"Rəmiş,
getmək vaxtıdı..."
AQİL ABBASIN "RƏMİŞ" POVESTİ
HAQQINDA İSTİ-İSTİ
Qiyamət günü kütləvi deyil, o, hər bir
Allah bəndəsi üçün ayrıca gəlir.
V.Bəhmənli, "İşartılar"dan.
"Ulduz" aylıq ədəbiyyat dərgisi
2026-cı ilin ilk sayında oxucularına bədiiyyat və
publisistika adına cəmi üç yazı təqdim edib:
1. Azər Turan - "Birinci Türkoloji Qurultay - film
kimi bir hadisə" (Elnarə Akimovanın "Yüz ilin ədəbiyyat
yolçuları" adlı yekun dəyərləndirilməsi
ilə).
2. Aqil Abbasın "Rəmiş" povesti (Povest
müəllifinin "Bu dünyadan Rəmiş keçdi"
başlıqlı ön sözlə)
3. Dərgidə kitab. Kamil Şahverdi - "Bir daha
himnimiz haqqında".
Belə format "Ulduz"un dövriliyində nadir
hadisələrdən sayıla bilər, çünki dərgi
xüsusilə Qulu Ağsəsin dönəmində
"debüt" təmayülü ilə daha çox diqqət
çəkir, yəni redaksiya yaşlıların ədəbi
təcrübələrini ötürməkdən daha
çox, yaradıcı gəncliyin polifoniyasını, yeni
imza palitrasını işıqlandırmağa, gənc nəslin
nəfsinin hərarətini duydurmağa üstünlük
verir.
Olsun, təki oxucuya zövqlü, dəyərli
yazı çatdıraq, müəllifin yaşının və
imza imicinin bir elə də önəmi yoxdur.
Bura qədərki cümlələri ümumi təəssüratın
dolğunluğu xatirinə yazıram. Əslində məqsədim
Aqil Abbasın yeni povesti - "Rəmiş" barədə təəssüratlarımı,
əsərdən hasil olan estetik təsiri isti-isti
bölüşməkdən ibarətdir.
Qələm dostumun işıq üzü görən
digər yazılarının tümü kimi, "Rəmiş"i
də dərhal, növbə gözlətmədən və
birnəfəsə oxudum. Əslində sərf olunan
"mütaliə qoşasaatını" bu povestə təkrar
dönüş də adlandıra bilərəm.
Çünki onu az müddət öncə "525-ci qəzet"
və "Ədalət"in internet versiyalarında (hansı
hissə hansı profildə daha öncə rastıma
çıxdı) parça-parça izləmişdim.
Kim nə deyir desin, bədii mətni kağız
üzərindən oxumağın verdiyi bədii-estetik
zövq bambaşqadır. Bir şərtlə, kitab, jurnal, qəzet
səhifələrindən mütaliə olunan əsər nəzərlərindən
axıb ürəyinə, beyninə, yaddaşına hopsun,
özünə ruhunda yer eləsin.
Bəri başdan deyim ki, "Rəmiş"
povestinin bədii təsir dərəcəsi oxucu
üçün belə bir imkanı yaradır.
Onu da bəri başdan deyim ki, Aqil Abbasın son
dövrə aid nəsr və bədii publisistika
yaradıcılığı ümumən ədəbi proses
daxilində olmaqla bahəm, həm fərdi və həm də
mühüm ədəbi nailiyyət səciyyəsi ilə
ciddi maraq doğurur. Hələ bu azmış kimi, o, artıq
35 ildir, on minlərlə (bəli, belə çox!!) qələm
əhlinin imzasına çətir tutan "Ədalət"
adlı polifonik bir nəşrin baş yazarı statusunu bir
kimsəyə güzəşt etmir. Mənim
tanıdığım Aqil Abbas 70-ci illərdə Abdal
Qasımın gülməcələrini tapıb-toplayanda, qəzetlərə
xırda məqalələr yazanda, böyük bir təşnəliklə
çap olunmağa, görünməyə can atanda necə həvəsli,
ilhamlı, coşğun idisə, indi də həmən sadədilliklə,
şövqlə yazıb-yaradır, yenə də
yazının əbədiyyətinə möhkəm
inanır, yazıçılığı əqidəyə,
amala bərabər tutur.
Ədalət hissi üstündə olan oxucu, yaxud həmkar
qələm yoldaşı sənətkarın belə
ardıcıl cəhd və canatımına laqeyd qala bilməz
(qalmamalıdır)!
Və nəhayət, belə
bir yekun: Aqil Abbas ədəbi yaradıcılığa sonsuz,
tükənməz bir sevgiylə sarılıb... Qədir
Rüstəmov qavala və səsin zilinə, Aşıq
Ədalət alışıb yanan saza, Rəmiş
hönkürən gitaraya, Səxavət səsin əlçatıb-ünyetməyən
xırdalıqlarına, Şakir qəm köynəyi kimi
şırma-şırma açılan qarmona... övlad anaya
sarılan kimi!
Hardasa on il olar, Aqil Abbas ciddi nəsr
yaradıcılığını dəmdən-dəmə, gələndən-gələnə
deyil, məqsədli bir israrla davam etdirir.
Yazıçının həyat və
yaradıcılığından bəhs edən
"Qarabağın qələmi - Aqil Abbas" adlı,
kiçik həcmli kitabımda, əlbəttə,
yazıçının son macallar yazdığı
"Camış bağa girdi, gəl", "Eynəyin itməkliyi",
"Əzrayılın erkək dişiliyi" hekayələrini,
xüsusilə "Çay qırağında bitib, susuz qalan
ağacların sağlığına" povestini, yəni bu
dörd əsərin cəmini, şərti mənada, sənətkarın
fərdi yazı mühitində yeni, həm də ümumi əsaslar
qalmaqla xeyli fərqli bir period-dövr kimi təsnif etmişdim.
Sanki ədibin müharibənin od-alovundan
çıxmış qələmi hər nə təhər
olsa da, rahat nəfəs almağa başlayır.
Fəqət Aqil Abbas son zamanlar yaradıb çapa
verdiyi "Qədir Rüstəmovun ov macərları və
yolumuzun üstünə çıxan qara pişik"
adlı tamamlanmayan (məncə) və "Rəmiş"
adlı tamamlanan əsərləri ilə yazı
masasının (əgər elə bir masa varsa...) sirrini
açdı - demə, bizim bitmiş saydığımız
period nəinki bitib, heç nə, ən azı ətalətinin
(ədalətinin yox!) gücünə yeni və daha
şanslı ümidlər vəd edir...
Deyəsən, ağ elədim; bu boyda müqəddimə
olmaz.
Bu yazıya başlamaqda məqsədimizin nə
olduğunu irəlidə bildirmişik.
Aqil Abbasın roman vüsətində qələmə
aldığı "Rəmiş" povesti nədən bəhs
edir, ən azı üç məkanda - göy üzündə,
yer üzündə və qəribə də olsa yerin
altında (elə bir yerin altı ki, ora yerin üstündən
də işıqlıdı) cərəyan edən bədii
epizodlarla, hövüllənmiş (təlaşlı) bir
üslubla müəllif nə demək istəyir? O, insan
taleyinə düşən necə bir qismətin
itib-batmağından qorxur, kimi və nələri sözə
çevirib yeni gələn nəsillərin yaddaşına
ötürmək istəyir? Zamanlar boyunca yaşamaq haqqı
olan nəsnələr hansılardır və ya kimlərdir,
insanlara mənəvi güc vermək imkanına malik qüdrətin
adı nədir?
Dipdiri, tərpəşən sözlər hansı
itkilərdən yana göz yaşları tökür? Kimdi Rəmiş
- Paqanini? Gitara ifaçısı? Meymunoynadan? Çingiz
xanı taxtda, Teymurləngi qundaqda görən şeytan? Konyak
və tüstü aludəçisi? Yan-yörəsində
şair (şairlər!) fırlanan qızıl barmaqlı
ustad?
Deyəsən, oxucunun haqqına girirəm?!
Avantüranın (idəşməyin!) yeri yoxdu... Aqil
Abbas "Rəmiş" adlı yeni povest çap elətdirib.
Bu yazını yazmaqda isə bizim məqsədimiz ondan ibarətdir
ki, povesti Azərbaycan ədəbiyyatını ardıcıl
izləyən hər kəs oxusun, belə bir uğurlu bədiiyyati
nəzərindən qaçırmağın özü bir
itkidir.
"Rəmiş" povesti dünya ədəbiyyatının,
eləcə də milli nəsrimizin magik təmayüllərindən
xəbərdar bir yazıçının qələmindən
çıxıb.
Bu, hələ azdır, orada bir oxucu kimi mən
başı üzərində müqəddəs nur haləsi
cizginən peyğəmbər ruhunun işarətlərini də
sezib duydum.
Povestdə müəllif müdaxiləsinə dəlalət
edən tək bir cümlə belə yoxdur söyləsəm,
mənə inanın.
Vaqiə cümlə ilə başlayır: "Mələklər
yığılmışdılar Rəmişin başına.
O isə ağır-ağır nəfəs alırdı, əgər
buna nəfəs almaq demək mümkün idisə, rəngi-rufu
qaçmışdı, mələklərin özlərinin
alışdırdığı bir günəş (!!! - V.B.)
sönürdü".
İstəyir ocaq olsun, istəyir Günəş
olsun, istəyir dünyadan köçən insan və ya məqamını
başa vuran isti bir fəsil olsun, bütün bu
varlıqların hamısı öz içinin sonuna varıb,
dibə çökəndə külçədə
ilişib qalan son qətrə hərarət zərrələrini
də mənəvi bir borcu kimi yenidən qaytarıb ətraflarına
əta eləyirlər.
Povestdə Rəmiş ölüm mələyi ilə
çarpışarkən Allah-Təalanın ona bəxş
etdiyi nüvənin, həyat enerjisinin sanki ən gizli
işartısını özündən sonraya, yer
üzündə qalan dünyaya ötürmək istəyir.
Çünki o adam nə bu, nə o dünyada qismət kimi
ona verilmiş qüdrətin, ilahi enerjinin bircə zərrəsinin
belə təmənnasında deyil. Aqil Abbasın təqdim
etdiyi, bizim də azdan-çoxdan bələd olduğumuz Rəmiş
təmənnasızlıq məbədidir. Onun
anlayışında kimdənsə nəsə almaq, nəyisə
təmənna etmək düşüncəsi yoxdur, onda
yalnız bu var: məndə nə varsa alın,
götürün, hamısı sizin olsun!
Bu yerdə mən Aqil bəyə haqq
qazandırıram; Rəmiş dünyanın içində
yox, dünya Rəmişin içində yaşasaydı, həyat
necə də rahat olardı?!
"Rəmiş" epizodlar romandır, əsər
seçmə söz və ifadələrdən, ilmə və
çeşnilərdən toxunan xalçanı
xatırladır. Burada iyirmidən çox bədii epizod, həqiqət
və yarım həqiqət birləşib,
qaynayıb-qovuşaraq bütövlük yaradır ki, bu da
"Rəmiş" povestinin həm ruhu (ideyası), həm də
cismidir (strukturu).
Epizodlar cümlənin əvvəlinə üç
nöqtə qoyulmaqla sıralansa belə, bir məzmun
alınır. Mülahizələrimi yeri gəldikcə
epizodlara, bədii detallara uyğun qaydada qeyd etməyi də
düşünürəm.
...Xəstəxana. Rəmiş süni nəfəs
cihazına qoşulub. Onun axırıdır. Bir ayağı
burda, bir ayağı gorda. Sənətkarın ürəyini
köksündən çıxarıb, sıxıb sonuncu
köhnə qan damcısına qədər təmizləyən
mələk də buradadır. Yeri gəlmişkən,
yazıçılığı bir qırağa qoyuram, bir fərd,
yaxından tanıyıb müşahidə etdiyim insan olaraq
Aqil müəllimin gələcəkdə hansısa əlahiddə
dəyər qazana biləcək hadisəyə, prosesə irəlicədən
həssas reaksiya verdiyini, onun əksər
gümanlarının (proqnozlarının) özünü
doğrultduğunu çox görmüşəm. Halbuki mən,
eləcə də başqaları bu və ya digər əlahiddə
fakta, bir o qədər də əhəmiyyət verməmişik.
Məsələn, o, bizdən daha əvvəl bilirdi və
inanırdı ki, Ağdamın "Qarabağ" futbol klubu
nə zamansa indiki miqyasda professional komanda səviyyəsinə
yüksələcək. Biz Qədiri, Rəmişi, Səxavəti
zövqlə, başımızı heyranlıqla yellədə-yellədə
dinləyib bir müddət sonra unudanda Aqil Abbas o səslərdəki
fövqəladəliyi, əbədiyyəti cisminin bir əzası
kimi hifz edib özündə saxlayırdı, onları
özü ilə gəzdirirdi. Mənim belə təbiətli
qələm dostlarımın çox deyil, amma var. Hətta
onlardan da fərqli olaraq Aqil Abbas qeyri-adi istedadlı
adamların dəyərini yorulmadan təlqin etməklə
yanaşı, zaman ayırıb onların böyrünü
(dizinin dibini) kəsdirməyi, onlarla gəzib
dolaşmağı da bacarır, bu təmaslara öz
içinin daxili tələbatı kimi vaxt ayırmağa vaxt
tapır.
Qoy bu da başqa bir misal olsun; gəncliyimizdən
üzü bəri Aqil Abbas Vaqif Bayatlının (Cəbrayılzadə)
göy üzü, tanrı nəfəsi kimi şəkillənən
poeziyasının məcnunudur, deyərdim. Bunu da etiraf edim ki, o,
heç bizim də ucundan-qulağından şair olduğumuzu
nəzərə almayıb, xətrimizə dəyər-dəyməzin
fərqinə varmadan Cəbrayılzadənin həqiqətən
də məxsusi cazibədarlığı olan şeirlərini
yorulmadan tərifləyir, yeri gələndə şairin
öz ifasına bənzər tərzdə əzbərdən
səsləndirir.
"Rəmiş" povestində də Aqil Abbas
"şair cildinə girərək" hər zaman
qızırqanmadan təmasına can atdığı sənətkarın
(Rəmişin) yanını bir an belə tərk etmir, son nəfəsəcən
onun yastığının böyrünü kəsdirib durur.
Yazıçı ilə yaratdığı obraz arasında
qaynayıb-qovuşma o qədər sıxdır ki, sanki oxucu
povesti kağızdan deyil, müəllifin kədərə
bürünmüş üzündən, çarəsiz
simasından oxuyur...
Hər bir yazıçının
qidalandığı üç əsas mənbə var, onun
birincisi, həyata həssaslıq,
ikincisi, Allah-Təala tərəfindən verilən istedad,
üçüncüsü, yazıçının əxz
etdiyi biliklər toplusu, daha konkreti mənimsənilən klassik
və çağdaş ədəbi irsə əsaslanmaq
potensialıdır.
İlk iki şərt məlum sayaq, burada
üçüncü şərtin rolunu qeyd etmək zəruridir.
Qara Niqablı Mələyin (niqabın rənginin fərqi
yoxdur, əsas odur ki, icraçı mələk olsun) Rəmişin
sinəsindən qoparıb sıxıb-sıxıb sonuncu
damlasına qədər təmizlədiyi və o ürəyi
mələk dodaqlarına sıxıb yenidən təmiz səmavi
qanla doldurması epizodu mənə və bir çoxlarına
daha qədin məxəzlərdən bəllidir. İslamda, Qurani Kərimin
"İnşirah surəsi"nin ilk ayəsi ilə (Məgər
biz sənin köksünü açıb genişləndirmədikmi?)
bağlı bir hədisdən söhbət gedir. Orada deyilir:
"Yenə bir gün süd qardaşı Abdullah ilə evlərinin
yaxınlığında olan quzuların arasına
getmişdilər. Süd qardaşı qaçaraq evə gəlib
dedi ki: "Bəyaz geyimli iki nəfər, Qüreyşli
qardaşımı yerə uzadıb qarnını yardılar,
əllərini qarnına saldılar!" Həlimə Xatun ilə
əri Haris, sürətlə qaçıb Məhəmmədin
yanına gəldilər. Gördülər ki, rəngi dəyişmiş
vəziyyətdə, səmaya baxır və gülümsəyir.
"Sənə nə oldu belə, mənim balam?" - deyə soruşulanda, o, bunları
danışdı: "Yanıma bəyaz geyimli iki nəfər
gəldi. Birinin əlində içi qar dolu bir tas var idi. Məni
tutub, sinəmi yardılar. Qəlbimi də çıxarıb
yardılar. Oradan bir qan laxtası çıxardılar. Sinəmi
və qəlbimi qarla təmizlədilər və
bağlayıb gözdən itdilər", - dedi.
Ola bilsin vaqiənin fərqli ifadə variantları da
var, fikrimizin izahı üçün bu da yetərlidir.
Bəlkə də Qədir Rüstəmov, ələxüsus
Rəmiş nadir şəxslərdir ki, yer üzünün
sonuncu peyğəmbəri ilə bağlı hədisi onlardan
bəhs edərkən yada salıb, tutuşdurmaq olar... hər
halda, gələni saxlamazlar, demək icbaridir.
Epizpodlarda mifik hissiyyat qeyb olmasa da, həyatilik önə
çıxır. Rəmişin ölüm
yastığının böyrünü kəsdirən
şair - Aqil Abbas sanki heç olmayıb, yoxdur.
Komada Rəmiş var...
... Kənddən-kəsəkdən çıxan
sonradan hansısa daha tanınmış sənətkarın seçimi
ilə paytaxta gəlib (gətirilib) şöhrət qazanan bir
çox istedadların yaradıcılıq yoluna
yoldaşlıq edən trafaret - ustad tarzən Qurban Pirimov Rəmişin
primitiv məktəbli tarında - dərs vəsaitindəki
çalğısını dinləyir və vəcdə gələrək
özünün misli-bərabəri olmayan sədəfli
tarını həmkəndlisinə - Rəmişə
bağışlayır.
...Sədəfli tar elə o andan yeniyetmə
ifaçının (Rəmişin) varlığının
bir parçasına çevrilir. O, tarla yatıb, tarla
oyanır. Bir dəfə anası təşviş içində
Rəmişin atası Hüseyn kişiyə deyir:
Ay, kişi Rəmiş
yatağında yoxdu, həyətə baxdım, həyətdə
də yoxdu...
Ata:
ö Bəlkə tualetə gedib?
Ana:
- Tarnan?
Epizodlar davam edir.
...Tez-tez qeybə, "öz yerinə-yurduna"
çəkilən Rəmiş bu dəfə göylərdədi.
Qəribədi, haçan ki, tar qoynunda, qucağındadı,
onu yağış tutmur, qarşısına çıxan
canavarı ildırım vurub kül eləyir. Məhz bu period
- keçid dövrü Rəmişin ürəyinin mələklər
tərəfindən təmizlənməsi vaxtı ilə
üst-üstə düşür.
Oxucu yadda saxlamalıdır ki, povestdə zaman və məkan
anlayışı irrialdır, başqa sözlə, şərtidir.
Mələklər Rəmişin ürəyini təmizləyəndə
dünyanın bu mağmun insanı komada idi. Maraqlıdır,
görəsən, nə zamansa, X günündə, ən
başlıcası Rəmişin oyaqlığında, yəni
ağlı başındaykən belə bir xabi-qəflət,
fövqəl təmizlənmə ayini ona ayan olmuşdumu? Bunu
Allah bilir!..
Bura qədər olanları, düşünək ki,
yazıçı nəql və ya təsvir edir, hərçənd
reallığa uyğun gələn təsvir məqamları
yox dərəcəsindədir. Məhz, söylənən bu və
digər epizodlardan sonra yazıçı şərti bir məharətlə
oxucunun gözündən yayınıb süjet xəttinə
şəxsən daxil olur. Artıq o, yalnız
yazıçı deyil, "Rəmiş" povestinin
obrazlarından biridir. Və bu iki nəfər -
gitaraçı və şair ömründə görmədikləri
bəxtəvərliyə düşüblər - yer
üzünün istədikləri nöqtəsində, göy
üzündə, yerin altında, tarixdə, gələcəkdə...
ola bilirlər. Eynən illuziyaçı Voland kimi (M.Bulqakov,
"Master və Marqarita", bu barədə lap sonda).
Povestdə sanki İNDİ yoxdur, İNDİ palata
çarpayısında uzanan canbəsər xəstənin
ölüm-dirim çarpışmasından ibarətdir.
Məncə, müəllifin onun özünün yaratdığı obrazlarla həmrəyliyi
(süjet xəttinə şəxsən daxil olma) dünya ədəbiyyatı
çapında yazıçı ədalarından sayıla
bilər. Aqil Abbas oxşar yazı manerasına daha əvvəlki
əsərlərində, xüsusilə "Qiyamət gecəsi"
povestində də uğurlu cəhd eləmişdi.
Bədii epizodlar - o, komada olsa da, yenə davam edir. Rəmişin
xudmani otağında əyləşiblər - özüdü, şairdi. Bir də
gitara, bir də içinə səsucaldan dinamiklər
yığılmış diplomat çanta, bir də konyak,
bir də mavi alovun üstünə səpilən şübhəli
ot qurusundan yayılan məstanə tüstü. Aqil Abbas qəhrəmanını
(əgər ona qəhrəman demək olarsa) dünyanın
istənilən bucağına (məsələn,
İtaliyanın Milan şəhərinə, dünya
şöhrətli skripkaçı Paqanininin dövrünə,
vətəninə və onunla
şəxsən teta-tet görüşə, dahi
skripkaçı ilə eyni səhnəni bölüşməyə,
yerin altına, dünyadan çoxdan köçmüş
Qurban Pirimovun, Qədir Rüstəmovun axirət mənzilinə,
işğal altında olan Qarabağa) çəkib aparmaq
üçün elə bir mötəbər bədii-estetik
platforma yaradır ki, həmin leksik müstəvidə həqiqətən
də qeyri-adi ifaçının, ələxüsus da
qeyri-adi insanın obrazını canlandırmaq
üçün fürsət ələ düşür,
geniş fəza yaranır.
Belə fürsəti kim əldən buraxar?
Budur, onlar (Rəmiş və şair) uzaq
keçmişdədirlər, o qədər uzaq ki, Əmir
Teymurun vaxtıdır. Amma onların ilk yada düşən
gedəsi yer Qədir Rüstəmovun qapısıdır.
Ora təşrif buyuran
müsafirlər (gitaraçı və şair) Qədir
Rüstəmovla mürəbbəli çay içdikləri
məqamda Əmir Teymurun adamları həyətə
doluşur, onları qandallayıb hökmdarın (Əmir
Teymurun) hüzuruna sürükləyirlər.
Budur, Rəmişlə şair boğazlarında ilməkli
kəndir, ayaqlarının altındakı kətilin nə
vaxt çəkiləcəyini gözləyirlər. Qədir
isə Əmir Teymurun çadırındadır. Şah oxu əmri
verəndə bəlli olur ki, xanəndə hansısa bir musiqi
alətinin müşayiəti
olmadan oxuya bilməz. Məhz bu boşluğu doldurmaq
üçün dar ağacında
jarqunlu, turşməzə zarafatdan qalmayıb ölüm
anını gözləyən Rəmiş və şairi kəndirdən
açıb çadıra gətirirlər.
İfalar Əmirin o qədər xoşuna gəlir ki,
Qədirin xahişi ilə o, Təbrizin qarət
olunmasını dayandırır, şairi, Rəmişi, Qədiri
əfv edir. Rəmiş gitarasını Əlahəzrətə
bağışlayır. Amma həm də çalğıya
münasib nəmər də (şabaş) istəyir. Bu epizod
mənə "Uzaq sahillərdə" filmində alman
zabitinin portretini çəkən Mixaylonun ələ
keçməyib, sağ qaldığı kadrları
xatırladır; alman zabiti, əlbəttə, zəvzək rəngkara
heç zad vermir, üstəlik, "atası alman",
"anası fransız" olan rəssamı həyasız
adlandırır. Əmir Teymur isə Rəmişə və
dostlarına iki kisə qızıl ənam verir.
Əsərdə ən maraqlı epizodlar silsiləsindən
biri də Rəmiş - Paqanini xəttidir. Məhz bu xətti
inkişaf etdirmək üçün yazıçı
"Moskviç" maşınları xarab olub yolda qalan
"Arqumenti i faktı" qəzetinin əməkdaşlarını,
onların vasitəsi ilə moskvalı rejissor və operatoru, Rəmiş
rola çəkilməkdən imtina edəndən sonra
heç olmasa onun davranışlarını öyrənsin
deyə Bakıya təşrif buyuran Paqanini rolunu
canlandıracaq aktyoru, mən deyərdim, hər biri parlaq olan
obrazlar qalereyasına ustalıqla daxil edə bilib. Əslində
Aqil bəyin mənə elə-belə, xatirə-söhbət
kimi danışdığından bilirəm ki, təsvir olunan
irriallığın həqiqət payının tək bircə
nöqtə-vergülünə söz ola bilməz, yəni bu
əhvalatların tümü, ədəbi təqdimat
platforması irrial olsa belə, həyatdan
götürülüb və demək ki, birmənalı olaraq
Rəmişin həyatının real fraqmentləridir. O
fraqmentləri ki, yazıçı episentrdə olmaqla
bütün baş verən hadisələrin yeganə və
mötəbər şahididir. Aydın Dadaşov, Ceyhun Mirzəyev
Rəmişi axtarıb moskvalı qonaqlarla calaşdıranda
da, bir-birinin ardınca qurulan bahalı restoran süfrələrində
də, bahalı konyaklar yüz-yüz "əridiləndə"
də, Rəmiş Qurban Pirimovdan yadigarını sərxoş
"toy toğlusunun" təpəsinə çırpıb
qocaman tarı qırıqlayanda da və Rəmiş İçərişəhərdə,
daşın üstündə oturub o qızın pəncərəsinə
baxanda da, Kərəmi yandırıb söndürə bilməyəndə:
havacatı bitirmək üçün Qazaxa maşın
sürüb Ədaləti Ağdam toyuna gətirəndə də
yazıçı Aqil Abbas Rəmişin yanında idi. Necə
ki, indi ustad sənətkar ölüm çarpayısında
can verərkən, Gülü palatanın qapısında
oturub göz yaşı tökərkən, belə dar macalda
da müəllif öz qəhrəmanının, yanından
ayrılmır, ayrıla bilmir.
Rəmiş komadadır, dünyadan əli
üzülür, onun xatırlamağa halı nə gəzir,
hallüsinasiyalar, qarabasmalar da sanki Rəmişdən daha
çox Aqil Abbasa aiddir.
Aydın Dadaşov, Ceyhun Mirzəyev, Vladimir, Leonid,
Nikol Paqanini, Əmir Teymur, Qurban əmi (Pirimov), içərişəhərli
qız, balaca Rəmiş, Zeynəb Xanlarova, Maestro Niyazi, Rəmişin
atası Hüseyn kişi, Aşıq Ədalət, Qədir
Rüstəmov, Qara Niqablı Mələk... Bir çoxunun
adları, sənətləri və şəxsiyyətləri
bizə həyatdan məlum olan bu insanların istisnasız
olaraq hamısı "Rəmiş" povestinin süjet xətti
içində qısa müddətə görünsələr
də, ibrətamiz hekayətlərin doğru seçimi və
dolğun ədəbi-üslubi təqdimat sayəsində
oxucunun yaddaşında möhkəm qalır, vahid bir təəssürat
dairəsi daxilində yer alırlar.
İçərişəhərli qız yalnız pəncərədən
görünür, o, heç evdən həyətə də
çıxmır. Amma bir dəfə ...
"Yenə oturub pəncərəyə
baxırdı və qəfildən pərdə
açıldı. Bir qadın Rəmişə tərəf
boylandı, güldü. Və ilk dəfə kəlmə kəsdilər:
- Rəmiş, uşaqla sənə çay göndərimmi?
Rəmiş də güldü:
- Pis olmaz...
Qadın çay göndərir, Rəmiş çay
gətirən uşağın da adının Rəmiş
olduğunu, ən qəribəsi balacanın eynən ona bənzədiyini
görür. Amma "Bir Allah bilirdi ki, Rəmişin əli
heç o qızın əlinə də dəyməmişdi".
"Uşağı bağrına basdı, uzun
saçlarını qarışdırdı:
- Adın nədi?
- Rəmiş...
- Nə qəşəng adın var. Bu adı sənə
kim qoyub?
- Anam dedi sənin də adın Rəmişdi. Mən
də gitara çala bilirəm".
Bu sözdən sonra Rəmiş yaxınlıqdakı
mənzilinə (yəqin ki, kirayə mənzil) gedir, oradan gətirdiyi
gitaranı balaca adaşına bağışlayır.
Gitaranı ona verəndə deyir:
"-Al, bağışlayıram sənə.
Uşaq gitaranı götürüb qaçdı evə:
- Mama, Rəmiş mənə gitara
bağışladı.
Anası istədi gitaranı qaytarsın, amma
gördü ki, Rəmiş gedib və başladı
ağlamağa.
Uşaq:
- Ana, niyə ağlayırsan?
- Oğul, o, bir də gəlməyəcək!"
Zatən, ümumi halda, elə bir az da buna görə
sonralar Rəmiş Sabir bağında çay içdikləri
vaxt Qala divarlarını göstərib şair dostuna
demişdi ki, mən o daşların üstündə qan
görrəm, gözümü yumuram, divarların arxasında
saçlarını yolan anaları görrəm, gəlinləri
görrəm. O daşlar hamısı ağlıyır,
özü də hamısı qan ağlıyır".
Bir çox epizodlar, xüsusilə Rəmişin toyda,
məclislərdə ifa etdiyi məqamlar, Həştərxan səfəri,
Ədaləti Qazaxdan şəpitlə Ağdam toyuna gətirməyi...
Rəmişin azad ruhunun, gözü-könlü
toxluluğunun, mərdliyinin təcəssümü, həyat həqiqətinin
bədii təsdiqidir. Yəni obrazın belə yüksək
insani məziyyətləri sıradan sözlərlə bəyan
edilmir, dərin yazıçı müşahidələrinin
yüksək sənətkarlıqla təsviri yoluyla hasilə
gəlir.
İki surət - şair və Rəmiş həzin,
kövrək, bəzən hədsiz dərəcədə kədərli,
bəzən qəşş eləyib gülməli olan bu hekayəti
bir an belə tərk etmir.
Hadisələrin qələmə
alındığı zaman kəsimində Qədir də,
Teymurləng də, Paqanini də çoxdan o dünyada idilər.
Rəmişin bir ayağı burda, bir ayağı orda...
Süni nəfəs aparatına qoşulmuşdu. Belə
darlıqda insanın o dünyaya gedib
qayıtmağının sarsıntıları məlumdur,
başqa sözlə, ora gedib qayıtmağın psixoloji əsasları
var. Povestin yeganə obrazı, şair - Aqil Abbas reallıqda
olmaqla, həyatda yaşamaqla bərabər, həm də o biri
dünyanın tam hüquqlu vətəndaşıdır:
Əmir Teymurun çadrı önündə boğazı kəndirdədi,
Qədirin evində mürəbbəli çay içir,
Milanda Paqanini və Rəmişi alqışlayır. Yerin,
Göyün harasındasa diplomat çantanı açıb
dinamikləri (səsucaldan) ecazkar gitaraya qoşur.
Güman edirəm ki, bu yüksək məziyyətli əsər
hörmətli tənqidçilərimizin də nəzərini
cəlb eləyəcək, onlar daha gizli bədii-estetik cəhətləri
üzə çıxaracaqlar.
Sonda povestin bir sıra detallarının bir vaxtlar
mütaliə etdiyimiz qüvvətli nəsr örnəkləri
ilə səsləşdiyini söyləməkdə də
fayda görürəm.
Çünki mən İohan Volfqanq Hötenin "Faust",
Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm
məktubları", "Pəri cadu", Mixail Bulqakovun
"Master və Marqarita", Yusif Səmədoğlunun "Qətl
günü", Qabriel Qarsia
Markesin "Məlum bir qətlin tarixçəsi" əsərlərindən,
müəllifin özünün əvvəllər qələmə
aldığı "Qiyamət gecəsi" romanından
sıçrayıb "Rəmiş" povestinin
"üst-başına tökülən"
qığılcamlara, işartı əlamətlərə də
göz yuma bilməzdim.
Əgər yadda qalıbsa, bir qədər irəlidə
yazıçının qidalandığı üç
şərtdən sonuncusunu da xatırlatmışdım - əxz
olunan biliklər toplusu, klassik və müasir ədəbi irsə
istinad... Bu, şəkk-şübhəsiz qəbul ediləndir.
Əsas odur ki, Aqil Abbas arsenalında olan bütün vasitələrdən
istifadə edərək oxuculara insan, mələk, şeytan, sənətkar
Rəmişin canlı, mifik obrazını xalqımıza
çatdırıb. Rəmişin bədii obrazı bu əsərdə,
deyə bilərəm ki, dahiyanə çalğısı qədər
dolğun, sənətkarlığı qədər mükəmməldir.
O, yetkin, dərin fəlsəfi anlamı olan, ehtirama layiq ədəbi
qəhrəmandır.
İnsanlığın sonuncu peyğəmbəri Məhəmməd
əlehüssəlama aid bir hədislə (ürəyin
fövqəl qüvvələr tərəfindən təmizlənməsi)
başlayan povestdə qəhrəmanın əbədiyyətə
qovuşmağı (ölümü) digər peyğəmbərin
İsa-Məsihin dərgaha çəkilməyi
haqqındakı mistika ilə açıq-aşkar paralel təşkil
edir. Son cümlələri birlikdə oxuyaq.
"- Rəmiş, getmək vaxtıdı...
Və Rəmişi qucağına alıb qalxdı
göylərə. O biri mələklərlə birlikdə.
Uçurdular. ... Mələklər Qara Niqablı Mələkdən
acizanə xahiş elədilər ki, icazə ver sonuncu dəfə
çalsın. Qara Niqablı Mələk sərt şəkildə
cavab verdi:
- Olmaz!
Rəmiş özünü toxdadıb:
- Brat, mənə o boyda Sovet hökuməti qadağa
qoya bilmədi, sən kimsən mənə qadağa qoyasan? -
dedi və gitaranı basdı sinəsinə başladı...
çalmağa.
...Rəmiş uymuşdu, bütün kainatı da
uyutmuşdu.
Xəstəxananın həyətində ölüm xəbərini
gözləyənlər göylərdən gələn qəribə
gitara səsi eşitdilər. Donub qaldılar. Hamının
baxışı dikildi göylərə.
...Şair gitaranın səsini eşidən kimi bir kənara
çəkilib başladı hönkürüb
ağlamağa.
Palatadakı həkim də, tibb bacısı da
çaşıb qalmışdı, gözlərinin
qabağında birdən-birə Rəmiş gitarası ilə
bir yerdə yox olmuşdu.
Azərbaycan musiqi mədəniyyətinə üz verən
bu ağır itki, Rəmiş itkisi Azərbaycan nəsrinə
"Rəmiş" povesti kimi ciddi dəyərə malik
möhtəşəm bir əsər qazandırıb. Zəhmətini
bu əsərdə ruhu dolaşan qəribə insanlara halal elə,
şair ürəkli
yazıçı qardaşım Aqil Abbas!
Mərdəkan, 9 mart, 2026.
Vaqif BƏHMƏNLİ
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.24-25.