"Sıfır kilometr": Niyə
müharibələr baş verir?
İraqlı kinorejissor Heyner Səlimin 2005-ci ildə
ekranlara çıxan "Sıfır kilometr" filmi Kann
kinofestivalında iştirak edən ilk İraq filmidir.
Tragikomediya janrında çəkilmiş filmdə hadisələr
1988-ci illərdə İran-İraq müharibəsinin son
günlərində baş verir. Qəhrəmanlardan biri,
millliyətcə kürd olan Ako (Nazmi Kırık) ölkəni
tərk etmək istəsə də, arvadı Selma (Belçim
Bilgin) onun təklifi ilə razılaşmır. Çünki
qadın əlil atasını tək qoymaq istəmir. Ako
tezliklə orduya çağırılır, burda müharibənin
sərt reallığı ilə üz-üzə gəlir və
onun ölkədən getmək istəyi daha da güclənir.
Burda Akoya ölmüş əsgər yoldaşının
tabutunu qohumlarına çatdırmaq tapşırılır.
O, kürdləri sevməyən ərəb
sürücüsü (Eyyam Ekrem) ilə yol yoldaşı
olur...
"Sıfır kilometr" ekran əsəri
müasir kinoda müharibə haqda çəkilmiş təsirli
filmlərdən biridir. Rejissor "niyə müharibələr
baş verir", "onun mənası nədir" kimi klassik
suallar qoyur, böyük siyasi oyunların, hakimiyyət
ehtiraslarının girovlarına çevrilən kiçik
insanlar, fərdin ekzistensializmini təsvir edir.
Gözlənilməz vəziyyət və reaksiyalarla əhvalat
absurdlaşdırılır və müəllif bunu təkcə
dialoqlarda yox, vizualda da göstərir. Atışma zamanı
Ako səngərdən ayağını yuxarı
qaldırır ki, yaralansın və onun evə dönməyə
bəhanəsi olsun. Bu tragikomik situasiya fərdin çarəsizliyinin,
gücsüzlüyünün ifadəsi kimi ortaya
çıxır.
Rejissor məzmunun, təsvirin təsir
gücünü artıran təkrar kadrlardan yararlanır.
Misalçün, film boyu iri yük maşını Səddam
Hüseynin əlini irəli uzadan nəhəng heykəlini
daşıyır. Heykəlin daşınması, süjetin əsas
xəttinin fonunda görünür, kadra sanki təsadüfdən-təsadüfə,
bir növ karikatura intonasiyasında kadra girir. Səhnələrin
bir qismində əsasən arxa planda Səddam Hüseynin ya
heykəlciklərinin, ya portretlərinin göstərməsi ilə
ölkədəki sərt rejimə eyham vurulur. Və beləcə,
filmboyu müəllif ən ciddi məsələlərə sarkastik
etirazla münasibətini bildirir.
Müsahibələrin birində rejissor deyir: "Vacib
bir şey haqda danışmaq üçün yumordan istifadə
edirəm. Mənə bu halda absurd, forma lazımdır ki,
fikrimi ifadə edim. Çünki yumorun köməyilə,
insanların qəbul edə bilmədiyi məsələlərdən
danışa bilirsən. Fikirləşirəm ki, çox əzab
çəkən insanlar, bir növ var ola bilməyin yolunu
tapırlar. Və bu yol yumordur. Həmişə kinoda ümid,
yumor, ümidsizlik və faciə arasında
qarşılıqlı əlaqə tapıram".
1981-ci ildə Səddam Hüseyn rejimindən
İtaliyaya qaçan Heyner Səlim hazırda Fransada
yaşayır.
Sevda SULTANOVA
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.20.