Tarixi köklərimizin canlı ifadəsi
olan lüğət
Son dövrdə Türk birliyi strategiyasının
genişləndirilməsi istiqamətində mədəni-siyasi
baxımdan xeyli məqsədyönlü işlər həyata
keçirilir. Türk Dövlətləri Təşkilatı,
Beynəlxalq Türk Akademiyası, TÜRKSOY kimi təşkilatlar
bu sahədə önəmli rol oynayır. Bu qurumların təşkilatçılığı
ilə ortaq dil, ortaq əlifba, ortaq ədəbiyyat, ortaq tarix və
ortaq mədəniyyətin öyrənilməsi istiqamətində
fəaliyyətlər, tədqiqatlar genişləndirilməyə
başlanıb.
Bu baxımdan qardaş Türkiyədəki
araşdırmalarda Şimal-Şərqi Anadolu, eləcə də
Qafqaz mövzusu aktuallıq qazanıb. Bildiyimiz kimi, Qafqaz
türk dünyasının mərkəzlərindən biri
kimi öz geosiyasi əhəmiyyəti ilə həmişə
böyük önəm kəsb edib. Qafqazın mərkəzi
bölgələrindən birini də tarixən Qars vilayəti
təşkil edib. Bu bölgə qərb türkləri ilə
şərq türkləri arasında körpü rolunu
oynayıb. Ona görə də Qarsın etnogenetik xüsusiyyətləri,
adət-ənənələri, folkloru, şivə xüsusiyyətləri
həmişə elm adamlarının diqqətini cəlb edib.
Qars bölgəsində Cənubi Qafqaz, xüsusilə Azərbaycan
ədəbi-mədəni mühiti hər zaman
özünü aydın hiss etdirib, aparıcı mövqedə
olub.
Məlumdur ki, türk dialekt və şivələri qədim
türk dili, folkloru, mifologiyası, tarixi, etnogenez və
etnoqrafiyasının öyrənilməsində mühüm əhəmiyyət
kəsb edir. Dilçiliyin bu mühüm qolunun, sahəsinin
araşdırılmasına Azərbaycanda keçən əsrin
20-30-cu illərindən, Türkiyədə isə 40-cı illərindən
başlanılmışdır. Türkiyədə dialektoloji
tədqiqatların bir elm şəklini almasında İstanbul
universitetinin professoru, həmyerlimiz professor Əhməd Cəfəroğlunun
mühüm rolu və yeri olub. Onun hələ nəşr
olunmamış araşdırmalarını da nəzərə
alsaq, 15 cilddən artıq dialektologiyaya aid əsərləri
elmi ictimaiyyətin istifadəsinə verilib. Bu
araşdırmaların içərisində Qars vilayətinə
aid dialektoloji materialların da öz yeri vardır. Onu da qeyd edək
ki, Türkiyə Cümhuriyyətinin bir çox vilayətlərinin
dialekt və şivələri geniş şəkildə tədqiq
edilsə də, təəssüf ki, bu fikri Qars və ətrafının
şivələri haqqında söyləmək mümkün
deyil. Ə.Cəfəroğlunun və Ə.B.Ercilasunun bəzi
tədqiqatları xaricində indiyədək Qars şivələri
haqqında kifayət qədər araşdırma
aparılmayıb. Bu baxımdan bu yaxınlarda Bursa şəhərində
"Təkə akademi" nəşriyyatında nəşr
edilən "Kars ve yöresi ağızları
sözlüyü" adlı kitab diqqəti cəlb edir. 660 səhifəlik
bu kitabın müəllifləri əslən qarslı olan
Bursa Uludağ universitetinin professoru Çingiz Alyılmaz və
Trabzon Qaradəniz Texnika universitetinin professoru Bahadır Günəşdir.
Giriş, sözlük və biblioqrafiyadan ibarət olan bu kitab
Qars vilayətinin tarixi, mədəniyyəti və şivələri
haqqında yazılmış ən dəyərli tədqiqat əsərlərindən
biri kimi diqqəti cəlb edir. Kitabdakı təxminən 90 səhifəlik
giriş bölümünün özünü də
Qarsın coğrafi mövqeyi və tarixi və Qars və
yörəsi şivə qruplarının əsas xüsusiyyətləri
kimi yarımbaşlıqlarla iki hissəyə ayırmaq olar.
Müəlliflərin göstərdiyi kimi, dəniz səviyyəsindən
1768 metr hündürlükdə qərar tutan və Türkiyənin
şimal-şərqində yerləşən bu tarixi məkan
Ərzurum, Ardahan, İğdır vilayətləri və Ermənistan
Respublikası ilə həmsərhəddir. Vaxtilə indiki
Ardahan və İğdır vilayətlərinin də daxil
olduğu Qars vilayəti indi 7 rayon (Akyaka, Arpaçay, Diqor,
Susuz, Səlim, Sarıkamış və Kağızman) və
382 kənddən ibarətdir. Tarixi türk yurdu olan Qarsın qədim
tarixi var. Miladdan öncə bu bölgə sakların,
hunların məskəni olmuş, daha sonra Bizans hakimiyyəti
mövcud olmuş, 1080-ci ildən Səlcuq dövlətinin
tabeliyinə keçmiş, 1537-ci ildən Osmanlı dövlətinin
tərkibində olmuş, 1877-1878-ci il Rus-Osmanlı müharibəsi
sonucunda təzminat olaraq çar Rusiyasına verilmiş, bu
işğal 40 il davam etmişdi.
İşğalçıların, onlara arxalanan erməni
vandallarının yerli əhaliyə etdiyi zülmlər o
dövrün söz ustaları tərəfindən təsirli
bir dillə ədəbiyyatda öz əksini taparaq bu günə
qədər gəlib çıxıb. Bütün bunlar
haqqında "Kars və yöresi ağızlarının
sözlüyü" əsərində ətraflı şəkildə
məlumat verilir. Burada o dövrün Qars şəhərinə
aid arxiv sənədlərinin, fotoşəkillərin verilməsi
də diqqəti cəlb edir. Məlumdur ki, I Dünya
müharibəsi zamanı rus qoşunları Osmanlı dövlətinin
böyük ərazisini işğal etmişdi. Ənvər
paşa Qarsı işğaldan azad etmək üçün
hazırlıq görmüş, ancaq bu bölgədə
Sarıqamış faciəsi baş vermiş, türk əsgərləri
əsir alınaraq Bakı yaxınlığındakı
Nargin (Böyük Zirə) adasındakı həbsxanalarda
saxlanılmış, Azərbaycan türkləri onlara əllərindən
gələn köməyi əsirgəməmişdilər.
Müharibə dövründə Bakıdakı xeyriyyə cəmiyyətləri
"Qardaş köməyi" adlı təşkilat yaratmış,
aclıq və səfalətlə üz-üzə
qalmış Anadolu insanına, xüsusilə Qars bölgəsindəki
türklərə yardımlar etmişdilər. Bu
yardımların toplanması və müharibə
qurbanlarına, zərərdidələrə
çatdırılmasında böyük Azərbaycan
şairi Əhməd Cavad da fəal iştirak etmişdi. Bu barədə
də kitabda geniş şəkildə bəhs edilib.
Qars bölgəsinin məskunlaşma tarixi, etnogenetik
proseslər, onun bir müddət rus işğalında
qalması, daha sonra Qafqazdan Azərbaycan türklərinin
köç edib bölgəyə yerləşməsi bu
şivələrin lüğət tərkibində geniş
şəkildə əks olunub. Ona görə də bu şivələrin
leksik-qrammatik xüsusiyyətlərinin lüğət səviyyəsində
araşdırılması türk dillərinin tarixinin, dil əlaqələrinin
tarixinin öyrənilməsi baxımından böyük
önəm kəsb edir. Kitabda "Kars və yöresi
ağız qruplarının əsas xüsusiyyətləri"
bölməsində bölgə şivələrinin Anadolu
şivələri içərisində yerini müəyyən
etməyə təşəbbüs göstərilib, eyni
zamanda Qars və çevrəsində 5 şivə qrupu müəyyən
edilib. Müəlliflər doğru olaraq Qars və yörəsinin
(bu təsnifata Ardahan və İğdır şivələri
də daxil edilmişdir) şivələrini
aşağıdakı qruplara ayırıblar: 1. Qars yerli
şivəsi. 2. Ardahan-Posof yerli şivəsi. 3. Hanak türkmən
şivəsi. 4. Azəri şivəsi. 5. Tərəkəmə
şivəsi.
Kitabda diqqəti cəlb edən məziyyətlərdən
biri ondan ibarətdir ki, burada akademik tədqiqatlar
üçün xarakterik olan elmilik, sistemlilik prinsipləri
yüksək səviyyədə gözlənilib. Bu kitabda, ilk
dəfədir ki, Qars və ətrafının şivələrinin
öyrənilməsi tarixinə geniş şəkildə diqqət
yetirilib. Bu problemə aid kitab və monoqrafiyalar, dissertasiyalar,
elmi məqalələr qruplaşdırılaraq onlar
haqqında müfəssəl məlumat verilib. Kitabda eyni
zamanda Qars şivələrindəki ədəbi dildən fərqli
fonetik vahidləri düzgün şəkildə ifadə etmək
üçün istifadə edilmiş diakritik işarələrin
siyahısı verilib.
Haqqında bəhs etdiyimiz lüğət kitabında
leksik vahidlər maddəbaşı sözlərin əlifba
sırasına görə verilib. Kitabda verilmiş leksik vahidlərin
dil mənsubiyyəti də müəyyən edilərək
göstərilib. Bəzən hətta bu leksik vahidin orijinal
dildə əsl yazılışı, onların morfoloji tərkibi
izah edilib. Omonim sözlər I , II və III rəqəmləri
ilə ifadə edilib. Məsələn, çədənə
I-çətənə, II. zəif, çəlimsiz,
sısqa. Kitabda qənaət prinsipinə əməl edilərək
xüsusən isimlər maddə başı kimi verilib,
ardınca onun derivatları da qeyd edilib. Məsələn, dil
maddə başı sözü. Müəlliflər bu söz
əsasında düzələn frazeoloji birləşmələri
də şivələrindən toplamış, dil maddə
başının altında izahları ilə birlikdə
vermişlər. Bu leksik vahidlə əlaqəli olan dil demək,
dil deyip ağlamaq, dil otu yemək, dil töhmək, dilə
dişə tüşmək, dilə gəlmək, dilə gəti(r)mək,
dili dolaşmaq, dili tutulmaq, dilində tüy bitmək, dilini kəsmək,
dilini bağlamaq, dilinnən qurtulmaq, dilinə vurmaq və s.
ifadələrini misal göstərmək olar. Qulaq leksik vahidinə
aid material da eyni qaydada da lüğətdə öz əksini
tapıb. Məsələn, qulaq asmaq, qulağı
cınqıldamaq, qulağına çatmaq, qulağı səsdə
olmaq və s.
Lüğətdə Qars və ətrafı şivələrində
Azərbaycan türkcəsi ilə səsləşən xeyli
sayda leksik vahidlərə təsadüf edilir. Azərbaycan
dilində işlənən bu leksik vahidlərin bir qismi
alınma sözlərdən ibarətdir. Məs. Farsonka
(sobanı yandırmaq üçün istifadə edilən
truba); qorneş (az. qarniz) - pərdəni hərəkət
etdirən metal və ya plastik əşya; bafat etmək - vəfat
etmək; xozeyin - sahibkar, ağa, patron. Maraqlıdır ki, Qars
və ətrafındakı şivələrdə gözə
çarpan leksik vahidlərin böyük əksəriyyəti
bu gün də Azərbaycan dilinin dialekt və şivələrində
işlənməkdədir. Məsələn, düymə -
döymə (nərddə oyun adı); əpbəy -
çörək; umacax - ummaq; urvat - dəyər, önəm,
etibar; dingiləxoş - uşaq oyununun adı; hənir, hənirti
- səs; hədiy - uşaq ilk diş çıxaranda verilən
buğda yeməyi; xəfə - rütubətli yer; həgər
- əgər; xəkənqaz - xəkəndaz; xıl - topa, dəstə;
xeyləy - çox, xeyli; odax - hodəy (cüt sürmədə
köməkçi oğlan uşağı); oroşdux -
ramazan ayı; öpkə - ağciyər; öedeh - əvədəyə
düşmək - arxası üstə düşmək;
salığ - məlumat, xəbər; dızdız - tez-tez və
çox ağlayan uşaq; dəvəgözü - obsidan, təbii
şüşə; dəsdər - əl dəyirmanı; havar
çəkmək - bağırıb kömək istəmək;
anırı - kənar, yan tərəf; araşqın - qədim
baş geyimi; düdəy - tütək; düyünçə
- kiçik boğça; kirtiy - bir tikə, bir parça;
qıdıx - qidih (keçinin balası). Azərbaycan
türkcəsindən keçmiş sabit söz birləşmələri,
ifadələr də bu şivələrdə gözə
çarpmaqdadır. Məs. Ölüm-itim dünyesi; öyrəncəli
olmaq - adətkərdə olmaq; xeyrə qarşı, sarı
yağ - əridilmiş kərə yağı. Qars şivələrində
Azərbaycan türkçəsindən keçmiş arqo və
jarqon tipli sözlərə də təsadüf edilir:
dıydıx - ağılsız, şıltaq, ərköyün;
heyvərə - pis, kobud, danışqan.
Bu qiymətli tədqiqat əsərində şivələrdə
işlənən, istifadə olunan oyun və rəqs
adları, oyun havalarının, saz havalarının adları
və onların izahı da verilib. Məsələn: sarı
çiçək; sarı yaylığ; sarı
camış; sarı gəlin; sarı qız; sarı köynək;
sala toyu - çalğısız toy; hekari - xalq oyununun
adı; dəvə badağı - uşaq oyununun adı; hel
hel - saz və oyun havalarından birinin adı; Ardahan barı -
bir xalq rəqsinin adı; Ardahan gözəlləməsi - oyun
havasının adı; Araz araz - xalq rəqsinin adı; Araz
qırağı - bir oyun havasının adı; Arap oyunu -
toyda böyüklərin oynadığı rəqsin adı.
Beləliklə, Bursa Uludağ universitetinin professoru
Cengiz Alyılmaz və Trabzon Qaradəniz Texnik universitetinin
professoru Bahadır Günəşin birgə ərsəyə
gətirdikləri "Kars ve yöresi
ağızlarının sözlüyü" kitabı
türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyətinin
tarixi köklərini öyrənmək baxımından
böyük əhəmiyyət kəsb edir və
türkologiyaya layiqli bir töhfədir.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
525-ci qəzet .- 2026.- 9 yanvar(№1).-S.23.