Tamer Karadağlı:
"İlk üz tutacağım yer Azərbaycan olar"
"TÜRKİYƏNİN VƏ AZƏRBAYCANIN TEATR
SƏNƏTİ ARASINDA KÖKLÜ FƏRQ YOXDUR"
Bu günlərdə Türkiyə Respublikası Mədəniyyət
və Turizm Nazirliyi Dövlət Teatrlarının ümumi
müdiri, "Çocuklar duymasın" serialında Haluk
obrazı ilə tanınan və əslən azərbaycanlı
olan məşhur aktyor Tamer Karadağlı 10 Mart Milli Teatr
Gününə həsr olunmuş təntənəli tədbirlərə
qatılmaq üçün Bakıda oldu.
Ankarada doğulmuş Tamer bəyin ata tərəfi
Qarsdandır. Ulu babaları 1900-cü illərin əvvəlində
Azərbaycandan Türkiyəyə köçüblər.
Akademik Milli Dram Teatrının dəvəti ilə
ölkəmizə gəlmiş sənətçi burada mətbuat
nümayəndələrinin suallarını
cavablandırdı. Səfər çərçivəsində
Azərbaycan mədəniyyət naziri Adil Kərimli ilə də
görüşən T.Karadağlı müsahibə boyunca Azərbaycanda
olmaqdan sonsuz məmnunluğunu dilə gətirdi, bu torpaqlara
bağlılığını və sevgisini də dönə-dönə
vurğuladı:
- Bu gözəl dəvət üçün Akademik
Milli Dram Teatrının rəhbərliyinə və bu tədbirin
keçirilməsində zəhməti olan hər kəsə
çox təşəkkür edirəm. Sizinlə birlikdə
olduğum üçün çox şadam. Azərbaycanda
olduğum üçün çox xoşbəxtəm. Yenidən
ata torpağıma qayıtdım. Mən hər dəfə
buraya gələrkən, heç də özümü yad bir
ölkəyə getmiş kimi hiss etmirəm. Öz ölkəmə,
öz torpağıma gəlmiş kimi hiss edirəm.
İnsanların mehribanlığından, yeməyindən
havasına qədər bu doğmalığı ilikləriməcən
duya bilirəm.
Biz Türk dünyası olaraq bir-birimizə yaxın
olsaq, bir-birimizdən alacağımız, öyrənəcəyimiz
çox şeylər var. Bəlkə də bu cür sıx əlaqələr
qurmaq üçün gecikmişik. Amma yenə də bu istiqamətdə
addımlar atmaq, gələcək üçün faydalı
planlar qurmaq və türk dünyasının birliyi naminə
mədəni əlaqələri genişləndirmək
çox vacib məsələdir. Ümid edirəm ki, bu
gün burada danışılan mövzular, edilən təkliflər,
layihələr yaxın gələcəkdə ən yüksək
səviyyədə həyata keçiriləcək.
Dövlət teatrları olaraq son iki gündə
keçirdiyimiz görüşlərdə çox müsbət
irəliləyişlər müşahidə etdik.
Çünki artıq türk dünyasının mədəniyyət
sahəsində də ortaq işlər görməsi
baxımından bu görüşləri çox önəmli
hesab edirəm. Sözügedən irəliləyişlər və
müzakirələr yalnız burada qalmayacaq, artıq praktik
şəkildə həyata keçiriləcək.
Çünki həqiqətən də ciddi addımlar
atılır. Bəlkə sonrakı günlərdə biz
buraya rejissor göndərəcəyik, buradan hansısa
tamaşanı alacağıq. Beləcə
kiçik-kiçik addımlarla işə başlamış
olsaq da, çox qısa zamanda önəmli yol qət edəcəyimizə
inanıram.
- Sizi Azərbaycanda sevən, izləyən çox
sayda tamaşaçınız var. Bu layihələr çərçivəsində
gələcəkdə Azərbaycan səhnəsində rol
almağınız da mümkün ola bilərmi?
- Mən burada - Azərbaycan teatr səhnəsində
rol oynamağı çox istərdim. İnşallah ki, belə
bir layihə olar. Əlbəttə, mənim rəsmi işlərim
o qədər çox olur ki, hansısa tamaşanı qəbul
edib, onun məşqlərinə qatılmağım, səhnəyə
çıxmağım elə də asan deyil. Bildiyiniz kimi,
teatr səhnəsi davamlı məşq, ciddi intizam istəyir.
Məsələn, Türkiyədə bir tamaşada iştirak
edirəm. Amma bürokratik işlərlə bərabər,
tamaşaya da davam etmək çox çətin olur. Buna
baxmayaraq, biz ilk növbədə aktyoruq, əsas işimiz də
tamaşada rol almaqdır.
- Deyəsən, rəsmi vəzifəyə keçəndən
sonra kameralardan, səhnədən uzaq düşməyiniz sizi
darıxdırıb...
- Son zamanlarda "Serhat" serialında rol
almışdım, sərt polisi oynayırdım. Onun ikinci
mövsümünü çəkəcəkdik ki, müdir vəzifəsinə
təyin edildim və işlərim artdı. Təbii ki, vəzifə
qalıcı deyil. Buradakı işlərim bitdikdən sonra
tamaşalara da, seriallara da, filmlərə də davam edəcəyəm.
- Biz azərbaycanlı tamaşaçılar sizi daha
çox "Çocuklar duymasın" serialı ilə
tanıdıq, sevdik. Bu serial neçə nəsil
uşaqların yetişməsində böyük rol
oynadı. Nə zamansa "Çocuklar duymasın"
serialının yenidən başlaması, ya da film kimi çəkilməsi
fikri ola bilərmi? Əgər belə bir təklif olsa, yenidən
Haluk rolunu canlandırmaq istəyərsinizmi?
- Ola bilər, pulunu verən tütəyi çalar
(gülür). "Çocuklar duymasın" mənim
üçün çox önəmli bir layihədir. Bir
neçə nəsil bizimlə birlikdə böyüdü. Hələ
də türk kanallarında yayımlanmaqda davam edir. Hətta
bir gündə beş ayrı kanalda göstərilir.
Maraqlıdır ki, bu serial heç bir halda köhnəlmir,
unudulmur, diqqətdən kənarda qalmır. Baxaq, görək,
bəlkə də film kimi çəkilə bilər. Əlbəttə,
mən istəyərəm. Amma nəticədə o işə
dəyəcək bir qonorar da almaq istəyərəm. Təbii
ki, sərfəli təklif olarsa, davam etmək olar. Mənə
elə gəlir ki, bu, normal yanaşma olardı. Nə də olsa,
peşəkar aktyor kimi bu işdən pul qazanırıqsa, belə
təkliflərdən imtina etmək düzgün olmazdı.
- Məsələn, "Sehirli annem" serialı film
kimi o qədər də maraq doğurmadı, gözlənilən
reaksiyanı almadı.
- Bəli, elə hallar da olur. Çünki film
serialdan tamamilə başqa sahədir. Bəlkə
"Çocuklar duymasın" da film kimi o qədər
maraqlı olmaya bilər. Filmi çəkərkən onun gələcəkdə
nə qədər sevilib, sevilməyəcəyi ilə
bağlı o qədər dəqiqliklə fikir bildirə
bilmirsən. Amma bu o demək deyil ki, bütün filmlər
maraqsız olacaq, uğursuzluqla nəticələnəcək.
O, təxminimizdən daha çox maraq yarada, sevilə də
bilər. Məsələn, bir şeyi etiraf edim ki, mən
"Çocuklar duymasın" serialı ilk başlanan
zamanlarda bu qədər seviləcəyini də təxmin
etmirdim. Türkiyədə də zaman-zaman yenə soruşurlar
ki, "Çocuklar duymasın" kimi bir layihə həyata
keçirərsinizmi? Əslində isə biz hər
işimizi o gözlənti ilə edirik, amma elə olmaya da
bilir.
- Sizcə, serial sektorunun Türkiyədə indiki vəziyyəti
necədir? Zəifləyibmi?
- Xeyr, heç də zəifləməyib. Əksinə,
bu sektor inkişaf etməkdə davam edir. Türk serialı bu
gün dünyada bir nömrədir. Dünyanın serial
sektorunu artıq biz idarə edirik.
- Türkiyədə fəaliyyət göstərən
teatrlarla Azərbaycandakı teatrlar arasında hər hansı
fərqlər müşahidə etdinizmi?
- Türkiyənin və Azərbaycanın teatr sənəti
arasında köklü, ciddi fərq yoxdur. Əlbəttə,
kiçik fərqlər gözə çarpa bilər, amma nəticədə
teatr hər yerdə eynidir. Təkcə Türkiyə və Azərbaycan
arasında deyil, Amerikada da, İngiltərədə də,
dünyanın hər yerində də teatr eynidir, dəyişmir.
Bəlkə iş prinsipində, intizamında kiçik fərqlər
ola bilər, lakin o da ümumi mənzərəyə ciddi təsir
göstərmir.
- Azərbaycan teatr sənəti haqqında ilk təəssüratlarınız
necə oldu?
- Azərbaycan teatrı çox güclü bir
teatrdır. Burada çox gözəl dramaturqlar, öz
işinin peşəkarı olan rejissorlar və çox dəyərli
aktyorlar var. Mən belə düşünürəm ki, Azərbaycan
və Türkiyə teatrları olaraq birlikdə görə
biləcəyimiz çox böyük işlər var. Azərbaycanın
Xalq artisti, dəyərli professorumuz Cahangir Novruzov 30 ildir ki,
Adanada teatr sənətinin tədrisi ilə məşğuldur.
İllərdir ki, Türkiyə teatr səhnəsində,
seriallarda, filmlərdə gördüyümüz gənc və
peşəkar aktyorların əksəriyyəti onun tələbələridir.
İmkan tapdıqca onunla görüşürük, çox
maraqlı və faydalı məsələlər ətrafında
fikir mübadiləsi edirik. Fikrimcə, buradakı dəyərli
xəzinədən ən yaxşı şəkildə istifadə
etməliyik. Buradakı peşəkar rejissorlarla, aktyorlarla, fərqli
iş prinsipi ilə çox dəyərli layihələrə
imza ata bilərik. Bizim onlara qazandıracaqlarımızdan əlavə,
onların bizə qazandıracağı, onlardan öyrənə
biləcəyimiz çox önəmli nüanslar olduğuna əminəm.
- Azərbaycan filmləri haqqında nə qədər
məlumatlısınız?
- Təəssüf ki, çox da məlumatlı deyiləm.
Lakin hər zaman Azərbaycana, onun mədəniyyətinə,
incəsənətinə marağım olub. Məsələn
"Serhat" serialının ikinci mövsümündə
müəyyən qədər Azərbaycana yer vermək, azərbaycanlı
aktyorları seriala cəlb etmək istəyirdim. Çünki
Azərbaycan əsilli olduğum üçün fərqli nələrsə
etmək istəsəm, burada olmasını istəyərəm.
İlk üz tutacağım yer yenə də Azərbaycan
olar. İstərdim, buraya da bir faydamız olsun.
- Ortaq layihələr çərçivəsində
sizə azərbaycanlı rolu təklif edilsə,
razılaşarsınızmı? Sizcə, sizdə
alınarmı?
- Əlbəttə, çox böyük məmnuniyyətlə
qəbul edərəm və bundan qürur duyaram.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.17.