"Təhlükə yaratmayan,
müxalif İran ABŞ-a sərf edir"
TOFİQ ZÜLFÜQAROV: "İRANIN
ŞƏRTLƏR İRƏLİ SÜRMƏSİ
MÜMKÜN DEYİL"
ABŞ və İsrailin İrana qarşı başlatdığı
müharibə iki həftədir ki, davam edir. 12 günlük
birinci əməliyyatlardan fərqli olaraq bu dəfə demək
olar ki, bütün region müharibənin təsirlərinə
məruz qalıb. İranın ABŞ-ın Yaxın Şərqdəki
bazalarına endirdiyi zərbələr enerji infrasrtukturu ilə
yanaşı, mülki obyektlərə də ciddi zərər
verib. Eyni zamanda, Yaxın Şərq neft və qazın
hasilatı və ixracında həlledici rol oynadığı
üçün böhran qlobal bazarlara, o cümlədən
Avropaya təsirsiz ötüşmür. Müharibənin davam
etməsi vəziyyəti daha da çətinləşdirir.
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin
tezliklə bitəcəyini bildirsə də, konkret tarix
açıqlamayıb. Tramp bəyan edib ki, İranda artıq
hədəf alınacaq obyektlərin sayı demək olar ki,
qalmayıb, zərbələr nəticəsində hərbi və
strateji imkanları ciddi şəkildə zəiflədilib.
İran artıq məğlubdur.
Bu arada İran ABŞ ilə danışıqlar
prosesinin yenidən başlanması üçün bir
sıra şərtlər irəli sürüb. Tehranın
şərtləri arasında İslam Respublikasına
qarşı hücumların dayandırılmasına dair zəmanət,
dəymiş ziyana görə kompensasiya ödənilməsi və
nüvə enerjisi obyektlərində yanacaq dövriyyəsinin
tam təmin olunmasına dair razılıq verməsi tələbi
var.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq
Zülfüqarov "525"ə müsahibəsində
mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirib,
ilkin olaraq isə ABŞ-ın bu müharibədə öz məqsədlərinə
nə dərəcədə nail olmasına münasibət
bildirib.
- Məlumdur ki, ABŞ-ın və İsrailin bəyan
olunmuş və bəyan olunmamış hədəfləri
var. Təbii ki, qarşıya İranın hansısa ərazilərinin
işğal edilməsi, yaxud İsrailə birləşdirilməsi
kimi bir məqsəd qoyulmayıb. Əsas hədəf onunla
bağlıdır ki, İsrail üçün nüvə və
ballistik raket təhlükəsini aradan götürsün. Bunu
siyasi yolla, danışıqlar vasitəsilə etmək istəyirdilər.
Amma daha sonra ABŞ qərara gəldi ki, hərbi hücum həyata
keçirsin. Çünki onların istehsalı mürəkkəb
texnoloji bir prosesdir. Yəni bir zavodda bu silahları istehsal etmək
mümkün deyil. Söhbət həm nüvə silahı, həm
də ballistik raketlər
üçün nəzərdə tutulan silahlardan gedir. Bu
baxımdan deyə bilərik ki, artıq ABŞ və
İsrail qeyd edilən məqsədlərə
çatıblar.
Amma bəyan etmirlər, əsas məqsədlərdən
biri də gələcəkdə İranın Çinlə
müttəfiq olmasına yol verməməkdir. Çinin
texnoloji, demoqrafik üstünlükləri var, lakin enerji və
digər məhsullar baxımından ABŞ-la mərkəz
kimi rəqabət aparmaq üçün neft istehsalı, digər
təbii ehtiyatları yoxdur, onları başqa ölkələrdən
alır. Yəni bu baxımdan o hədəflərə
çatmaq hələ də mümkün deyil. ABŞ-ın
bir hədəfi də budur ki, neft istehsalı və onun
ixracı üçün elə bir maneələr yaratsın
ki, gələcəkdə, ya da uzun bir müddət ərzində
nə Avropa, - çünki Avropa da istər-istəməz
siyasi və texnoloji baxımdan ABŞ-a rəqibdir - , nə
Çin enerji ehtiyatlarına malik olsunlar. Ona görə də
indiki vəziyyət qismən də olsa ABŞ-ı qane edir.
Birincisi, yüksək texnoloji silahların istehsalı
mümkün deyil, ikincisi, ixrac məsələsində təkcə
İranın nefti deyil, həm də İraqın nefti,
Körfəz ölkələrindən enerji
ehtiyatlarının ixracı artıq problemə çevrilir.
Bu vəziyyəti davam etdirmək üçün yarı məğlub
olmuş İran onlara sərf edir. Yəni istər-istəməz
İsrailə və ABŞ-a zərbə endirə bilməyən
İran müqavimət göstərməklə belə bir
şərait yaradır ki, böhran davam etsin, bu da neftin və
maye qazın qiymətinin qalxmasına səbəb olur ki, nəticədə
Çinin və Avropa İttifaqının ixracına ciddi bir
zərbə dəyməklə problemlər yaranır. Onlar
iqtisadi baxımdan Birləşmiş Ştatlar
qarşısında texnoloji rəqib qismində ciddi şəkildə
zəifləyəcəklər. Əgər bu məsələləri
bir faktor kimi nəzərə alsaq, görəcəyik ki,
indiki vəziyyətdə sanksiyalar altında qalan İran
yarı məğlubdur, çünki quru ərazilərinə
sahibdir, amma üzərində uçan təyyarələrə
heç nə edə bilmir, öz əli ilə məsələnin
ikinci hissəsini də həll edir, ixraca maneələr
törədir. Bu baxımdan vəziyyəti belə təsvir
etmək olar. Əminəm ki, yarı sülh, yarı
qızğın müharibə şəraiti hələ də
davam edəcək. Biz təxminən Suriya ssenarisinin İranda
təkrarlanacağını görəcəyik, bunun artıq
müəyyən elementləri özünü göstərir.
İstər Suriya ssenarisi, istər İraq ssenarisi, istər
Liviya ssenarisi, yəni stabil şəkildə idarəolunan
ölkəyə hələ də nail olmaq mümkün deyil.
Hesab edirəm ki, bu şəkildə vəziyyət davam edəcək.
- Mediada İranın danışıqlara başlamaq
üçün ABŞ qarşısında bir sıra şərtlər
irəli sürdüyü barədə məlumatlar yer
alıb. Bu şərtlərin reallaşması nə dərəcədə
realdır? Ümumiyyətlə, əgər İran şərt
irəli sürürsə, bu o deməkdir ki, müharibəni
uduzmuş vəziyyətdə deyil?
- İranın məğlubiyyəti göz
qabağındadır. Yəni ABŞ-ın hərbi hava
qüvvələri göydən seçimlə məşğuldurlar,
hansı hədəflərə zərbələrin endirilməsindən
söhbət gedir. Burda şərtlər irəli sürmək
hesab edirəm ki, mümkün deyil. Xüsusilə ona görə
ki, əslinə qalsa, heç ABŞ-a rəqib olan neft ixrac edən
ölkələr indiki mərhələdə o qədər də
əhəmiyyət kəsb etmirlər. Çünki ABŞ
özü neft ixrac edən ən böyük ölkədir. Rəqiblərini
də elə İranın əli ilə sıradan
çıxarır. Burada kimin kimə tələb irəli
sürüb-sürməməsi o qədər də önəmli
deyil. Yəni qeyri-stabil, dövlət funksiyalarının əksəriyyətini
itirən İran demək olar ki, ABŞ-ı qane edir.
Çünki bunun nəticəsində əsas rəqib
Çin və Avropa İttifaqı, onların inkişafı
ciddi şübhə altındadır. Neft olmayanda, Venesuela
nefti olmayanda təbii ki, onların iqtisadiyyatı böhranla
qarşılacaqdır. Vaxtilə Fransa prezidenti Emmanuel Makron
Bayden administrasiyasının zamanında ABŞ-a səfər edərkən
çox emosional şəkildə demişdir ki, necə ola
bilir ki, sizdə maye qaz Fransadan dörd dəfə ucuz
satılır. Siz bizim müttəfiqimiz ola-ola demək olar ki,
bizim iqtisadiyyatımızı məhv edirsiniz.
Burda təhlil apararkən yenə də biz bəyan
olunmamış hədəfləri və mövzuları
çox açıq görməliyik. Gələcəyə
aid hansı şərait yaradılacaqdır, o, artıq bu və
ya digər şəkildə bəlli olur.
- Bəs İranın gələcəyi necə olacaq?
Tutaq ki, Tramp müharibəni dayandırdı, idarəçilik
sistemində hansısa dəyişiklik, islahatlar
mümkündür, yoxsa rejim olduğu kimi qalacaq?
- Əslinə qalsa, mənim yuxarıda dediyimə nəzər
salsanız görəcəksiniz ki, təhlükə yaratmayan,
amma müxalif mövqedə qalan İran ABŞ-a sərf edir,
yəni bu şəraitdə İranla bağlı heç bir
sanksiyanı aradan qaldıra bilməzlər, biz
görürük ki, neftin ixracına ciddi manelər var. Bu
manelər qalacaqdır. Ona görə də İranda hakimiyyəti
dəyişmək nəyə lazımdır. Müqavimət
adı ilə o bəyanatların arxasında nə
dayandığını insanlar anlamalıdırlar. Nəyi
müdafiə edirlər? Söhbət ondan gedir, indiki mərhələdə
müharibə şəraiti, daha doğrusu, müharibə
imitasiyası yaradan İran və onun rəhbərliyi
hamıya sərf edir. Təbii ki, İran xalqından başqa.
- Avropa İttifaqı Şurasının prezidenti
Antonio Koşta bəyan etdi ki, ABŞ və İsrailin
İrana qarşı müharibəsində yeganə qalib,
qazanan tərəf Rusiyadır. Təbii ki, bu müharibə
Ukrayna münaqişəsini arxa plana keçirdi. Sizcə, həqiqətən
qazanan Rusiyadır?
- Bundan əvvəl deyilən məntiqə fikir versəniz,
görəcəksiniz ki, bu və digər sanksiyalar tətbiq
edilməklə, Rusiyanın da enerji
daşıyıcılarının ixracı demək olar ki, nəzarət
altındadır. Yəni əslində Birləşmiş
Ştatların və Tramp administrasiyasının məqsədi
enerji daşıyıcılarını istər Rusiyada, istər
Venesuelada, istər İraqda, Liviyada, indi isə İranda
öz nəzarətinin altında saxlamaqdır. Eyni zamanda, bu,
onlara imkan yaradır ki, ABŞ dolları hələ də
dünyada ən güclü pul vəsaiti kimi dövriyyədə
qalsın. Çünki neftlə bağlı
alqı-satqının hamısı dollarla aparılır. Bu
baxımdan Rusiya qismən qazanacaqdır. Avropa İttifaqı məcbur
olacaq ki, daha yüksək qiymətlərlə nefti və
qazı Rusiyadan alsın, elan olunmuş sanksiyalardan bu və ya
digər şəkildə imtina eləsin. Açıq, yaxud
da gizli şəkildə. Bu baxımdan mənzərə
çox aydındır.
- Tofiq müəllim, bu il ABŞ-da qanunverici orqana
seçkilər keçiriləcək. Trampın bu müharibədən
necə çıxması, ümumiyyətlə müharibə
amilinin seçkilərə hansısa təsiri ola bilər?
- ABŞ-da seçkilər mövcud strategiyanı dəyişə
bilməz. Çünki istər-istəməz hakimiyyətə
gələn qüvvə, istər trampçılar olsun, istər
ona müxalif olan qüvvələr olsun, onlar məcburdurlar
ki, ABŞ-ın maraqlarını müdafiə etsinlər. Ona
görə də gözləmək ki, bəs gəlsələr,
imtina edəcəklər, bu, belə deyil. Onların Çin
ilə rəqabəti sona çatacaq? Təbii ki, yox, ya da
Avropanı daim nəzarət altında saxlamaq istəyi
artıq olmayacaq, təbii ki, yox. ABŞ-ın
dominatlığı, iqtisadi-siyasi, texnoloji və s. sahələrdə
üstünlüyü istənilən administrasiya
üçün əsas hədəf kimi qalacaq.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.11.