5 qəpikdən 13 qəpiyə:
su aparatlarında qiymət niyə fərqlidir?
Artıq xeyli vaxtdır ki, paytaxtın müxtəlif ərazilərində,
xüsusilə də yaşayış binalarının
qarşısında su aparatları - su təmizləmə
qurğusu quraşdırılıb. Aparatlar ümumi su xəttinə
qoşulub və sadə idarəetmə sistemi ilə işləyir.
Həm nəğd, həm də kart vasitəsilə müəyyən
ödəniş etməklə bu aparatlardan içməli su
götürmək mümkündür. Aparatlardakı suyun təmizlənməsi
üçün xüsusi filtrlərdən istifadə olunur
ki, bu da suyun keyfiyyətini yaxşılaşdırır. Mərhələli
təmizləmə sistemi ilə suyu
sağlamlığımız üçün faydalı olan
duzlar və minerallarla lazımi səviyyədə
minerallaşdırır və ozonlaşdırır. Filtr
aparatları suyun tərkibindəki insan orqanizminə zərərli
olan mikroorqanizmləri, artıq mineralları təmizləyir.
Mütəxəssislərin fikrincə, aparatların mütəmadi
olaraq təmizlənməsi, filtrlərin vaxtında dəyişdirilməsi
və suyun keyfiyyətinin yoxlanılması insanların
sağlamlığı üçün böyük əhəmiyyət
daşıyır. Bu səbəbdən də sadalanan məqamlara
xüsusi olaraq diqqət yetirmək vacibdir.
Paytaxtda su aparatlarının
quraşdırılması işini həyata keçirən
Ecosu MMC 2019-cu ildən etibarən fəaliyyət göstərir.
Şirkətin Bakı şəhər şəbəkəsində
200-dən çox aparatı mövcuddur. Bu aparatlar demək
olar ki, paytaxtın bütün rayonlarında
quraşdırılıb. Cəmiyyətin əsas fəaliyyəti
ölkə ərazisində su təmizləmə
qurğusunun (su avtomatının) quraşdırılması nəticəsində
əhalini 24 saat ərzində ekoloji cəhətdən təmiz
və dayanıqlı içməli su ilə təmin etməkdir.
Şirkətdən bildirilib ki, Koreya texnologiyasına əsasən
filterin istifadə müddəti başa çatan kimi dəyişdirilməsə,
aparat avtomatik olaraq dayanır və işləmir. Aparatlar 8
qatlı filterlə təchiz olunub: "Aparat vasitəsilə
su 7 pilləli təmizləmə prosesindən keçir.
Çirk, virus və bakterialardan tamamilə təmizlənir.
Su yüz faiz dezinfeksiya edilir və sonra suya minerallar əlavə
olunur".
Sözügedən aparatlardakı su müxtəlif ərazilərdə
fərqli qiymətə satılır. Bəzi ərzilərdə
1 litri 5, bəzi ərazilərdə 10, 11, 13 qəpiyə
alıcılara təklif edilir.
Suyun bəzi ərazilərdə nisbətən baha
satılması vətəndaşlar tərəfindən
narazılıqla qarşılanır. Paytaxt sakini Sevda Məhərrəmova
bildirir ki, bacısı Yeni Yasamal rayonu ərazisində
yaşayır. Onların yaşadığı binanın həyətində
quraşdırılan aparatda suyun 1 litrinin qiyməti 5 qəpikdir:
"Mən Nizami metrosuna yaxın ərazidə
yaşayıram. Binamızın həyətində
quraşdırılan aparatda suyun 1 litrinin qiyməti 13 qəpikdir.
Qiymət fərqi böyükdür. Eyni aparat, eyni forma təmizləmə,
eyni su. Amma qiymət fərqi var. Yaxşı olar ki, hər
yerdə eyni, münasib qiymət olsun. Mən bu aparatlardakı
suyun keyfiyyətindən və təmizliyindən razıyam.
Amma qiymət bir az aşağı olsa, daha yaxşı
olar".
İqtisadçı ekspert Razi Abasbəylinin sözlərinə
görə, yaşayış binaları önündə yerləşən
su aparatlarının təşkili təxminən yeddi
hüquqi şəxs tərəfindən həyata
keçirilir. Müvafiq olaraq İqtisadiyyat Nazirliyindən 7
şirkət bunun üçün icazə alıb. Onlardan
faktiki olaraq 4 şirkət hüquqi fəaliyyət göstərir:
"Pərakəndə içməli su
satışının təşkil olunması bəzən yaşayış
binaları üzrə korporativlərin razılığı əsasında
oraya quraşdırılır. Bəzən də müvafiq
olaraq dövlət lisenziyası əsasında ayrılan yerlərdə
yerləşdirilir. Bu proses bələdiyyələr və
müvafiq dövlət orqanları ilə razılaşdırılmış
və lisenziyalaşdırılmış formada həyata
keçirilir. Bu zaman içməli su satışını həyata
keçirən hüquqi şəxslərin xərcləri dəyişir.
Məsələn, korporativlərin ərazisində
quraşdırılan zaman mənzil təsərrüfat birliklərinin
müvafiq icrasını almaq üçün aylıq və
yaxudda satış həcminə uyğun olaraq əlavə
ödənişlər, vergi tutulmaları həyata
keçirilir. Bu səbəbdən də bu aparanlarda
satılan suyun qiyməti dəyişə bilir. Müvafiq
olaraq yerli icra orqanının icazəsi əsasında
ayrılan ərazidə satış həyata keçirilən
zaman xərclər nisbətən aşağı olur. Onda su qiymətləri də
aşağı olur. Aparatların yerləşmə yerlərindən,
yəni paytaxtın mərkəzi və kənar yerlərindən
asılı olaraq qiymətlər dəyişir. Yəni mərkəzi
hissələrə aparatların yerləşdirilməsi bir az
xərc tələb etdiyindən satılan su qiymətlərinin
qiyməti bir az baha olur".
İqtisadçı qeyd edib ki, qiymətlərdə
vahid tarif sisteminin tətbiqi mümkün deyil. Çünki
bu xidməti göstərən hüquqi şəxslər
özəl sektorun təmsilçiləridir. Özəl sektor
da bazar şərtlərinə uyğun olaraq rəqabətə,
yerləşmə ərazisinə, cari xərclərə
görə dəyişə bilir. Bu dəyişikliklər də
nəticə etibarilə qiymətlərdə öz əksini
tapır.
İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə
görə, su aparatlarında satılan suyun qiyməti dövlət
tərəfindən tənzimlənmir. Bu, dövlət tərəfindən
tənzimlənməyən qiymət sahəsinə daxildir.
Sözügedən aparatlardakı suyun satışı özəl
şirkətlər tərəfindən həyata
keçirildiyindən onların da istənilən qiymət
qoymağa ixtiyarları var. Burada dövlət tərəfindən
yalnız suyun keyfiyyətinə nəzərət oluna bilər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
bildirilib ki, yaşayış binalarının
qarşısında su təmizləmə
qurğularını quraşdıran özəl şirkətlər
bunun üçün Agentlikdən texniki şərt alır.
Bundan sonra sözügedən aparatlar
quraşdırılır: "Öncə bu özəl
şirkətlər tərəfindən Agentliyə müraciət
olunur. Müvafiq qaydalara uyğun olaraq bu şirkətlərə
texniki şərt verilir. Hesablaşmanın aparılması
üçün sayğac quraşdırılır.
İstifadə olunan suyun dəyəri şirkət tərəfindən
ödənilir. İçməli suyun 1 kubmetri
üçün şirkət tərəfindən 1 manat məbləğində
vəsait ödənilir".
Görünən odur ki, şirkətlər tərəfindən
suyun 1 kubmetri üçün 1 manat ödənildiyi halda,
aparatdakı suyun 1 litri əhaliyə 5-10, hətta bir çox
ərazilərdə 11-13 qəpiyə satılır.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 13 mart (№10).-S.12.