Yaponiya - böyük transformasiyalar
ölkəsi
(Əvvəli 27 dekabr
2025-ci il sayımızda)
ABŞ Yaponiyanın iki şəhərinə atom
bombası atır
ABŞ, Böyük Britaniya və Çin rəhbərlərinin
qəbul etdikləri Potsdam Deklarasiyası yaponlara söz, din,
düşüncə azadlığı və digər
fundamental azadlıqlar vəd etdi. Bundan az sonra, 6 və 9
avqustda (1945-ci il) Hirosimaya və Naqasakiyə amerikanların
atom bombası atması nəticəsində çox sayda insan
tələfatı baş verdi.
Prezident Harri Trumen (Ruzvelt 12 aprel 1945-ci ildə
ölmüşdü) və onun məsləhətçiləri
belə bir razılığa gəldilər ki, Yaponiyanın
paytaxt ərazisinə girəndə amerikan qoşunları
ağır itki verəcəkdir, bunun 1 milyon nəfər
ölçüsündə olacağı
proqnozlaşdırılırdı. Okinavada gedən
döyüşlər amerikanların xeyli itki verməsinə
səbəb olmuş, 12 min nəfər həlak olmuş və
36 min nəfər yaralanmışdı. Tokionu işğal etmək
isə daha qanlı döyüşlərə səbəb
olacaqdı. Ona görə də yeni, 1945-ci ilin iyulunda
sınaqdan keçirilmiş atom bombalarının Hirosimaya və
Naqasakiyə atılması qərarı verildi.
Okinava adasının amerikanlar tərəfindən 23
iyunda bütünlüklə tutulması isə strateji əhəmiyyət
daşıyırdı, adadan havaya qalxan amerikan təyyarələri
yapon şəhərlərini daha intensiv şəkildə
bombalaya biləcəkdi. Okinavadakı döyüşlərdə
yaponlar ağır itkilərə məruz
qalmışdılar, 90 min nəfər yapon həlak olmuş,
7 min nəfər əsir düşmüşdü. Adada gedən
vuruşda amerikan ordusunun komandanı general Bakner artilleriya mərmisi
zərbəsindən həlak olmuşdu, ilk dəfə olaraq,
amerikan generalının döyüşdə itkisi baş
vermişdi. Az sonra Okinavada vəziyyətin
çıxılmaz olduğunu görən yapon
qoşunlarının komandanı, general Usidzima isə seppuku
edərək, özünü intihar etmişdi.
Yaponiya 14 avqustda qeyd-şərtsiz təslim oldu.
İmperator Hirohido qorxudan bununla razılaşmalı olmuş
və xalqa belə təkliflə radio ilə müraciət
etmişdi. O, atom bombardmanın davam edəcəyindən
qorxurdu, amerikanların
planlarından xəbərsiz idi. Atom bombasından istifadə
isə öz vəzifəsini və məqsədini
artıqlaması ilə yerinə yetirmişdi. II Dünya
müharibəsi nəhayət, sona çatdı.
Atom bombardmanı baş verməmişdən əvvəl
də Yaponiya aviasiya hücumlarına qarşı xüsusən
kövrək idi, çünki özünün hərbi-hava
qüvvələri əslində məhv edilmişdi və
onun sıx əhalisi yüngül materiallardan tikilmiş evlərdə
yaşayırdı.
Amerikanların B-29 bombardmançı təyyarələrinin
ağır bombardmanı 1944-cü ilin noyabrında
başlanmışdı. Yapon zavodlarının çoxu
dağıdıldı, paytaxt şəhəri sakinlərinin
beşdə biri məhv edildi. Yapon hökuməti 13 və 60
yaşlar arasında olan bütün adamları "xalq
könüllü korpuslarında" xidmətə səfərbər
etdi.
Atom bombaları nəticəsində baş verən
dağıntı isə ağlasığmaz qaydada idi.
Hirosimada 75 min bina partlayışdan
dağılmışdı. Şəhərin 400 min əhalisindən
140 mini 1945-ci ilin sonunadək ölmüşdü, 1950-ci ilin
sonunda əlavə 50 min adam radiasiya effektindən həlak
olmuşdu. Onlar, əsasən mülki vətəndaşlar
idi. Bombaların bilavasitə atıldığı günlərdə
isə Hirosimada 100 min, Naqasakidə isə 70 min adam
ölmüşdü. İlk
atom bombasını icad edən amerikan alimi Robert Oppenheymer
(1894-1967-ci illər), yeni silah növünün Hirosmaya
atılmasından sonra öz müsahibəsində,
bombanın dəhşətli ölüm saçan gücünü,
qədim hind poeması "Bhavaqati-qita"dakı "Mən
- dünyaları dağıdan ölüməm" kimi məşhur
sözlərlə ifadə etmişdi.
9 avqustda Sovet İttifaqı Yaponiyaya müharibə
elan etdi və Mancuriyanın içərisinə
yürüş etdi. Burada Kvantun ordusu sovet qoşunlarına
olduqca zəif müqavimət göstərdi. Bu vaxt yapon
hökuməti öz şərtləri əsasında təslim
olmağa cəhd göstərdi.
Müttəfiqlər yapon xalqının iradəsinə
hörmətlə yanaşmağa razılıq verdilər,
çünki imperator təslim olmaq barədə təkidlə
təklif edirdi. Sakit okean müharibəsi 14 avqustda sona
çatdı. Rəsmi qeyd-şərtsiz təslim isə 2
sentyabrda Tokio körfəzində, ABŞ-ın
"Missuri" gəmisində imzalandı.
Hərbi ekstremistlər imperatorun 14 avqustda xalqa
müraciətini mümkün edən radio verilişini pozmaq
istədilər. Hərbçilər və millətçilər
arasında çox sayda intihar hadisələri baş verdi,
onlar öz şərəflərinin təhqir edildiyini
düşünürdülər. Axı yaponların tarix boyu
yadellilər tərəfindən məğlub edilməsi
faktı olmamışdı. Lakin imperatorun nüfuzu və
şəxsi iradəsi nəhayət, narazılıqları yatırtdı.
Hökumət istefa verdi və yeni hökumət yarandı.
Yapon hərbi-dəniz donanmasının və hərbi-hava
qüvvələrinin məhv edilməsi ölkə
adamlarına təhlükə törədirdi. Lakin
Yaponiyanın iri ordusu heç də məğlub
edilməmişdi, I Dünya müharibəsinin sonunda
salamat qalmış alman ordusunu xatırladırdı. Və bu
vəziyyət ordunun vuruşmağı davam etdirmək
inadkarlığına təsir göstərməmiş
deyildi. Lakin işğal yapon şəhərlərini viran
qoymuşdu, xalqın həyat qüvvəsi taqətdən
düşmüşdü. Hökumət nüfuza və
hörmətə malik deyildi.
Təhlükəli qida kasadlığı mövcud
idi və nəhəng ölçüdəki inflyasiya milli
möhkəmliyin qorunub saxlanmasına təhlükə törədirdi.
Zaman ciddi dəyişiklik üçün yetişmişdi.
II Dünya müharibəsinin sonunda işğal
edilmiş Yaponiyada siyasət kəskin surətdə müzakirə
edilirdi. Yapon hökuməti demokratik meyllərin saxlanmasına
və möhkəmlənməsinə yönəlmiş
bütün maneələri kənarlaşdırmalı idi. 29
avqustda qəbul edilən sənədə görə, Yaponiya
artıq Birləşmiş Ştatlara təhlükə
törətməyəcəkdi.
Yaponiya özünün demokratik prinsiplərə əsaslanan
hökumətinə malik olacaqdı və Birləşmiş
Ştatlar da buna hər cür dəstək verəcəkdi.
Yaponiya yalnız dörd böyük adadan və bir neçə
kiçik adadan ibarət olacaqdı, orduya malik olmamaqla,
demilitarizasiyanı həyata keçirəcəkdi. Yeni siyasətə
uyğun olaraq, militaristlərin hakimiyyəti və militarizm
siyasi, iqtisadi və sosial həyatı "bütünlüklə
məhv edəcəkdi" və bu dəhşətli mənbə
bütünlüklə rədd edilməli idi. Yapon xalqı, fərdi
azadlıqlara və insan haqlarına hörməti inkişaf
etdirməyə həvəsləndiriləcəkdi. Bu, iqtisadiyyatın
inkişafına da şərait yaradacaqdı, bunları da məhz
dinc dövrün qaydaları tələb edirdi.
General Duqlas Makartur Asiyadakı müttəfiq
qoşunların Baş komandanı adlanırdı. O, Baş
komandan kimi məsləhət və konsultasiya vermək
üçün Tokioda oturmuşdu və dövlətin
bütün işlərinə müdaxilə edirdi. Beləliklə,
işğal, özünün Baş işinin həyata
keçirilməsi yerinə və qərargahına
çevrildi. Makartur siyasətin və siyasətçilərin
başlıca qərarlarının qəbul edilməsinə məsləhətlər
verirdi.
Yaponiya cəmiyyətinin demokratikləşdirilməsi
cəhdləri radikal və həm də ehtiyatlı
olduğuna görə tənqidə məruz qalırdı.
İşğalın ilkin aylarında militarist dövlətin
prinsipial dəstəklənməsi kənarlaşdırıldı.
Silahlı qüvvələr buraxıldı, hökumət
heç də stabil deyildi. Tokioda Beynəlxalq Tribunal
(Nürnberqdə olduğu kimi) general Todzionu və digər
liderləri mühakimə etdi, 7 nəfərə ölüm
hökmü verildi, 16 nəfər isə ömürlük həbs
cəzasına layiq görüldü. İmperator Hirohito isə
mühakiməyə cəlb edilməməklə, cəzadan
uzaqlaşdırıldı, onun isə günahı heç də
başqalarından az deyildi.
Keçmiş müstəmləkələrdən və
Cənubi-Şərqi Asiya ölkələrindən milyonlarla
yapon vətəninə döndü. Müharibə
dövründə qubernatorları və milli polisi təyin edən
ölkə nazirliyi ləğv edildi. Təhsil nazirliyi məcburi
təhsilə nəzarətdən məhrum edildi.
Müharibədən sonrakı Yaponiya sərt
qışdan salamat çıxmış və daha da möhkəmlənmiş
ağacı xatırladırdı. Bu ağac gövdəsindəki
yaşadığı illəri bildirən haşiyələr
içərisində, sərt qışı ilə
seçilən ilin dövrəsi, bunun nişanəsi kimi adətən
daha qatı olur. Yaponiyanın timsalında sərt qış
başqalarından fərqlənməklə, dörd il
ardıcıl davam etmişdi. Ölkə taqətdən
düşmüş, böyük bədbəxtlik dənizində
üzməli olmuşdu. Onun bədəni ağır xəstəliklərə
məruz qalsa da, lakin mənəvi gücü
sarsılmamış, əksinə, daha da möhkəmlənmişdi.
Bu möhkəmlik hesabına, müharibənin ağır nəticələrini
qısa müddətdə ləğv edə bilmiş və
sağlamlığını tam bərpa etmişdi.
Amerikan komissiyası yapon vətəndaşlarına
konseptual islahatlar barədə məlumat verirdi. Dörd ay ərzində
hökumət komitəsi Meydzi Konstitusiyasını təftiş
etdi. Makartur hökuməti bu sahədəki hərəkətlər
üçün sonrakı yeni layihələri
hazırladı. Müqavimətə baxmayaraq, imperator
onları bəyəndi və müharibədən sonrakı
ildə düzəlişlər aparmaq üçün
parlamentə verdi. Konstitusiya yavaş-yavaş dəyişikliyə
uğrayırdı və 1947-ci ildə öz səmərəsini
göstərdi.
Yaponiya demokratik dövlətə çevrilir
Yaponiya 3 fevral 1946-cı ildə yeni konstitusiya aldı,
onun əsas müddəası Yaponiyanın mütləq
monarxiyadan konstitusion dövlətə çevrilməsi idi.
İmperator Hirohito özü 1 yanvar 1946-cı ildəki yeni il
çıxışında, amerikanların təzyiqi
altında yapon monarxının ilahı mənşəyi barədəki
tezisi rədd etdi. İmperator "dövlətin və
xalqın birliyinin simvolu" elan edildi; "onun vəziyyəti
xalqın iradəsindən asılı olacaqdı. Xalq isə
suveren hakimiyyətin daşıyıcısıdır".
Yaponların çoxu üçün bu, əsrlər ərzindəki
qaydanın məhvi demək idi, çünki orada dövlət,
din və cəmiyyət bölünməz vahid kimi təsəvvür
olunurdu. Bir andaca, dünyanın mənzərəsi dəyişdi.
Bu, həyatın mənasını itirməyə bərabər
idi, ona görə də Yaponiyada intiharlar seriyası baş
verdi.
Konstitusiya, hüquqlar barədə 31 maddədən
ibarət idi və 9 maddə müharibəni "millətin
suveren hüququ" elan etdi və bildirdi ki, "quru, dəniz
və hərbi-hava qüvvələri, müharibə
potensialı kimi heç vaxt dəstəklənməyəcəkdir".
İmperatorun "dövlətin və xalqın birliyinin
simvolu kimi, xalqın iradəsi ilə bu mövqeyə yiyələnməsinə
görə suveren hakimiyyətə sahib olması" ifadə
olundu. Bir az əvvəl isə, 1 yanvar 1946-cı ildə
imperatorun ilahiliyi iddiası ləğv edilmişdi.
Konstitusiya iki palatalı parlamentin
yaradılmasını təsdiq etdi. Nümayəndələr
Palatası ən yüksək hakimiyyətə malik
olacaqdı. İngiltərədən
götürülmüş köhnə perlik statusu ləğv
edildi. O, məsləhətçilər palatası ilə əvəz
edildi. Onun üzvləri də yalnız 6 illik bir müddətdə
xidmət edəcəkdi.
Sülh müqaviləsi 1952-ci ildə səmərə
verməyə başladı, siyasi nümunələrin elementləri
artıq dəyişdirilmişdi. Mərkəzləşmənin
zəifləməsi bəzi sahələrdə baha başa gəlirdi
və səmərəsizliyini göstərirdi. Silahlı
qüvvələr sonralar Özünümüdafiə
qüvvələri adını aldı, 1972-ci ildə onun tərkibi
artıq 250 min nəfərdən ibarət idi.
1947-ci il Konstitusiyasının təməl prinsipləri
yapon siyasətçilərinin bütün fraksiyaları
arasında dəstəkləndi. İcra hakimiyyəti yeni
institutların başlıca aktoru rolunu oynayırdı. Məsuliyyət
daşıyan liderlik tədricən əvvəlki dövrlərin
imperial hakimiyyətinin ambivalent iddiaları ilə əvəz
olundu.
İşğal, kənd təsərrüfatında da
torpaq islahatına yol açdı, əvvəlki icarəçilər
torpağa sahib olan fermerlərə çevrildilər. İcarəçilik
əsasən I Dünya müharibəsindən sonra
artmışdı, lakin səmərəli olmadığını
göstərmişdi. Kəndli oğlanları, silahlı
qüvvələrdə xidmətə görə
aldıqları maaşın müəyyən hissəsini evlərinə
göndərməli olurdular.
Biznesdə ABŞ-ın reinkarnasiya missiyası
planları sənaye bölməsində müsbət dəyişikliklərə
səbəb oldu. Asiyanın hər yerindəki
qarışıqlıqlar və müharibədən
sonrakı Yaponiyada olan iqtisadi böhran belə hərəkətlərə
müdrikcəsinə hörmət bəsləməyi tələb
edirdi. Yeni qanunvericilik həm də halal ticarət aparmağa həvəs
yaradırdı və inhisar nümunələrinin geri dönməsinə
imkan verirdi. İri banklar dağılmışdı və
onlar, işğaldan sonrakı barışıq tədbirlərinin
mərkəzi rolunu oynamalı idi.
İqtisadi hakimiyyətin tarazlığı, həmçinin
güclü və cəsarətli həmkarlar hərəkatının
yaranmasına təsir göstərdi. Ölkə və maddi
rifah nazirlikləri ləğv edildikdən sonra, 1947-ci ildə
yeni Əmək Nazirliyi yarandı. İşğalın ilk
aylarında bütün siyasi dustaqların azad edilməsi,
Yaponiya Kommunist Partiyası özəyinin yaranmasına səbəb
oldu.
Müharibədən sonrakı erada sosial qanunvericilik
öz enerjisini göstərdi.
Mülki məcəlləyə görə, ailənin
kişi cinsindən olan başçısına bir sıra
qanuni köməkliklər göstərilirdi. Yeni qaydanın
simvolu kimi taxt-tac şahzadəsi Akihito ilə adi təbəqədən
olan qızın matrimonial izdivacı da baş verdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2026.- 9 yanvar(№1).-S.22.