"Bütün
yaxşılıqlara ölüm"
"İnsan mənzərələri"
silsiləsindən
Avtobus sürətini azaldıb yolun kənarına
istiqamət götürəndə bu yolu tez-tez gedib gələn
sərnişinlər işin nə yerdə olduğunu dərhal
başa düşdülər və salonda yüngül bir
canlanma yarandı.
Bakıdan rayonlara gedən avtobusların əksəriyyəti
nəfəs dərmək üçün adətən bu yerdə
dayanardı. Sərnişinlərin çoxu yerə
tökülüşər, tıxaca düşməmək
üçün evdən vaxtından əvvəl
çıxanlar tələm-tələsik nəhəng
talvarın altındakı ərzaq mağazasına cumaraq
peçenye, yaxud qoğal alıb elə ayaqüstü qəlyanaltı
edər, siqaret çəkən kişilər tələsmədən
siqaretlərini çəkər, anaları balaca
uşaqları talvarın kəllə tərəfinə
aparıb geri qaytarar, yerə düşməyə ərinənlər
isə elə oturduqları yerdə telefonlarını
qurdalayardılar. Ona görə də avtobus dayanandan az sonra hətta
qış aylarında belə talvarın altında çay stəkanlarının
cingiltisi, siqaret tüstüsü, rabitəsiz səslər
bir-birinə qarışıb qəribə bir aura
yaradardı.
Ərzaq mağazasının yanında çörək
sexi, yeməkxana da vardı və o tərəfdən gələn
təzə çörək iyi
buralardan əskik olmazdı.
- Yolumuz uzaqdır, 20-30 dəqiqə perekur edək, -
sürücü hamı eşitsin deyə ucadan dilləndi,
sonra köməkçisi ilə yeməkxana tərəfə,
görünür, səhər yeməyi yeməyə getdilər.
Sərnişinlər avtobusdan düşüb hərəsi
bir tərəfə axışdı. Qəfildən uşaq
çığırtısı və zəif it
hürüşünün səsi, ardınca da, çox
güman ki, həmin o uşağın anasının cır səsi
gəldi:
- Tfu, rədd ol burdan! Bircə sənin yerin əskik
idi!
Adamlar başlarını döndərib səs gələn
tərəfə baxdılar. Əldən
düşmüş qoca bir it
6-7 yaşlarında bir uşağın qarşısında dayanıb
gözlərinin onun əlindəki bulkaya zilləmişdi. O qədər
arıq idi ki, qabırğaları dərisinin altından
görünürdü. Gözlərində qəribə bir kədər
vardı. Yəqin ki, acından heysizləşdiyinə görə
quyruğunu bulamağa belə gücü
çatmırdı.
Kişilərdən biri yerdən kiçik bir daş
götürüb itə atdı.
- Get burdan, şarlatan!
Qarnından zərbə alan it başını əyib
axsaya-axsaya uzaqlaşdı. Kişi yerdən təzə
daş götürürmüş kimi əyiləndə
hürküb zingildəyə-zingildəyə aralandı, amma
çox uzağa getmədi, dayanıb qəmli gözlərini
yenə uşağın əlinə dikdi.
- Bu nə həyasız it imiş!
Arsız-arsız
marıtdamağına bax ey! - bunu həmin
uşağın anası dedi.
Hamı gülüşdü.
Elə bu vaxt avtobusdakı sərnişinlərdən
biri - orta yaşlı bir qadın da yerə düşdü.
Sadə, amma çox zövqlə geyinmişdi.
Baxışlarından qayğılı, narahat adama oxşasa
da, hərəkətləri təmkinli idi.
Qadın iti, adamların sifətini görən kimi
işin nə yerdə olduğunu anladı. Heç nə demədi.
Asta addımlarla yeməkxananın yanındakı çörək
sexinə tərəf getdi və iki dəqiqə sonra əlində
təzə çörək geri qayıdıb skamyada oturdu,
çörəkdən bir parça kəsərək yerə
qoydu və iti çağırdı:
- Gəl, ay Allahın heyvanı. Gəl, ye.
İt çaşıb qalmışdı, elə bil
gördüyünə inanmırdı. Sonra asta-asta
yaxınlaşıb çörəyi acgözlüklə yeməyə
başladı.
Qadın növbəti tikəni kəsdi..
Sonra üçüncünü,
dördüncünü... Kimsə gülüşünü
boğub pıqqıldadı.
Bayaqkı uşaq bu mənzərəni görüb əlindəki
bulkadan kəsərək itə atmaq istədi. Amma anası
qoymadı, əlinin üstündən vurub - Çıx
görüm maşına - deyərək uşağı
avtobusa tərəf sürüdü...
Elə bu vaxt yerli adamlardan ağ saqqallı
yaşlı bir kişi qadına yaxınlaşıb skamyada
oturdu. Cibindən qəlyan və tənbəki kisəsi
çıxartdı, sonra qadına baxıb nə fikirləşdisə
qaytarıb cibinə qoydu.
- Hə, qızım, atalar yaxşı deyiblər ki,
kiminin əvvəli, kiminin sonu, - kişinin səsi mülayim,
amma bir az həyəcanlı idi. - Vaxt vardı, bu it pələng
kimi güclü idi. Bu kompleks tikiləndə hər gecə
burda qalır, inşaat materiallarının - qumun,
daşın, şiferin, sementin, bir sözlə, hər
şeyin keşiyini çəkirdi. Onun qorxusundan buraya pis niyyətlə
yaxınlaşmağa kim cəsarət edərdi? O qədər
zəhmli idi ki, göydən heç quş da
uçmazdı.
Kişi bir anlıq susdu, başını çevirib
sərgərdan iti süzdü - elə bil onun həmin o pələng
görkəmini xəyalında canlandırmaq istəyirdi.
- Kompleks hazır oldu. Amma it getmədi, - kişi
söhbətinə davam etdi. - Necə gedəydi axı?
İşçilər təpiklə, daşla qovurdular, bir az
keçmiş yenidən qayıdırdı. Yeməyini kəsdilər
ki, özü çıxsın getsin. Buranın yiyəsi
Hacı Müzəffər olmasaydı, öldürərdilər.
Hacı qoymadı, dedi günaha batarıq, qoy öz əcəli
ilə ölsün.
Qadının dodaqlarında ağrılı və
acı bir təbəssüm peyda oldu.
- O, burda oturur?
- Kim? - deyə qoca soruşdu.
- Hacı Müzəffər dediyin şəxs.
- Əlbəttə. Həmişə yeməkxanadakı
kabinetində olur.
Qadın daha heç nə demədi. Ayağa
qalxıb yeməkxanaya tərəf getdi, müdirin kabinetini
tapıb qapını döydü, "Gəl" cavabı
alınca içəri girdi.
Masanın arxasında təxminən 50 yaşında
tösmərək bir kişi oturmuşdu. Narın saqqalı,
sol əlinin şəhadət barmağında iri əqiq
qaşlı gümüş üzük vardı.
Bir neçə saniyə heç biri dinmədi.
Kişi əvvəlcə baxışları, sonra da əli ilə
stullardan birinə işarə edərək qadına əyləşmək
təklif etsə də, qadın elə ayaq üstə
dayanıb dedi:
- Mən yol keçən sərnişinəm. Sizə
kiçik bir sövdə təklifim var.
Qadının müəmmalı, qəfil müraciəti kişini çaşdırdı.
Ağlına cürbəcür fikirlər, gümanlar gəldi
və nəyə görəsə narahat oldu: "Birdən
vergidən, qida təhlükəsizliyindən gələn
müfəttiş olar ha... Kim bilir, bəlkə müxbirdir,
hansısa şikayətin izi ilə gəlib, elə bəri
başdan sövdələşmək istəyir?"
Qadın kişinin cavabını gözləmədi:
- Mənim votsapıma ya bir hesab, ya da kart nömrəsi
göndərərsiniz. Ora hər gün çöldəki
qoca itin yeməyi dəyərində pul köçürəcəm,
- dedi. - Söz verin ki, onu
acından ölməyə qoymayacaqsınız Bir də... kənarda onun
üçün balaca dam təşkil edin. - Sonra
çantasını açıb oradan 50 manatlıq əskinaz
çıxartdı və kişinin qarşısındakı
qələm qabından bir karandaş götürüb
üstündə nə isə qeyd edərək masanın
üstünə qoydu:
- Bu da beh və mənim votsap nömrəm.
Hacı Müzəffər deyilən kişi əvvəlcə təəccüblü nəzərlərlə
masanın üstündəki pula baxdı, sonra nəzərlərini
qadının sifətinə yönəltdi və bu qısa
müddət ərzində onun üzünün rəngi bir
neçə dəfə dəyişdi. Nəhayət,
boğazından sanki zorla çıxan səslə kəkələdi:
- Siz... məni...
Avtobusun qəfil verilən siqnalı onun boğuq səsini
batırdı...
- Gözləyəcəyəm, - deyə qadın tələsik
otağı tərk eləyib onu gözləyən avtobusa tərəf
qaçdı...
Rayonda - ata evində isə onu xəstə anası
gözləyirdi.
lll
Bütün gecəni anasının çarpayısının
yanında keçirdi. Təzyiq, şəkər, böyrək
- hamısı bir-birinə qarışmışdı. Səhər
həkim gəldi, dəqiq müalicə üçün
müxtəlif analizlərə göstəriş verdi. Sonra xəstəxananın
laboratoriyası qarşısında növbə.., ardınca
yenə həkim.., uzun bir resept.., apteklərdə axtarışlar,.. dərmanlar,..
Başı qarışan qadın votsapına gəlmiş kart nömrəsini rayonda olduğu
dördüncü gün gördü və özünü
qınaya-qınaya dərhal göndəriş elədi...
lll
Elə həmin gün bir-birinə əks istiqamətdə
hərəkət edən iki avtobusun tanış sürücüləri
talvarın altında çay içə-içə söhbət
edirdilər. Limonlu çayını qarışdıran
sürücü ətrafa göz gəzdirib:
- Xeyir ola... - dedi. - Yetim it gözümə dəymir...
O biri sütücü qənd qabını
qurdalaya-qurdalaya:
- Xeyirdir, - dedi. - Yetim it dünən öldü.
- Doğrudan? Onsuz da ayaq üstə
ölmüşdü də yazıq.
- Dünən səhər onu qovmaq üçün
daşı necə atıblarsa düz gəlib sol
gözünü yaralayıb. İşçilərdən
biri öz gözləri ilə görüb ki, yolun qırağında durub salamat
gözü ilə sağdan gələn maşınlara
baxırmış. İri bir avtobus bərabərinə
çatmağa az qalmış sürünə-sürünə
özünü atıb təkərin altına. Yazıq
öz canını daşlanmaq, burdakıları da daş
atmaq əzabından qurtardı...
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.23.