Azərbaycan-Avropa
İttifaqı: Tərəfdaşlıqda yeni mərhələ
Son illər Azərbaycan-Avropa İttifaqı (Aİ)
münasibətlərində yeni inkişaf dinamikası
özünü göstərir. Avropa İttifaqı Azərbaycanla
əməkdaşlığın genişləndirilməsinə
xüsusi əhəmiyyət verir, Bakının regionda
sülh səylərini dəstəkləyir, eyni zamanda,
ölkəmizin ən böyük ticarət tərəfdaşı
və əsas sərmayə mənbəyi olaraq qalır.
Ötən il ərzində Azərbaycan və Aİ rəsmilərinin
qarşılıqlı səfərləri, təhlükəsizlik,
enerji və nəqliyyat sahələrində uğurlu dialoqlar
da Aİ ilə münasibətlərin inkişafına öz
töhfəsini verib. Bu müsbət dinamika əməkdaşlığın
yeni səviyyəyə yüksəlməsi üçün əlverişli
şərait yaradıb.
Bu baxımdan Aİ Şurasının Prezidenti Antonio
Koştanın Azərbaycana səfəri mühüm əhəmiyyət
daşıyır. Azərbaycan Prezidentinin və Aİ
Şurası rəhbərinin birgə mətbuata bəyanatı
Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələsini,
strateji tərəfdaşlıq xarakterini yüksək səviyyədə
təsdiqləməkdir. Sənəd Azərbaycanla Aİ
arasında münasibətlərin birgə maraqları əks
etdirən və qarşılıqlı hörmət, bərabərlik
və ortaq fayda prinsiplərinə əsaslanan strateji əməkdaşlıq
olduğunu açıqlayır.
Prezidentlər ayırıcı xətlərdən azad,
dinc, sabit, qarşılıqlı əlaqəli və
inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi
bir daha təsdiqləyərək, regionda baş verən son
müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan
sülh prosesindəki tarixi irəliləyişi
alqışlayıblar. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton
Zirvə Görüşünün nəticələrini və
Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması istiqamətində atılan
sonrakı addımları yüksək qiymətləndiriblər.
Avropa İttifaqı Şurasının Prezidenti iki
ölkənin ikitərəfli dialoq vasitəsilə regionda
davamlı sülhə nail olmaq istiqamətində səylərini
Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib.
Prezidentlər Azərbaycanın münaqişədən
sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur
bölgələrində genişmiqyaslı yenidənqurma və
inkişaf səylərini vurğulayıblar. Çətinliklərin,
xüsusilə də mina ilə çirklənmənin
miqyasını qeyd edərək, onlar Avropa
İttifaqının humanitar minatəmizləmə sahəsində
aparıcı beynəlxalq donor olduğunu vurğulayıb,
beynəlxalq dəstəyin artırılmasına
çağırış ediblər. Bu, Azərbaycanın
apardığı sülh siyasəti və
yaratdığı yeni reallıqların tanınması deməkdir.
Birgə mətbuat bəyanatının əsas
mesajlarından biri Azərbaycanın Aİ üçün
etibarlı enerji təchizatçısı olmasıdır.
Xüsusilə Yaxın Şərqdə cərəyan edən
proseslər fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
rolu göz önündədir.
Azərbaycanın regional bağlantılarda və nəqliyyat
dəhlizlərində aparıcı rolu da sənəddə rəsmi
şəkildə tanınır.
Prezidentlər ölkəmizin regional daşımalarda,
xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz,
Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat,
ticarət, enerji və rəqəmsallaşma sahələrində
əlaqələrin gücləndirilməsində
oynadığı aparıcı rolu vurğulayıblar. Avropa
İttifaqı "Qlobal Qapı" çərçivəsində
daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən
Azərbaycan Respublikasının Naxçıvan Muxtar
Respublikasında dəmir yolunun müasirləşdirilməsinə
dəstək, həmçinin TRIPP-in icrası üzrə
davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa
sadiqliyini bir daha təsdiqləyib.
Eyni zamanda, sənəd göstərir ki, Azərbaycan-Aİ
tərəfdaşlığı yalnız enerji və
bağlantılar ilə məhdudlaşmır. Tərəflər
müdafiə və təhlükəsizlik, rəqəmsal
transformasiya və innovasiya, ticarət və investisiya, humanitar
minatəmizləmə, bərpa olunan enerji və iqlim, təhsil,
mədəniyyət və gənclər sahələri üzrə
də əməkdaşlığın genişləndirilməsi
niyyətini ifadə edir. Bəyanatda əks olunan
çoxşaxəli tərəfdaşlıq imkanları yeni əməkdaşlıq
perspektivləri açmaqla, Azərbaycan və Aİ-nin
münasibətlərin uzunmüddətli və dayanıqlı
əsasda inkişafı niyyətində olduğunu göstərir.
Beləliklə, həm ikitərəfli, həm də
regional əhəmiyyət daşıyan bu sənəd Azərbaycanla
Aİ arasında strateji tərəfdaşlığın əhəmiyyətini
yüksək səviyyədə vurğulayır, mövcud əməkdaşlığın
gücləndirilməsi və daha geniş spektrdə,
mühüm əhəmiyyət daşıyan digər sahələr
üzrə inkişaf etdirilməsi üçün zəmin
yaradır.
Dövlət başçısı bəyan edib ki,
Aİ ilə çox fəal dialoqumuz var, müxtəlif səviyyələrdə
tərəfdaşlığın fəal mərhələsindəyik,
bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa
İttifaqı ilə bağlı olub.
Avropa İttifaqı illərdir ki, Azərbaycanın
bir nömrəli ticari tərəfdaşdır. Prezident
görüşdə bildirib ki, tərəfdaşlığımızın
mühüm hissəsi hər zaman enerji əməkdaşlığı
olub, var və birmənalı olaraq olacaq: "Bu, xüsusən
də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq
haqqında sənədi Avropa Komissiyası ilə
imzaladığımızdan sonra müşahidə olunur. Həmin
vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin
sayı baxımından Avropa ölkələrinə qaz
ixracımızı artırmışıq. Bu gün Avropa
İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul
edir və ölkələrin ümumi sayı 16-ya
çatıb. Bu göstəriciyə görə biz
dünyada boru kəməri ilə qazı təchiz edən bir
nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan
qazını alır və beləliklə, bir çox ölkələrin
enerji təhlükəsizliyində oynadığımız
rol artır".
Aİ Şurasının Prezidenti də bəyan edib
ki, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın
təməlini təşkil edir: "Dörd il bundan əvvəl
Versalda Avropa İttifaqı Şurası qaz, neft və
kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə
dair qərar qəbul etdi. Azərbaycan Cənub Qaz Dəhlizi
sayəsində bu səylərdə həlledici rol oynadı.
Bu gün nəticə göz qabağındadır.
İrandakı müharibənin qlobal enerji bazarlarını
sarsıtdığı bir vaxtda bizim enerji sahəsində
hazırkı tərəfdaşlığımız heç
zaman olmadığı kimi daha əhəmiyyətlidir. Avropa
İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək
üçün özəl investisiyaları və maliyyələşməni
səfərbər etməyə hazırdır. Biz, həmçinin
Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət
göstərən şirkətlərini sizin geniş
planınızda daha fəal iştirak etməyə
çağırırıq".
Koşta söyləyib ki, Avropa İttifaqı Azərbaycanın
dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan
və çiçəklənən Cənubi Qafqaz hədəfini
bölüşür: "Ermənistanla sülh prosesində əldə
edilən irəliləyiş tarixi əhəmiyyət kəsb
edir. Qlobal sabitsizlik fonunda aramızdakı əlaqələri
gücləndirmək heç zaman olmadığı qədər
vacibdir. Biz 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin
Zirvə Görüşünə ev sahibliyi etməsini səbirsizliklə
gözləyirik".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Mətin Məmmədli "525"ə bildirib
ki, Avropa İttifaqı Şurasının Prezidenti
Koştanın Azəbaycana ilk dəfə səfər etdi. Bu
səfər Azərbaycan-Aİ münasibətlərinin
inkişafı baxımından mühüm siyasi hadisə kimi
qiymətləndirilə bilər: "Ümumiyyətlə, bu
səfər tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi,
iqtisadi və enerji əməkdaşlığının
genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət
daşıyır. Məlum olduğu kimi, Azərbaycan uzun illərdir
ki, Aİ üçün etibarlı tərəfdaş kimi
çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi
məsələsində ölkəmizin rolu son illərdə
daha da artıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan
sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində
rolu xeyli artıb və bu məqam da Aİ tərəfindən
yüksək səviyyədə dəyərləndirilir. Cənub
Qaz Dəhlizi və Azərbaycanın Avropaya qaz ixracı
konteksti hesab edirəm ki, bu əməkdaşlığın
strateji xarakter daşıdığını göstərir".
O əlavə edib ki, hər iki Prezidentin verdiyi birgə
bəyanatlardan, açıqlamalardan Koştanın səfəri
çərçivəsində regional təhlükəsizlik,
Cənubi Qafqazda davamlı sülhün təmin olunması, həmçinin
iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq
məsələlərinin müzakirə olunduğu da
görünür: "Bəyanatlardan məlum olur ki, bu kimi məsələlər,
xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın
dərinləşdirilməsi səfər çərçivəsində
müzakirə olunub və bu baxımdan hesab edirəm ki, səfər
həm Azərbaycan, həm də Avropa İttifaqı
üçün qarşılıqlı maraqlara xidmət edən
yeni imkanlar yarada bilər. Eyni zamanda, bu səfər Avropa
İttifaqının regiona marağının davam etdiyini və
Azərbaycanın Cənubi Qafqazda mühüm tərəfdaş
kimi qəbul olunduğunu fikrimcə, bir daha nümayiş
etdirir. Hesab edirəm ki, ümumilikdə Koştanın Azərbaycana
səfəri siyasi dialoqun daha da intensivləşməsinə,
iqtisadi əməkdaşlığın genişlənməsinə
və regionda sabitliyin möhkəmlənməsinə töhfə
verə biləcək diplomatik addım kimi də dəyərləndirilə
bilər. Yəni bu səfər Azərbaycan-Aİ münasibətlərinin
yeni mərhələyə daxil olmasına ciddi töhfə
verəcək".
Milli Məclisin deputatı Vüqar Bayramov isə
bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət
tərəfdaşıdır: "2025-ci ildə Azərbaycanın
43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42
faizindən çoxu Avropa İttifaqının payına
düşüb. Azərbaycanın 22 milyard 642 milyon
dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq
dövlətlərinə yönəlib. Xarici ticarət
dövriyyəsinin dördə biri quruma üzv olan
İtaliyanın payına düşür. İllik 25.2 milyard
kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql
edilir.
Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən
10 ölkənin Avropa İttifaqının üzvləri
olması ölkəmizin Avropanın enerji bazarında
mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi
anlamına gəlir. Azərbaycan son 5 ildə Avropaya 56 milyard
kubmetrdən çox təbii qaz nəql edilib.
Azərbaycan Avropa İttifaqına təbii qaz ixrac edən
ölkələr arasında ilk beşlikdə qərarlaşıb.
Artıq Azərbaycan qazı yalnız Mərkəzi və
Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa
bazarına da daxil olmaqdadır.
Yeni mərhələdə Azərbaycan öz
yaşıl enerjisini də Avropa bazarına çıxaracaq.
Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda
bərpa olunan mənbələrdən əldə edilən
enerji 2027-ci ildən sonra Avropa İttifaqına ixrac edilə
bilər. Bu o deməkdir ki, növbəti mərhələdə
Azərbaycan yalnız ənənəvi resursları deyil, həmçinin
innovativ enerji məhsulları ilə də Avropaya bazarına
daxil olacaq.
Azərbaycan, həmçinin Avropa ilə Mərkəzi
Asiya arasında körpü rolunu oynayır. Regional nəqliyyat
dəhlizlərinin genişlənməsi, eləcə də Zəngəzur
dəhlizinin istifadəyə verilməsi ilə bağlı
müzakirələrin intensivləşməsi ölkə
üzərindən daşınan yüklərin həcmini
artıracaq. Avropa Şərqə Naxçıvan vasitəsi
ilə daha asan çıxış imkanları əldə edəcək.
Bütövlükdə, Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə
səfəri və müzakirə edilən məsələlər
Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini
təsdiq edir. Regiondakı yeni düzən əməkdaşlıq
üçün mühüm imkanlar yaratmaqdadır".
Pərvanə
525-ci qəzet .- 2026.- 13 mart (№10).- S.5.