Qələmsiz
yazılanlar
status-esselər
70 yaşlı AzTV, "Bəxtiyar" filmi, yeni nəsil
və "şokolad kimi" Süni İntellekt
70 il öncə televiziyamızın ilk efir
günündə "Bəxtiyar" filmi göstərilib.
Böyük sənətkarlarımızın çəkildikləri,
duzlu yumorla zəngin "Bəxtiyar" indiyədək bir
neçə nəsil insan üçün sevimli ekran əsəri
olub, filmdən sitatlar dillərdə dolaşıb. Amma yeni nəsil
üçün də belədirmi?
Neçə il əvvəl olmuş bir hadisəni
xatırlayıram...
Neft-qaz mövzusunda yazan jurnalistlər
üçün keçirilən iki günlük seminarın
bağlanış mərasimiydi, sertifikatlar təqdim
olunacaqdı, mən də dəvətliydim. Əvvəlcə
Dövlət Neft Şirkətinin vitse-prezidenti, əfsanəvi
neftçi Xoşbəxt Yusifzadə çıxış
etdi. Sadə, səmimi çıxışında jurnalistlərin
bu sahəylə bağlı bilgisizliyinə kübar tərzdə
irad bildirdi, qazın həcmi barədə suallardakı
yanlışlara diqqət yönəldib incə düzəlişlər
verdi.
Mən də çıxışımda Xoşbəxt
müəllimin fikirlərinə toxunaraq "Bəxtiyar"
filminə bir göndərmə etdim. Hesabla zaldakı gənc
jurnalistlərin üzündə gülüş, heç
olmasa dodaqlarında təbəssüm yaranmalıydı. Amma
buz kimi soyuq, etinasız reaksiyanı, donuq gözləri görəndə
sual verməyə məcbur oldum:
- "Bəxtiyar" filminə baxmamısınız?
Zaldan səs çıxmadı. Xoşbəxt müəllimin
də məyusluğunu hiss etdim, özüm də heyrətləndim.
Neftdən yazan 20 nəfərdən artıq gənc
jurnalistin heç birinin bu məşhur filmimizə
baxmaması acı bir təəssüf yaratmışdı.
Yəqin ki, AzTV bu gün - filmin ilk nümayişindən
70 il sonra yenə "Bəxtiyar"ı göstərəcək.
Çox istərdim ki, gənclərimiz imkan tapıb bu filmə
baxsınlar. Heç olmasa baba-nənələrinin 70 il qabaq
Azərbaycan Televiziyasının ilk efir günündə
göstərilən filmimizi hansı həyəcanla izlədikləri,
niyə və nəyə güldükləri barədə
düşüncələrə dalsınlar.
Televiziyamızın 70 yaşı mübarək olsun!
Gərək Süni İntellektə deyəm filmdəki
məşhur deyimlərdən bir-ikisini sadalasın:
"Biz neyləyə bilərik, Ağabala?"
lll
Hər dəfə əsərlərinə baxanda,
musiqisini dinləyəndə qəlbin qürur hissi ilə
dolur və Üzeyir Hacıbəylinin
böyüklüyünü bir daha başa düşür,
Tanrının lütfünə dua edirsən!
lll
Səhərin alatoranında qatar təkərlərinin
səngiməyən səsi və arabir eşidilən
qırıq-qırıq fit xəyalları da çəkib
özüylə uzaqlara aparırdı...
lll
Günəş şəfəq saçsa da, hava soyuq
idi.
lll
Sosial şəbəkə etibarlı istinad mənbəyi
deyil. Sosial şəbəkə istifadəçiləri məsuliyyətli
olmaya bilərlər. Onların hətta qərəzli və
şəxsi maraqlar çərçivəsində
davranmaları da mümkündür. Ona görə media
subyektlərinin sosial şəbəkələrdə
yayılmış bilgiləri ağına-bozuna baxmadan,
araşdırmadan tirajlamaları peşə prinsiplərinə
ziddir, jurnalistikanın etibarına xələl gətirir. Media
informasiya yayıcılığında sosial şəbəkələrdən
üstünlüyünü yalnız peşəkarlığı
ilə göstərməlidir. Peşəkarlıq isə həm
də həssaslıq tələb edir. Hadisə və proseslərə
həssas yanaşma tərzi medianın cəmiyyətdəki
nüfuzunu qoruyan əsas məqamlardandır. Arzu edərdim ki,
həmkarlarım bunu nəzərə alsınlar.
lll
Tez və çılğın reaksiya verməyi tərgitmək
müdriklik işartısıdır.
lll
Min Süni İntellekt yığışa, belə təsirli,
belə kövrək cümlələr yaza bilməz.
lll
Pul istəyənlər çox artıb.
lll
İncəsənətdə də, idmanda da ruh,
coşqu vacib şərtlərdəndir. Hərdən peşəkarlığı
da üstələyir.
lll
Aliminə, yaşlı insanına lağ eləmək,
məsğərəyə qoymaq naqis keyfiyyətdir, ictimai mənəviyyata
zərbədir, pis nümunədir.
İnsaflı davranmaq lazımdır.
lll
Təklikdə ağlı başında, normal
adamdır, kütləyə qoşulan kimi dəyişir,
havalanır.
lll
"Lağlağı" sözü dilimizin
izahlı lüğətində "boşboğaz, naqqal, ağzına
və ağlına gələni danışan adam" kimi
xarakterizə olunur.
Ötən əsrin əvvəlində böyük ədiblərimiz
ictimai məsələlərə, xurafata, cəhalətə
qarşı kəskin satiralarında bu təxəllüsdən
istifadə ediblər. Amma hamı Mirzə Cəlil deyil və
hər mövzunu da lağlağıya çevirmək olmaz!
lll
"İsmailiyyə binasının divarlarından
öpüb ağlayırdı"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr
olunmuş tədbirə gedərkən bir əhvalatı
xatırladım. Əflatun Amaşov danışırdı
ki, təxminən 15 il əvvəl mətbuatla bağlı bir
tədbirə Yakut-Saxadan bir jurnalist-yazıçı
xanım gəlmişdi. Təkidlə İsmailiyyə
binasına getmək istədiyini söyləyirdi. Çatanda
ağlaya-ağlaya binanın divarlarını öpməyə
başladı: "Mənim babamın burda şəkli var,
1926-cı ildə Türkoloji Qurultayın
iştirakçısı olub".
Qadının emosional halı heç vaxt yadımdan
çıxmır - deyir Əflatun Amaşov.
Bu gün bu tarixi binadakı möhtəşəm tədbirə
qatılarkən yenə o söhbəti xatırladım.
Professor Vilayət Quliyevin "Buzlu Yakutiyadan Bakıya
türklük sevdası ilə" yazısında Yakut-Saxa
nümayəndə heyətinin uzun səfəri və
qurultayda iştirakı barədə ətraflı yazılıb.
Yəqin ki, jurnalist xanımın babası da bu heyətin
üzvlərindən biri olub. Qurultayın bütün
iştirakçılarını ehtiramla yad edək.
lll
Niyə düşmən kəsilmişik
Hamı qardaş olsa da?..
(R.Rövşən)
lll
"Mayak" nəşriyyatının
"MiniArt" layihəsinin təqdimatında iştirak etdik.
Kitabın təbliği sahəsində çox yenilikçi
addımları var. Təqdir və təbrik edir, uğurlar
arzulayırıq.
İpək Məciddən xahiş elədim yeni layihəni
tanıtsın...
lll
Hamımız dərin narahatlıq, səksəkə
içindəyik. Qonşuda yanğındırsa, necə biganə
qalmaq olar?
Bu müharibənin tez bitməsini, əmin-amanlıq
yaranmasını arzulayırıq. Cənubdakı
yurddaşlarımızın gələcək taleyi bizim
üçün də həyati əhəmiyyət kəsb
edir. İranın axırı necə olacaq,
yurddaşlarımız necə bir dövlətdə
yaşayacaqlar, ən adi haqlarına qovuşa biləcəklərmi?
Azərbaycanımızın səmasının da təhlükəsizlik
məkanı olduğundan qürur duyuruq. Dünyaya Bakı pəncərəsindən
baxmaq ən doğru addımdır.
Tanrı Vətənimizi və arzularımızı
qorusun!
Od çərşənbəniz mübarək!
lll
İstedadı min addım uzaqdan hiss etmək olur.
lll
Əsl ədəbiyyat güc verir insana.
Enerji yayır.
lll
Qonşuları, o cümlədən Türkiyəni və
Azərbaycanı zorən düşmənə çevirmək
sonun başlanğıcıdır.
Ən doğru başlığı AzTV verib:
"Azərbaycan hücuma məruz qaldı".
lll
Lap iki ölkədə universitet bitir, sənətində
peşəkar ol, cəhalətə və xurafata təslimsənsə,
cahilsən.
lll
Bilmədim iblissən, ya mələk, Qadın!
Ətri, gözəlliyi çiyələk Qadın!
Bir də gəlməyəcək sənin tək
Qadın
Nə mənim dünyama, nə bu dünyaya!
Bayramınız mübarək, əziz Qadınlar!
Həmişə sevilən olasınız!
lll
Qadınların ən Kişisi!..
lll
Paşinyanın videolarından görünür ki,
adam dərin bir mənəvi boşluq içərisindədir.
lll
Heyif bu qədər dəyərli kitablardan.
Bunları oxuyan olacaqmı?..
lll
hatGPT bizə tənbəllik, savadsızlıq,
arxayınlıq aşılayacaq. Bütün bilgilər əlinin
altındadır, amma heç nə bilmirsən. Öz
düşüncən və mövqeyin yoxdur.
lll
Yaranmış gərginlikdən sonra Prezidentin
tapşırığına əsasən İrana humanitar
yardım göndərilməsi xoşməramlı, ibrətamiz
addımdır.
Azərbaycan öz ürəyigenişliyini və
yaxşı qonşu olduğunu yenə də göstərdi...
Rəşad Məcid
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.9.