Təranə Yusifova: Cahangir Cahangirov
adına Xor 90 illik yubileyinə hazırlaşır
Azərbaycanda xor sənətinin yaranması və
inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin
adı ilə sıx bağlıdır. Hazırda Cahangir
Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə
məhz Üzeyir bəy tərəfindən yaradılıb.
Kollektivə ilk dövrlərdə bəstəkarın
özü rəhbərlik edib, sonradan isə xorun bədii rəhbərliyi
gənc bəstəkar Cahangir Cahangirova həvalə olunub.
Üzeyir Hacıbəyli Azərbaycan xalq mahnılarını
xor üçün işləyərək bu ənənəni
gənc bəstəkarlara da davam etdirməyi tövsiyə
edib. Uzun illər Azərbaycan Televiziya və Radiosunun musiqi
kollektivi kimi fəaliyyət göstərən xorun sənət
yolunda Xalq artisti Ramiz Mustafayevin də böyük xidmətləri
var. O, 1950-ci illərdən ömrünün sonunadək
kollektivin bədii rəhbəri olub.
2023-cü ildən etibarən xorda müşahidə
olunan durğunluğun aradan qaldırılması və fəaliyyətin
yenidən canlandırılması istiqamətində
ardıcıl işlərə başlanılıb. Nazirlər
Kabinetinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə
Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə
Beynəlxalq Muğam Mərkəzinin tabeliyinə verilib.
Hazırda kollektiv mütəmadi olaraq konsert proqramları ilə
çıxış edir: hər ay ən azı bir, bəzən
isə iki-üç solo konsert təqdim olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar
müəllim, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Təranə Yusifova bildirib.
O qeyd edib ki, bu il kollektiv üçün xüsusi əhəmiyyət
daşıyır: “2026-cı ildə Cahangir Cahangirov adına
Xorun yaradılmasının 90 illiyi tamam olacaq. Eyni zamanda, bu il
Xalq artisti Ramiz Mustafayevin anadan olmasının 100 illiyi, Cahangir
Cahangirovun isə 105 illiyi qeyd ediləcək. Maraqlıdır
ki, bu yubileylərin hamısı xorun yubiley ili ilə
üst-üstə düşür. Bundan əlavə,
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə
silsilə tədbirlər həyata keçirilib. Bəstəkarın
yaradıcılığına həsr olunmuş 7 solo konsert təqdim
edilib, Şəkidə keçirilən “İpək yolu”
festivalında isə məhz Üzeyir bəyin əsərləri
səsləndirilib. Yaxın planlara əsasən, yanvarın
16-da bəstəkar mahnılarından ibarət xüsusi
konsert proqramı təqdim olunacaq. Ümumilikdə isə hər
dəfə fərqli mövzulu və yeni ideyalı proqramlar
hazırlanır. Kollektivin yenilikçi layihələrindən
biri də “Leyli və Məcnun” əsərinin pantomima və
xor sintezi formatında təqdim edilməsidir. Bu layihədə
xor təkcə ifa etmir, eyni zamanda bütöv süjet xəttini
musiqi dili ilə səhnədə danışır. Qeyri-ənənəvi
təqdimat tamaşaçıların böyük
marağına səbəb olub”.
Onun sözlərinə görə, xorun əsas məqsədlərindən
biri bu sənəti daha geniş auditoriyaya sevdirmək, eyni
zamanda 90 illik yubiley ilində müxtəlif ölkələrdə
çıxış edərək Azərbaycanı layiqincə
təmsil etməkdir. Kollektivin repertuarı kifayət qədər
zəngindir: klassik əsərlər, estrada musiqisi,
mahnılar, eləcə də müxtəlif xarici müəlliflərin
əsərləri proqramlarda yer alır.
Təranə Yusifova bu sahəyə gəlişinin
müəyyən mənada təsadüflə bağlı
olduğunu da diqqətə çatdırıb: “Musiqi təhsili
dövründə nəzəriyyəçi kimi
çalışmaq istəyi daha güclü idi. Lakin müəllimlərimin
yönləndirməsi xor sənətinə daha yaxından
bağlanmağıma səbəb oldu. 2000-ci illərdə
Milli Konservatoriyada balabançılardan ibarət ansambl
yaratdım və bu çıxışlar musiqi ictimaiyyətində
uğurlu oldu. Xorla işləməyin əsas
üstünlüklərindən biri insan səsinin tükənməz
imkanlarıdır. Alətsiz ifada belə dolğun musiqi
dünyası yaratmaq mümkündür. Digər mühüm
məqam isə bir çox əsərlərin xor
üçün xüsusi işlənməsi, aranjeman edilməsi
imkanının olmasıdır. Bunu isə özüm edirəm.
Bu da repertuarın daha rəngarəng və fərqli təqdimatına
şərait yaradır”.
Bədii rəhbər əlavə edib ki, 2026-cı ildə
keçiriləcək bütün konsertlər 90 illik yubiley
çərçivəsində təqdim olunacaq. Eyni zamanda,
Ramiz Mustafayevin 100 illiyi və Cahangir Cahangirovun 105 illiyi ilə
bağlı ayrıca proqramların hazırlanması da nəzərdə
tutulur. Yubiley ilində daha böyükmiqyaslı layihələrin
həyata keçirilməsi, Cahangir Cahangirov adına Xorun daha
çox tanınması və kollektivin beynəlxalq arenada daha
fəal şəkildə çıxış etməsi əsas
hədəflər sırasındadır.
525-ci qəzet .- 2026.- 9 yanvar(¹1).-S.13.