzadəni
itirdik. O, dünyasını dəyişdi, bizi qoyub əbədiyyətə,
haqqın dərgahına qovuşdu.
Aydının vəfat etməsindən 31 il
ötdü. Amma elə bil, bütün hadisələr dünən
baş verib. Hər şey bugünkü kimi yadımdadır.
Mahir Qarayev səhər saatlarında zəng edib Aydının
başına gələni mənə xəbər vermişdi.
Akademik Aslan Aslanov, yazıçı Mahir Qarayev və mən
birlikdə İsmayıllıya, Aydının dəfn mərasiminə
getdik. Yolboyu özümdən asılı olmadan
ağladım. Həm gedəndə, həm gələndə...
Aydın itirdiyim birinci dostum oldu... Onda Ramazan ayı
idi, yenə Ramazan ayıdır. Aydın İsmayıllıda
ata ocağında, anadan olduğu yurdda haqqa qovuşmuşdu.
Ölümündən iki gün əvvəl gəlmişdi
yanıma. O zaman mən "Mühakimə" qəzetində
redaktor işləyirdim. Yanıma gələnlərdən
kimisə yola salırdım. Gördüm ki, əllərini
arxasında çarpazlayıb sakit tərzdə qəbul
otağında divara söykənib. Məni görən kimi
üzü gülümsəyib zarafatla dedi ki, köməkçilərin
məni sənin yanına buraxmırlar. Otağa dəvət
etsəm də, tələsdiyini, rayona gedəcəyini
söylədi. Əlimi cibimə salıb sayını bilmədiyim
qədər, bir xışma cibinə pul basdım. Mənə
tərəf əyilib pıçıldadı: "Nə vaxt
qaytaracam?" Boynunu qucaqlayıb üzündən öpüb
"Heç vaxt, qaytarma..." dedim. Bağrıma basıb
yola saldım. Onu bayırda kimlərsə gözləyirdi. Bu,
mənim Aydınla sonuncu görüşüm oldu.
Aydının həyat yoldaşı Rübabə
xanım bir neçə gün öncə telefon söhbəti
zamanı mənə hələ də o Aydınlı günlərdə,
illərdə qaldığını dedi: "Hər gün
onunla danışıram, onunla məsləhətləşirəm,
onunla dərdləşirəm..."
Aydın Səlimzadə ilə bağlı rəngarəng
xatirələrim çoxdur. Düşünürəm ki,
Allah nəsib etsə, yaxın gələcəkdə Aydın
haqqında bir kitab yazım. Aydın Səlimzadənin xatirəsi
hər cür hörmətə, izzətə layiqdir.
Aydından söhbət düşəndə, onun barəsində
həmişə bir şeyi düşünmüşəm.
Əgər həqiqətən cənnət-cəhənnəm
məfhumu mövcuddursa, Aydın mütləq cənnətdədir.
Əminəm ki, onun ruhu mələyə dönüb, cənnətdə
uçur... Budaqdan budağa, çiçəkdən
çiçəyə qonur...
Yerin behişt olsun, məzarın nurlu olsun, əziz
Aydın! Görəsən, bilirsənmi ki, sən bizi
ağır, çox ağır bir dərdə düçar
etmisən - sənsizliyə...
Allah sənə rəhmət eləsin!
Şəmsi VƏFADAR
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.27.