"Müharibə apofeozu"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Xədicə Həmidovadır.
Müsahibimizlə məşhur rus rəssamı Vasili
Vasilyeviç Vereşşaginin "Müharibə
apofeozu" əsərindən danışmışıq.
Vasili Vasilyeviç Vereşşagin 1842-ci ildə zadəgan
ailəsində anadan olub. Vereşşagin əvvəlcə
qardaşları ilə birlikdə hərbi məktəbdə
təhsil alıb. Lakin sonradan o, rəssamlığa
böyük maraq göstərmiş, hərbi xidmətdən
istefa verərək Rəssamlıq Akademiyasında təhsil
almağa başlamışdı. Bu qərar ailəsi tərəfindən,
xüsusilə atası tərəfindən xoş
qarşılanmamışdı.
Öz sənət bacarığını daha da
inkişaf etdirmək məqsədilə o, Fransaya getmiş və
məşhur fransız rəssamı Jan-Leon Jeromun emalatxanasında
çalışaraq texnikasını təkmilləşdirmişdi.
Fransada təhsilini başa vurduqdan sonra V.Vereşşagin
general Kaufmanın çağırışı ilə
1860-cı illərdə Orta Asiya yürüşlərində
iştirak edib. Həmin dövrdə Səmərqənd
qalası uğrunda döyüşlər baş vermişdi.
Yerli qüvvələrin hücumu zamanı Vereşşagin
yalnız müşahidəçi kimi deyil, həm də fəal
iştirakçı kimi çıxış etmişdi.
Döyüşlərdə göstərdiyi şücaətə
görə o, Müqəddəs Georgi ordeni ilə təltif
olunmuşdu. Vereşşagin sonradan bu hadisələri və
müharibənin acı reallıqlarını öz
tablolarında realist və təsirli şəkildə əks
etdirmişdi.
Vasili Vereşşagin öz əsərlərində
müharibənin qələbələrini və
triumflarını yox, əksinə, onun acı və çətin
tərəflərini əks etdirirdi. O, tablolarında
yaralı, çarəsiz əsgərləri, məhv olmuş
şəhərləri və müharibənin zorakılıq
dolu səhnələrini realist şəkildə təsvir
edirdi. Müharibənin bu "arxa planını" bu qədər
açıq göstərməsi dövrün zadəganları
tərəfindən mənfi qarşılanırdı.
Əslində, o dövrdə imperator III Aleksandr də onun bu
cür realistik yanaşmasını bəyənmir və onu tənqid
edirdi. Lakin müxbirlər və sənət tənqidçiləri,
o cümlədən İlya Repin, Vereşşagini mahir rəssam
və realizmin nümunəvi nümayəndəsi kimi yüksək
qiymətləndirirdilər.
- Əsərin yaranma tarixçəsi haqqında
hansı faktlar məlumdur?
- Ön planda günəş altında yanmış
torpaq üzərində insan kəllələrindən ibarət
bir piramida görürük. Kəllələr son dərəcə
dəqiq və realist şəkildə təsvir edilib. O qədər
detallıdır ki, hər birinin üzərində
ölüm səbəbinin izlərini görmək
mümkündür: bəzilərində tüfəng gülləsinin
izi, digərlərində isə qılınc zərbəsinin
açıq əlamətləri seçilir. Bəzi kəllələrin
ifadəsində sanki son anın emosiyaları - qorxu, təşviş
və ümidsizlik - hələ də qalmaqdadır.
Arxa planda isə dağıdılmış, viranəyə
çevrilmiş bir şəhər təsvir olunmuşdu.
Piramidanın üzərində qarğalar uçur.
Qarğalar burada ölümün və sonun rəmzi kimi
çıxış edir. Onların uçuşu sanki bu kəllələrdən
ibarət piramidanı bir mərasimə, hətta bir növ
şənliyə çevirir.
V.Vereşşagin ümumiyyətlə, əsərlərini
özünəməxsus çərçivədə təqdim
edirdi və həmin çərçivənin
aşağı hissəsində yazı yerləşdirirdi. Bu
yazı vasitəsilə rəssam əsərin əsas
ideyasını və konsepsiyasını daha aydın şəkildə
ifadə edirdi. Rəssam bu əsəri yaradarkən konkret
tarixi mənbələrə və hadisələrə istinad
etmişdi. Lakin müxtəlif ədəbiyyatlarda əsərin
yaranma səbəbi ilə bağlı fərqli versiyalar
mövcuddur.
Birinci versiyaya görə, rəssam XIV əsrdə
yaşamış Əmir Teymurun yürüşlərindən
təsirlənmişdi. Tarixi mənbələrdə qeyd olunur
ki, Əmir Teymur fəth etdiyi ərazilərdə ona
müqavimət göstərən insanların
başlarını kəsdirərək onların kəllələrindən
piramidalar qururdu. Bu piramidalar onun güc və qüdrətinin
rəmzi kimi çıxış edir, itaətsizlik göstərən
xalqlara qorxu mesajı verirdi. Bəzi mənbələrə
görə, XIX əsrdə belə kəllə
piramidalarının qalıqları hələ də
mövcud idi və Vereşşagin onları görərək
əsərində təsvir etmiş ola bilər.
İkinci versiyaya əsasən, XIX əsrdə Orta
Asiyada xüsusilə qəddarlığı ilə seçilən
yerli hakimlərdən biri - Hacı Qara adlı şəxs -
itaətsizlik göstərən insanların kəllələrindən
piramidalar düzəldirdi. Bu da onun hakimiyyətini və sərt
idarə üsulunu nümayiş etdirmək vasitəsi idi.
Üçüncü versiyaya görə, XIX əsrdə
Qərbi Çində baş verən hadisələr
zamanı yerli hakimiyyət müsəlman əhalinin
üsyanını qəddarcasına boğmuşdu. Bu
faktın da Vereşşaginin yaradıcılığına təsir
göstərdiyi ehtimal edilir.
Başqa bir rəvayət isə Əmir Teymurla
bağlıdır. Rəvayətə görə, Dəməşq
və Bağdaddan olan bir qrup qadın onun yanına gələrək
ərlərinin xəyanətindən şikayət etmişdi.
Teymur isə bu məsələni özünəməxsus
şəkildə həll etmiş, xəyanət edən
kişilərin başlarını kəsdirərək onlardan
yeddi piramida düzəltdirmişdi.
İlkin olaraq V.Verişşagin bu əsərə
"Teymur Ləngin apofeozu" və ya "Teymurun
apofeozu" adını vermək niyyətində imiş.
Çünki bir çox sadə və tarixi mənbələrə
əsasən, əsərin ideyası məhz Əmir Teymurun
yürüşlərindən ilhamlanmışdı.
Əsər Münhendə yaradılmışdı.
Lakin Vereşşagin yalnız tarixi mənbələrə
deyil, şəxsi müşahidələrinə də əsaslanırdı.
O, Səmərqənddə baş verən hərbi hadisələrin
şahidi olmuş, həmçinin Prussiya-Rusiya müharibəsini
və Osmanlı-Rusiya müharibəsini
görmüşdü. Ümumilikdə, yaşadığı
dövrün müharibə reallıqları onun
yaradıcılığına dərin təsir göstərmişdi.
Məhz buna görə rəssam əsərə daha qlobal məna
vermək istəmişdi. O, mövzunu təkcə Əmir
Teymurun dövrü ilə məhdudlaşdırmaq istəməmiş,
müharibə fenomenini ümumbəşəri faciə kimi təqdim
etməyə çalışmışdı. Bu səbəbdən
də əsərə "Müharibənin apofeozu"
adını vermişdi. Britaniyada sərgiləndiyi dövrdə
Vereşşagin əsərləri üzərində
"satılmır" qeyd edilmişdi, çünki rəssam
istəyirdi ki, onun Türkistan silsiləsi tam şəklində,
hansısa filantrop tərəfindən alınsın. Bu əsərlər
əlbəttə ki, böyük məbləğ
müqabilində satıla bilərdi, amma sərt mövzulu
seriyanı heç kim almaq istəməmişdi.
Bu dövrdə Pavel Tretyakov işə
qarışır. O, qardaşının köməyi ilə
V.Vereşşaginin Türkistan seriyasından bütün əsərləri
alır və öz qalereyasına, kolleksiyasına əlavə
edir. O dövrdə bu kolleksiya Tretyakov tərəfindən
çox yüksək qiymətə satın
alınmışdı.
- Əsərin rəng həlli necədir?
- Burada müharibə tematikası, yəni
zorakılıq mövzusu təsvir olunsa da, tünd rənglərdən
istifadə edilməyib. Əksinə, əsər çox
işıqlı tonlarda, yəni açıq rənglərlə
işlənmişdi. Bir neçə tədqiqatçı səhvən
rəssamı Səyyar Rəssamlar Cəmiyyətinə aid
edirdilər, lakin Vereşşagin özü heç vaxt Səyyar
rəssamlar cəmiyyətinə üzv olmamış və
ümumiyyətlə, rəssamlıq cəmiyyətlərinə
üzv olmaqdan qaçaraq müstəqil fəaliyyətlə
məşğul olmağı üstün tutmuşdu. Buna
baxmayaraq, onun işıq həlli, realizmi və tarixi dəqiqliyi
üslub və texnika baxımından Səyyar rəssamlara
yaxınlaşdırır. Bu əsərdə də rəng həlli
məhz o dövrün səyyar rəssamlarına xas
üslubla oxşarlıq göstərir. Əsərdə əsasən
açıq rənglərdən istifadə edilmişdi.
Xüsusilə göy və sarı rənglərin bir-birinə
kontrast yaratması diqqət çəkir. Göy rəng soyuq
və sakit bir ton təqdim edir, sarı isə isti və
canlı bir ton olmaqla kontrastı gücləndirir.
Yəni əsər müharibənin apofeozunu təsvir
etsə də, zorakılıq üzərində qurulmuş qələbəni
göstərdiyi üçün hadisə heç də
müsbət bir məzmun daşımır. Bu ziddiyyətlər
rənglər vasitəsilə vurğulanır.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Kompozisiyanın mərkəzini insan kəllələrindən
ibarət piramida təşkil edir, arxa hissədə isə
dağıdılmış şəhər yerləşir.
Bu, kompozisiyada çox maraqlı bir məqamı əks
etdirir. Rəssam göstərir ki, insan kəllələri
faktiki olaraq insan həyatlarının itirilməsini simvolizə
edir və bu, kompozisiyada insan faktorunu ön plana çəkir.
Yəni diqqətimiz dağıdılmış şəhərlərə
deyil, dağıdılmış insan həyatlarına və
talelərinə yönəldilib. Dağıdılmış
şəhər arxa planda təsvir olunub və ilk
baxışda nəzərə çarpmır. Əvvəlki
dövrlərin rəssamlarının əsərlərinə
baxsaq, onlar daha çox dağıdılmış şəhərləri
ön plana çıxarır, insan talelərini və
ölü bədənləri isə kiçik formatda təsvir
edirdilər. Burada isə humanizm ön plana çıxır -
rəssam üçün insan faktoru daha əhəmiyyətlidir,
şəhər isə ikinci plandadır. Bu yanaşmanın məntiqi
budur ki, insan olmazsa, yaradılmış şəhərlər
də olmaz, çünki şəhərlərin
yaradıcıları məhz insanlardır. İnsanların
ölümü isə şəhərin ölümü ilə
bərabərdir. "Müharibə Apofeozu" əsərinin
kompozisiyası çox maraqlıdır, çünki burada
heç bir canlı istifadə edilməmişdi və
kompozisiya tam olaraq insan kəllələrindən ibarət olub
üçbucaq formasında özünü göstərir.
Üçbucaq forması incəsənət tarixində qələbənin
və qüdrətin rəmzi kimi tanınır. Məsələn,
Barokko dövründə apofeoz janrında üçbucaq
forması qələbəni simvolizə edirdi. Bu forma
yuxarıya doğru yönələn bir fiqur kimi təqdim
olunur və əsərdə istifadə olunması məqsədəuyğundur.
Lakin bu apofeoz - yəni qələbə - sadə bir qələbə
deyil. Bu, zorakılıq üzərində qurulmuş bir qələbədir.
Üçbucaq forması insan kəllərindən təşkil
olunduğundan bu, müharibənin qələbəsini
zorakılıq üzərində qurulduğunu simvolizə
edir. Əsər iki hissədən ibarətdir: yuxarı hissə
tam olaraq təmiz göy səthindən ibarətdir,
aşağı hissə isə yer səthindən ibarət
olub gün işıqları ilə
işıqlanmışdır. Bu kompozisiya müharibənin
dağıdıcı gücünü əks etdirir. Arxa
planda dağıdılmış şəhər
görünür. Buradan rəssam göstərir ki, müharibə
və zorakılıq nəticəsində insan əli ilə
yaradılmış hər şey bir anda dağıla bilər.
İnsan kəllələri dağıdılmış şəhər
və yandırılmış torpaq qələbənin
böyük qəddarlıqla əldə olunduğunu göstərir.
Kompozisiyanın ən maraqlı hissəsi qarğalardır.
Qarğalar kəllələrin üzərində uçur və
bu simvolik mənaya malikdir. Qarğalar
dağıdılmanın bədbəxtçiliyin simvoludur.
Müharibədən sonra qalan canlılar yalnız
qarğalardır və onlar kəllələr vasitəsilə
qida əldə edə bilirlər. Ümumiyyətlə, əsərin
kompozisiyası çoxlu sayda simvoldan ibarətdir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər "Tretyakov Qalereyası"nda qorunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rus incəsənətinin mahir rəssamı və
batal janrının məşhur nümayəndələrindən
olan Vasili Vereşşagin tez-tez qeyd edirdi ki, onun Orta Asiyaya getməsinin
əsas səbəblərindən biri müharibənin həqiqi
simasını görmək idi. Çünki o vaxta qədər
müharibə haqqında təsəvvürü əsasən
tablolar və digər rəssamların əsərləri vasitəsilə
formalaşmışdı. Bu əsərlərdə isə
müharibə daha çox ideallaşdırılmış
şəkildə təsvir olunurdu və əsasən qələbə
səhnələri, xüsusilə də rus əsgərlərinin
triumfu göstərilirdi. Lakin Vereşşagin Türküstana
gəldikdən sonra müharibənin əsl üzünü
görür. O anlayır ki, müharibə yalnız qələbədən
ibarət deyil; onun arxasında ağrı, zorakılıq və
insan faciəsi dayanır. Bu səbəbdən o, müharibədən
tamam başqa düşüncəyə malik bir insan kimi
qayıdır. Rəssam öz əsərində təsvir
olunan səhnəni kinayə ilə "natürmort"
adlandırırdı və deyirdi ki, burada "ölü təbiət"
təsvir olunub. Bu ifadəni həm məcazi, həm də
birbaşa mənada işlədirdi. Vereşşaginin öz əsərinə
natürmort adlandırılmasının səbəblərindən
biri də XVI-XVII əsrlər Avropasında vanitas adlı bir
natürmort qolunun mövcud olması ilə əlaqədar idi.
Vanitas natürmortlarının əsas mərkəzi motivlərindən
biri insan kəlləsi idi ki, məhz bu motivdən də
Vereşşagin "Müharibənin Apofeozu" adlı əsərində
istifadə etmişdi. Və bu natürmortlarda, yəni vanitas
adlı natürmortlarda insan kəlləsi insan həyatının
qısa və müvəqqəti olmasının simvolu idi və
məhz bu simvoldan da Vereşşagin istifadə etmişdi.
Bu əsərdə rəssam müharibənin
yalnız triumfunu və qalib tərəfin şöhrətini
göstərməkdən imtina edir. Əksinə, o, müharibənin
gətirdiyi faciələri və bədbəxtlikləri
göstərməyə çalışır. Rəssam əvvəlcə
bu əsəri Timur (Əmir Teymur) yürüşlərinin
zorakılığını təsvir edən bir tablo kimi
düşünmüşdü. Lakin onun
yaşadığı dövrdə baş verən
çoxsaylı müharibələr əsərin mənasını
daha geniş və ümumbəşəri etmişdi.
Tablonun çərçivəsinin aşağı
hissəsində yazılmış sözlər də bu fikri
ifadə edir: "Keçmişin, indinin və gələcəyin
bütün fatehlərinə həsr olunur". Rəssam bu əsərdə
müharibənin nəticəsini göstərir və insanlara
çatdırmaq istəyir ki, istər keçmişdə,
istər indiki zamanda, istərsə də, gələcəkdə
müharibələr insanlıq üçün eyni faciələri
gətirir.
Aytac SAHƏD
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.21.