Əyalət şəhərində
spagetti əhvalatı
"İnsan mənzərələri"
silsiləsindən
Uzaq əyalət şəhəri son vaxtlar sevindirici
bir xəbərin havasında nəfəs alırdı - guya
bir italyan şirkəti gəlib bu kiçik şəhərdə
böyük bir spagetti fabriki tikəcək, işçilərə
də yüksək - Avropa səviyyəsində maaşlar verəcəkdi.
Bu xəbəri kim eşidib yaymışdı - bilən
yox idi. Amma xəbər elə sürətlə
yayılmışdı ki, elə bil küləyin
qanadlarında evlərin pəncərələrindən, sonra
da orada yaşayanların qulaqlarından keçib beyninlərinə
mıxlanmış və həyatlarını
çalxalayıb olan-qalan rahatlıqlarını əllərindən
almışdı. Çünki çox yerdə olduğu
kimi, bu şəhərin də qayğıları, problemləri
başından aşıb daşırdı. Dünya sürətlə
dəyişir, şəhər isə heç cür bu
sürətə
uyğunlaşa, özünü tarazlaya bilmirdi. Sovet
dönəmində camaatın çörək ağacı
olan zavod, fabrik və kombinatlar öz ömürlərini
başa vurub çökmüşdülər. Yenilərinin
isə hələ izi-tozu görünmürdü.
İşsiz-gücsüz qalan sakinlərin bəziləri
qazanc dalınca mərkəzə, bəziləri isə daha
uzaqlara getmişdilər. Küçələrində
adamların sayı azalan şəhər elə bil insan kimi
depressiyaya düşmüşdü. Mağazalarda, bazarda
satıcıların sayı alıcılardan çox idi.
Yalnız sayı get-gedə çoxalan apteklərin işi xod
gedirdi. Bir vaxtlar uşaqların səs küy sala-sala
oynadığı küçələr, hər axşam
adamlarla dolu olan parklar indi səssizlik, durğunluq içində darıxa-darıxa
qalmışdı. Müştəriləri əskik olmayan
çayxanalardan gələn gülüş, o
çayxanalarda qocalı-cavanlı kişilərin nərd,
domino oynaya-oynaya şaqqıldatdıqları daşların səsi
adamların sevincindən çox, ağrısından xəbər
verirdi.
Kərimovlar ailəsi bu xəbəri əvvəlcə
çox sakit, hətta bir az ironiya ilə
qarşılamışdı. "Vardı hər
yarağımız, çatmırdı saqqal
darağımız, hər şeyimiz yerli-yerindəydi, bircə
italyan spagettimiz əksik idi". Şam eləyəndə
Qasım kişinin dediyi bu sözlərə arvadı Güldəstədən
başqa, hamı gülmüşdü. Güldəstə
spagettinin nə olduğunu bilmirdi, Oğlu Fərid, gəlini Həbibə
başa saldılar ki, spagetti italyan makaronudur, intəhası
bizim işlətdiyimiz dədə-baba makaronlar kimi gödək
yox, ondan yalan olmasın beş-altı dəfə uzundur.
Güldəstə arvadın verdiyi "Bəs onu necə
bişirir, necə yeyirlər?" sualının izahı isə
xeyli vaxt aparmışdı.
Yaxşı deyiblər ki, xəbər xəbər gətirər.
Bir az sonra şəhərdə tikiləcək fabrikə indidən
işçi yığılması barədə şayiələr
dolaşmağa başladı. Deyilənə görə, bu
iş vaxtilə şəhər məşğulluq idarəsinin
rəisi olmuş Xıdır müəlimə
tapşırılmışdı, o da müraciət edənlərin
ixtisasını, təcrübəsini, stajını nəzərə
alıb siyahı tuturdu. Kərimovlar ailəsinin rahatlığı da məhz bundan
sonra pozulmağa başladı.
Bir axşam yenə də şam yeməyindən sonra
çay süfrəsi arxasında necə oldusa söhbət
fabrik məsələsinin üstünə gəldi və
Güldəstə arvad ərinə dedi ki, bəlkə o da
gedib adını siyahıya yazdırsın.
Qasım kişi çayına limon salıb
qarışdıra-qarışdıra dedi:
- Bu haqda fikirləşməmişəm. Həm də
mənim yaşım keçib, ay Güldəstə.
- Nə olsun? Gör neçə il stajın, təcrübən
var.
Qasım kişi nə isə demək istədi, amma
oğlu onu qabaqladı;
- Nə təcrübə ay ana? Ora mənim kimi cavan,
enerjili adamlar lazımdır. Ata isə yaşlaşıb,
üstəlik, sovet
adamıdır, əqidəli kommunist olub. Ondan kapitalist fabrikinə
işçi çıxmaz. Neçə il əvvəl ət,
sonra da yağ kombinatlarında baş mühasib işlədi,
amma ömrü boyu yağı da, əti də bazardan,
dükandan aldıq.
- Bəs hardan almalı idik ki? - Qasım kişi
soruşdu.
- Necə yəni hardan? Heç ət kombinatında
işləyən adam da ət üçün bazara gedər?
Hər axşam işçilər çantalarında, nə
bilim, köynəklərinin altında kilo-kilo ət, kolbasa,
yağ, süd daşıyıblar evlərinə. Amma sən əqidəli
kommunist kimi təmiz ad uğrunda çarpışmısan.
- Kəs səsini, - Qasım kişi hirslə əlini
masaya çırpdı. - Mən kommunist kimi yox, adi, sıravi
bir insan kimi təmiz yaşamışam və buna görə
peşman da deyiləm. Mənim hamının, o cümlədən
ailəmin qarşısında vicdanım təmizdir. Heç
vaxt dilimə haram tikə dəyməyib.
- İndi vicdan təmizliyinə baxan kimdir, ay ata?
İndi başqa zəmanədir ey...
Bir müddət heç kim danışmadı. Qəfildən
Fəridin arvadı Həbibə heç kimin gözləmədiyi
halda dilləndi:
- Əslində o fabrik kişilərin yox,
qadınların işləməsi üçün
açılır.
Hamı başını döndərib təəccüblə
ona baxdı.
- Niyə ki? Kişilər adam deyil? - əri
soruşdu.
- Əvvələ ona görə ki, spagetdir, makarondur,
nədir, onu hazırlamaq kişi yox, arvad işidir. İkincisi
də heç televizora baxmırsınız? İndi hər
yerdə gender bərabərliyindən danışırlar. Tem
bole, Avropada geniş vüsət alıb bu hərəkat. Mən
biləni, İtaliya da Avropa ölkəsidir.
- Sən sus, yuyulmamış çömçə
kimi özünü ortaya atma - əri hirslə onun
sözünü kəsdi. - Yoxsa sənin də könlündən
orada işləmək keçir?
- Niyə də keçməsin? Pulu pul, hörməti
də hörmət...
- Dedim ki, mumla. - əri səsini qaldırdı. -
Özüm girəcəm orda işə. Özü də
babat bir vəzifəyə. Bu ailəni də bax belə
saxlayacam, - deyib baş barmağını yuxarı
qaldıraraq "əla" işarəsi göstərdi.
- Allah kimin qismətinə yazıbsa, o da işləyəcək
- deyə Güldəstə arvad yaranmış gərginliyi
azaldıb söhbətə nöqtə qoydu.
lll
İki gün sonra Qasım kişi pensiyasını
çıxarmaq üçün bankomata gedəndə yolun
sağ tərəfində - məşğulluq idarəsinin
yerləşdiyi binanın qarşısına xeyli adam
yığıldığını gördü. Bildi ki,
fabrikdə işə düzəlmək üçün
adını siyahıya saldırmaq istəyənlərdir.
Qadınlı-kişili xırda dəstələrə
bölünüb əl-qol hərəkətləri ilə nəyisə
müzakirə edirdilər. Elə bil binanın hələ
bağlı olan giriş qapısı bu adamlar
üçün böyük bir ümid yolu idi və onların
hər biri bu qapını açlb içəri daxil olmaq
üçün tələsir, axıra qalmaqdan,
şansını əldən buraxmaqdan qorxurdu.
Başını bulayıb keçmək istəyəndə
qəfildən adamların içində Həbibəni
gördü. "O burada nə edir" - deyə
öz-özündən soruşdu. - "Axı səhər
işə getdi".
Həbibə uşaq bağçasında tərbiyəçi
müəllim işləyirdi və onun işini buraxıb
heç kimə demədən bura gəlməsi Qasım
kişini təəccübləndirdi. Ümumiyyətlə, bu
fabrik söhbəti ortaya çıxandan sonra gəlininin
davranışı Qasım kişinin xoşuna gəlmirdi. Bəlkə
də evdəkilər hiss eləmirdi, amma təbiətən
çox həssas olan Qasım kişi görürdü ki, gəlini
özünü içində nəyi isə götür-qoy
edən, hansısa gizli bir plan quran hiyləgər uşaq kimi
aparır. Elə bil vacib nə barədəsə fikirləşir,
amma son qərara gələ bilmirdi.
Qasım kişi yolun o biri tərəfinə
keçib adamlara yaxınlaşdı. İstəyirdi
başının işarəsi, baxışları ilə gəlininə
başa salsın ki, burdan getməyi
məsləhətdir. Amma deyəsən, Həbibə onu
görmüş və ehtiyatlı tərpənərək
adamların arasında gizlənmişdi - Qasım kişi onu
tapa bilmədi.
Axşam şay süfrəsi arxasında gördü
ki, oğlunun halı özündə deyil: rəngi
qaralmış, dodaqları əsirdi. "Bəlkə də
arvadının ora getməsindən xəbər tutub, ona
görə də belə əsəbiləşib" -
Qasım kişi fikirləşdi. Amma sən demə,
oğlunun dərdi başqa dərd imiş.
- Ata, bu gün səni orda görüblər. Xeyir
idimi? - axır ki, oğlunun səsi çıxdı.
"Ora" - məşğulluq idarəsinin bu şəhərdə
bəlkə də hamının əzbər bildiyi yeni adı
idi.
Oğlunun səsindəku yad ton - elə bil
atasını sorğu-suala çəkirdi - Qasım
kişinin xoşuna gəlmədi.
- Başa düşmədim, yoxsa harasa gedəndə səndən
icazə almalıyam?
- Əgər işə girmək üçün
getmişdinsə, xahiş edirəm, bu fikirdən əl
çək, mənim yolumun üstünə
çıxıb işimə pəl vurma. Qoca kişisən,
otur televizoruna bax.
Qasım kişi son illərdə heç nəyə
bu qədər təəccüblənməmişdi. Bu
andıra qalmış fabrik əhvəlatı oğlunu bu dərəcədəmi
dəyişdirmişdi?
- Bura bax, oğul, gəl açıq danışaq. -
Qasım kişi səbirlə, asta-asta dedi. - Mənim ora
işə girmək fikrim yoxdur. Amma bilmək istəyirəm: əgər
girmək istəsəm, lap tutaq ki, orda işə düzəlsəm,
bu, sənin planlarına nədə mane olur ki?
Oğlu başını aşağı salıb bir
müddət dinmədi. Hiss olunurdu ki, ürəyində nəyisə
götür-qoy edir, deyəcəklərini əvvəlcədən
nizanma salır. Nəhayət, çayından bir qurtum
içib başını qaldırdı
- Bilirsən, ay ata, orda mənə hazır məhsulların
saxlandığı anbarların müdiri vəzifəsini
boyun olublar. Səni isə ora ancaq baş mühasib
götürə bilərlər. Əgər bunlar eyni vaxtda
baş tutsa, birgə işimiz alınmayacaq...
- Başa sala bilərsən niyə? - Qasım kişi
təəccüb qarışıq maraqla soruşdu.
- Ona görə ki, sən çox təmiz adamsan.
Orada nəinki günlük, aylıq, hətta yerə
düşən bircə ədəd makarondur, spagettidir nədir,
onun da haqq-hesabını aparacaqsan.
Qasım kişinin dodaqlarına acı bir təbəssüm
qondu. Başa düşdü ki, təmizliyin necə
yaxşı bir şey olması barədə oğluna deyəcəyi
sözlər daşa dəyib geri qayıdacaq. Ona görə də
bəlkə də heç kimin gözləmədiyi sözləri
dedi:
- Bilirsən, Fərid, bax elə buna görə də
günü sabahdan sənədlərimi-filanı
götürüb gedəcəm ora.
Oğlu qıpqırmızı qızardı. Həbibənin
isə nəyə görəsə rəngi qaçdı.
Üzündə razılıq, məmnunluq ifadəsi olan
yalnız Güldəstə arvad idi. Özünü itirən
Fərid əlindəki qəndi qəndqablna atıb nə isə
demək istəyirdi ki, Həbibə səsi gəldi:
- Bax, elə belə konfliktlərə görə ora
dediyim kimi, qadınların yeridir də. Qadınlar bir-birləri
ilə tez dil tapırlar. Ümumiyyətlə, Avropada
qadınlara böyük üstünlük verilir. Bəlkə
elə buna görə orda kişilər pul qoyub özlərini
qadına döndərirlər.
Əri başını döndərib qəzəblə
soruşdu:
- Sən bunu hardan bilirsən!?
- Hardan biləcəm? Televizordan. O gün olimpiadada
sonradan özünü qadın elətdirmiş kişi
qadın rəqibini az qala döyüb öldürmədi?
Söhbətin gəlib bu yerə çatması
dilxorçuluğu, gərginliyi daha da artırdı. Qasım
kişi arvadının üzünə baxıb
başını buladı. Fəridinsə ürəyindən
keçdi ki, arvadının üzünə yüngül bir
şillə çəkib desin: "Axmaq qadın,
danışmağa başına söz qəhətdir?"
Amma bunu eləməyə cəsarəti
çatmadı.
Yaranmış gərginliyi yenə də Güldəstə
arvad yumşaltdı:
-Yaxşı, qurtarın, siz Allah. Axşamın
xeyirindənsə, gündüzün şəri
yaxşıdır.
lll
Ertəsi gün nahar yeməyindən sonra Güldəstə
arvadla Fərid servantın daxıllarını qurdalamağa,
nə isə axtarmağa başladılar. Hərəkətlərindən,
üzlərinin ifadələrindən hiss olunurdu ki,
axtardıqlarını tapa bilmədiklərinə görə
dilxordurlar.
- O gün özüm əllərimlə bura qoydum
axı. Hara yoxa çıxdılar iki günün içində?
Qonşu otaqdan Qasım kişinin səsi gəldi:
- Nə axtarırsan belə?
- Sənin diplomunla əmək kitabçanı.
İki gün əvvəl öz əllərimlə gətirib
bura qoymuşdum həmişəki kimi.
Atası cavab verməmiş Fərid də
açıldı:
- Elə mənim də texnikum diplomum və şəxsiyyət
vəsiqəm yoxa çıxıb...
- Bəlkə başqa yerə qoymusunuz - içəri
girən Qasım kişi dedi.
- Yox, əşi, yaxşı yadımdadır, öz əllərimlə
bura qoymuşdum - Güldəstə arvad əlindəki
kağız-kuğuzu daxıla atıb cavab verdi.
Fərid hirsindən dodaqlarını gəmirə-gəmirə
çıxıb harasa getdi. Güldəstə arvad isə
"Kişi haqlıdır" - deyə fikirləşdi və
yadına düşdü ki, bu gün döşəkağılarını,
balışüzlərini yumağı planlaşdırıb.
Öz yataq otaqlarına keçdi və yarım dəqiqədən
sonra ordan gələn səs Qasım kişinini diksindirdi:
- Boy, başıma xeyir!
Səsdəki qeyri-adi təəccüb ifadəsi sanki
maqnit kimi Qasım kişini çəkib otağa saldı
- Nə olub, ay arvad?
Amma Güldəstənin izahat verməsinə ehtiyac
qalmadı - arvadı onun yatdığı
çarpayıdakı döşəyin bir ucunu
qatlamışdı və özünün də, oğlunun
da itən sənədləri həmin döşəyin
altında idi.
Güldəstə arvad bilmirdi nə desin. Gücü
ona çatdı ki arvad xeylaqlarlnın belə məqamlarda
dediklərini təkrarlasın:
- Vallah, cin-şeytan işidir bu.
Amma Qasım kişi bilirdi ki, bu, cin, şeytan işi
deyil və son günlər bu evdə baş verənləri
yadına salıb kimin işi olduğunu da asanca tapdı.
Qəfildən küçə qapısı
açılıb dərhal da tappıltı ilə
örtüldü. Heç on saniyə keçməmiş
oğlu özünü hövlnak içəri saldı və
tövşüyə-tövşüyə dedi:
- Fabrik-zad getdi işinin dalınca. İndi də xəbər
gəldi ki, italyanlar fikirlərini dəyişiblər. Deyiblər
ki, buranın camaatı ucuz makaronu qoyub bahalı spagetti
almaz. Gediblər daha sərfəli
yer axtarmağa. - Sonra nəfəsini dərib yazıq-yazıq
əlavə elədi - Heyif, dünən bankdan iki min kredit
götürmüşdüm. Gedim qaytarım.
Qasım kişi pəncərəyə yanaşdı
və həyətə baxa-baxa fikirləşdi ki, hərdən
illüziyalar, yalanlar, aldanışlar da nəyinsə xeyrinə
olur. Ən azından dünənə qədər
bağlı olan qapıları açır. Lap bu spagetti əhvalatı
kimi.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2026.- 9 yanvar(№1).-S.21.