Gəncədə yeri görünən
abidə
Azərbaycan şeirinin əbədi üfüqlərində
bərq vuran, saysız ulduzların sırasında parlayan iki
ulduz da var. Birinin işığı çox gur gəlir,
ikincisininki nisbətən zəif. O işığı gur gələn
ulduz Məhsəti Gəncəvidir, nuru sozalan,
görünüb-itənsə Tacəddin Əmir Əhməd.
İkinci ulduzun işığının bizə zəif gəlib
çatmasının səbəbi heç də Tacəddin
Əmir Əhmədin özündə deyildir.
O da zəmanəsinin ən güclü qələm
sahiblərindən biri olub, heç istedadca, şairlik
gücü baxımından ömür-gün yoldaşı Məhsəti
Gəncəvidən də geri qalmayıb. Ancaq bu, tarixdir və
onun da öz gizlincləri, öz laübalılıqları
var. Bəzən hansısa xəzinələr yüzillər
boyu insanlara görünmədən örtülü qalır,
hansısa təsadüflə günlərin birində insanlara
zühur edəndə bəxtiyarlıq gətirir.
Unudulmuş Tacəddin Əmir Əhməd ədəbiyyatımızın
bəxtsiz qələm sahiblərindəndir.
Yaşadığı əsrlərdə barmaqla göstərilən,
adı iftixarla çəkilən, Sənai kimi bir nəhəngin
cavablar yazdığı Tacəddin Əmir Əhməd tarixin
kinayəsi ilə sonrakı yüzillərdə
yaddaşın arxa qatlarına keçmiş, asta-asta
unudulmuşdur. Lakin nə qədər vaxt
ötür-ötsün - altun həmişə altunluğunda
qalır. Tacəddin Əmir Əhmədi və irsini
bürümüş qatı vaxt dumanını qovanda, onu
görünməz edən pərdəni çəkəndə
sevimli bir yaradıcılıq, onun işığı
bütün aydınlığı ilə bugünümüzə
də çatır və sabaha çatmaq haqqını da
ortaya qoyur.
Əmir Əhmədi şair olaraq səciyyələndirən
ən mühüm xüsusiyyətlərdən biri də ondan
ibarətdir ki, o, Azərbaycan ədəbiyyatındakı ilk
şəhraşubçu şairlərdəndir. Əmir
Əhməd və Məhsətidən əvvəl şəhraşub
silsilələrinin ən mükəmməl nümunəsini Məsud
Səd Səlman yaratmışdı. Ancaq Məsuddan sonra
XII-XV əsrlər arasında yaradılmış şəhraşub
silsilələri içərisində Məhsəti ilə
Əmir Əhmədinkilər ən kamilləridir. Məsud Səd
Səlmanda olan kimi, onlarda da rübailərdir və biri dərziyə
həsr olunub, digəri nalbəndə, bir ayrısı qəssaba,
növbətisi iynəçiyə, hərəsi bir peşə
sahibini vəsf edir, hamısı da məhəbbətli
şeirlərdir. Şəhraşub şeir şəklinin tələbinə
uyğun olaraq da hər şeirdə vəsf edilən peşə
sahibinin sənətinə xas hansısa cizgilər yer alır,
bu əlamətlərin fərqli məna çalarları
misralarda məharətlə oynadılır. Tacəddin
Əmir Əhmədin həkimə həsr etdiyi bu rübai
onun şəhraşub dördlükləri
qatarındandır.
Ey kan-e honər, təbib-e hekmətamuz,
Dərdist konun dər del-e mən bəs cansuz.
Ta dərd-e deli məra to dərman sazi,
Nəzdik-e toəm pedər ferstad emruz.
Ey hikmət sahibi təbib, qıl çara,
Ürəyim bir dərddən düşüb odlara.
Bu gün atam məni göndərdi, sən bax,
Tap könül ağrımı sağaldan dəva.
(Farscadan bütün bədii tərcümələr
yazı müəllifinindir - R.H.).
Hətta Məhsətiyə yazdığı bu məhəbbətli
dördlük də mahiyyətcə daha bir şəhraşubdur.
Çünki həmin rübai sadəcə aşiqin məşuqa
müraciəti deyil, burada Əmir Əhməd çəng
çalanı öyür. Şeirin hansı şəraitdə
yarandığından xəbərdar olduğumuzdan bizə məlumdur
ki, burada vəsf edilən məhz Məhsətidir. Ancaq həmin
kontekstdən xəbərdar olmayançün bu dördlük
Əmir Əhmədin digər şəhraşub-rübailəri
ilə yanaşı qoyulanda elə onlardan biri kimi
qavranılacaq. Yerindəcə onu da xatırladaq ki, "Məhsəti
və Əmir Əhməd dastanı"nda şah məclisində
çalınan musiqi alətlərinin adlarını da
sadalayır (çəng, ud, bərbət, əbrişəm,
nay, tənbur) və bunun özü musiqi tariximiz
baxımından diqqətəlayiq məlumat hesab edilməlidir.
"Dastan" Əmir Əhmədlə sevgilisini
yanaşı göstərir. Məhsəti çəng
çalır, onun telləri Əmir Əhmədin üzünə
toxunur, məclis sakitcə dinləyir. O qədər sükutla
ki, qədəhlərə süzülən şərabın
səsi də aydın eşidilir və Əmir Əhməd bu
anları rübailəşdirir:
Bər dəst-e mən in peyale-ye mol çe xoşəst,
Dər dəst-e degər zolf-e ço sonbol çe
xoşəst.
Qolqol ze sorahi vo derəng əz rox-e çəng,
Nuşidən-e mey be sout-e bolbol çe xoşəst.
Əlimdə piyalə, xoşdur nə qədər,
O biri əlimdə sünbül hörüklər.
Sürahi qülqülü, çəngin sədası,
Bu mey, bülbül səsi məni məst edər.
"Məhsəti və Əmir Əhməd
dastanı"nda Gəncə bazarında Məhsəti və əri
Tacəddin Əmir Əhməd yanaşıdır,
ayrı-ayrı əsnaf sıralarının arasından
keçirlər. Gah o peşə sahibinə
yaxınlaşırlar, gah bu sənət sahibi ilə söhbətə
başlayırlar. Dostyana təmaslar, xəfif
zarafatlaşmaların hərəsi dönüb bir şəhraşub
olur.
Məhsətinin şəhraşub şeirlərini
oxuyanlar əsrlərcə məəttəl
qalmışdılar, şəhraşub silsilələrindən,
belə bir ədəbi ənənənin
varlığından xəbəri olmayanlar elə
düşünmüş, hətta bunu həm Şərqdə,
həm Qərbdə açıqca yazmışdılar ki, bu
qədər cavana belə sevdalı şeirlər həsr edən
xanım, yəqin, yüngüləxlaqlı imiş. Şəkkə
düşməyə müəyyən mənada əsasları
da varmış. Görürdülər ki, hamısı məhəbbətli
şeirlərdir və qadının dilindən səslənir.
Bir gün bir dərzini, sabah qəssabı öyür,
başqa bir gün nalbəndi vəsf edir, ayrı bir gün
mehtər haqqında şeir yazır, digər dəfə
göyərçin saxlayanla - kəbutərbazla sevgi dilində
danışır. Əlbəttə ki, şəhraşub kimi
bir şeir istiqamətinin olmasından xəbərsizlər
qadın dilindən belə tərənnümə mat-məəttəl
qalmaya bilməzdilər ki, necə olur bir qadın eyni anda bu qədər
kişiyə eşq elan edirmiş kimi şeirlər qoşur.
Ancaq müxtəlif əsrlərdə yaradılmış eyni
cür şəhraşub silsilələrini yanaşı qoyanda
agah olursan ki, sən demə, bu, rəmzi mənada eşq elan
etməkmiş, məqsəd sənətkarı tərif etməkmiş.
Məhsətidən əvvəl də, sonra da yüzillər
boyu bu qəbil şeirlər yaradılıb. Ancaq Əmir
Əhmədin elə Məhsətinin şəhraşub
rübailərinə bənzəyən eyni ifadə tərzli
dördlüklərinin olmasının bir əhəmiyyəti
də ondan ibarətdir ki, Məhsətinin əxlaqı, sərbəst
davranış tərzi haqda ortaya çıxmış
yanlış müddəaları rədd etməkçün
tutarlı sübuta çevrilirlər. Axı şəhraşub
rübailərini yaradanda, ər-arvad hər ikisi eyni üslubda
sənət-peşə sahiblərini öyəndə Gəncə
bazarında yanbayandılar. Götürün yanaşı
qoyun, tutuşdurun, görəcəksiniz, eyni üslubdur. Məhsəti
necə deyibsə, ondan xeyli əvvəl həmin şəkildə
elə Məsud Səd Səlman yazıb. Götürün Məhsətinin
yanında onunla yanaşı addımlayan ərinin şəhraşub
şeirlərini, görəcəksiniz ki, həmin şeirlərdəndir.
Köhnə zərbülməsəldir ki, insan bilmədiyinin
düşmənidir. Şəhraşubun təbiəti,
xüsusiyyətləri haqqında məlumatlanınca müəmma
kimi görünən, büsbütün ayrı cür təsəvvür
edilən dərhal aydınlaşır, o cür xətalı
düşüncəyə qapılmışlar
özünü günahkar kimi hiss edir. Bilgisizlik elə xətadır
ki, həmişə kimlərisə şayiələrə
uymağa və uydurulmuşları yaymağa vadar edir. Necə
ki, hətta XXI əsrdə də bunun zərərli təzahürünə
tuş düşdük. Məhsətiyə atılan və məhz
bilməzlikdən yaranmış böhtanlar bir azərbaycanlı
xanımın - Suad Qaranın o qara-qura fikirlərin təsirinə
düşərək şairəni
ayağısürüşkən kimi təqdim edən "Məhsəti"
adlı qısametrajlı film çəkərək Avropaya
yaymasına gətirib çıxardı.
Məhsətinin də, Əmir Əhmədin də şeirlərində
ayrı-ayrı şəhərlərin adı çəkilir.
Herat, Bəlx, Mərv, Nişapur...
Onlar tez-tez səfərdəydilər və bunu "Məhsəti
və Əmir Əhməd dastanı" da deyir, digər mənbələr
də təsdiqləyir.
Orta əsrlərdə şahmat məsələlərinə
mənsubə deyirdilər. Məhsəti də, Əmir
Əhməd də elə rübailər yazıblar ki,
onların hərəsində bir mənsubə gizlənib. Yəni
qarşına bu gün şahmat taxtası qoyub, Məhsəti
və Əmir Əhmədin şətrəncli rübailərindəki
məsələləri ora köçürəndə sanki
XII əsr dirilir.
Məhsəti Gəncəvi də, Tacəddin Əmir
Əhməd də zəmanəsinin həm də məşhur
şətrənc ustaları, şahmatçıları
olmuşdular və onların şahmat oyunlarının
neçə anı da şeirlərində tarixiləşib.
Azərbaycanın iki rəssamının - 1960-cı
illərdə Elçin Aslanovun, 2000-ci illərin əvvəllərində
Stanislav Şatikovun çəkdikləri lövhələrdə
bu iki şair-sevgili şahmat taxtası arxasında, oyun əsnasında
təsvir edilmişlər.
...Həm Şərq, həm Qərb ədəbiyyatında
iki gəncin bir-birinə sonsuz məhəbbəti haqqında
qoşulmuş dastanlar çoxdur. Leyli ilə Məcnunun,
Xosrovla Şirinin, Vərqayla Gülşanın və neçə-neçə
belə aşiq-məşuqun sevgi macəraları haqqında
bədii ədəbiyyat nümunələri
insanlığın həmişə həvəslə
oxuduğu, uca tutduğu əsərlər olub. Bu sevgililərdən
hansılarısa tarixən yaşamış gerçək
insanlardı, hansılarısa da şairlərin qələmində
doğulmuş, təxəyyülündən yaranmış
surətlər. Ancaq Məhsəti ilə Əmir Əhməd
gerçək şəxsiyyətlərdir, tarixdə, ədəbiyyatda
iz qoymuş insanlardır. Və onların bir-birinə söylədiyi
rübailər də öz qələmlərindən
çıxmış əsərlərdir, hansısa
dastançının qoşduğu şeirlər yox.
Tacəddin Əmir Əhməd Pur-i Xətib-e Gəncə
ilə Mənicə Məhsəti Gəncəvini qeyri-adiləşdirən
bir başqa məziyyət də var. İstər Qərb ədəbiyyatlarına
baxın, istər Şərq ədəbiyyatlarına -
şairlər nə qədər desən! Bu qatarda tək-tək
qadın şairlərə də rast gələcəksiniz.
Ancaq orta əsrlərdə nə Qərbdə, nə Şərqdə
ömür-gün yoldaşı, sevgili olmuş, bir ailənin
içərisində yaşamış iki şair tapa bilməyəcəksiniz.
Üstəlik, Tacəddin Əmir Əhmədin bacısı
Doxtər-i Gəncə də şeirlər yazırdı və
o rübailərdən bizə gəlib çatanı da var.
Bu rübai Tacəddin Əmir Əhmədin
bacısı Doxtər-e Xətib təxəllüslü
şairənin qələmindən çıxıb:
Dər aləm-e can xotbe be nam-e xət-e ust,
Sobh-e del-e oşşaq ze şam-e xət-e ust.
Təşbih-e xətəş be moşk mikərdəm
əql
Qofta ğələti, moşk ğolam-e xət-e ust.
Oxunar xəttinə onun xütbələr,
Aşiqçün o xətlə açılar səhər.
"Xətti müşkdür" dedim, ağıl
söylədi:
"Yanılırsan, müşk onun xəttinə
nökər!"
İki sevgili üz-üzə dayanıb. Bu onun, o bunun
gözlərinə baxır. O bunun, bu onun əllərini tutub.
Onların nəzərində dünyada bundan böyük nemət,
bundan böyük bəxtiyarlıq yoxdur və Məhsəti də
həmin duyğuları sözə çevirir:
Çun dəst-e məra gerefti ey yar ze ruy
Eyşi beh əz in dər həme afaq məcuy.
Əndər həq-e in dəst ke dadim be həm
Ey Pür-e Xətib-e Gənce beyti bər quy.
Sevgilim, əlimdən yapışmısan sən,
Bundan artıq ləzzət umma aləmdən.
Bir-birindən tutan bu əllər haqda,
Xətiboğlu, nolar, bir beyt desən.
Məhsəti bu şeiri o zaman deyir ki, Tacəddin
Əmir Əhmədlə birgə kəbin kəsdirməkçün
qazının yanına gedirlər. Kəbin onların bir-birinə
saf məhəbbətini sadəcə kağız üzərində
sənədləşdirəcək, ancaq onların
düşüncələrində, duyğularında bu sevgi
çoxdan rəsmiləşib, haçandır ki, sənədləşib.
Və Əmir Əhməd gözlətmir, anındaca
bədahətən bu misraları deyir:
Emruz zən-e məniy yo mən şu-ye toəm,
Ta can darəm be del doaqu-ye toəm.
Mənşin be Xərabat ke nəqzarəm biş,
Vər nə be xoda ke doşmən-e can-e toəm.
Bu gün sən zövcəmsən, mən də sənə
ər,
Sənə duaçıyam ölənə qədər.
Qalma Xərabatda gəl bundan belə,
Yoxsa məhəbbətim qəzəbə dönər.
Tacəddin Əmir Əhməd belə deməyinə
deyirdi, ancaq Məhsətinin Xərabatdan ayrılması
mümkünsüz idi və əslində Xərabat gizli cazibəsi
ilə elə Təcəddin Əmir Əhmədi də
artıq özünə doğru çəkməkdə idi.
Əmir Əhmədin bizə gəlib çatan
şeirlərində də, "Məhsəti və Əmir
Əhməd dastanı"nda da, ümumən, orta
çağda yaşayıb-yaratmış çox şairlərimizin
"Divan"larını vərəqləyərkən də
tez-tez "mey", "cam", "badə" kəlmələrinə
rast gəlirik. Ömər Xəyyam rübailərində də
əvvəldən-sonacan mey əsas surətlərdən
biridir, rübaidən-rübaiyə keçir, ona görə
hətta bəzilərində belə bir güman da əmələ
gəlib ki, Xəyyam mey aludəsi imiş. Ancaq Nizami ki müqəddəs
bir insan idi, şeyx idi, ya Müslihəddin Sədi Şirazi,
yaxud Hafiz, ya da Məhəmməd Füzuli. Bu qəbil
xumarların hamısı ilahi meyin məsti idi.
Tacəddin Əmir Əhmədin bu şeirindəki də,
"Məhsəti və Əmir Əhməd
dastanı"ndakı sıra-sıra rübailərdəki də
elə həmin şərabdır. "Xərabat məhəlləsi"
deyilən rindlər yuvası isə insanı ülvi istəklərinə,
böyük amallarına qovuşduran məcazi məkandır.
Və bu məqamda "Məhsəti və Əmir Əhməd
dastanı"ndakı iki nöqtəyə diqqət yetirməyin
yeri var. Rindlər məhəlləsinə gəlib
çatanacan Tacəddin Əmir Əhməd artıq bir dəfə
şərab içmişdi. Ancaq bu da sadə insanların içdiyi
gerçək şərabdan deyil, yuxuda nuş edilmiş ilham
meyi idi.
Dastanın çatdırdığı xəbərə
görə, günlərin birində Əmir Əhmədin
yuxusuna nurlu bir surət gəlir. O şəfqətli naməlum
əlindəki camı Tacəddinə uzadır, "nuş elə"
deyir. Əmir Əhməd camı içir və oyanınca
onda aşıb-daşan şairlik istedadı əmələ
gəlir. Şərq xalqları içərisində belə
rəvayətlər geniş yayılıb. Elə Xacə
Hafiz Şiraziyə də şairlik istedadının verilməsi
ilə bağlı oxşar əhvalat dildən-dilə
dolaşmaqdadır.
Tacəddin Əmir Əhməd də yuxuda ilham badəsini
başına çəkir və dönüb olur şair. Bu
meyiçmə, o ilahi şərabın vasitəsilə
şairədönmə yuxuda baş vermişdisə də,
indi gəlib yetişmişdi rindlər məhəlləsinə,
Məhsəti ilə üzləşmişdi, görüncə
də aşiq olmuşdu və sevgilisi də şərti kəskin
qoymuşdu: bura gəlib çıxmısan, ancaq rindlər məskəninə
təşrif gətirdiyini, xətibin oğlu olduğunu
unudursan. Sənin atan zahiddir, şəraba sadəcə biganə
deyil, qatı düşmən olan insandır. Burada - rindlər
oylağındasa badə əldən düşməz. Bu məkana
qədəm basan rindlər yolunu tutmağa hazır
olmalıdır. Belə bir imtahana hazırsanmı?
Əmir Əhməd artıq özü "badə"
idi, içərisi eşqlə dolmuşdu, odur ki, "əlbəttə
hazıram, mənim daha bundan savayı yolum ola bilməz", -
deyir.
Onda Məhsəti gələcək ərini
sınamağı qət edir. Meylə ləbələb
camı Əmir Əhmədə uzadaraq "hazırsansa,
nuş et", - söyləyir.
Və Əmir Əhməd tərəddüdsüz badəni
son damlasınadək içir.
Bu, insanı fani dünyadan, yoxluq aləmindən
ayıran eşq badəsiydi.
Onunçün də əski ədəbiyyat, təsəvvüf
şeiri insanı dünyanın bütün naqislik və
xıltlarından ayıraraq ucalara qaldıran, ilahiyə
doğru qanadlandıran və ali mənəvi dəyərlərə
sarı irəlilədən bu vasitədən heç vaxt yan
keçməyib.
Nizami Gəncəvi "İskəndərnamə"sində
bütün insanların bərabər olduğu "Azadlar
şəhəri"ndən bəhs edir. Məhsəti Gəncəvinin,
Tacəddin Əmir Əhmədin də arzuladığı
azadlar şəhəri, bərabərlər şəhəri
vardı. Həmin o xərabat idi bu, həmin o rindlər
küçəsi idi bu. Həmin o rindlər məhəlləsi
idi. Əslində Tacəddin Əmir Əhmədin də, Məhsəti
Gəncəvinin də ömründə elə gerçəkdə
də şəhər içində belə bir şəhər
vardı. Gəncə bazarı, oradakı əsnaflar
sırası o şəhərin balaca bir
görüntüsü idi. Çünki onların öz dili,
öz davranışları, özlərinin bir-birinin
boğazından keçən sözləri, bir-birinə
uyğun gələn ruhları vardı. Ancaq xərabat, rindlər
məhəlləsi, ürəklərin hamısının
eyni ahəngdə çırpındığı məkan həmin
azadlar, bərabərlər şəhərinin daha bir
ülgüsü, daha bir cazibədar görüntüsü
idi.
Bütün sevdalar mütləq maneələrdən
adlayası olur. Məhsəti ilə Əmir Əhmədin
sevgisi də həmin təhər yüz cür sınaqlarla qarşılaşmışdı.
Ancaq onlar sevgiləri uğrunda mübarizə aparmış, hər
çətinliyə tab gətirmiş, niyyətlərinə
də çatmışdılar. Ancaq bu mübarizələrin,
sevgiləri yolunda çəkdiklərinin əks-sədası
da tarixin yaddaşında həmişəlik qalıb.
Çünki Məhsəti də, Tacəddin Əmir Əhməd
də həmin nisgilli duyğularını sətirləri
solmayan məktub kimi gələcəyə
ötürmüşdülər.
Şairə köntöy münasibətin, söz
adamı ilə umulmaz davranışların biri də yaddan
çıxmır. Qələm bunların hamısını
tarixiləşdirir. Onlara bəslənən kəc münasibət
mütləq sabahdakı insanlara çatır. Çünki
qarşılaşdıqları narahatlıqlarla bağlı
çox zaman zahirən səslərini çıxarmasalar da,
istənilən halda nə şəkildəsə - bəzən
açıq, bəzən üstüörtülü
bunların hamısını şeirləşdirirlər,
yazılaşdırırlar, uzaq sabahlarçün sənədləşdirirlər.
Elə Tacəddin Əmir Əhməd də hələ XII əsrdə
onların sevgisinə mane olanlara xəbərdarlığını
o başdan edərək belə bir rübai
yazmışdı:
Xəlqi ke məra əz to coda midarənd,
Bər can-e mən in setəm rəva midarənd.
Fərda mən o to hər do be məqsud rəsim
İşan dər-e bihude çera midarənd
Məni müdam səndən ayrı salanlar,
O kəslər ki, vurar sitəmlər, qubar.
Sabah səninlə mən vəslə yetəndə
Onlar peşman olub əliboş qalar.
Həqiqətən, belədir. İki ürək vəhdətdədirsə,
qoşa vurursa, onları bir-birindən necə ayırmaq olar?
Və "Məhsəti və Əmir Əhməd
dastanı"nda Tacəddin Əmir Əhmədlə Məhsəti
Gəncəvinin rübailərinin yanaşı olması
onların birgəliyinin ayrı bir sübutudur. Məhsətinin
şeirləri digər qaynaqlardan da bizə bəlliydi. Ancaq bu
qoşalığın, bu həmnəfəsliyin sayəsində
Məhsəti Gəncəvinin rübailəri ilə bərabər
Tacəddin Əmir Əhmədin dördlükləri də əsrlər
aşaraq günümüzə gəlib çatıb.
Bu, Azərbaycanın unudulmuş, amma əsla
unudulmamalı, yaxşı tanınmalı bir şairinin XII
yüzildən aşaraq bugünə gəlib çatan səsidir.
Birinci görüşlərindən sonra, ilk dəfə
rastlaşıb Məhsətiyə məftun olduğu
günün sabahı Əmir Əhmədin qələmində
bu rübai cücərmişdi:
Diruz bebazar bedidəm ruyət,
Vəz hecr bəraşofte şodəm çun muyət.
Emruz ke baz gəştəm əz bixəbəri,
Xahəm ke be xak oftəm əndər kuyət.
Dünən səni gördüm, başlandı
hicran,
Zülfüntək əhvalım oldu pərişan.
Toz olub döşənim sənin küçənə,
Öpüm keçib gedən yar ayağından.
Dünyada, o sıradan Azərbaycanda arxada qalan
yüzillər və minillər boyu saysız məhəbbət
şeirləri yaranıb. Bu sevgi qoşqularının, yəqin
ki, hansılarınınsa dəqiq ünvanları olub,
hansılarısa şairin içərisində qaynayan
duyğuların əks-sədası kimi qaibanə bir sevgiliyə
ünvanlanıb. Ancaq bildiyimiz bir həqiqət var ki, Tacəddin
Əmir Əhməddən yadigar qalmış bir çox
dördlüklərin və o sıradan bu rübainin də dəqiq
hədəfi var. Bu sevda hədəfi Azərbaycanın
böyük şairəsi, gözəllər gözəli Məhsəti
Gəncəvidir.
Qaynaqların çatdırdığı və
Əmir Əhmədin əxi birlikləri ilə
bağlılığına dəlalət edən soraqlar da
var. Orta əsrlərdə sənət-peşə sahiblərinin
bir çoxu mənası "qardaş" olan əxi təşkilatında
birləşərdi və Gəncədəki əxi təşkilatına
rəhbərlik etmiş Comərd Qəssabın türbəsi
şəhərdə bu gün də qalmaqdadır. Comərd Qəssaba
isə həm Məhsəti, həm də Tacəddin Əmir
Əhməd rübailər həsr edib və o şeirlər
bir çox təzkirə və cünglərdə, eləcə
də "Məhsəti və Əmir Əhməd
dastanı"nda qalmaqdadır.
Əxilərə Məhsətinin də, əri Tacəddin
Əmir Əhmədin də bağlılığının
ayrı bir və həm də yetərincə əhəmiyyətli
göstəricisi, onların sadəcə əxi birliyinin
üzvü olmayıb, həm də təşkilatın idarəediciləri
ilə əlaqələrinin varlığını nişan
verən hadisədir.
Günlərin birində cütlük növbəti səfərinə
çıxır. Məxəz nağıl edir ki, Məhsəti
və Əmir Əhməd Zəncan yolu ilə keçib
gedirdilər, Zəncanda dayandılar və orada Əxi Fərəc
Zəncani ilə görüşdülər.
Əxi Fərəc Zəncani isə, o
çağın mənbələrinin təsdiqinə görə,
ümuməxi qurumlarının ali rəhbəri olmuşdu. Yəni
əhatəsi yetərincə geniş - bütün
Yaxın-Orta Şərqi bürümüş əxi təşkilatının
öndəri Fərəc Zəncani ilə iki Azərbaycan
şairinin bu qarşılaşması mənbələrdə
də əks olunursa, deməli, bu, sadəcə ayaqüstü
haləhvaltutma deyildi, bu, Məhsətiylə Əmir Əhmədin
həm öndər, həm təşkilatla sıx
bağlılıqlarının əlaməti olan vacib
görüş idi. "Dastan" başlanan səfərin Bəlxə
olduğunu və bir qədər sonra isə orada xorasanlı
tanınmışların da bu gəlişin xəbərini
alaraq toplaşdıqlarını çatdırır.
Belə bir səfər ərəfəsində Zəncandakı
görüşün, ola bilsin ki, hansısa
tapşırıqları, ismarışları
çatdırmaqdan ötrü bir məsləhətləşmə
olduğu da ehtimal edilə bilər.
...İslam, onun baş kitabı Quran müsəlmanın
davranış qayda-qanunlarını müəyyənləşdirən,
səmtləndirən şəriət, lap
başlanğıcdan sadəcə dini şəbəkəni,
etiqadla bağlı məsələlər əhatəsini nəzərdə
tutmurdu. Lap yaranışdan bu dəyərlər silsiləsinin
əsas məqsədi insanı kamilləşdirmək idi.
İnsan kamilləşirsə, demək, cəmiyyət də
daha mükəmməl olacaq. Yəni bunlar fəlsəfəsiylə
insan və cəmiyyət quruculuğunun ümdə vasitələri
idilər. Lakin ayrı-ayrı zəmanələrin
düşüncə adamları hətta bunları da insan
kamilləşməsi səmtindəki
çalışmalarçün kafi hesab etməyərək,
bir qədər də irəli getməyə səy göstərirdilər.
Təsəvvüf yaranıb qoynuna on minlərlə insanı
cəlb edən möhtəşəm bir axına
çevrildisə, bunun da cövhərində insanı kamilləşmə
yolu ilə irəlilətmək, əqidə və ruhca
cilalamaq niyyətləri dayanırdı. Doğrudur, təsəvvüfdən
qaynaqlanan, şaxələnərək ayrı-ayrı təriqətlərə,
cərəyanlara, hərəkatlara çevrilən
axınlarda siyasi qat da vardı, bu hər biri
özlüyündə mütəşəkkil hərəkat
olan, ardıcılı çox təriqətlər təsirli
qüvvə idi və onlardan siyasi məqsədlərçün
istifadə edilirdi. Orta əsrlərdəki üsyan səciyyəli
böyük etirazların, ictimai qasırğaların
hansının necə qopması və cərəyan etməsi
səbəblərini araşdırırsansa, ardında məhz
ayrı-ayrı təriqətlərin izlərinin gizlənməsinə
şahid olursan. Lakin bütün təriqət və
axınlarda təməl məqsəd eyniydi: insanı daha kamil
etmək.
Və orta əsrlərdə yaşamış bircə
şairi də təsəvvür eləmək mümkün
deyil ki, ömründən, yaradıcılığından, qələmindən,
düşüncələrindən təsəvvüf
dalğası keçməmiş olsun. Hətta hansısa
şairlər birbaşa müəyyən təriqətlə,
bəlli cərəyanlarla bilavasitə bağlı olmasalar belə,
artıq ədəbiyyatda deyiş tərzinə
çevrilmiş, qəlibləşmiş, simvolik mənalar
qazanmış ayrı-ayrı ifadələr onun da qələmindən,
şeirindən istər-istəməz keçirdi. O şeirləri
oxuyanlar bunları sırf təsəvvüf mənasında da
qavraya bilərdi və həmin şeirlər həm də
gündəlik, həyati mənalar da daşımaqdaydı.
Eyni keyfiyyət Məhsəti şeirlərində də
var, həmin məziyyət Tacəddin Əmir Əhməddən
bizə gəlib çatan ədəbi yadigarlarda da
müşahidə edilməkdədir.
Oğlunun bir təriqətə qoşulduğundan xəbər
tutunca Gəncə Xətibinin qanı qaralır. Əsəbi
halda Əmir Əhmədi çağırtdırır, onun
baxışınca, yaramaz və qəbuledilməz olan bu hərəkətə
görə oğlunu məzəmmət etməyə
başlayır. Tacəddin Əmir Əhmədin atasıyla bu
qarşılaşmasından yadigar bir rübai doğulur.
O, əvvəlcə atasının bu qınaqlarla dolu
söhbətini nisbətən toxtatmağa, vəziyyətdən
pərdəni götürmədən elə
üstüörtülü danışmaqla
çıxmağa cəhd edir, "cavan oğlanam, yəqin,
bunlar keçəri maraqlardır, sovuşub gedəcək, mən
heç təriqət yolçusu olan deyiləm, sən belə
söz-söhbətlərə çox bənd olma" kimi
deyişlərlə kişini yola vermək istəyir:
Baba, to məra məzən ke mən beh nəşəvəm,
Hər çənd məra biş zəni mən betərəm
Emruz cəvanəm o cəvani bekonəm
Fərda ke be sal-e to rəsəm toube konəm.
Ata, düzəlmərəm, çox da danlama,
Bundan da pis ollam sən qınadıqca,
Gəncəm, qoy cavanlıq edim, ay ata,
Tövbə eləyərəm sənin yaşında.
Xətib ağıllı, təcrübəli
insandı. Anlayırdı ki, bu, cavanlıq-qocalıq söhbəti
deyil. Əgər oğlu bu yolun yolçusudursa, daha ordan geri
dönən deyil. Ona görə də məsləhətli don
gen olar fikri ilə Tacəddini bir az da nəsihətlər verməkdən
ötrü qazının yanına göndərir. Qazı ilə
görüşündə isə Əmir Əhməd daha sərtdir,
artıq müdafiəyə çəkilən, vəziyyətdən
çıxmaq istəyən yox, ittiham edəndir. Qazı ona
tövsiyələrini verərək "yanlış yoldasan,
bu xətalı hərəkətlərdən çəkin"
söyləyəndə Tacəddin Əmir Əhməd üzə
durur, qəti etiraz edir. O görüş əsnasında
soyumadığındandır ki, sonra həmin həyəcanlı
anları rübaiyə də döndərib:
Çun ma vo şoma ney qərin-e yekdegərim,
Beh zən nəbovəd ke pərde-ye həm nədərim
To eyb məra məquy ta eyb-e tora
Mən niz nəquyəm ke yek əz yek betərim.
İndi ki gəlmişik qarşı-qarşıya,
Elə edək qalsın pərdə arada.
Eybimi söyləmə, mən də deməyim,
Biri-birimizdən pisik günahda.
"Məhsəti və Əmir Əhməd
dastanı"nın bu hissəsindəki əhvalatların
hamısı yenə rəmzi səciyyəlidir. Buradakı mətləblərin
hamısı yolla, əqidə ilə, məsləkləə
bağlıdır - Gəncə Xətibi növbəti dəfə
oğlunu çağırıb töhmətləyəndə,
oturub-durduğu əsnafın ona uyğun adamlar olmadığını
deyəndə, gedib-gəldiyi Xərabatın ona yaraşan məkan
olmadığını söyləyərək, "düz
yola dön, haqqa qayıt" nəsihətini edəndə Tacəddin
razılaşmır və şərt qoyur. Atasına deyir ki,
dəvən neçə ildir səninlədir? Xətib
qayıdır ki, 12 ildir. Əmir Əhməd soruşur ki, bu dəvənin
indiyədək Xərabat məhəlləsinə getdiyi
olubmu? Xətib cavab verir ki, mənim Xərabat məhəlləsində
nə işim? Oranın heç yolunu tanımıram, mən
tanımıramsa, demək, dəvəm də ora gedib-gəlməyib.
Mənim dəvəmin bildiyi üçcə ünvan var:
evimiz, mədrəsə, bir də məscid.
Tacəddin dillənir ki, çox yaxşı, elə
mən də sizdən bu cavabı eşitmək istəyirdim.
Gözlərimi bağlayın, otuzdurun məni bu dəvənin
üstündə. Bu dəqiqə ürəyimdən Xərabata
yollanmaq keçir, dəvə də, özünüz təsdiqləyirsiniz
ki, həmin yolu tanımır. Ovsarını boş
buraxın, qoy dəvə hara gedir-getsin. Sizin
sözünüzə görə, dediyiniz üç yerdən
birinə üz tutmalıdır. Əgər o cür olsa, dəvə
məni evə, cümə məscidinə, ya mədrəsəyə
aparıb çıxarsa, onda mən razıyam, əsnafdan da
ayrılacağam, Xərabatın da yolunu unudacağam. Əgər
gözü bağlı halda bu dəvə aparıb məni
düz Xərabat məhəlləsinə çıxarsa, daha
sözünüz olmasın, dəvə də qalacaq mənə,
ondan sonra Xərabata gedib-gəlməyimə görə də
məni heç ittiham etməyin.
Gözlərini bağlayırlar, Əmir Əhmədi
dəvənin üstünə əyləşdirirlər və
heyvancığaz da düz gedib çıxır Xərabat məhəlləsinə.
Bu, bir yol idi. Qələmin yolu, düşüncənin
yolu, niyyətlərin yolu, hisslərin yolu. O yolu tutub sədaqətlə
irəlilədiklərindən, o yol boyu ömürlərindən
keçənləri şeirə çevirdiklərindən Məhsəti
Gəncəvi də, Tacəddin Əmir Əhməd də elə
yol uzunluqlu ömür yaşayırlar və həmin yol gələcəklərə
doğru da uzanmaqdadır.
Şərqin də, Qərbin də ədəbiyyatında
və tarixində xeyli abidələşmiş məhəbbət
cütlükləri var. İtaliyanın Veronası
dünyanın ən məşhur məhəbbət
cütlüklərindən birinin - Romeo ilə
Cülyettanın vətənidir. Buranı hərdən elə
"Romeo və Cülyetta şəhəri" də
adlandırırlar. Balkonunun altında Romeonun serenada oxuduğu
ev də ordadır, qapısını hər gün
axın-axın insan açır, qoşa heykəlləri də
bu şəhərdədir. Dünya boyu heykəlləşmiş
məhəbbət qoşalarının bir çoxu həyatda
olmayıb, şair-yazıçı təxəyyülündən
doğmuş surətlərdir. Ancaq heykəlləri var deyə
insanların çoxu onları da elə olmuş,
yaşamış şəxsiyyətlər kimi qavrayır. Məhsəti
ilə Əmir Əhməd ki gerçək tarixi şəxsiyyətlər,
iz qoymuş parlaqlardır. Gərək XII yüzil Azərbaycanını
bəzəmiş, zamanında yurda şan-şöhrət gətirmiş,
bu gün də iftixar ünvanı olaraq yaşayan bu iki qiymətli
Vətən yavrusundan heykəl qoşalığını əsirgəməyək.
Çox illər öncə unudulmaz Azərbaycan heykəltəraşı
Münəvvər Rzayeva kiçik ölçülü bir
lövhədə Tacəddin Əmir Əhmədlə Məhsəti
Gəncəvini qovuşdurdu, indi qorelyef Nizami muzeyində Məhsəti
otağındadır. Bakıda Məhsəti Gəncəvinin
çoxdan olmalı olan abidəsi yoxdur. Doğrudur, Gəncədə
Nizaminin də, Məhsətinin də, digər məşhur ədiblərin
də abidələri ucalmaqdadır. Ancaq o sırada Tacəddin
Əmir Əhmədin heykəli yoxdur. Könül istər ki,
avand günlərin birində 9 əsr öncə qoşa
olmuş Tacəddin Əmir Əhmədlə Məhsəti Gəncəvi
doğma şəhərə elə heykəlləşərək
yenə birgə qayıtsınlar.
XII yüzildə Məhsəti Gəncəvi də,
Tacəddin Əmir Əhməd də yazdıqları hər
misra, hər beyt, hər rübai, hər qəzəllə
insanlara salam verirdilər. Qoy indi yeni əsrdə, yeni minillikdə
doğma Gəncələrində Tacəddin Əmir Əhmədlə
Məhsəti Gəncəvi qovuşduqları abidəylə hər
gün göz qabağında olsunlar, ucalan surətləri ilə
də hər gün insanları salamlasınlar!
28 fevral 2026
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.18-19.