Əski Türk qurultaylarını
xatırladan bir qurultay
Elçin İbrahimin "Birinci Türkoloji qurultay.
Ortaq əlifba, imla və ədəbi dil məsələləri"
kitabı (Xankəndi, 2026) üzərində düşüncələr
İsmayıl Qaspralının "Dildə, fikirdə,
əməldə birlik" şüarını ortaya
atdığı təxminən son yüz əlli il boyunca bu
birliyin yollarını tapmaq, ona yalnız xəyalda deyil,
gerçəkdə qovuşmaq
üçün aramsız səylər göstərilib.
İlk əməli təşəbbüslər
sırasında "müsəlman
qurultayları" adlansa da, əslində Cənubi Qafqaz,
Volqaboyu və Krım türkləri nümayəndələrinin
iştirakı ilə keçirilən və 1926-cı ildə
Bakı Birinci Türkoloji qurultayın ilkin modeli adlandıra bilən
türkçü toplantılar ortaya çıxdı. Gələcək
birliyin təməl prinsiplərini ehtiva edən ümumtürk
səciyyəli "İttifaqi-Müslimin" siyasi
partiyasının yaranması ilə əhatə və təsir
dairəsi daha da genişləndi. Birinci Dövlət
dumasında formalaşan "Müsəlman fraksiyası"
da həmin təşəbbüslərin məntiqi davamı,
fəaliyyətin qanunvericilik və dövlətçilik relsləri
üzərinə keçirilməsi istəyinin ifadəsi idi.
Çar Rusiyasının süqutu nəticəsində
imperiyanın türk-müsəlman xalqları
qarşısında açılan azadlıq və sərbəstlik
imkanı Ümumrusiya müsəlmanlarının
1917-ci il mayın 1-dən 11-nə qədər Moskva
keçirilən geniş forumunda qızğın diskussiyalar
fonunda dəyərləndirildi. Həmin dövrdə
Bakıda, Moskvada, Kazanda, Ufada və türk əhalinin toplu
halda yaşadığı digər yerlərdə baş tutan
lokal "müsəlman qurultayları" ictimai-siyasi
oyanışın və mədəni-mənəvi birliyin yeni
mərhələyə daxil olmasının göstərdi.
Birinci Dünya müharibəsi nəticəsində çoxmilyonlu
türk əhalinin yaşadığı Rusiya və
Osmanlı imperiyalarının süqutu məsələni
gündəlikdən çıxarmadı. Əksinə, onun
yeni münbit zəmində, əlverişli şərtlər
daxilində, ən əsası isə daha böyük
ölçüdə diqqət mərkəzinə gətirdi.
1920-ci illərdə Sovet Rusiyası ilə Qazi Mustafa Kamal
Türkiyəsi arasında formalaşan
qarşılıqlı əməkdaşlıq və
anlaşma atmosferi prosesə müəyyən müsbət təsir
göstərdi. Hər iki dövlətdə ümumtürk mədəniyyəti
ilə bağlı onilliklər boyu arxa plana
sıxışdırılan problemlərin müzakirəsi və həlli üçün
türk ulusunun ənənəvi məşvərət məclisinın
- Qurultayın çağırılması ilə
bağlı səslər daha ucadan eşidilməyə
başladı. Türk dünyasının mədəni mərkəzinə
çevrilmiş Bakı təşəbbüsü öz əlinə
aldı. Tarixi və məntiqi baxımdan Birinci Bakı
Türkoloji Qurultayı Rusiya türk-müsəlmanlarının
ilk dəfə 1905-ci il avqustun 15-də Nijni Novqorod şəhərində
nümayiş etdirdiyi milli iradənin nəticəsi kimi də
dəyərləndirilə bilər. Amma bir şərtlə
ki, həmin dövrdə türk xalqları çar
üsuli-idarəsindən asılı olmadan öz sərbəst
seçimlərini etmək istəyirdilər. 1926-cı il
qurultayının hədəfi isə rejimin milli siyasət sahəsində
həyata keçirmək istədiyi ideoloji nəzarət və
idarəetmə strategiyası idi. Hətta belə şəraitdə
də qurultay türklərin bir araya gəlməsi, bir-birlərini
daha yaxından tanıması, ən başlıcası isə
gələcəyə aparan
etibarlı körpülər qurması baxımından
ümumtürk tarixinin mühüm hadisəsi sayıla bilərdi.
Bu mənada 1926-cı ilin fevralın 26-dan martın 5-nə
qədər Azərbaycan paytaxtında keçirilən forum
türk birliyi ideyasının real təməllərinin
atılması işində əhəmiyyətli
başlanğıca, dönüş nöqtəsinə
çevrildi. Bir neçə milyon kvadratkilometrlik əraziyə
yayılmış qədim
türk soyu təmsilçilərinin iştirak etdiyi mötəbər
toplantı yalnız sadəcə elm sahəsi kimi
türkologiya inkişafına xidmət
göstərmədi. Həm də tarixin, coğrafiyanın,
siyasətin bir-birindən ayrı saldığı türk
soyları arasında ortaq mədəni
kimlik və intellektual-mənəvi birlik formalaşmasında
strateji rol oynadı. Əsrlər boyu milli-mədəni
inteqrasiyaya can atan türk qövmü tarixində ilk dəfə
olaraq bu qurultayda ortaq əlifba, orfoqrafiya, elmi terminologiya, imla
qaydaları yaradılması məsələsini
çağdaş prinsiplərlə, sistemli şəkildə
gündəmə gətirdi. Mühüm siyasi və mədəni
əhəmiyyətə malik mövzunu elmi, tarixi və praktiki
aspektlərdən əhatəli şəkildə müzakirəyə
çıxardı.
Həmin dövrdə latın qrafikasına əsaslanan
ortaq əlifba ideyası elmi dairələrdə müəyyən
rezonans doğururdu. Həm də sadəcə nəzəri-linqvistik
problem kimi deyil, elmi-mədəni, ictimai-siyasi və mədəniyyətlər
arası inteqrasiyanın vacib ünsürü kimi diqqəti
çəkmişdi. Qurultayda
irəli sürülən təklif və tövsiyələr,
əsaslandırılan prinsip və mövqelər gələcəkdə
türk xalqları arasında qarşılıqlı maraqlara əsaslanan
faydalı dialoqun qurulması, ünsiyyətin
asanlaşması, ortaq dəyərlərə sahib
çıxılması, ciddi layihələrin həyata
keçirilməsi üçün nəzəri və praktiki
zəmin yaratmışdı. Yəni Birinci Türkoloji
Qurultayı sırf elmi, akademik xarakterli tədbirdən daha
çox böyük potensiala, zəngin insan resurslarına
malik türk dünyasının ortaq gələcəyinə
xidmət edən strateji təşəbbüs kimi nəzərdən
keçirmək daha doğru
yanaşma olardı. Amma təəssüf ki, nəcib niyyət
gerçəklikdə öz əksini tapa bilmədi.
Bu rakurslardan yanaşanda mühüm tarixi ərəfədə
- Qurultayın 100 illik yubileyinə türk dünyası
miqyasında hazırlıq görüldüyü dövrdə
tanınmış tədqiqatçı-alim, filologiya elmləri
doktoru, Qarabağ Uiversitetinin dosenti Elçin İbrahimovun
çoxillik araşdırmaların nəticəsi kimi meydana
çıxan "Birinci Türkoloji Qurultay - 100: Ortaq əlifba,
imla və ədəbi dil məsələləri" -
kitabının elmi ictimaiyyətə təqdim edilməsi əlamətdar
hadisədir. Sərlövhədə mühüm türkoloji
forumla bağlı konkret istiqamətlər əksini tapsa da, əsərin
müəyyən mənada ensiklopedik xarakter
daşıdığı da danıla bilməz. Müəllif
dünya türkoloqlarının Bakı forumu ilə əlaqədar
mümkün qədər çox sənəd və
materialları əhatə etməyə, elmi fikri diqqət mərkəzinə
gətirməyə və oxucu ilə bölüşməyə
çalışıb. Dövrün gərgin, həyəcanlı,
bir qədər də romantik atmosferinin mənzərəsini
yaradan əsərdə yalnız tarixi Qurultayın sənədləşdirilməsi
məqsədi güdülməyib. Həm də onun ideoloji,
siyasi, mədəni elmi, hətta mənəvi-insani yönləri
hərtərəfli təhlilə cəlb edilib.
Kitabın ilk bölmələrində Elçin
İbrahimov türk xalqlarının tarixi dil əlaqələrini
və əlifba təcrübələrini hərtərəfli
nəzərdən keçirir. O, türk soylarının ilkin
orta əsrlərdən günümüzə qədər
yaratdığı, yaxud istifadə etdiyi göytürk,
uyğur, ərəb, fars, latın və kiril qrafikalı əlifba
sistemləri arasında baş vermiş keçid və
transformasiya mərhələlərini araşdırıb, cərəyan
edən proseslərin dil, mədəniyyət və ictimai
şüur üzərindəki təsirlərini elmi əsaslarla
ortaya qoymağa çalışıb.
Üzərində dayandığımız fəsildə
ortaq türk dili ideyasının 1920-ci illərə qədər
keçdiyi inkişaf yolu ideoloji çərçivədə
və regional dil siyasəti
kontekstində nəzərdən keçirilib.
Dövrün nəqliyyat-kommunikasiya sisteminin bütün məhdudluğuna
baxmayaraq, Qafqaz, Volqaboyu və Sibir türkləri arasında yayılan
"Əkinçi", yaxud Krım sərhədlərini
aşıb Osmanlı, Mərkəzi Asiya, hətta Çinə
yol tapan "Tərcüman"ın təcrübəsi Həsən
bəy Zərdabi və İsmayıl Qaspralının həyatlarını
verdikləri ideyanın münbit zəminə düşməsinin
göstəricisi idi. Bu cəhətdən müəlliflə
razılaşmaq lazımdır ki, ortaq yazı və dil
arzusu ilk dəfə yalnız
1926-cı ildə meydana çıxmamışdı, Birinci
Türkoloji Qurultayın beyin məhsulu, yaxud təşkilati təşəbbüsü
deyildi. İdeyanın kifayət qədər qədim kökləri
vardı. Məqsədi ilk dəfə İsmayıl bəy
Qaspralı aydın, konkret şəkildə ifadə etsə də,
onun kökləri daha əvvəlki yüzilliklərə, hətta
cəsarətlə demək olar ki, böyük Mahmud
Kaşqarlının dövrünə gedib
çıxırdı. Əsasında isə türk
dünyasında ictimai-intellektual mühitin formalaşması,
dil-mədəniyyət sahəsində zəruri tələbatın mövcudluğu
amili dayanırdı.
Bu yanaşma əsərə həm tarixi-nəzəri,
həm də komparativ-linqvistik tutumluluq qazandırır,
türk xalqlarının ortaq
yazı və dil məsələlərinin yalnız XIX-XX əsrlərdə
deyil, əsrlər boyu sürən mürəkkəb proses
olduğunu nümayiş etdirir. Müəllifin müqayisəli
təhlilləri ortaq dil ideyasının sadəcə sırf
dilçilik xarakter daşımadığını, geniş mədəni, siyasi və
sosial kontekstlərlə sıx bağlı olduğunu göstərir.
Belə ümumi təəssürat yaradılandan sonra
növbəti fəsillərdə diqqət əsas tədqiqat
hədəfinə - Qurultaya, onun iclaslarında müzakirə
olunan konkret məsələlərə yönəldilir.
Elçin İbrahimov ümumittifaq adlansa da, əslində beynəlxalq
xarakter daşıyan forumun təşkili, məqsədləri
və keçirildiyi ictimai-siyasi mühit üzərində
geniş dayanır. Qurultayın elmi və coğrafi əhatə
dairəsi, məhsuldar işi (17 iclasda dinlənən 38 elmi məruzə,
qızğın diskussiyalar!) Bakının o dövrün
mühüm elmi-mədəni mərkəz olduğunu göstərir.
Əli bəy Hüseynzadə, Vasili Bartold, Aleksandr
Samoyloviç, Aqafangel Krımski, Mehmet Fuad
Köprülüzadə, Bəkir Çobanzadə, Qaziz
Qubaydullin, Sergey Malov, Lev Şerba, Nikolay Aşmarin, Əhməd
Baytursunulı, Dyula Mesaroş, Cəmaləddin Korkmasov Salman
Mümtaz və b. kimi tanınmış ziyalıların,
görkəmli elm xadimlərinin iştirakının qurultaya
yalnız elmilik, akademizm deyil, həm də nüfuz və inam
qazandırdığını sübut edir.
Əsərdə Qurultayın gedişində latın
qrafikalı ortaq əlifba ideyasının necə
formalaşdığı, hansı elmi prinsiplərə əsaslandığı,
ümumişlək terminologiya, imla, fonetika, morfologiya, dil
metodikası məsələlərinin hansı müstəvidə
müzakirə edildiyi iştirakçıların
çıxışlarından götürülmüş
konkret fikir və mülahizələr əsasında geniş
şəkildə işıqlandırılır. Xüsusilə
L.Şerba və Q.Şərəfin orfoqrafiya prinsipləri,
N.Yakovlevin əlifba sistemləri, B.Çobanzadənin ləhcə
(şivə) yaxınlıqları haqqında məruzələri
Elçin İbrahimovun linqvistik təfsirində prinsipial elmi
mülahizələrlə, ən başlıcası isə
obyektivlik mövqeyindən təqdim edilir.
Kitabın yekun bölmələri isə birbaşa
müasir dövrün reallıqlarına həsr olunub. Tarixi
retrospektiv yanaşma tərzini ardıcıl şəkildə
davam etdirilməsi əsasında göstərilir ki, yüz il
öncə Birinci Türkoloji Qurultayda irəli sürülən
ideya və nəzəri prinsiplər bu gün yalnız
ümumi nəzəri mülahizələr səviyyəsində
qalmamış, əksinə, türk dünyasının
siyasi, elmi və mədəni gündəminin aparıcı məsələlərindən
birinə çevrilmişdir. Müəllifin qənaətinə
görə, ortaq əlifba məsələsi sırf
dilçilik müstəvisi ilə məhdudlaşdırıla
bilməzdi. Çünki o, bütövlükdə mədəni,
siyasi və iqtisadi inteqrasiyanın ayrılmaz tərkib hissəsi
kimi çıxış edir və türkdilli dövlətlər
arasında daha sıx əməkdaşlığın təmin
olunmasında strateji əhəmiyyət
daşıyırdı.
Kitabda həmçinin ortaq ünsiyyət dilinin zəruriliyi,
dil birliyinin müasir qlobal çağırışlara cavab
vermə üstünlüyü, təhsil şəbəkəsi
və informasiya-kommunikasiya texnologiyalarında vahid qrafik sistemin
tətbiqi imkanları ətraflı şəkildə təhlil
olunub. Bu baxımdan əsər yalnız Qurultay çərçivəsində
müzakirə olunan məsələləri, forumun gündəliyini
təsvir və təqdim etmir, həm də dil və əlifba
mövzusunun praktik cəhətləri, sosial-iqtisadi və
texnoloji tərəfləri üzərinə də
işıq salır.
Əsər müəllifinin tədqiqat boyu
stenoqramından səxavətlə istifadə etdiyi
çıxış və mülahizələr Birinci
Türkoloji Qurultayın cəsur, prinsipial elm adamlarının
bəzən açıq ideya döyüşünə
çevrilən qarşıdurmalarına, mövqe
savaşlarına səhnə olduğunu göstərir.
Əlifba islahatına rejimin dəstək verdiyini bilsələr
də, bəzi regionlardan olan ziyalılar, xüsusən də
Volqaboyu tatarları, yaxud qazaxlar türk dünyasının
yüz illər boyu yararlandığı ərəb əlifbası
uğrunda son döyüşə girməkdən çəkinməmişdilər.
Qeyd edim ki, mühüm saydıqları məsələlərin
həllində göstərdikləri qətiyyət və
prinsipiallıq türkoloqlara çox baha başa gəlmişdi.
Varılan elmi nəticələr Elçin
İbrahimovun çoxsaylı biblioqrafik mənbələrə,
arxiv materialları və qaynaqlara, nəhayət, müqayisəli
təhlil prinsipinə əsaslanan əsərini ciddi tədqiqat
işi kimi dəyərləndirməyə əsas verir. Diqqətəlayiq
haldır ki, tarixi rakurs əsasında indiki mərhələdə
türk dövlətlərinin ortaq əlifbaya keçid
prosesi, mövcud vəziyyət, qarşıya çıxan
maneələr və onların aradan qaldırılması
yolları obyektiv, tarazlı şəkildə təqdim olunur.
Bunun da nəticəsində kitabın yekun bölmələri
həm tarixi mirasın müasirliklə qovuşduğu diskurs,
həm də türk xalqlarının həqiqi dil, fikir və
əməl birliyinə əsaslanan ortaq gələcəyi
naminə atılması zəruri olan nəzəri və
praktiki addımlara dair əsaslı mülahizələr kimi
diqqəti çəkir.
Diqqəti çəkən başqa bir cəhət isə
əsərdə yalnız Birinci Türkoloji Qurultayın tarixi
mahiyyətinin əks etdirilməsi deyil, həm də
çağdaş elmi reallıqlar fonunda yüz il əvvəl
ortaya qoyulmuş nümunənin yeni şəraitdəki
mümkün inkişaf və tətbiq perspektivlərini
araşdırması sayıla bilər.
Heç şübhəsiz, türk xalqları arasında
ünsiyyət birliyinin və mədəni-elmi əməkdaşlığın
ən vacib şərti ortaq dil və əlifba məsələsidir.
Daha doğrusu, məsələnin müsbət həlli istiqamətində
indiyə qədər dəf oluna bilməyən çətinliklərdir.
Bu, yüz il əvvəl də belə idi, təəssüf
ki, bəzi parametrləri ilə günümüzdə də
belədir. Ona görə problemin kitabdakı sistemli təqdiminin
yalnız dilçilərin deyil, həm də tarixçilərin,
siyasətçilərin, multikulturalizm mütəxəssislərinin,
ümumən türk ailəsinin birliyi ilə maraqlanan,
türklərin vəhdəti qayəsi ilə yaşayan hər
kəsin diqqətini çəkəcəyinə ümid
edirik. Əlifba və dil məsələlərinin sadəcə
texniki, yaxud pedaqoji baxış bucağından deyil, həm də
ideoloji, siyasi və mədəni aspektlərdən təhlilinin
əsərə elmi dəyər və aktuallıq
qazandırdığı ayrıca qeyd olunmalıdır.
Kitabda Birinci Türkoloji Qurultayın strateji əhəmiyyəti
və cəsarətli qərarları elmi-nəzəri çərçivədə
dəyərləndirilməklə yanaşı, tarixi forumun
yüzillik irsi də əsas təmayül və nəticələri,
ana xətləri ilə yenidən gündəmə gətirilib.
Bütünlükdə, Elçin İbrahimovun əsəri
türkologiya tarixinə, ortaq əlifba və ünsiyyət
dili ideyasının elmi-siyasi fikrin diqqətində
qalmasına, türklüyün mədəni inteqrasiyasına
xeyirxah niyyətli töhfə sayıla bilər.
2024-cü il fevralın 14-də Milli Məclisdə
keçirilən andiçmə zamanı Prezident İlham
Əliyevin dilindən səslənən mühüm
tarixi-strateji əhəmiyyətə malik "Bizim ailəmiz
Türk dünyasıdır" mesajı, Azərbaycanın
aparıcı rol oynadığı Türk Dövlətləri
Təşkilatının, TÜRKSOY-un, Astanada fəaliyyət
göstərən Beynəlxalq Türk Akademiyasının,
Bakıdakı Türk Mədəniyyəti və İrsi
Fondunun, digər uluslararası və lokal türkoloji
qurumların məqsədyönlü işi milyonlarla türk
insanının ən munis arzusu kimi 150 il əvvəl səslənən
"Dildə, fikirdə, əməldə birlik!"
çağırışının getdikcə daha
artıq dərəcədə
qarşısıalınmaz proses olduğunu, fikir və
düşüncələrə hakim kəsildiyini göstərir.
Bu əzm və iradənin dönməz prosesə çevrilməsi
üçün siyasi fikir qədər elmi fikirdən də
yorulmaz fəaliyyət tələb olunur. Başqa sözlə
desəm, belə aydın məqsəd və məramlı
kitablara indiki şəraitdə ehtiyac daha çoxdur.
P.S. Ayrıca vurğulayım ki, yaxın gələcəkdə
ölkəmizin mühüm elm mərkəzinə çevriləcəyinə
böyük inam bəslədiyimiz Xankəndidə, Qarabağ
Universitetinin qrifi ilə nəşr edilən ilk elmi əsərlərdən
birinin redaktoru olmaq, ön söz yazmaq xüsusilə
zövqlü və qürurverici hadisədir. Kitabın
çağdaş türk dünyasının elmi və ədəbi-mədəni
həyatının dönüş nöqtəsi ilə
bağlılığı, nəhayət, mövzuya
yaxşı bələd olan müəllifin qələmindən
çıxması qeyd etdiyim zövq və məmnunluq hissinin
daha da artırır. Ordumuz işğal altındakı
Qarabağ ərazisini, Xankəndini azad etməklə
böyük türk dünyasının torpaq
bütünlüyünün təmin olunmasına əvəzsiz
xidmət göstərdi. Toplar susan yerdə yalnız diplomatlar
deyil, elm və mədəniyyət xadimləri də
danışır, danışmağa borcludur. Təbii ki,
Elçin İbrahimov da ilk növbədə bu borc hissindən
yola çıxaraq qaçılmaz şəkildə
günümüzün reallığına çevrilməkdə
olan həmişəyaşar türk
birliyi ideyasına alim-vətəndaş töhfəsini
verib.
Sarayevo
Vilayət QULİYEV
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.22;23.