Tarixi şans - 21 Azər...
Martın 14-də Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anarın 88
yaşı tamam olur. İndinin özündə böyük
enerji ilə yazıb-yaradan ustad yazıçımızı
bu əlamətdar gün münasibəti ilə ürəkdən
təbrik edir, sağlam ömür, cansağlığı
arzulayırıq.
Anar müəllimin özünün "Bu əsər
mənim xalqıma vəsiyyətimdir" dediyi, Azərbaycanın
qədim dövrdən bu günümüzə qədərki
tarixini əhatə edən geniş həcmli "Yaşamaq
haqqı" tarixi-kulturoloji traktatında Cənubi Azərbaycan
məsələsi ilə bağlı da bölmə var. Son
günlər İranda baş verən gərgin proseslər
baxımından məsələnin aktuallığını
nəzərə alaraq Anarın ad günü ərəfəsində
əsərdəki həmin bölmədən bir hissəni
çap etməklə tariximizin həssas məqamlarından
birinə diqqət çəkmək istərdik.
"525"
1945-ci ilin noyabrında Təbriz teatrı "Şiri
Xurşud"da 700-ə yaxın nümayəndənin
iştirakı ilə Birinci Azərbaycan xalq konqresinin
açılışı oldu. Konqresi Səttarxanın
qardaşı, qocaman inqilabçı Hacı Əzim xan
açdı. Demokrat partiyasının sədri Pişəvəri
onunla yanaşı əyləşmişdi. Konqres Milli Məclis
- Milli Məşvərət seçilməsi, Azərbaycan
muxtariyyəti və Milli hökumət yaradılması
haqqında qərar çıxartdı. 6 yanvar 1946-cı ildə
Muxtariyyatın bütün idarələrində Azərbaycan
dilinin istifadəsi haqqında qərar qəbul olundu:
"Bu gündən Azərbaycan dili Azərbaycanda rəsmi
dövlət dilidir".
12 dekabr 1945-ci il (İran təqvimi ilə Azər
ayının 21-di) Azərbaycan xalqının mübarizə
tarixinə əbədi daxil oldu. Azərbaycan Milli Məclisinin
Birinci toplantısı öz işinə başladı.
Baş nazir təyin olunmuş Seyid Cəfər Pişəvəri
öz hökumətinin heyətini millət vəkillərinə
təqdim etdi. Bu hakimiyyətdə xarici işlər naziri yox
idi və bununla da tam müstəqilliyə iddialı
olmadıqlarını, İran dövləti çərçivəsində
fəaliyyət göstərdiklərini
vurğulayırdılar. Amma buna baxmayaraq - himn (sözləri
M.M.Etimadın, musiqisi C.Cahangirovun), bayraq, gerb, "Səttarxan",
"Azərbaycan" ordeni, "21 Azər" medalı və
başqa dövlət atributları təsdiq olundu.
Mirzə Əli Şəbüstəri Milli Məclisin
sədri seçildi. Ali Məhkəmənin sədri Qiyami,
prokuror isə Firudin İbrahimi təsdiq olundu.
Pişəvərinin Milli hökuməti qısa
müddətdə bir çox mühüm və faydalı
işlər gördü.
Fədai dəstələri nizami orduya çevrilərək
Şah İsmayıl Xətai qızılbaşlarının
şərəfinə qızılbaşlar adlandılar. Yeni
pul kəsildi, torpaq islahatına başlandı,
qaçmış mülkədarların torpaqları kəndlilərə
paylandı. Yollar qaydaya salındı, yetimxanalar
açıldı, narkotik maddələr qadağan olundu, məşhur
"Qorxulu Tehran" romanından oxuduğumuz fahişəxanalar
bağlandı. Təbrizdə yazıçıların və
şairlərin, aşıqların, rəssamların cəmiyyətləri
yaradıldı. Dram teatrı və Filarmoniya işləməyə
başladı, milli orkestr və xor yaradıldı. Təbrizdə,
başqa şəhərlərdə və kəndlərdə
ana dilində təlim verən yüzlərlə məktəb
açıldı.
Təbrizdə ilk dəfə tədris Azərbaycan-türk
və fars dilində olan müasir universitet yaradıldı. Bu
universitet bu gün də mövcuddur, amma dərslər
yalnız fars dilində keçirilir. Hərbi Məktəb və
Tibb Texnikumu da Milli Hökumətin dövründə
yaradılmış xüsusi təhsil ocaqlarındandır.
Təbrizdə Səttarxan və Bağır xana abidə
ucaldıldı. Onlarla qəzet və xeyli sayda kitab ana dilində
çap olunmağa başladı.
Hətta Qərb qəzetləri də yazırdılar
ki, Pişəvəri hökuməti 50 ildə edilənlərdən
daha böyük işlər görür. Pişəvəri
qürur hissi ilə - "Azərbaycan Milli Dövləti
gerçəkliyə çevrildi", - deyirdi.
Cənubi Azərbaycan Şimalla yalnız humanitar deyil,
iqtisadi planda da bağlanırdı. 10 iyun 1945-ci ildə Stalin
İranın şimalında Sovet sənaye müəssisələrinin
təşkil olunması haqqında sənəd imzaladı.
Neft yataqlarının aşkara çıxarılması
üzrə kəşfiyyat işləri Sovet hökumətinin
neft sənayesi mütəxəssislərindən
keçmiş bakılı N.Baybakova və "Azneft"in rəhbəri
Süleyman Vəzirova həvalə olundu. Tarixçilər
bildirirlər ki, bu, yaxın zamanda Azərbaycanın iki hissəsinin
birləşəcəyindən xəbər verən zəruri
amil idi. O vurğulayır ki, bu zaman Londonun və Vaşinqtonun
siyasi dairələrində Cənubi Azərbaycanın ya tam
müstəqil elan olunmasını, ya da Sovet Azərbaycanı
ilə birləşməsini gözləyirdilər.
Düzdür, hər şey Stalinlə
razılaşdırılırdı, amma SSRİ rəhbərliyinin
digər üzvlərinin ciddi müqavimət göstərməsi
ucbatından Bağırov hər hansı bir sanksiya almağa
çətinliklə nail olurdu. Moskva artıq hiss edirdi ki,
İrandakı hadisələr yavaş-yavaş onun nəzarətindən
çıxır və müəyyən mənada müstəqil
şəkil alır. Bununla yanaşı, ölkənin Ali rəhbərliyində
L.Beriya və A.Mikoyan faktorları ilə də hesablaşmaq
lazım idi. Beriyanın Bağırovla dostluq münasibətlərinə
baxmayaraq, o, Azərbaycanın Qafqazda inanılmaz dərəcədə
güclənməsinə heç vədə sevinməzdi.
Mikoyandan isə heç danışmağa dəyməz.
Moskvadan tapşırıq gəldi ki, Milli Məşvərətə
seçimləri dayandırmaq lazımdır. Bununla da Cənubi
Azərbaycanın müstəqilliyi uğrunda hərəkata
ciddi zərbə vurulurdu. Bunu yaxşı anlayan Bağırov
böyük risk edərək Stalinə bu qərarla
razılaşmadığını bildirdi: "Onlara
seçkilər keçirməyə mən icazə vermişəm,
xahiş edirəm, icazə verin, parlament seçkiləri
yekunlaşsın".
Bağırov buna nail oldu. Seçkilər
keçirildi və o gün Tehranda çıxan "İran
nou" qəzeti qara matəm çərçivəsi ilə
yayımlandı. İranın o zamankı Baş naziri Hakimi bəyan
etdi ki, Tehran nə Azərbaycan hökumətini tanıyır,
nə onun parlamentini. Sovet qoşunları ölkədən
çıxan kimi hərbi güclə İranın ərazi
bütövlüyü bərpa olunacaq.
İran nümayəndəsi S.N.Tağızadə
BMT-nin sessiyasında Sovet İttifaqının İranın
daxili işlərinə qarışması haqqında məsələ
qaldırdı.
Siyasi vəziyyətin qəlizliyini dərk edən
Bağırov öz nümayəndələrini Təbrizə
göndərdi: "Tələsmək lazımdı, hər
saat qiymətlidir. Ya indi, ya da heç vaxt".
Həqiqətən, tarix bizim xalqa nadir imkan
vermişdi: Şimali və Cənubi Azərbaycanın birləşməsinə
sanki bir addım qalırdı. 125-130 il ərzində
keçilməz sədd sayılan Araz, birdən-birə
üstündən asanlıqla adlamaq mümkün olan
kiçik arxa dönürdü.
Pişəvəri sayıq siyasi xadim kimi, həmişə
Azərbaycanın muxtariyyətinə İranın ərazi
bütövlüyü çərçivəsində
baxırdı. Amma əslində o bu prosesi üç mərhələdə
təsəvvür edirdi. Birinci mərhələdə Cənubi
Azərbaycan İranın tərkibində muxtariyyət
almalı, öz daxili işlərini sərbəst başa
çatdırmalı və öz mənfəətlərini təyin
etməli idi. İkinci mərhələdə müstəqilliyini,
suverenliyini elan etməli və üçüncü mərhələdə
də Şimali Azərbaycanla birləşməli idi.
Azərbaycan xalqının sərbəstlik, müstəqillik
və azadlıq, yaşamaq haqqı uğrunda mübarizəsinin
bütün mərhələlərində, ana dilinin
qorunması, təsdiqi və ana dilinə qayğı önə
çəkilib. İran şəraitində bu, böyük əhəmiyyət
kəsb edirdi. Həm də o səbəbdən ki, Azərbaycan
türkləri yalnız Cənubi Azərbaycan ərazisində
yox, İranın digər bölgələrində də
kompakt halda yaşayırdılar və Tehran şəhəri əhalisinin
demək olar ki, yarısını təşkil edirdilər.
Dil bütün İran azəri türklərini birləşdirən
faktor ola bilərdi və Sovet Azərbaycanı ilə birlikdə
ümumi linqvistik məkan yaradardı.
Qeyd etdiyim kimi, Pişəvəri hakimiyyətinin ilk qərarlarından
biri, Azərbaycan dilinin muxtariyyətin bütün idarə və
müəssisələrində tətbiq olunması idi. Pişəvəri
yazır: "Ana dilinin əsasları anaların südü
ilə mənimsənilir, xalqın mənəvi həyatının
ocaqlarında şölələnir. Nə qədər analar
yaşayır və nə qədər ki, bu ocaqlar yanır,
ana dilini dəyişmək və ya məhv etmək
mümkün deyil".
Elə bu ərəfələrdə Məhəmməd
Rza şahın məhbuslara verilən işgəncələri
izləyərək həzz alan əxlaqsız bacısı
şahzadə Əşrəf Pəhləvi Təbrizdə
açıq şəkildə "sorğu
keçirirmiş": "Deyin görüm Azərbaycanda
türk dilinin kökünü necə kəsmək olar?"
Ya Azərbaycana qarşı "həddindən
artıq ilıq" münasibətinə görə, ya Azərbaycan türkləri ilə
ailəvi yaxınlıq naminə, ya da sadəcə
qızının yeniyetmə rəfiqəsinin gözəlliyinə
məftun olduğundan, Məhəmməd Rza şah
üçüncü nigahını Azərbaycan əsilli Fərəh
Diba ilə qurur.
Milli ruh yüksəkliyi, əsrlərin gerçəkləşmiş
arzuları, öz vətənində özünü müstəqil
hiss etməyin iftixarı - bütün bu sevinclər Cənubi
Azərbaycanda cəmi bircə il sürdü - Şimalda
Demokratik Respublikanın (1918-1920) müstəqil
varlığından bir il az.
1946-cı ilin fevralında İranın yeni Naş
naziri Əhməd Kavam us Səltənə - "tülkü
Əhməd" Stalinlə görüşmək
üçün Moskvaya uçur. 16 fevraldan 3 marta qədər,
iki həftə sürən bu rəsmi səfərdə hər
şey - Stalinlə görüşlər və söhbətlər
də, qonağın şərəfinə Kremldə qəbul
da, bir-birinin sağlığına tostlar da
razılaşdırılmış protokol əsasında
keçirilir. Deyirlər ki, hətta Kavam Stalinin əlindən
öpüb. Moskva səfərini başa vuranda deyib: "Mən
bizim ölkələrimiz arasındakı bütün
anlaşılmazlıqların tez bir zamanda həll
olunacağı ümidi ilə gedirəm".
Kavamın bu optimizminə səbəb nə idi? Təxmin
edilirdi ki, şah hökuməti Cənubi Azərbaycanın
İranın tərkibində muxtariyyəti ilə
razılaşacaq, SSRİ ilə xeyirli şərtlərlə
neft müqavilələri imzalanacaq və Sovet qoşunu bu
ölkədən çıxacaq.
Stalini aldatmaq həm çətin idi, həm asan. Bəs
görəsən, Sovet-İran danışıqlarında kim
kimi barmağına doladı - "Co dayı (Stalini Qərbdə
belə adlandırırdılar) "Tülkü Əhmədi"
yoxsa, "Tülkü Əhməd" "Co
dayını"?
Üstündən bir neçə ay keçəndən
sonra razılaşmanın yalnız birinci maddəsi -Sovet
qoşunlarının İrandan çıxarılması həyata
keçirilir. Bu, İngiltərənin və ABŞ-ın tələbi
idi. Kavama da elə bu lazım idi. Yerdə qalan şeylər
zamanla bağlıydı. Bəzi
məlumatlara əsasən, Stalinlə Kavam
arasındakı razılaşmada xüsusən Pişəvəriyə
aid gizli maddələr var idi.
13 iyun 1946-cı ildə Kavam us-Səltənə
özünün siyasi məsələlər üzrə
müavini Firuqinin rəhbərliyi altında Pişəvəri
ilə danışıqlar aparmaq üçün nümayəndə
heyəti göndərir. Danışıqlar nəticəsində
hər iki tərəfin güzəştə getdiyi bəyanat
imzalanır. Belə görünürdü ki, İran
hökuməti Azərbaycanın bir sıra tələblərini
qəbul edib. Azərbaycan muxtariyyəti İranın tərkibində
tanındı, onun hakimiyyəti isə yerli idarəetmə
orqanı kimi qəbul olundu. Razılaşmaya əsasən,
orta və ali məktəblərdə tədris həm Azərbaycan,
həm də fars dilində keçiriləcəkdi.
Maraqlıdır ki, bu sənədə əsasən kürdlər
də, aysorlar da və ermənilər də beşinci sinfə
qədər öz dillərində dərs keçə bilərdilər.
Bu da tarixin müxtəlif mərhələlərində Azərbaycan
türklərinin milli azadlıq hərəkatının
xarakterik xüsusiyyətlərindəndir. Səttarxan
zamanında, Məşrutə inqilabında da, azərbaycanlılar
yalnız özləri üçün yox, həm də
İranın digər xalqları üçün hüquq
qazanmışdılar.
Tehranın bütün güzəştləri
İranı tərk etməkdə olan Sovet ordusunun addım səslərinin
sədası imiş. Tezliklə bu addımların əks-sədası
batmalı idi. Yerli əhali ilə Cənubi Azərbaycanı tərk
edən Sovet qoşunlarının vidalaşma səhnələrini
Rəsul Rza "Əsir dost" oçerkində təsirli
şəkildə təsvir edib. Təbrizli dostun: Biz yenədəmi
görüşəcəyik, sualına, şair inamla cavab
verir: mütləq görüşəcəyik. Amma Təbrizə
getmək Rəsul Rzaya bir daha qismət olmadı. Onun şeirlərindən
birində deyildiyi kimi, Təbrizi o, ancaq yuxularında
görürdü.
Müttəfiqlərin qoşunlarının İrandan
çıxarılması haqqında SSRİ, ABŞ və
Böyük Britaniya başçıları - Stalin, Ruzvelt
(sonra Trumen), Çörçill Tehranda, Yaltada və Potstamda
razılığa gəlmişdilər.
Sovet İttifaqının dünya müharibəsi
dövründə Qərb müttəfiqləri ilə qarşıdurması müharibədən
sonra da müxtəlif illərdə kəskin siyasi və hərbi
böhran xarakteri alırdı (Koreyada, Berlində, Vyetnamda,
Kubada). İlk dəfə bu qarşıdurma Cənubi Azərbaycan
məsələsində özünü büruzə verdi.
Martın 4-də SSRİ-nin Cənubi Azərbaycan siyasətini
ABŞ Prezidenti Trumen və dövlət katibi C.Birns müzakirə
edirlər. Ertəsi gün - 5 martda Fultonda Trumenin
iştirakı ilə Uinston Çörçill
çıxış edir. "Soyuq müharibənin" məhz
Çörçillin Fulton nitqi ilə
başlandığı hesab edilir. Çörçill Sovet
İttifaqının təcavüzkar niyyətlərinin
yaratdığı təhlükə haqqında Qərbə xəbərdarlıq
edir və heç nədə güzəştə getməməyə çağırır.
Stalin öz növbəsində qoşunların
İrandan çıxarılması məsələsində
ABŞ və İngiltərəyə güzəştə
getmir, halbuki bu məsələ sazişlərdə nəzərdən
keçirilmişdi, Ali görüşlərdə
razılaşdırılmışdı. SSRİ-nin öz
qoşunlarını çıxarmaq fikrində
olmadığını C.Birns Prezidentə xəbər verir,
Trumen öz gündəliyində yazır: "Mən Stalinin
nazı ilə oynamaqdan yoruldum".
O, Birnsə göstəriş verir: "Marşal
Stalinə çatdırın ki, mən onu sözünün
ağası bilirəm. Əks halda biz cavab tədbirləri
görəcəyik".
ABŞ Prezidenti hansı addımları atmağa
hazırlaşırdı? C.Birns məsləhət
gördü ki, "Azərbaycan məsələsi"ni
BMT-nin müzakirəsinə çıxartsınlar. Amma Stalin
üçün BMT-nin hər hansı bir qətnaməsi əhəmiyyət
daşımırdı. Və ABŞ başa düşürdü
ki, SSRİ-yə təsir göstərmək üçün
kifayət qədər güclü deyil. Stalini
sıxışdırmaq üçün yeganə vasitə -
atom şantajı idi. ABŞ iki yapon şəhərini məhv
etməklə atom bombasını sınaqdan
çıxarmışdı artıq. Onda Sovet
İttifaqının belə bombası yox idi, bu səbəbdən
də ABŞ-la eyni səviyyədə danışa bilməzdi.
Məsləhətçiləri Trumenə təklif etdilər:
Vaşinqtondakı Sovet səfirini çağırıb demək
lazımdır ki, əgər Sovet qoşunları İrandan
çıxarılmasa, ABŞ SSRİ-yə nüvə zərbəsi
endirəcək.
Şantaj öz təsirini göstərdi. Stalinin
qoşunların çıxarılmasına razılıq verməsi
hətta Moskvada və Tehranda işləyən Amerika
diplomatlarını da təəccübləndirdi. O isə sadəcə
qorxmuşdu. Görünür, Beriya ilə Mikoyanın da xəlvəti
"məsləhətləri" rol oynamışdı:
hansısa Azərbaycandan ötrü öz ölkəsini təhlükə
qarşısında qoymağa - risk etməyə dəyərmi?
Qoşunların çıxarılması barədə
qərar qəbul olundu və Pişəvəri buna kəskin
etirazını bildirdi: "Kavam Sizi aldadır. Əgər Siz
Kavamın hakimiyyətinə güzəştə gedirsinizsə,
deməli, biz öz məqsədimizdən, prinsiplərimizdən
və nəhayət, İranda nəyə nail olmuşuqsa, hamısından
əl çəkirik.
...İndi artıq mən Sizə qətiyyən
inanmıram. Təkrar edirəm: mən daha Sizə
inanmıram".
Bağırov Cənubi Azərbaycan məsələsi
ilə bağlı yenidən Stalinə müraciət edir:
"Martın 28-də biz Sovet Culfasında İran Azərbaycanı
Milli hökumətinin rəhbərləri - Pişəvəri,
Şəbüstəri və doktor Cavidlə
görüşdük.
...Onlar Kavama inanmırlar, gözəl bilirlər ki, o,
bütün vədlərini, hətta Azərbaycan
xalqının hüquqları haqqında yazılı
razılaşmaları da, İran konstitusiyasına əsaslanaraq
tədricən ləğv edəcək, xalqın
hüquqlarını yox, mürtəce rejimi qoruyacaq.
Bunları nəzərə alan Pişəvəri, Şəbüstəri
və Cavid bizim qoşunların geri çəkilməsiylə,
heç olmasa, Şimali İranın digər əyalətlərindəki
tərəqqipərvər demokratik qüvvələrlə
mürtəce Tehrana qarşı mübarizə aparmaqdan
ötrü əlaqəyə girmələrinə izn verməyinizi
xahiş edirlər.
Onlar hesab edirlər ki, Azərbaycan xalqının ən
azı minimum hüquqlarını qoruması üçün
yeganə real sığorta Sovet İttifaqının vasitəçiliyidir".
29 mart 1946-cı il tarixli bu məktubu Bağırovla
yanaşı, Bakı hərbi dairəsinin komandanı general
İ.İ.Maslennikov da imzalayıb.
Ola bilsin ki, Kavam və Stalin arasındakı
razılaşmada, Pişəvəriyə aid gizli və ya
şifahi maddələr var imiş. Çünki bu saziş
imzalanandan dörd gün sonra "Pravda" qəzetində
SİTA-nın Pişəvərinin hökumət vəzifəsindən
(daha doğrusu, nazirlər şurasının sədri vəzifəsindən)
azad olunması xahişini ifadə edən məlumatı dərc
edilib. "Onun xahişini yerinə yetirən əncümən
(Sovet) irticaya qarşı mübarizəsinə və
demokratiyanın təntənəsindəki roluna görə
ona təşəkkürünü bildirib. Pişəvəri
Azərbaycan Demokrat partiyasının lideri olaraq qalır".
Bu nə deməkdir? Pişəvərini fəal siyasi
fəaliyyətdən uzaqlaşdırmaq? Yoxsa artıq məhvi
labüd hökumətin rəhbərliyindən azad etmək?
Yaxud bu, əslində də, Kavamla Stalinin
razılaşmasına etiraz əlaməti olaraq Pişəvərinin
öz təşəbbüsü, öz qərarı idi?
1946-cı ilin iyul ayında Cənubi Azərbaycanın
milli hökuməti buraxıldı.
Dünya müharibəsi başlananda hitlerçilərlə
xoşallanan, sonra Stalinə quyruq bulayan Kavam Sovet qoşunları
İranı tərk edəndən sonra Qərbə üz
tutdu. Kimə qulluq etmək ondan ötrü mühüm
deyildi, o, yalnız İranın hakim millətçilik
iddialarına xidmət edirdi. O, İranın qüdrətinə
və bütövlüyünə başlıca əngəl
Azərbaycanı hesab edirdi və elə ona görə də
bütün varlığı ilə türklərə nifrət
bəsləyirdi. O, Səttarxanın Məşrutə
inqilabının əzilməsinin və Xiyabaninin Azadstan
hökumətinin məhv edilməsinin ən fəal
iştirakçısı olmuşdu. Və indi onun
üçün Pişəvəri ilə birlikdə Azərbaycan
muxtariyyətini cəzalandırmaq zamanı
çatmışdı.
9 dekabrda - 12 dekabra (21 Azərdə), müqəddəs
bayrama üç gün qalmış - Kavam öz həqiqi məqsədini
açıqladı: Nəyin bahasına olur olsun,
İranın ərazi bütövlüyünü və Mərkəzi
hökumətin hakimiyyətini bərpa etmək.
Pişəvəri bu zaman Bakıda idi, Bağırovu
məlumatlandırdı, o da Stalinlə danışdı və
məlum oldu ki, "böyük sülh keşikçisi"
növbəti dəfə Böyük geosiyasi strategiya naminə
Azərbaycanın maraqlarına etinasızlıq göstərib.
Bağırov Cənubi Azərbaycan məsələsi
ilə bağlı Stalinə sonuncu dəfə müraciət
edir: "Təbrizdən alınmış məlumatı
çatdırıram. 4 oktyabrda İran qoşunları Zəncan
rayonundan Miyanəyə doğru hərəkətə
başlayıblar. Azərbaycanlıların ön hərbi hissələri
ilə İran qoşunu arasında bir neçə saat sürən
döyüş baş verib. Azərbaycanlıların Miyanə
dəstəsinin komandiri Danisian (general Qulam Yəhya - A.)
Pişəvərinin adına teleqram göndərərək
pulemyotlu tankları və ixtisaslı zabitləri təcili
köməyə göndərməsini xahiş edir.
Pişəvəri İran qoşunlarının Azərbaycana
hücumunun başlaması haqqında əhaliyə radio ilə
xəbər verib. Azərbaycan Demokrat Partiyasının rəhbərliyi
yenə kömək üçün heç olmasa minimal
miqdarda yardım xahiş edir: 16 top, 5 min tüfəng, tank əleyhinə
müvafiq mərmiləri və patronları ilə birlikdə
29 tank əleyhinə tüfəng.
M.C.Bağırov. 5 dekabr 1946".
Cavabında Stalin Bağırova zəng vurub deyir:
"Mən 5 milyon azərbaycanlıdan ötrü
Üçüncü Dünya müharibəsinə
başlaya bilmərəm".
Şahidlərin dediyinə görə, Bağırov
bu telefon söhbətindən sonra hönkür-hönkür
ağlayırmış.
...Stalinin qoşunları İrandan çıxarmaq barədə
göstərişi Cənubi Azərbaycan rəhbərlərinə
çatdırılmışdı: "Kavam Baş nazir kimi
İranın istənilən yerinə, o cümlədən Azərbaycana
ordu göndərmək hüququna malikdir. Buna görə də,
silahlı müqavimət məqsədəuyğun,
lazımlı və faydalı sayılmır. Elan edin ki, Siz
seçkilər zamanı nizam-intizamı təmin etmək məqsədilə
Azərbaycana hökumət güclərinin göndərilməsinə
qarşı deyilsiniz".
Bu qərarla razılaşmayan Pişəvəri Azərbaycan
Demokrat Partiyasının sədri vəzifəsindən istefa
verir və Təbrizi tərk edir.
10 dekabrda Azərbaycan Demokrat Partiyası MK radio ilə
Təbriz xalqına müraciət edir:
"Əziz həmvətənlər! Azərbaycan
heç zaman İranın qalan hissəsindən ayrılmaq istəməyib.
Biz heç zaman hökumət qoşunlarının Azərbaycana
girməsinə mane olmamışıq. Azərbaycanın
qapıları Baş nazir Kavamın əmri ilə buraya gələn
hökumət qoşunlarının üzünə
açıqdır. Amma biz istəyirik ki, Azərbaycanda
seçkilər baş tutsun və qısa bir zamanda sona
çatsın. Yaşasın müstəqil İran!"
Əslində tarix təkrar olunur. 1920-ci ilin aprelində
Şimali Azərbaycanda nələr olmuşdusa, Cənubi Azərbaycanda
12 dekabr 1946-cı ildə baş verən hadisələr onun
güzgüdəki kimi əksidir. Şimalda heç olmasa
xalqa az qala iki il azad yaşamağa aman vermişdilər. Cənubda
isə "ağaların" səbri bir ildən sonra
tükəndi. Tehran orduları Təbrizə xain hikkəylə
məhz 21 azərdə (12 dekabrda), xalqın bir il qabaq müstəqilliyini
bayram etdiyi gündə daxil oldu. 20-ci ildə bolşeviklər
Şimali Azərbaycanda necə qudurğanlıq edirdilərsə,
indi də Cənubda xalqa qarşı eləcə amansızcasına
davranırdılar və çox təəssüflər olsun
ki, bu qatillərin arasında azərbaycanlılar da var idi.
Milli hökumət zamanı, arabaya yüklənmiş ot
tayasının içində aradan çıxan mülkədar
Zülfüqari (Azərbaycan türkü) Təbrizə iki min
nəfərlik qoşunla qayıdaraq qarşısına
çıxanı qətlə yetirirdi, evləri bir-bir
yandırırdı. Şah qoşunları Miyanəyə
daxil olanda 53 adamı edam etdilər, Urmiyada (Rezayedə) 30, Mərənddə
isə 90 adam edam olundu. Təbrizdə qan su yerinə
axırdı, Azərbaycan silahlı qüvvələrində
xidmət etmiş fars zabitlərini də edam edirdilər.
Bir həftə ərzində 3000 nəfər
öldürüldü, 11000 adam məhkum olundu, onların
8000-i İranın cənubuna sürgün edirdi. Təbii ki,
baş tutmayan seçkiləri Tehran qoşunları belə
"müşahidə" etdilər.
Çoxları edamdan əvvəl "Yaşasın Azərbaycan
Demokratik Partiyası!" deyə qışqırır, himni
və Səttarxana həsr olunmuş vətənpərvər
şeirlər oxuyurdular. Onları tikə-tikə
doğrayırdılar və qalıqlarını da şəhərin
küçələri ilə gəzdirirdilər. Təbrizdə
milli ordunun cavan leytenantı öz həyətində mühasirədə
qalanda, ələ keçməsin deyə arvadını,
azyaşlı uşağını öldürəndən
sonra bir neçə düşməni də güllələdi,
sonuncu gülləni isə öz başına çaxdı.
Milli ordunun beş döyüşçüsü Təbrizdə
Ərk qalasının zirvəsinə qalxaraq, üç
gün düşmən qoşunlarını atəşə
tutaraq duruş gətirdilər, patronları tükənəndən
sonra isə "Yaşasın Azad Azərbaycan!" deyə
özlərini qalanın zirvəsindən atdılar.
Muxtariyyətin prokuroru Firudin İbrahimi cənubda
azadlıq hərəkatının ən işıqlı və
parlaq fiqurlarından biri idi. 28 yaşında muxtariyyətin
prokuroru təyin edilən İbrahimi oğrulara və
quldurlara, rüşvətxorlara və terrorçulara
qarşı amansız mübarizə aparırdı. O da bu
günlərdə dörd yoldaşı ilə birlikdə
Demokratik Partiya MK-nin binasını qorudu, sonra ələ
keçdi və asıldı. Edamdan qabaq onu sorğu-suala
tuturlar: Sən hansı hökumət qanunları ilə
insanlara iş kəsirdin? - Azərbaycan hökumətinin, - deyə
Firudin cavab verir, - mənim milli hökumətimin qanunları ilə.
Stalin Cənubi Azərbaycan məsələsində
geri çəkildiyinə və acizlik göstərdiyinə
görə özünə haqq qazandırmağa
çalışaraq Pişəvəriyə məktub
yazır. Bu məktubda o, adəti üzrə şəxsən
öz günahlarını başqalarının üstünə
atır. Məktubdan görünür ki, Stalin hələ də
Pişəvərini Cənubi Azərbaycanın lideri sayır
və eyni zamanda onu "səhvlərindən" çəkindirmək
istəyir. 8 may 1946-cı ilin bu məktubu ilk dəfə
yalnız 1996-cı ildə İsveçdə nəşr
olunan "Araz" jurnalında işıq üzü
görüb. Stalin bu məktubda Pişəvərinin
başına ağıl qoyur, ona inqilabın nəzəriyyəsindən
və Lenin taktikasından dərs deyir. Və dərhal da mətləbə
keçir: "Mənə elə gəlir ki, Siz beynəlxalq
nöqteyi-nəzərdən, İrandakı vəziyyəti
düzgün qiymətləndirmirsiniz". Stalin məktubunda
Leninin nəzəri tezislərinə əsaslanaraq, qeyd edir ki,
İranda 1905, ya da 1917-ci illərdə Rusiyadakı kimi inqilabi
vəziyyət yox idi.
Əlbəttə, böyük nəzəriyyəçi
haqlı deyildi. Əvvəla, hələ 1905-1908-ci illərdə
İranda inqilabi vəziyyət var idi və o, rus kazakları tərəfindən
əzilmişdi, ikincisi, bəyəm hər ölkə
başqa bir dövlətin, indiki halda Rusiyanın spesifik
xüsusiyyətlərini təkrar etməlidir?
Stalin məktubunda Pişəvərinin səhvlərini
maddə-maddə sadalayır. Bu, faktiki olaraq Pişəvərini
günahlandırmaq və özünə haqq qazandırmaq
üçün idi. Görünür, bu məktub da Azərbaycan
liderinin gələcək taleyində rol oynayıb.
Pişəvərinin həlak olduğu avtomobil qəzasının
çekistlər tərəfindən təşkil edilməsi
tamamilə ağlabatandır və əgər
Bağırovun, məhkəmə prosesində etiraf etdiyi kimi,
bu aksiyada əli yoxdursa, onda belə bir sui-qəsdin Stalinin
sanksiyası olmadan həyata keçirilməsinə inanmaq
çətindir.
Bağırovun məhkəməsində dövlət
təhlükəsizliyinin keçmiş əməkdaşının şahid qismində ifadəsinə
görə qəzaya uğrayan maşında Pişəvəri,
general Qulam Yəhya, dövlət təhlükəsizliyinin məsul
işçisi Nuru Quliyev və sürücü Karnik Melixyan
olub. Sürücü qəzanın səbəbini
mürgüləməsi ilə izah edib. Pişəvərini
yaxınlıqdakı xəstəxanaya aparanda o bir neçə
dəfə "xəyanət" deyə təkrar edib.
Pişəvəri daha bir sutka yaşayıb və bu müddətdə
də ağlı başında olub. Keçinməmişdən
öncə yalnız bunları deyib: "Kavamın evi
yıxılsın".
Məlum olur ki, maşın Pişəvərinin yox,
Qulam Yəhyanın imiş, maşını idarə edən
də onun sürücüsüymüş. Həm də məlum
olur ki, Melixyan - İranın daşnak liderinin oğludur.
O dəhşətli gündən əvvəl Pişəvəri
həkiminə özünə qarşı sui-qəsd
hazırlanmasından şübhələndiyini deyib. - Moskvaya
gedin, - deyə həkim məsləhət görür.
- Sui-qəsdi hazırlayan elə Moskvadır da, - deyə
Pişəvəri kədərlə cavab verir.
Və 11 iyul 1947-ci ildə xəstəxana
çarpayısında canını tapşırır.
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet .- 2026.- 13 mart (¹10).- S.14-15.