Milli Teatr Günü təntənəsi
və Türk dünyasının ortaq səhnəsi
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 1 mart 2013-cü il tarixində Milli Teatr
Gününün təsis edilməsi haqqında Sərəncam
imzalayıb. Həmin sərəncama əsasən hər il
ölkəmizdə 10 mart tarixi rəsmi şəkildə Milli
Teatr Günü kimi qeyd olunur. 2026-cı ilin 14 yanvar tarixində
dövlət başçısı cənab İlham
Əliyev tərəfindən imzalanmış "Azərbaycan
mədəniyyəti - 2040" Dövlət Konsepsiyası isə
milli mədəniyyətimizin gələcək inkişaf
istiqamətlərini müəyyənləşdirərək
bu sahədə həyata keçiriləcək tədbirlərin
əhəmiyyətini bir daha önə çəkir.
Cənab Prezidentin türkdilli ölkələrlə əlaqələrin
inkişaf etdirilməsi istiqamətində müəyyən
etdiyi konseptual və praktik addımlar, hazırlanmış
strateji "yol xəritəsi" türk dünyasında
siyasi birliyin möhkəmlənməsinə, iqtisadi
inteqrasiyanın genişlənməsinə və mədəni
həmrəyliyin daha da dərinləşməsinə xidmət
edir. Məhz bu ideyaların ruhuna uyğun olaraq, bu il 10 mart -
Milli Teatr Günü Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı
ilə təntənəli şəkildə qeyd olundu. Həmin
gün teatrda başqa bir həyəcan, sevinc və
şövq vardı. Hər kəsin üzü gülür, hər
kəs bir-birini bayram münasibəti ilə təbrik edirdi.
Əlbəttə, bu təbrikdən teatrın, sənətin
yaxın dostu olan bizə - mətbuat nümayəndələrinə
də pay düşdü.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət
naziri Adil Kərimli, Milli Məclisin deputatı və Mədəniyyət
komitəsinin sədr müavini Günay Əfəndiyeva,
teatrın əməkdaşlıq haqqında memorandum
imzaladığı türkdilli ölkələrin milli teatrlarının
rəhbərləri, tanınmış mədəniyyət
xadimləri, eləcə də Azərbaycanın paytaxt və
bölgə teatrlarının rəhbərləri və əməkdaşları
iştirak edirdilər.
Akademik Milli Dram Teatrının dəvəti ilə tədbirə
qatılan qonaqlar arasında Azərbaycan əsilli məşhur
aktyor, Türkiyənin Dövlət Teatrları Genel Müdiri
Tamer Karadağlı, İstanbul Böyükşəhər Bələdiyyəsi
Şəhər Teatrlarının direktoru Ayşəgül
İşsevər, Qazaxıstan Dövlət Akademik Milli Dram
Teatrının direktoru Erkin Juasbek və Xalq artisti Cahangir
Novruzov da var idi. Onların iştirakı tədbirə
xüsusi rəng qatmaqla yanaşı, türk dünyası
teatrlarının ortaq mədəni platformada bir araya gəlməsinin
rəmzi kimi də dəyərləndirildi.
Milli Teatr Gününə həsr olunmuş proqram
müxtəlif məqamlarla zəngin və unudulmaz oldu. Tədbir
çərçivəsində qonaqlar və media nümayəndələri
üçün mətbuat konfransı keçirildi. Mətbuat
konfransında Akademik Milli Dram Teatrının direktoru, Əməkdar
mədəniyyət işçisi İlham Əsgərov
qonaqları və jurnalistləri salamlayaraq türkdilli ölkələrin
teatrları ilə bağlanan memorandumların əhəmiyyətindən
danışdı. O, bu əməkdaşlığın teatr
prosesinə təsiri, ortaq mədəniyyətlərin
formalaşması və inkişafı baxımından
mühüm rol oynadığını vurğuladı.
İlham Əsgərov həmçinin qeyd etdi ki, növbəti
ildə də Milli Teatr Gününün Akademik Milli Dram
Teatrında türkdilli ölkələrin nümayəndələri
ilə birgə, həm də daha geniş tərkibdə
keçirilməsi planlaşdırılır.
Tədbir iştirakçıları üçün
Akademik Milli Dram Teatrının foyesində "Türk
dünyası: ortaq köklər və dəyərlər"
adlı sərgi də nümayiş etdirildi. Sərgidə
türk xalqlarının ortaq mədəni irsini əks etdirən
nümunələr qonaqlar tərəfindən maraqla
qarşılandı.
Təntənəli mərasim Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının
çıxışı ilə başladı. Tədbir boyu
çıxışçılar cənab Prezidentin teatra
göstərdiyi diqqət və qayğını xüsusi
qeyd etdilər. Daha sonra Ulu öndərə həsr olunmuş
videoçarx, eləcə də Akademik Milli Dram Teatrının
ötən bir il ərzində gördüyü işləri
əks etdirən görüntülər nümayiş
etdirildi. Mədəniyyət naziri Adil Kərimlinin
ünvanladığı təbrik məktubu isə mədəniyyət
nazirinin müavini Murad Hüseynov tərəfindən oxundu.
Mərasim Azərbaycan Teatr Xadimləri İttifaqının
"Sənətkar" medalının təqdim olunması ilə
davam etdi. İttifaqın Sədri, Xalq artisti, Dövlət
mükafatı laureatı Hacı İsmayılov "Sənətkar"
medalını Özbəkistanın və Tacikistanın Xalq
artisti Yodqar Sağdiyevə (medal Səfirə təqdim edildi),
Türkiyə Respublikası Mədəniyyət və Turizm
Nazirliyi Dövlət Teatrlarının Genel Müdiri Tamer
Karadağlıya, Adana Çukurova Universiteti Dövlət
Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti
Cahangir Novruzova, İstanbul Böyükşəhər Bələdiyyəsi
Şəhər Teatrlarının baş bədii rəhbəri,
aktrisa Ayşəgül İşseverə, İstanbul
Böyükşəhər Bələdiyyəsi Şəhər
Teatrlarının aktrisası, Azərbaycanın Əməkdar
incəsənət xadimi Məlahət Kalyoncuya (Abbasova),
Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi İlham Əsgərova, Xalq artistləri Samir Cəfərova,
Mehriban Zəkiyə və Əməkdar artist Anar Heybətova
təqdim etdi.
"Teatr xadimi" medalı Qazaxıstan Milli Dram
Teatrının direktoru, Qazaxıstanın Əməkdar xadimi,
sənətşünaslıq elmləri namizədi Erkin Juasbekə
təqdim olundu.
"Qızıl Dərviş" mükafatı ilə
"Dar ağacı" tamaşasına görə Şəki
Dövlət Dram Teatrının direktoru, Əməkdar incəsənət
xadimi Mirbala Səlimli, Əməkdar artist Rauf Ağakişiyev
(Sumqayıt Dövlət Dram Teatrı), Gəncə Dövlət
Milli Dram Teatrının aktrisası Zəminə Cəfərova
təltif olundu. "Qızılgül" mükafatı isə
Xalq artisti Şükufə Yusupovaya təqdim edildi.
Məhz keçən il Milli Teatr Günündə təsis
olunmuş Akademik Milli Dram Teatrının "Milli Teatr
Mükafatı" da tədbir çərçivəsində
öz sahiblərinə qovuşdu. Mükafatları Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi İncəsənət
siyasəti şöbəsi İfa sənətləri
sektorunun müdiri Böyükxanım Talıbova təqdim
etdi. Bu mükafata Xalq artistləri Məleykə Əsədova,
Yusif Eyvazov, Afaq Bəşirqızı, Bəxtiyar Xanızadə,
Yasin Qarayev və Əməkdar incəsənət xadimi, sənətşünaslıq
elmləri doktoru, professor İlham Rəhimli layiq
görüldülər.
"Teatr dünyası" mükafatı Akademik Milli
Dram Teatrının dostu Song Guangxiao və Teatrın direktor
müavini Hacıbaba Məmmədova təqdim olundu.
Akademik Milli Dram Teatrının təsis etdiyi
"Qızıl pərdə" mükafatlarını isə
teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi İlham Əsgərov Xalq artisti Lyudmila
Duxovnayaya, Əməkdar artistlər Rita Əmirbəyovaya,
Elşən Cəbrayılova, Münəvvər Əliyevaya,
Məsmə Aslanqızıya, Rövşən Kərimduxta və
"Əsa" teatrına təqdim etdi.
Mükafatlandırma mərasiminin sonunda Elnur Qədirov
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tədbir,
tamaşa və layihələrinin Azərbaycan Dövlət
Televiziyası vasitəsilə
işıqlandırılmasında göstərdiyi dəstəyə
görə Akademik Milli Dram Teatrının Diplomu ilə təltif
edildi.
Tədbirin bədii hissəsində Xalq artistləri
Gülyanaq Məmmədova və Samir Cəfərov
çıxış etdilər.
Qeyd edək ki, təntənəli tədbirdən sonra
Mədəniyyət Nazirliyinin "Zəfərdən qələmə"
pyes müsabiqəsinin qalibi, yazıçı Pərviz Seyidlinin
Əmir Teymurun həyatı və döyüş yoluna həsr
olunan, milli kimlik və milli özünüdərk ideyasına
söykənən "Ləng: zamanla yarışan insan"
tamaşasının premyerası təqdim edildi. Səhnə əsərinin
quruluşçu rejissoru Əməkdar artist Bəhruz
Vaqifoğludur.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2026.- 13 mart (№10).-S.16.