Rafael Hüseynovla "Axşam
görüşləri"
Azərbaycan milli radiosu şərəfli
ömrünün 100-cü ilinə çatdı və uzun
illərdən bəri davam edən ardıcıl
araşdırmalarımdan müxtəlif dövrləriylə
bu tarix də, bu tarixi yaradanlar da mənə yaxşı məlumdur.
Həqiqətən iftixar edilməyə layiq olan bu
şanlı efir keçmişimiz hər şeydən əvvəl
milli mətbuat salnaməmizdə ayrı-ayrı məşhur
qəzet və jurnallarla bir cərgədə həmişəlik
qalan qiymətli verilişlər deməkdir.
Azərbaycan radiosunun, bütövlükdə ölkənin
efir məkanının əlamətdar hadisəsi kimi
xüsusi diqqətə layiq olan "Axşam görüşləri"
verilişinin bu baxımdan yeri və əhəmiyyəti
çox yüksəkdir. Bu verilişi müstəsnalaşdıran
digər vacib cəhətsə bundan ibarətdir ki, artıq
51-ci ildir ki, hər bazar günü 1 saat həcmində efirə
çıxan həmin verilişin bütün bu müddət
ərzində müəllifi və aparıcısı bir nəfər
olub. Bu, yalnız Azərbaycan radio-televiziya məkanı
üçün deyil, bütövlükdə dünya efiri
üçün də nadir hadisədir.
Əlbəttə, bizdə də, xarici ölkələrin
radio və televiziyalarında da uzunömürlü verilişlər
olub və var. Ancaq adətən o uzunömürlü
verilişləri müxtəlif müəlliflər, yaxud
müəlliflər dəstəsi hazırlayır və
vaxtaşırı onlar dəyişirlər. Lakin
"Axşam görüşləri" Rafael Hüseynovun dəyişməz
müəllifliyi və aparıcılığı ilə
yarım əsrdir ki, səslənir və artıq
ömrünün ikinci yarım əsrini də başladı.
Hər evdə radioqəbuledicilərin olduğu 1960,
1970, 1980-ci illərdə indi televiziyanın, internet şəbəkəsinin
ömrümüzü dolduraraq radionu nisbətən arxa
sıraya çəkdiyi çağlara nisbətən bu
"sehrli səslər qutusunun" daimi dinləyiciləri lap
çox idi. Ancaq mənə bu da məlumdur ki, bütün Azərbaycan
boyu "Axşam görüşləri"nin köhnə və
sabit, həm də sadiq dinləyiciləri bu gün də bəs
deyincədir və elə mən özüm onlardan biriyəm.
Həm də bəlkə də mən o azlardanam ki,
1975-1976-cı illərdən, elə indiki mahnı müqəddiməsi
ilə başlansa da, o vaxtlar "Axşamınız
xeyir". İstirahət konserti kimi təqdim edildiyi
çağlardan bu verilişi dinləyirəm, ən
axırıncı qulaq asdığım
buraxılışı da 2026-cı il yanvarın 4-də bazar
gününə təsadüf edib.
Bu baxımdan, ən stajlı "Axşam
görüşləri" dinləyicilərindən biri kimi,
həm də mətbaut tədqiqatçısı olaraq mənim
Azərbaycan və tam cəsarətlə deyərdim ki,
dünya efirinin bu unikal hadisəsi haqda söz demək səlahiyyətim
və eləcə də müəyyən qədər borcum
var.
Rafael Hüseynov bu verilişi hazırlamağa
başlayanda Bakı Dövlət Universiteti Şərqşünaslıq
fakültəsinin tələbəsi idi, indi isə akademikdir və
bir sıra yüksək vəzifələr tutur. Ancaq buna
baxmayaraq, 50, 40, 30 il əvvəlki həvəs və enerji ilə,
həm də vaxt ötdükcə artan yüksək peşəkarlıqla
"Axşam görüşləri"ni davam etdirməkdədir.
Bu qibtəediləsi uzunömürlülük və sədaqət
həm dərin ehtiram duyğusu oyadır.
Rafael Hüseynovun o vaxtlar Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində
oxumasını ona görə ayrıca vurğulayıram ki, həmin
dövrdə mən özüm də tələbə idim və
Universitetin jurnalistika fakültəsində dərs
alırdım. O vaxtlar Universitet tək idi, digər ali məktəblərimniz
"institut" adlanırdı və baş təhsil
ocağımız indi qərar tutduğu yeni binaya
köçərək fəaliyyət göstərirdi.
Yalnız Şərqşünaslıq, jurnalistika və hüquq
fakültələri hələ ovaxtkı Kommunist, indiki
İstiqlaliyyət küçəsində qalmaqda idi. Gələcəyin
jurnalistləri və şərqşünasları hər
gün eyni dəhlizlərdən keçirdik, eyni auditoriyalarda
mühazirələr dinləyirdik, təbii ki, əksərimiz
həm bir-birimizi tanıyırdıq, qarşlıqlı
olaraq bir-birimizin ilk uğurlarından xəbərdar idik.
Rafael Hüseynov artıq 1974-cü ildən dövri mətbuatda
ardıcıl çıxış etməklə
yanaşı, o çağlar yeganə olan Azərbaycan
radiosunda verilişlər hazırlamağa və
televiziyanın "Gənclik" redaksiyası xətti ilə
də "Yaşıdlarımız", "Biz romantiklərik",
"Yeddinci qitə", ardınca isə "Necəsən,
gənc dost" verilişlərinə aparıcılıq etməyə
başalmışdı. 1975-ci ildən isə o,
"Axşamınız xeyir"i artıq hər həftə
hazırlamağa başladı və tezliklə həmin
proqramın adını da mahnı başlığına
uyğun olaraq dəyişərək "Axşam
görüşləri" etdi. Ancaq dəyişən
yalnız ad yox, həm də məzmun, istiqamət, konsepsiya
idi. "Axşam görüşləri" sadəcə
istirahət konserti olmaq çərçivəsindən
çıxaraq mədəniyyətimizi tədqiq və təbliğ
edən sanballı bir verilişə çevrildi.
Rafael Hüseynovun elə həmin 1970-ci illərin
ortalarından - tələbəlik dövründən etibarən
hansı şövq və əhatəliliklə
çalışmasının, "Axşam görüşləri"nin
hər buraxılışını hansı ciddi
axtarışların bəhrəsi olaraq ortaya
çıxarmasına bir şahidliyimi də yada salmaq istəyirəm.
Jurnalistika fakültəsinin tələbələri
olaraq təbii ki, biz də, həm radio-televiziya ilə əməkdaşlıq
edir, həm də qəzetlərə məqalələr
yazırdıq. Ancaq tez-tez indi də təbəssümlə
xatırladığımız bir mənzərə ilə
qarşılaşırdıq. Hansısa görkəmli mədəniyyət
xadimi, müğənni, ifaçı ilə
görüşüb müsahibə alanda, onlardan fotolar, sənədlər
istəyəndə deyirdilər ki, sənəd nə gəzir,
sizdən əvvəl Rafael gəlmişdi, hamısını
yığıb apardı.
O vaxtdan onillər keçib, Rafael Hüseynov əksəri
artıq çoxdan həyatda olmayan həmin köhnə
müsahiblərini indi də unutmur, onlar haqqında yenə
verilişlər hazırlayır, dəyərli yazılar qələmə
alır və araşdırma məqalələrinin,
verilişlərinin hər birində bir zaman
topladığı o sənədlər, fotolar
görünür. Demək, zamanında çox düzgün,
uzaqgörən hərəkət edibmiş, bu sənədləri
yığaraq mədəniyyət tariximiz üçün
hifz edirmiş. Çünki buna da şahidəm ki, o qəbil
şəxsi arxivlərin çoxu elə həmin arxiv sahiblərinin
yetərincə diqqətli olmamaları üzündən arxada
qalan illərdə itib-batıb - nə o sənətkarlar zamanında
sənədlərini, əlyazmalarını dövlət
arxivlərinə təqdim edib, nə də onların
gedişindən sonra ailələri bu irsə lazımınca
həssaslıqla yanaşıb.
Rafael Hüseynovsa bütün bu irsə milli sərvət
kimi yanaşaraq onları qoruyub, yaşadıb, bütün
başqa fəaliyyətləri öz yerində, elə
"Axşam görüşləri"nin yarım əsrlik
yolu boyunca hazırladığı 2500-dən artıq
verilişlə misilsiz bir səs xəzinəsi yaradıb.
"Axşam görüşləri"ndəki 50 ili
müddətində Rafael Hüseynovun efir mədəniyyətimizə
gətirdiyi bir sıra mühüm yeniliklər və hər
biri də öz vaxtına görə vacib irəliləyişlər
olan məsələlər haqqında fikir bölüşməyin
yeri var.
"Axşam görüşləri"nin sistemli
şəkildə səslənməyə və tərdicən
sabit dinləyici auditoriyası qazanmağa
başladığı 1970-ci illərin ikinci yarısı da,
1980-ci illər də mətbuatımızda senzuranın tətbiq
edildiyi dövr idi. Həm də
elə o illərdən mətbuatın içərisində
olan şəxs kimi mənə də, həmin dövr kütləvi
informasiya vasitələrinin işindən məlumatlı
olanlara da yaxşı bəllidir ki, redaktor nəzarəti
çap mətbuatına nisbətən radio-televiziyada həmişə
daha sərt idi. Bəzən elə olurdu ki, qəzetdə-jurnalda
hansısa fikri, hətta ifadəni işlədə bilsən və
buna senzorlar qulp qoymasa da, radio və televiziyada eyni şeyləri
tərəddüdsüz qayçılayırdılar. Ona
görə də adətən radio və televiziya verilişləri
müəllifləri də hər cür senzor və
redaktorlardan əvvəl elə özləri də özlərinin
mühafizəkar redaktorlarına dönürdülər. O
dövrdə bir ənənə idi ki, radioda ya televiziyada
çıxış edənlər mətni kağızdan
oxuyardılar və həmin mətnlərin hamısı irəlicədən
rəsmən təsdiqlənərdi. Odur ki, üzündən
oxunan mətnlərdəki sünilik radioda da, televiziyada da dərhal
hiss olunardı. Rafael Hüseynovun "Axşam
görüşləri"nə və radio məkanına gətirdiyi
və ardıcıl davam etdirdiyi ilk uğurlu işlərdən
biri müsahibə mədəniyyəti oldu. O, studiyaya dəvət
etdiyi, ya ağır reportyoru çiyninə alaraq
ünvan-ünvan dolaşaraq mənzillərində
görüşərək müsahibələrini
yazdığı sənətkarların və tarixi şəxsiyyətlərin
elə səmimi həmsöhbətinə çevrilirdi ki,
onlar ürəklərini açırdılar, başqa vaxt səhnədən,
mikrofon ya kamera qarşısından söyləmədiklərini
dilə gətirirdilər.
Rafael formatı dəyişmişdi - mətni üzdən
oxutdurmaq əvəzinə müsahibəni alandan sonra artıq
senzordan keçirilməli, redaktorların imzalayıb təsdiq
etməli olduğu mətni hazırlayırdı. Ona görə
də çox zaman efirə gedən mətnlə
kağızda təsdiqlənmiş mətn arasında ciddi fərqlər
olurdu. Bu isə aşkarlanarkən hər dəfə
narazılıqlar da doğururdu və Rafael Hüseynovun 1970-ci
illərdə, yolunun əvvəlində dəfələrlə
buna görə başının ağrımasından da xəbərimiz
vardı.
"Axşam görüşləri"nə dəvət
edilən qonaqlarla söhbətlərin necə
aparılmasından da mühüm olan cəhət Rafael
Hüseynovun kimləri seçməsi idi.
Rafael Hüseynovun üz tutduğu qonaqlar həmişə
diqqətəlayiq olub və hər apardığı
müsahibənin, lentin yaddaşında əbədiləşən
hər söhbətin mədəniyyət, mənəviyyat
tariximiz üçün çəkisi və mənası
çox yüksəkdir. Rəsul Rza, Qara Qarayev, Niyazi, Fikrət
Əmirov, Cövdət Hacıyev, Rəşid Behbudov, Arif Məlikov,
Şəmsi Bədəlbəyli, Qulam Məmmədli, Əkrəm
Cəfər, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Bəhram
Mansurov, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Məmmədov,
Vaqif Mustafazadə...
Bu adların hər biri Azərbaycan xalqının
yaddaşında əbədi yaşayacaq, irs yaratmış,
silinməz izlər qoymuş şəxsiyyətlərdir.
Onların hər birinin həm də "Axşam
görüşləri"nin səhifələrində izləri
qalır. Onlar və həmin silsilədən olan onlarla
başqa görkəmli simalarımızın haqqında Rafael
Hüseynovun "Axşam görüşləri" çərçivəsində
hazırladığı radio-esselər və həmin şəxsiyyətlərlə
söhbətləri heç vaxt köhnəlməyəcək
miras olmaqdan başqa, həm də gələcək tədqiqatçılar
üçün də mötəbər mənbədir.
Bu məqama da ayrıca diqqət etmək
lazımdır ki, bizim bir çox dəyərli tarixi şəxsiyyətlərimizin
və eləcə də onlarca az tanınan, ya diqqətdən
kənarda qalmış nəməlum yaradıcılarımızın
səsinin, öz dilindən xatirələrinin, canlı
söhbətlərinin qaldığı tək mənbə elə
"Axşam görüşləri"dir.
Xan Şuşinski də, bizə indi uzaq tarix kimi gəlir.
Ancaq Rafael Hüseynovun böyük xanəndə ilə hələ 1970-ci illərin ortalarında etdiyi
və zamanında "Axşam görüşləri"ndə
səsləndirilmiş, qocaman xanəndənin
özünün də dinlədiyi söhbətləri
qalır. İndi o yazıların hər biri elə Xan
Şuşinskinin oxuları qədər qiymətlidir.
Bibisi oğlu Abbas Səhhətlə bağlı, Azərbaycan
xalq musiqisinin əfsanələrindən sayılan Mirzə Məhəmmədhəsən
haqqında Yavər Kələntərlinin də xatirələrini
Rafael Hüseynov "Axşam görüşləri"
üçün hələ 1975-1976-cı illərdə
yazıb. Bu gün o səs yadigarlarının əks
olunduğu lent yazılarının hər metri qızıla bərabərdir.
"Axşam görüşləri"ndə Rafael
Hüseynovun 1979-cu ilin noyabrında lentə aldığı
45 dəqiqəlik bir müsahibə də var. Rafaelin həmsöhbəti
əvəzsiz cazmen Vaqif Mustafazadədir.
Bu, Vaqif Mustafazədədən qalan yeganə lent
yazısıdır ki, orada həyatını nəql edir, sənətə
baxışlarından, gördüyü işlərdən,
arzularından danışır.
Həmin söhbətdən bir neçə gün
sonra Vaqif Mustafazadə Özbəkistana qastrol səfərinə
yola düşür və Daşkənddə, növbəti
konsertlərindən birində səhnədə ürəyi
dayanır.
"Axşam görüşləri"nin millətə
bağışladığı o səs yadigarında isə
Vaqif Mustafazadə həmişə canlıdır.
Yarım əsr ərzində Rafael Hüseynovun
"Axşam görüşləri" çərçivəsində
yaratdığı və tərəddüdsüz milli dəyər
adlandırıla biləcək səslər xəzinəsində
belə qiymətəsığmaz incilər yüzlərlədir.
Mən bu ümummilli siqlətli irsin necə
yaradılmasının bəzi məqamlarına da bilavasitə
şahidəm.
Son illərdə biz Rafael Hüseynovla birgə görkəmli
alimimiz, mətbuat tariximizin dərin bilicisi və özü də
canlı tarix olan professor Şirməmməd Hüseynovla
tez-tez görüşərdik. Şirməmməd müəllim
elə şəxsiyyət idi ki, söhbətinin əvvəli
tarixdən başlanıb sonu da tarixlə tamamlanardı. Arxivlərdən
bildiyi-öyrəndikləri öz yerində, Şirməmməd
müəllim həm də zəngin ömür
yaşamışdı, həyatında nəsil-nəsil qiymətli
insanlar keçmişdi. Hər söhbətində də
yazılmalı, gələcəyə ötürülməli
bolluca anlar olardı. Şirməmməd müəllimlə ya
evlərində görüşək, ya bir yemək masası,
çay süfrəsi arxasında olaq, Rafael Hüseynov dərhal
kompüterini işə salar, ya telefonundakı videoyazı
düyməsini basar, birgə olduğumuz məclisdəki
söz-söhbəti əvvəldən axıra yazardı.
Artıq neçə illərdir ki, Şirməmməd müəllimsizik.
Bu dövrdə isə unudulmaz Şirməmməd Hüseynov
bir neçə dəfə elə keçmişlərdəki
kimi "Axşam görüşləri"nə qonaq olub,
danışıb və "yeni müsahibələrini"
verib. O söhbətləri edib ki, onları yalnız Rafaellə
ikimiz eşitmişdik və fürsəti fövtə vermədən
həmin anların hamısı vaxtında yazılmış
olduğundan indi başqalarında da eşidilə bilir, gələcəkdə
də insanlar həmin ibrət dolu, az bilinən tarixçələri
yaşadan mənalı söhbətlərdən bəhrələnəcəklər.
Hələ 1984-cü ildə SSRİ xalq artisti,
böyük dirijor, bəstəkar və ictimai xadim Maestro
Niyazinin "Axşam görüşləri" haqqında
yazdığı və o dövrün bir nömrəli qəzeti
sayılan "Kommunist"də dərc edilmiş məqaləsi
vardı. Tanıyanlar bilir ki, parlaq sənətkar və şəxsiyyət
olan Maestro Niyazi tərifdə xəsis idi, fövqəladəliyinə
inanmadığı, mədəni gerçəkliyimizdə
xüsusi əhəmiyyətini qəbul etmədiyi bir şəxs,
ya mədəniyyət hadisəsi haqda söz deməzdi.
"Axşam görüşləri" və həmin
proqramın müəllifi Rafael Hüseynov barəsində
ayrıca iri məqalə yazmağı qət etmişdisə,
bunun əlbəttə, əsaslı səbəbləri
vardı. Həmin məqaləsində "Axşam
görüşləri"nin 10 illik fəaliyyətini təhlil
edən Maestro Niyazi bu verilişin xalq arasında
qazandığı yüksək nüfuz və sevginin
başlıca səbəbini müəllifdə görür və
haqlı olaraq vurğulayırdı ki, verilişi yaxşı
edən məhz onu hazırlayandır, həmin proqramı
araya-ərsəyə gətirənin özünün səviyyəsi,
zövqü, işə münasibətinin ciddilik səviyyəsidir.
Rafael Hüseynov görkəmli alimdir, Şərq və
Azərbaycan ədəbiyyatının bilicisi, bu haqda
çoxsaylı sanballı əsərlərin müəllifidir.
Lakin eyni zamanda, o həm də musiqi və mədəniyyət
tariximizə səriştə ilə bələd olan, bu haqda
silsilə araşdırmaların, qiymətli kitabların
yazarıdır. Onun haqqında bəhs etdiyi hər mövzuya
mötəbər tədqiqatçı nöqteyi-nəzərindən
yanaşması "Axşam görüşləri"nin ilk
buraxılışlarından başlayaraq indiyədək davam
etməkdədir. Ona görə də bu verilişin hər
buraxılışı mükəmməl bədii lövhə
olmaqdan əlavə, həm də müstəqil bir tədqiqat
əsəridir.
"Axşam görüşləri"nin müxtəlif
illərdə Barbədə, Səfiəddin Urməviyə,
Əbdülqadir Marağaiyə, Vəhid Təbriziyə, Mir
Möhsün Nəvvaba və digər bu qəbil klassiklərə
həsr edilən buraxılışları dinləyicilərin
marağına səbəb olmaqla bərabər, elə
musiqişünaslardan ötrü də gərəkli
qaynağa və müntəxabata çevrilib. Çünki həmin
verilişlərdə klassiklərin ömür və sənət
yolunun təfərrüatlarından cəlbedici bir tərzdə
bəhs edilməklə yanaşı, onların ərəb və
fars dillərində olan əsərlərindən də Rafael
Hüseynovun ilk dəfə etdiyi tərcümələr, orta əsr
mənbələrindən və elmi dövriyyəyə daxil
edilməmiş məxəzlərdən iqtibaslar yer alıb.
"Axşam görüşləri"nin uğur
hekayəsini araşdırarkən üzərində dayanmalı
son dərəcə mühüm bir nöqtə də dil məsələsidir.
Yazı dili ilə, efir dilinin öz fərqliliyi var. Hətta
radio dili ilə, televiziya dili və üslubu da seçiləndir.
Rafael Hüseynov elə həmin 1970-ci ilin
ortalarından indiyə kimi radio ilə bir sırada televiziya ilə
də mütəmadi verilişlər aparır. Onun
radiodakı və televiziyadakı
çıxışlarının mətnini, ifadəliliyini,
üslubi özünəməxsusluqları diqqətlə təhlil
süzgəcindən keçirəndə incə sərhədin
necə ustalıqla qorunduğunun şahidi oluruq. Zahirən,
televiziyada da, radioda da danışan eyni şəxsdir, ancaq
Rafael Hüseynov telekamera qarşısında dayanmaqla mikrofon
önündə dayanaraq insanlara müraciət etmənin sərhədlərinə
daim həssaslıqla riayət edə bilir. Ona görə istər
televiziya, istərsə də radio aparıcısı kimi
müvəffəqiyyət həmişə onunladır.
Qəzetdə, jurnalda, kitabda qurulan cümlə, ifadə
edilən fikir və efirdə səslənən eyni məzmunun
vacib bir özəlliyi daim diqqətdə saxlanmalıdır
ki, mütaliə edən kəs məğzinə
varmadığı mətləbi qayıdaraq bir də, iki də
oxuya bilər. Ancaq efir andır, uçur, gedir. Gərək elə
söyləyəsən, elə çatdırasan ki, həm
dinləyəni, baxanı özünə çəksin, həm
də elə anlaşıqlı, elə sərrast deyilsin ki, dərhal
qavranılsın, ağırlığı ilə bu cümlədən
sonra gələn cümlənin və fikrin dərkinə
maneçilik törətməsin.
Rafael Hüseynovun aydın və səlis nitqi, məhz
efirin mətni çatdırmaq tələblərinə tam
cavab verən cəlbedici təhkiyyəsi, bütün
bunları tamamlayan, yaxud həmin keyfiyyətlərə əlavə
və xüsusi qüvvət verən səs tembri bu
baxımdan nümunəvi hesab edilə bilər.
"Axşam görüşləri"nin hər
buraxılışı həm də Azərbaycan dilinin
gözəlliyinin, şirinliyinin daha bir təqdimatıdır
və nəzərə alınsa ki, veriliş artıq 51-ci
ildir eyni xətti yürütməkdədir, onda
bütövlükdə əlamətdar bir azərbaycançılıq hadisəsi olan "Axşam
görüşləri"nin nəsil-nəsil
soydaşlarımıza sağlam dil ənənlərini
ötürməkdəki sayğıya layiq xidmətləri də
dolğunluğu ilə dərk edilər.
"Axşam görüşləri" mədəni
siyasətimizi daim ardıcıllıqla yürütmüş
bir verilişdir. Lakin bu proqramın həm də elə
sırf siyasət, ictimai düşüncə
baxımından görmüş olduğu işlərin və
göstərdiyi xidmətlərin ayrıca dəyərləndirilməsinə
ehtiyac var.
Bu istiqamətdəki fəaliyyətləri
"Axşam görüşləri"nin onillərcə dəyişməyən
sabit və sağlam, sərbəst düşüncəyə
və milli maraqlara söykənən dürüst mövqeyini
nişan verərək verilişin həm də ictimai
vicdanımız tarixinə layiqli töhfələrini göstərməkdədir.
"Axşam görüşləri" 1970-1980-ci illərdə,
sovet dönəmində fəaliyyət göstərəkən
sonrakı onillərin buraxılışlarındakı məzmundan
fərqlənməmişsə, bu, heç də sadə
iş sayılmasın. İş ondadır ki, sovet dönəmində
radio və televiziya ən əvvəl dövlətin təbliğat
maşını, onun siyasətini çatdıran və yeridən
rupor idi. Həmin səbəbdən də hazırlanan
proqramların, xüsusən də, daimi verilişlərin
siyasiləşdirilməsi adi hal idi. "Axşam
görüşləri"nin radionun "qızıl
fondu"nda saxlanan, vaxtilə dinlədiyim, indi də
ara-sıra təkrarlanan, 1970-1980-ci illərə aid
buraxılışlarına qulaq asarkən
düşünürəm ki, məzmunu baxımından
müstəqillik dönəmində, qələmin
qol-qanadının açıq olduğu illərdə
hazırlanmış verilişlərdən seçilməyən
bu poqramların hər biri ibrətlidir, müəllif şəxsiyyətinin
vətənpərvər və millətə xidmət səmtindəki
ardıcıllığı və əzminin ifadəsidir. Bunu
xatırlamağı ona görə zəruri sayıram ki,
radio-televizya məkanına və işinə, radionun
fonotekası, televiziyanın videotekasına aşina olan şəxs
kimi məlumatlıyam ki, bu gün həmin dövrə aid
fondda saxlanan verilişlərin hansılarınısa təkrar
efirə vermək istəyəndə adətən əl gəzdirməyə,
nələrisə ixtisar etməyə, həmin köhnə
verilişlərdəki sovet izlərini qayçılamaq məcburiyyəti
ilə qarşılaşılır.
Hansı baxış bucağından
yanaşılırsa, "Axşam görüşləri"
yarım əsr müddətində yaratdığı qiymətli
salnamə ilə
düşünməyə, milli əhəmiyyətli ən
müxtəlif mövzular ətrafında fikir mübadilələrinə
meydan açır.
Zənnimcə, "Axşam görüşləri"
verilişinin bir elm faktı olaraq müfəssəl tədqiq
edilməsinin də vaxtı çoxdan
çatmışdır. Sadəcə, bu 50 ili aşan efir
yolunu kompleks şəkildə tədqiq edə biləcək,
bütün məziyyətlərini lazımınca aça
biləcək yetkin araşdırıcya ehtiyac vardır.
"Axşam görüşləri" verilişi
görkəmli bəstəkarımız Tofiq Quliyevin
böyük Rəsul Rzanın sözlərinə bəstələdiyi,
zirvə müğənnimiz Şövkət Ələkbərovanın
məlahətli səsi ilə canlandırığı nəğmə
ilə başlanır və son 51 il ərizində hər bazar
günü, bəlli saatda Azərbaycan insanı ilə
olmuş həmin mahnı başlığı bitincə
akademik Rafael Hüseynov xalqı salamlayaraq bir saat boyunca insanlarımıza
zövq və bilik verəcək, yaddaşlara yazılacaq
növbəti görüşü başlayır, növbəti
dəyərli qonağı təqdim edir.
Qət etdiyi yol və yaratdığı irslə milli
sərvətlərimiz mərtəbəsinə ucalmış
"Axşam görüşləri"nin Azərbaycan efirindəki
ən yüksək qiymətlərə layiq yarım əsrlik
yolu 2025-ci ildə tamamlandı, 2026-cı illə sevimli
verilişin ömründəki ikinci yarıməsr
başlandı. Salnamə yazılmaqda davam edir, Rafael
Hüseynovlu "Axşam görüşləri"
dalğa-dalğa efirdədir.
Qulu MƏHƏRRƏMLİ
Professor
525-ci qəzet .- 2026.- 9 yanvar(№1).-S.18-19.