Buraxılış imtahanları:
iddialar və reallıqlar
TEST TAPŞIRIQLARININ ÇƏTİNLİYİ
İLƏ BAĞLI SƏSLƏNDİRİLƏN
İDDİALAR NƏ DƏRƏCƏDƏ DOĞRUDUR?
Martın 9-da Azərbaycanda Dövlət İmtahan Mərkəzi
tərəfindən (DİM) 11 illik orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanları keçirildi. 58
min nəfərdən çox abituriyentin iştirak etdiyi
imtahandan sonra bir çox abituriyentlər imtahana salınan
sualların ayrılan vaxtla tam mütənasib
olmadığını bildirərək ötən illərlə
müqayisədə bu il sualların daha çətin
olmasından şikayətləndilər. Xüsusilə
açıq tipli sualların cavablandırılmasının
daha çox vaxt apardığı ilə bağlı fikirlər
səsləndirildi, riyaziyyat suallarının çətin,
sual şərtlərinin uzun və mövzuların mürəkkəb
olduğu vurğulandı.
Azərbaycan dili suallarından da şikayətlənənlərin
sayı az deyildi. Abituriyentlər qeyd edirdilər ki, Azərbaycan dili sualları çətin
və mətnlər qəliz olub, hətta sualların bəziləri
III qrup (blok) imtahanı tipində olub. Nəticədə
abituriyentlər biliklərini tam göstərməkdə
çətinlik çəkiblər, çünki məntiq tələb
edən və uzun mətnə əsaslanan suallar vaxtın
böyük hissəsini alıb. İngilis dilindən dinləmə
(Listening) tapşırıqları zamanı səsləndirmənin
bəzi zallarda kifayət qədər aydın olmaması qeyd
edilib.
Müəllimlər isə hesab edirlər ki, bəzi
suallar əvvəlki illərlə müqayisədə daha
çox düşünmə və vaxt tələb edib.
Tapşırıqların quruluşu toplu testlərdə və
vəsaitlərdə verilən nümunələrlə eyni,
sadəcə mətnlər fərqli olub.
Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki,
imtahan sualları müəyyən prinsip əsasında
hazırlanır: "Suallar üç kateqoriyaya
bölünür: sadə, orta və çətin. Sadə
suallar hazırlıq səviyyəsi aşağı olan
abituriyentlər üçün nəzərdə tutulur, orta
suallar qismən hazırlaşanlar üçün, çətin
suallar isə yaxşı hazırlaşmış abituriyentlər
üçündür. Bu çətin suallar vasitəsilə
ən yüksək nəticə göstərənlər
müəyyənləşdirilir. Dünyanın bir çox
ölkələrində də imtahan sistemləri məhz bu
prinsiplə qurulur. Məqsəd ən yaxşı nəticə
göstərən və daha yüksək düşünmə
qabiliyyətinə malik abituriyentləri seçməkdir.
Bununla yanaşı, bəzi hallarda imtahanda verilən mətnlərin
uzunluğu və onların oxunmasına sərf edilən vaxt məsələsi
də müzakirə olunur. Doğrudan da, bəzi mətnlərin
oxunması müəyyən qədər vaxt aparır. Bu səbəbdən
gələcəkdə imtahan müddətinin
artırılması məsələsinə baxıla bilər.
Xüsusilə də növbəti ildən xarici dil fənni
üzrə yazı tapşırıqlarının əlavə
olunması nəzərdə tutulduğu üçün
imtahan vaxtının uzadılması mümkün variantlardan
biri kimi müzakirə edilir. Bununla belə, diqqətlə və
planlı şəkildə hazırlaşan abituriyentlər
üçün imtahanın ciddi problem yaratmayacağı
düşünülür".
Ekspertin sözlərinə görə, demək olar
ki, hər imtahandan sonra eyni vəziyyət yaranır və
müəyyən ajiotaj formalaşır. Halbuki
buraxılış imtahanı qəbul prosesinin mühüm mərhələsidir
və ona ciddi yanaşmaq lazımdır. Çünki 700
ballıq qəbul sistemində 300 bal məhz
buraxılış imtahanının nəticələrinə
əsasən formalaşır. Buna görə də bu
imtahanı, sadəcə, attestat imtahanı kimi qiymətləndirmək
düzgün deyil.
Təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki,
Azərbaycanda orta məktəblərdə hazırlanan dərsliklər
şagirdlərin fərdi öyrənməsinə yönəlməyib.
Yəni şagirdlər, abituriyentlər sadəcə həmin
dərsliklərdən istifadə edərək universitetə
hazırlaşa bilmirlər. Çünki həmin dərsliklərdə
sadəcə məzmun verilir. Məzmunla bağlı praktika
etmək üçün sual kitabçası, yaxud praktik
bilik və bacarıqların inkişafı üçün
hansısa sual bankları verilmir. Həmin sual banklarını
DİM hazırlayır. Əslində, DİM Elm və Təhsil
Nazirliyinin verdiyi təhsili yoxlayan bir qurum olaraq özü sual
bankı hazırlamamalıdır: "Düşünürəm
ki, DİM şəffaf, işlərini yerli-yerində aparan bir
qurum olsa belə, o, sual banklarını hazırlayan və
satan tərəf olmamalıdır. DİM yalnız imtahana nəzarət
edən, yoxlayan və abituriyentləri yerləşdirən bir
qurum olmalıdır".
Əməkdar müəllim Sona Əliyeva hesab edir ki,
təhsil sisteminin vahid məlumat bazası olmalıdır.
Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil
Nazirliyi arasında daimi Koordinasiya Şurası
yaradılmalıdır. Dərslik müəllifləri ilə
test tərtibçiləri bir araya gəlməli, imtahan
mövzuları dərsliklərdə nümunələrlə
izah olunmalıdır. Çətinlik və proqramdan kənara
çıxma anlayışları fərqləndirilməlidir:
"Təhsilin məqsədi şagirdləri çətinliyə
salmaq deyil, onları gələcəyin rəqabətədavamlı
fərdləri kimi yetişdirməkdir. Təhsilin məqsədi
şagirdin həyat bacarıqlarını və analitik təfəkkürünü
obyektiv ölçməkdir. İmtahan sualları tədrisin
güzgüsü olmalıdır. Əgər güzgüdə
görünən təsvir dərslikdən fərqlidirsə,
bu, təhsilin keyfiyyət idarəetmə sistemində
islahatlara ehtiyac olduğunu göstərir. Missiyamız
şagirdlərin mənəviyyatını sındırmaq
deyil, onları rəqabətədavamlı fərdlər kimi
yetişdirməkdir. Bunun üçün dürüst və
koordinasiyalı təhsil siyasəti şərtdir".
Mövzuya münasibət bildirən DİM-in Mətbuatla
iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib ki, Mərkəz
tərəfindən keçirilən buraxılış qəbul
imtahanlarının məzmunu müəyyən edilərkən
istinad etdiyi metodiki çərçivə çox aydın və
birmənalıdır. Bunlar hazırda ölkədə
qüvvədə olan təhsil proqramı, dərsliklər və
onların əsasında hazırlanmış
buraxılış imtahanı proqramlarıdır:
"Tapşırıqların mürəkkəblik dərəcəsinə
gəldikdə isə ümumi qayda belədir ki, hər bir
imtahanda müxtəlif hazırlıq səviyyəsinə
malik iştirakçıları bir-birindən fərqləndirmək
üçün bütün fənlər üzrə test
blokunda asan, orta və çətin test
tapşırıqlarından istifadə edilir. Çünki
imtahanda yalnız zəif və orta hazırlıqlı
abituriyent deyil, yaxşı hazırlıqlı
iştirakçıları da bir-birindən fərqləndirmək
tələb olunur. Ümumiyyətlə, imtahanın asan və
ya çətin olması nisbi məsələdir. İmtahan
iştirakçısının hazırlıq səviyyəsinə
görə bu, əlbəttə, dəyişir. Hər
hansı bir tapşırıq kimə görəsə çətin,
kimə görəsə asan ola bilər. Ancaq ənənəvi
təhlillər göstərir ki, test
tapşırıqlarının çətin olması ilə
bağlı bəzi iştirakçılar tərəfindən
səsləndirilən mülahizələr həqiqətə
uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi
sosial şəbəkələrdə yazılanlara əsasən
müəyyən edilmir. Burada əsasən hər imtahandan
sonra zəif hazırlıqlı iştirakçılar
yazırlar. Bu hal hər il təkrarlanır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 13 mart (№10).-S.10.