İraq-türkman ədəbiyyatının
fədakar təəssübkeşi
PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN İKİ
KİTABI HAQQINDA BİR YAZI
Altmış ildən çox zaman kəsimini əhatə
edən bir dövr ərzində İraq-türkman ədəbiyyatı
problemlərinin araşdırılması sahəsində
gördüyü işlər Əməkdar elm xadimi, professor
Qəzənfər Paşayevin təkcə elmi fəaliyyətinin
deyil, həm də milli-türk vətəndaşlığına
xidmətinin vacib və aparıcı istiqamətini təşkil
edir. Görkəmli alimimizin hələ sovetlər
dövründə İraq türkmanlarının folklorunu,
musiqisini, ədəbiyyatını eyni dil, eyni kök, eyni
milli kimlik, eyni milli-mənəvi dəyərlər kontekstində
araşdırmaları iki xalq arasında mənəvi birlik
körpüsünün yaradılmasında mühüm vasitə
olub. O, Ulu öndər Heydər Əliyevin "Tarixi
araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan
və İraq türkmanları bir bütövün
parçalarıdır" milli konseptual kəlamına
söykənərək Azərbaycanda kərkükşünaslığın
elmi-nəzəri sistemini yaradıb, sanballı elmi tədqiqatları
ilə bu sahənin yeni inkişaf mərhələsinə qədəm
qoymasını təmin edib. Professor Qəzənfər
Paşayevin "Altı il Dəclə-Fərat sahillərində"
kitabı ilə başlayan, "Kərkük dialektinin
fonetikası", "İraq-türkman folkloru", "Kərkük
folklorunun janrları", "Nəsimi divanının
İraq nüsxəsi", "Nəsimi: edamdan sonrakı həyat"
əsərləri ilə davam edən, "Azərbaycan və
İraqda Bayatlar", "Azərbaycan-İraq türkman ədəbi
əlaqələri: ayrılığın sonu" və s. tədqiqatları
ilə yüksək mərhələyə çatan
elmi-tarixi və ədəbiyyatşünaslıq fəaliyyəti
nəticəsində təkcə Azərbaycanda deyil, eyni zamanda türk arenasında
Kərkük dünyasının elmi-mədəni, ədəbi-bədii
obrazı formalaşıb. Obrazlı desək, İraq
türkmanını Azərbaycana, Azərbaycanı İraq
türkmanına "ilk daşıyan", İraq
türkmanlarında Azərbaycanın, Azərbaycanda isə
İraq-türkmanlarının ilk sevdasını yaradan məhz
professor Qəzənfər Paşayev olub.
Qəzənfər müəllimin sayəsində
İraq-türkman sevdasına düşənlər
arasında bu yazının müəllifləri də var.
İraq-türkman ədəbiyyatı ilə bağlı
yazdıqlarımızın, Əbdüllətif Bəndəroğlu, Məhəmməd
Mehti Bayat, Nəsrin Ərbil, Salah Növrəs haqqında
araşdırmaların ideya mərkəzində Qəzənfər
müəllimin kərkükşünas obrazından
aldığımız ilham dayanır.
İraq-türkman ədəbiyyatının, eyni
zamanda İraq-türkman ictimai-siyasi həyatının
inkişafında mühüm xidmətləri olan
Əbdüllətif Bəndəroğlu
və Məhəmməd Mehdi Bayat ilə canlı
görüşlərin, sonradan formalaşan dostluğun təməlini
professor Qəzənfər Paşayev qoyub. Onun "Azərbaycan-İraq
türkman ədəbi əlaqələri:
ayrılığın sonu" (Bakı-2025) və
"İraq-türkman ədəbiyyatı tarixi" (Orxan
İsayevlə birlikdə, Bakı-2025) kitablarını kərkükşünaslığın
yeni töhfəsi hesab etmək olar.
"İraq-türkman ədəbiyyatı tarixi"
kitabında türkman ədəbiyyatının şifahi xalq ədəbiyyatından
XXI əsrə qədərki mərhələsinin sistemli
şəkildə araşdırılma problemləri kərkükşünaslıqla
bağlı elmi-nəzəri görüşlərin, bu sahədəki
fundamental tədqiqatların ən bariz nümunəsidir. Kitab
giriş və səkkiz fəsildən ibarətdir. Kitabın
üç fəsildən ibarət "Şifahi xalq ədəbiyyatı"
bölümü mərasim folkloru, epik və lirik növün
janrlarını özündə ehtiva edir. Toplunun
yazılı ədəbiyyat bölümü
"İraq-türkman ədəbiyyatının
başlanğıc mərhələsi", "XVI əsr və
İraq türkman ədəbiyyatı", "XVIII-XIX əsrlər
İraq türkman ədəbiyyatı", "XX əsr-XXI əsrin
əvvəlləri İraq türkman ədəbiyyatı",
İraq türkman ədəbiyyatının nəsr,
dramaturgiya yaradıcılığı və s. məsələləri
əhatə edən 4 fəsildən ibarətdir. Bu tərtibat
bizə çox şeydən xəbər verir. Şifahi xalq ədəbiyyatından
müasir dövrə qədərki araşdırmaları
professor Qəzənfər Paşayevin İraq-türkman ədəbiyyatı
ilə bağlı uzun illər yorulmadan apardığı tədqiqatlarının,
sevgi ilə yanaşdığı
gərgin əməyinin göstəricisidir.
Kitabın birinci fəslində İraq-türkman ədəbiyyatında
mərasim folkloru ilə bağlı nümunələrdən,
onların Azərbaycan folkloru ilə
bağlılığından, bu nümunələrin insanların
həyatındakı rolundan və təsirindən bəhs
olunur. Birinci fəsildə İraq-türkman folklorundakı
inancları məişət və mərasim, təbiət
hadisələri, bitki və heyvanat aləmi, eləcə də
astral təsəvvür və əsatiri görüşlərlə
bağlı inanc qrupuna ayıran müəllif onları Azərbaycan
folklor nümunələri ilə qarşılıqlı
şəkildə araşdırır. Məsələn,
"Kərkük dolaylarında da su kultu ilə əlaqədar
yaranmış inam və etiqadlar çoxdur, səfərə
çıxanın arxasınca su atırlar ki, yolu uğurlu
olsun. Burada su aydınlıq sayılır" və yaxud
göz səyriyəndə bir fənalıq baş verəcəyi
inamı var. Bu elementə "Kitabi-Dədə Qorqud"
dastanında Dirsə xanın arvadının Buğacın
ovda başına pis bir hadisə gəldiyini hiss edərkən
də təsadüf olunur:
İki vardın, bir gəlürsən, yavrum qanı?
Qara gərdunda bulduğum oğul qanı?
Çıxsın bənim kor gözüm, a Dirsə
xan, yaman sərgir ("Kitabi-Dədə Qorqud" dastanı).
Kitabda qeyd olunur ki,
İraq-türkman folklor inanclarında oğul-uşaq sahibi
arzusunda olanlar niyyətlərinə yetmək üçün
nəzir-niyaz paylayırmışlar. Tədqiqat işində
bu motivin "Kitabi-Dədə-Qorqud" dastanında olması
ilə bağlı müqayisəli təhlil aparılıb:
Oğlu olmayan Dirsə xan qurban kəsir, acları doydurur,
yetim-yesirə əl tutur, borcu olanları borcdan qurtarır,
hamıya yaxşılıq edir və bir ağzı
dualının alqışı ilə Allah-Təala ona bir
övlad verir. Alimin kərkük folklor nümunələrini
milli-mənəvi dəyərlərimizin, milli kimliyimizin
göstəricisi olan "Kitabi-Dədə Qorqud"
dastanı ilə müqayisəli təhlil etməsində məqsədi
hər iki xalqın eyni kökdən - oğuz tayfasından,
Bayat qəbiləsindən olmasını göstərmək
istəyindən qaynaqlanır.
Kərkükşünaslığa böyük
töhfə hesab olunan bu kitabında "and", "qəsəm" kimi tanınan, qədim Kərkük
folklor janrı olan yemindlər barədə araşdırmalar türk, monqol, Azərbaycan
folklorundakı oxşar elementlərlə paralel şəkildə
təhlilə cəlb olunub. İraq türkman folklorunda dualarla
yanaşı, bəddualar da mühüm yer tutur. Professor
Q.Paşayev onları üç qrupa ayırır: dini təsəvvürlərin
təsiri ilə yaranan bəddualar, mərasimlərlə
bağlı yaranan bəddualar və məişətlə
bağlı yaranan bəddualar.
"Şifahi xalq ədəbiyyatı"
bölümündə diqqət çəkən önəmli
cəhətlərdən biri odur ki, professor Q.Paşayev
türkmanların folklorundakı xalq mərasim nəğmələrinin,
dini bayramlarda oxunan nəğmələrin, yas mərasimlərindəki
ağıların, toy mərasimlərindəki nəğmələrin,
adətlərin həm bədii-semantik quruluşunun, həm
xalqın həyatında oynadığı rolun birə-bir Azərbaycan
xalq yaradıcılığı nümunələri ilə
eyni olduğunu təsdiqləyir: Azərbaycan və
İraq-türkman xalqı coğrafi baxımdan ayrı
yaşasalar də, ruhən, soykökü, milli genetika
baxımdan eyni xətt üzrə inkişaf edib, bir
ağacın kökü üzərində qol-budaq atıblar.
İkinci fəsildə lirik növün xoyrat, mani,
xalq havaları, beşik nəğmələri, oxşama,
bayatı-tapmaca
janrlarının forma-məzmun, ideya xüsusiyyətləri,
xalq həyatındakı yeri və s. barədə sistemli təhlillər
aparılıb. Xoyratlar İraq-türkman folklorunun həcmcə
kiçik janrı olmasına baxmayaraq, hər misrasında bir
dünya fikir, fəlsəfi ideyalar, əxlaqi və ictimai anlam
təcəssüm etdirən qədim nümunələrindəndir.
Xoyratlarda məna dərinliyini artırmaq, fikri daha konkret diqqətə
çatdırmaq üçün atalar sözlərindən də
istifadə edilib.
Müəllif türkman xoyratlarını tədqiq etməklə
yanaşı, bu janrın tədqiqatçılarından olan
məşhur alim Əta Tərzibaşının "Kərkük
xoyratları və maniləri" kitabından da söz
açır. Onun qənaətincə, "gənc şairi əsl
və geniş poeziya aləminə aparan yeganə yol
"xoyrat və mani" yoludur".
"Azərbaycan İraq-türkman ədəbi əlaqələri:
ayrılığın sonu" kitabını ədəbiyyat
tarixində heç yerdə rast gəlmədiyimiz bir çox
mühüm tarixi-ədəbi faktlarla zəngin, kərkükşünaslıq
elmində sözünü demiş dəyərli alim və tədqiqatçıların
fikirlərini, xatirələrini əks etdirən, professor Qəzənfər
Paşayevin bu yolda uzun illər yorulmadan apardığı
fundamental araşdırmalarının hesabatını
özündə ehtiva edən möhtəşəm tədqiqat
əsəri kimi də qiymətləndirmək olar. Kitabda Azərbaycan-türkman
ədəbi əlaqələrinin başlanğıcından
bu günümüzə qədər olan bir dövrün xronoloji inkişaf yolu
canlandırılıb. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli
kitabda yer alan "Kərkükşünaslığın
lideri" başlıqlı yazısında Türkmanelinə
- Kərkükə Azərbaycandan ilk dəfə yol açan
Xalq şairi Rəsul Rza, akademiklər - Həmid Araslı və
Abbas Zamanovdan sonra professor Qəzənfər Paşayevin bu sahədəki
xidmətlərini yüksək qiymətləndirib. Kitabda
Əta Tərzibaşı kimi nəhəng bir şəxsiyyətin
türkman ədəbiyyatındakı xidmətlərindən,
onun Mirzəağa Quluzadə, Qəzənfər Paşayevlə
yazışmalarından, eləcə də Əta Tərzibaşının
"Kərkük havaları" kitabından bəhs olunub.
Müəllif həmçinin Kərkük musiqisi ilə Azərbaycan
xalq mahnıları arasında bir doğmalığın
olması məsələsinə toxunub. Eyni zamanda kirabda
İraq-türkman tədqiqatçıları, şairləri,
yazıçıları, jurnalistləri, elm adamları
haqqında oçerklər verilib. Bütövlükdə
bütün bu mənbələr türkman ədəbi əlaqələrinin
inkişafı istiqamətində əvəzsiz rola malikdir.
Kitabın "Ortaq şairimiz Nəsimi haqqında
tarixi həqiqətlər" bölümündə indiyəqədər
nəsimişünaslıqda bilinməyən bir çox yeni
faktların üzə çıxarılmasından bəhs
edilib. Burada Xalq şairi R.Rzanın sovet dövründə Nəsiminin
qəbrini tapmasından, Hələb şəhərində
olmasından, onun səfər xatirələrindən də
danışılır. Qəzənfər müəllim bu
bölmədə akademik Ziya Bünyadovun "Nəsiminin məhkəməsi
və qətli" məqaləsinə də yer
ayırıb. Bu məqalədə Nəsiminin
çağdaşı olan İbn Həcər əl-Əsləqaninin
şairin boynu vurulduqdan sonra dərisinin soyulub cəsədinin
çarmıxa çəkilməsi fikri xüsusi
vurğulanıb. Bununla da kitabda Nəsiminin diri-diri dərisinin
soyulduğunu iddia edənlərin yanıldığı
sübuta yetirilib. Professor Qəzənfər Paşayevin "Nəsimi. İraq
Divanı" və "Nəsimi: edamdan sonrakı həyat"
adlı tədqiqatlarında Nəsiminin dini deyil, siyasi
baxışlarına görə edamı fikri, o cümlədən
şair öldürüldükdən sonra 1427-ci ildə Hələbin
Ədalət Məhkəməsi tərəfindən ona bəraət
verilməsi faktları nəsimişünaslığa ilk dəfə
gətirilən yeniliklərdir. Kitabda həmçinin Nəsiminin
aşıq poeziyasını ustadnamələr, qıfılbənd
bağlamalar, "Əlif lam", "Tərs əlifba",
gəraylı, qoşma kimi aşıq şeir şəkilləri
ilə zənginləşdirməsindən bəhs edilib. Qeyd
edək ki, bu faktlar ilk dəfə olaraq professor Q.Paşayev tərəfindən
tədqiq olunub. Bundan əlavə, Nəsiminin indiyə qədər
heç bir Divan nüsxəsində təsadüf olunmayan 11
şeiri, eləcə də Nəsimiyə aid olması ehtimal
olunan 129 şeirin 68-i İraq Divan nüsxəsində üzə
çıxarılaraq monoqrafiyaya əlavə edilib.
Görkəmli tədqiqatçının "Azərbaycan İraq-türkman ədəbi
əlaqələri: ayrılığın sonu"
kitabında Azərbaycan İraq-türkman ədəbi əlaqələrində
böyük xidmətləri olan Şakir Sabir Zabitin,
Əbdülvahid Kuzəçinin, Sinan Səidin, Əbdüllətif
Bəndəroğlunun, Nəsrin Ərbilin, Mahir Naqibin,
Sübhi Saatçının, Əli Bəndərin, Mustafa
Ziyanın, Şəmsəddin Kuzəçinin, Qasım
Sarıkəhyanın, Seyfəddin Çaxmaqçının
və Ərşad Hürmüzlünün həyat və
yaradıcılıqlarından da bəhs olunub. Q.Paşayev
kitabdakı "Məhəbbət ölüncədir"
başlıqlı yazısında Fövzi Əkrəm Tərzioğlu,
Faruq Faiq Köprülü və Sabir Dəmirçi kimi
türkman şairlərinin Azərbaycanı görmədən
yazdıqları əsərlərini
sevginin ən ali zirvəsinə nümunə hesab etdiyin
vurğulayıb. Kitabdakı digər yazılarda iki xalq
arasındakı ədəbi-mədəni əlaqələrin
inkişafından, 1968-ci ildən 2025-ci ilə qədər Azərbaycanda
və İraqda nəşr olunan kitablardan, Şəmsəddin
Kuzəçinin yaratdığı və sədri olduğu
"Kərkük Kültür Dərnəyi"nin Azərbaycanla
ortaq fəaliyyətindən və s. məsələlərdən
də bəhs olunub.
Professor Qəzənfər Paşayevin gənc tədqiqatçı
Orxan İsayevlə birlikdə yazdıqları
"İraq-türkman ədəbiyyatı tarixi"
kitabında isə İraq-türkman
folklorunun sistemli-monoqrafik tədqiqi aparılıb. Epik
növ adlanan üçüncü fəsildə
nağıllar, atalar sözü və məsəllər,
tapmacalar, lətifələr, aşıq
yaradıcılığı və dastanlar,
"Koroğlu", "Arzu-Qəmbər" dastanlarının
araşdırılması tarixi keçmişimizin, dil, estetik
fikir tariximizin, xalq poeziyamızın, dialektologiyamızın
İraq türkmanları ilə ortaq kökə, ortaq dəyərlərə malik
olması fikri qənaətinə gəlinib. Aparılan tədqiqatlardan
belə nəticəyə gəlinib ki, Kərkük folkloru Azərbaycan
folklorunun qüdrətli qoludur. Folklor hər bir xalqın tarixi
inkişaf mərhələlərini, həyat tərzini,
dünyabaxışını, adət-ənənəsini,
düşüncə tərzini və s. əks etdirən
müstəsna dəyərə malik milli xəzinədir. Monoqrafiyada Qəzənfər
Paşayevin Kərkük folklorunu Azərbaycan folkloru ilə
qarşılıqlı təhlil kontekstində tədqiqata cəlb
etməsi nəticəsində birə-bir oxşar elementləri
üzə çıxarması kərküklərin də
bizim kimi oğuz türklərinin Bayat qəbiləsindən
olmasından irəli gəlir.
Kitabın yazılı ədəbiyyat
bölümündə İraq ərazisində yaranan
türkdilli ədəbiyyatın
qədim və zənginliyinə, bu ədəbiyyatın
keçdiyi üç tarixi inkişaf istiqamətinin sistemli
monoqrafik tədqiqinə də yer ayrılıb. Müəlliflər
XIII-XIV əsrdən formalaşmağa başlayan
İraq-türkman yazılı ədəbiyyatını Azərbaycan
ədəbiyyatının bir qolu hesab edirlər. Həmin
dönəmdə İraq ərazisində yaşayan sənətkarlar
Azərbaycan türkcəsində yazıb yaradıblar.
İraq-türkman ədəbiyyatının ikinci
böyük tarixi inkişaf istiqaməti Osmanlı ədəbiyyatı
ilə bağlıdır. XVI əsrin ikinci yarısından
etibarən İraq-türkman ədəbiyyatı Osmanlı ədəbiyyatının
təsiri altına düşür. Bir faktı da qeyd edək
ki, Növrəs Qədim, Hacı Abdullah Safi, Mustafa Bədri,
Şeyx Halis Təlabani kimi türkman sənətkarları
İraqda doğulan osmanlı şairləri hesab olunurlar. Bu təsir
həmin dönəmdəki sənətkarların həyat və
yaradıcılıqlarını öyrənməkdə bir
sıra çətinliklər yaradıb. Müəlliflər monoqrafiyada ilk dəfə olaraq bir
neçə şairin həyat və
yaradıcılığını İraq-türkman ədəbiyyatının
nümayəndəsi kimi araşdırıb. Bu sənətkarlar
Nəzmizadə Mürtəza, Seyid Əli və Aşıq
Bağdadidir. Tədqiqatçıların gəldiyi qənaətlərə
görə, İraq-türkman ədəbiyyatı istər Azərbaycan,
istərsə də Osmanlı ədəbiyyatının bir
hissəsi sayıldığı dövrlərdə belə
özünəməxsus xüsusiyyətlərə malik olub.
Bu baxımdan bir sıra sənətkarların həyat və
yaradıcılıqları mütləq şəkildə
yenidən araşdırılaraq İraq-türkman ədəbiyyatı
nümayəndəsi kimi təqdim edilib.
XX əsrin əvvəllərində cəmiyyətdə
baş verən ictimai-siyasi proseslər ədəbiyyata da təsir
göstərib. İraq ərazisinin Osmanlı dövlətindən
ayrılması ilə İraq-türkman ədəbiyyatında
milliləşmə istiqaməti güclənib, yeni inkişaf
mərhələsinə qədəm qoyub. Klassik ənənəni
qoruyub saxlayan İraq-türkman yazılı ədəbiyyatına
yeni inkişaf xətti ilə bir novatorluq gətirilib, yeni janr,
mövzu, ideyalar istiqamətində tərəqqi
müşahidə olunmağa başlayıb, heca və sərbəst
vəzndə yaranan şeir nümunələri, epik və
dramatik növdə yazılan əsərlər ədəbiyyatda
üstünlük qazanıb. Tədqiqatçılar
türkman ədəbiyyatında nəsr əsərlərinin
yazılması tələbatını türkmanların
yaşadıqları siyasi və ictimai məhrumiyyətlərlə
bağlayırlar: "Tədqiqatlar sübut edir ki, Türkman
sənətkarları xalqın düşdüyü çətin
vəziyyəti izhar etmək üçün müxtəlif
yollar axtarmış və nəsr əsərlərinin verdiyi
imkandan istifadə edərək hiss və həyəcanlarını
bu yolla çatdırmağa çalışmışlar.
Ədəbiyyat həyatı obrazlı şəkildə təqdim
etdiyi üçün müasir İraq-türkman ədəbiyyatı
da türkmanların yaşadığı ağrı və
acıları güzgü kimi əks etdirir".
Elman QULİYEV Filologiya elmləri doktoru,
Ülkər BAXŞİYEVA Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.26;27.