"Media
savadlılığı" - hər kəs üçün
dərs vəsaiti
Müasir texnoloji inqilab bütün sahələrdə
olduğu kimi, jurnalistika - media sistemində də ciddi
çağırışlar formalaşdırır.
İnformasiya texnologiyasının inkişafı bir tərəfdən
media materialının sürətlə hazırlanması və
ötürülməsinə özünün müsbət
xidmətini göstərirsə, digər tərəfdən
sosial şəbəkə tipli platformalarda yalan - feyk xəbərlərin
yayılmasına, antimilli təbliğatın asanlıqla istənilən
ünvana ötürülməsinə şərait
yaradır. Hadisələri istənilən formatda təhrif
edib öz maraqlarına uyğun şəkildə yayılmasını bu yeni
texnologiya vasitəsilə həyata keçirən
ayrı-ayrı fərdlər bir yana, indi hətta
jurnalistikanın beynəlxalq doktrinalarına etinasız
yanaşan bəzi dövlətlərin Azərbaycanda
formalaşmış demokratik dəyərlərin, ölkəmizdə
hökm sürən sabitliyin, Azərbaycan-Ermənistan
arasında formalaşmaqda olan sülh prosesini və s. kimi
faktları saxtalaşdıran xəyanətkar qurumları da bu
şəraitdən vicdansızcasına sui-istifadə etməkdədirlər.
Etiraf edək ki, bir sıra hallarda jurnalistikanın qayda və
qanunlarına məhəl qoymadan elektron mediadan aldıqları
saxta, yalan, təhrif olunmuş informasiyalara inanan oxucular da az
deyil. Məhz belə bir şəraitdə beynəlxalq
yanaşma platformasında "media
savadlılığı" anlayışı meydana
çıxdı.
Bəzi hallarda "media savadlılığı"
anlayışının jurnalistlərə aid edildiyinin də
şahidi oluruq. Lakin bu qavrayış tamamailə
yanlışdır. Çünki jurnalist peşəsi ilə
məşğul olan hər kəs informasiyanın doğrumu,
faktın dəqiqmi və ya saxtamı, yalanmı, qəsdən
təhrif edildiyi kimi dərhal anlayır və düzgün
qiymətləndirir. Deməli, media savadlılığı, əslində,
xüsusilə jurnalistikanın prinsiplərinə nabələd
adamlara lazımdır: ona ötürülən xəbərin
nə dərəcədə dəqiq, doğru olduğunu
müəyyən etmək üçün.
Bu problem müasir dövrdə ciddi olduğu qədər
də aktualdır. Bu aktuallığa diqqət Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsində çox ciddiyə
alınan faktlardan biridir. Fakültəmizin kafedra müdirləri
Xatirə Hüseynova və Aynur Nəsirovanın bu
yaxınlarda nəşr etdirdikləri "Feyk-yalan xəbərlər:
onlara qarşı necə mübarizə aparmaq olar"
adlı kitabı buna yaxşı bir nümunədir. Yeni media
və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti
Könül Niftəliyeva və fakültəmizin məzunu,
jurnalistika üzrə fəlsəfə doktoru Maral Nəcəflinin
çap etdirdikləri "Media savadlılığı"
monoqrafiyasını zamanın tələblərinə cavab
verən bir əsər kimi qiymətləndirmək olar.
Kitabın annotasiyasında da deyildiyi kimi, "media ilə
gündəlik təmasda olan hər kəs üçün
faydalı bu araşdırma həm tələbələr və
müəllimlər, həm də geniş oxucu kütləsi
üçün əhəmiyyətli bir bələdçidir".
Əslində mən bir az irəli gedərək deyərdim
ki, bu kitab müasir günümüzdə media sistemindən
istifadə edən hər kəs üçün bir dərslik
formatındadır. Kitabda qoyulan və təhlil edilən
problemlərə diqqət etmək kifayətdir ki, onun
aktuallığı və səmərəliliyi ilə
bağlı deyilənlər öz təsdiqini tapsın.
Bəs bu problemlər hansılardır? Dörd fəsildən
və bu fəsilləri aydınlaşdıran
çoxsaylı bölmələrdən ibarət əsərin
əsas mahiyyəti onun hər səhifəsində
duyulmaqdadır. Birinci fəsil kütləvi kommunikasiya
anlayışı, kütləvi kommunikasiya vasitələrinin
tədqiqi tarixini araşdırır. Burada problemə tarixi
aspektdən yanaşmalar həm də tarix və müasirliyi
eyni kontekstdə təqdim etməklə maraq doğurur.
Çünki medianın tarixi inkişaf yoluna nəzər
salmadan onun müasir problemlərini dərk etmək olmaz.
Əsərin ikinci fəsili birbaşa mətləbə
keçərək media savadlılığı
anlayışı fonunda bu savadlılığın vizual,
kompüter, informasiya, rəqəmsal texnologiya kimi aspektləri
aydınlaşdıraraq media savadlılığının məqsədi
və əhəmiyyəti barədə lakonik
yanaşmaları əhatə edir.
Kitabın üçüncü fəslində media
savadlılığı təhsili və bu təhsil sistemində
əsas yanaşmalardan bəhs olunur. Bu yanaşmalar sistemində
qoruyucu, gücləndirici, tənqidi, analitik münasibətlər
aparıcı yer tutur. Burada maraqlı məsələlərdən
biri media savadlılığı təhsilində ABŞ,
Kanada, Avropa ölkələri, o cümlədən İngiltərə,
Fransa, Finlandiya, Türkiyə kimi ölkələrdə tarixən
formalaşmış və bu gün özünü göstərən
məktəblər oxucuya təqdim olunmaqla bağlıdır.
Kitabın dördüncü, sonuncu fəslində bəzi
media məhsullarının tənqidi analizi
araşdırılır. Və bu fəsili maraqlı edən
bir cəhət də bundan ibarətdir ki, müəlliflər
media savadlılığı probleminə praktik aspektdən
yanaşma ilə çıxış edirlər. Bu fəsil
özünün nəzəri əsasları kontekstində həm
də peşəkarlığın praktik formalarını
ortaya qoyur.
Kitabın nəticə hissəsi oxucuya səmimi bir
müraciət forması daşıyır. Bu nəticə həm
də oxucunun kitabdan nəyi öyrəndiyinin qısa xülasəsidir:
"Bu kitabı oxumaqla sən medianın yalnız məlumat
yaymaqla kifayətlənmədiyini, kommersiya və siyasi
maraqların bu məlumatın necə formalaşmasında
mühüm rol oynadığını, xəbərlərin
"obyektivlik" pərdəsi altında bəzən
subyektiv çalarlar daşıdığını öyrəndin.
Reklamların necə tərtib edilməsindən, hansı
texnikaların istifadə olunmasından, tənqidi və
analitik yanaşmadan xəbərdar oldun. Sosioloji və psixoloji
nəzəriyyələrin işığında medianın
insanlar üzərindəki gücünü, önmühakimələrin
və stereotiplərin necə yarandığını, cəmiyyətə
necə hopduğunu və bu prosesdə dilin, kütləvi
informasiya vasitələrinin və mədəni təmsillərin
rolunu dərindən dərk etdin".
Qeyd edək ki, müəlliflərin oxucuya bu səmimi
müraciəti və bu müraciətdə qaldırılan
problemlər həqiqətən də geniş şəkildə
ifadə edilmiş və media savadlılığı kimi
aktual bir mövzunun elmi praktik həllini vermişdir.
Cahangir MƏMMƏDLİ
BDU Milli mətbuat tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.20.