Azərbaycan dramaturgiyasının
yeni uğuru - "Gülçöhrə və Əsgər"
Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy
Hacıbəylinin məşhur "Arşın mal alan"
operettası bir əsr yarımdır ki, dünyanın
müxtəlif dillərində səslənir, oxucuları və
tamaşaçıları öz qeyri-adi sehri altında
saxlayır. Dünya ədəbiyyatı və musiqisi tarixində
heç vaxt köhnəlməyən, təravətini və dəyərini
itirməyən xeyli sayda bədii və səhnə əsəri
var. "Arşın mal alan" da belə əsərlərdən
biridir. Bu günlərdə bu əsər yenidən gündəmə
gəldi və onun "qayıdışının" səbəblərindən
biri də Xalq yazıçısı, akademik Kamal
Abdullanın həmin əsərin motivlərinə müraciət
etməsi və bu motivlər əsasında
"Gülçöhrə və Əsgər" adlı
bir hissədən və 12 şəkildən ibarət olan
orijinal bir musiqili dram əsəri yazması, bu əsərin Azərbaycan
Dövlət Akademik Musiqi Teatrında səhnəyə qoyulmasıdır.
"Gülçöhrə və Əsgər" əsərinin
tamaşasının premyerası 2025-ci ilin noyabr ayının
18-də oldu. Bu premyerada Heydər Əliyev Fondunun
vitse-pezidenti, İDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyeva, eləcə də Arzu Əliyeva
və Alena Əliyeva, həmçinin Azərbaycanın bir
sıra görkəmli yazıçı, dövlət, elm və
mədəniyyət xadimi iştirak etdi. Bu qeyri-adi səhnə
əsəri tamaşaçılar tərəfindən
böyük maraqla qarşılandı.
Bu tarix milli teatrımızda yeni bir mərhələnin
başlanğıcı, yeni bir mədəni hadisə oldu. Belə
ki, Azərbaycan teatrında ilk dəfə olaraq yeni tipli bir
orijinal, modern (postmodernist) dram əsəri səhnələşdirilməsi
ilə reallaşdı. "Gülçöhrə və
Əsgər" musiqili dram əsəridir (əsərin
musiqisini Əməkdar incəsənət xadimi Cavanşir
Quliyev yazıb). Bu dram əsərinin həm forması, həm
də ideya-məzmunu tamamilə orijinal olsa da, onu müəyyən
mənada Üzeyir bəy Hacıbəylinin "Arşın
mal alan" operettasının davamı da adlandırmaq olar.
Belə ki, "Gülçöhrə və Əsgər"də
təsvir olunan hadisələr "Arşın mal alan" əsərində
əks olunan hadisələrin formal olaraq davamı kimi verilib.
Bu zaman belə bir sual yarana bilər, görəsən, bu
pyesin müəllifinin, Üzeyir bəyin bir əsrdən
artıq bundan əvvəl yazdığı bu əsərinə
bu gün, yəni XXI yüzilliyyin üçüncü
onilliyində yenidən müraciət etməyə nə vadar
etmişdir? "Gülçöhrə və Əsgər"
pyesi ilə tanış olduqda bu sualın cavabı aydın
olur. Məlum olduğu kimi, "Arşın mal alan" əsərinin
mövzusu keçən əsrin əvəllərində Azərbaycan
həyatı üçün səciyyəvi olan bir ailə-məişət
probleminə həsr edilmişdi. O dövrdə bu problem də
aktual idi. Təbii ki, bəlkə də bu problem bu gün də
müəyyən mənada öz aktuallığını
itirməyib. Kamal Abdullanın "Gülçöhrə və
Əsgər" pyesinin mövzusu və problematikası
köhnə, klassik bir mətn üzərində qurulsa da,
tamamilə yeni məzmunludur və hər zaman yeniliklərə
can atan yazıçı bu klassik əsərə müraciət
edərək onu yeni aspektdə, yeni ideya-məzmun istiqamətində
qələmə alıb, köhnə ədəbi mətnin
yeni interpretasiyasını verib. Bədii ədəbiyyatda bu
tipli yanaşma prinsipi Kamal Abdullanın digər əsərləri
üçün də səciyyəvidir
("Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi",
"Sirlərin sərgüzəşti" romanları,
"Casus", "Elə bil qorxa-qorxa" pyesləri və
s.). Klassik ədəbi mövzuların, motivlərin, obrazlar
sisteminin yenidən, yeni aspektdə, yeni forma və məzmunda qələmə
alınması postmodern ədəbiyyatın başlıca
prinsiplərindən biridir və Kamal Abdulla bu prinsipə
istinad edərək milli ədəbiyyatımızın klassik
irsinin materiallırına müraciət edir və bu gün
xüsusi aktuallıq kəsb edən maraqlı əsərlər
yaradır (postmodern ədəbiyyatda bir qayda olaraq köhnə
mətnlərə müraciət olunur, ancaq bu mətnlər
yeni mənada, yeni platformada təqdim edilir. Bu zaman "köhnə-yeni"
qarşıdurması anlayışı da itir. Köhnəyə
müraciət təkrar, təqlid kimi deyil, kinayə (ironiya),
qarakinayə, parodiya şəklində təqdim olunur. Köhnə
mətn anlayışına klassik ədəbi janrlar,
yazılı ədəbi əsərlər, folklor və
mifoloji materiallar daxil ola bilər).
Üzeyir bəy Hacıbəylinin "Arşın mal
alan" operettasında daha çox idillik, utopik aspektdə əks
olunan köhnə feodal-patriarxal ailə-məişət
problemləri Kamal Abdullanın əsərində yeni, sovet
dövrünün gerçəklikləri ilə əvəz
olunur. Təbii ki, Üzeyir bəy Hacıbəylinin
"Arşın mal alan" əsərində
qabartdığı ailə-məişət problemi o dövr
(XIX əsrin sonları-XX əsrin əvvəllıri) üçün
səciyyəvi idi və müəllif musiqili komediya (operetta)
janrına müraciət edərək bu problemi yarıutopik,
bir qədər də ideal formada (sonda əsərin
bütün iştirakçıları xoşbəxt ailə
qurur) təqdim edilir. Bu məişət problemi XXI əsrin əvvəlləri
üçün elə də ciddi problem sayıla bilməz.
Ona görə də Kamal Abdullanın pyesində bu mövzu
zahirən (formal olaraq) ailə-məişət məsələsi
ilə əlaqədar olsa da, əslində daha çox
ictimai-siyasi və sosial istiqamətlidir. Müəllif bu pyesdə
Azərbaycan xalqının sovet dönəminin ilk çağlarından
başlayaraq üzləşdiyi ailə-məişət məsələsini
antiutopiya (distopiya) aspektində əks etdirib. Belə ki,
dramaturq bu əsərində Azərbaycanda zorla hakimiyyəti ələ
keçirən (vətənimizi işğal edən) sovet
rejiminin (kommunist rejimi),
"qırımızıların" gələcəyə
böyük ümidlər bəsləyən, xoşbəxt
yaşamaq arzusu ilə yaşayan gənc bir ailəni (minlələ
bu tipli ailənin bir nümunəsini) məhv edir. Bu ailənin
başçısı (Əsgər) ortabab bir tacir (pyesdə
o, həm də şairdir) olduğu üçün proletariat
diktaturasının qurbanı olur, sorğu-sualsız, heç
bir qanun-qaydaya riayət edilmədən həbs edilib Sibirə
sürgün olunur. Pyesdə təsvir olunan bu faciəli hadisə
həmin dövrdə yüzlərlə və hətta minlərlə
günahsız insanın başına gətirilmiş, dəhşətli
ictimai-siyasi repressiyalar keçən əsrin ortalarına qədər
davam etmişdi. Müəllif keçmiş
"arşınmalçı Əsgər"in sovet siyasi
pejimində yaşadığı taleyi təsvir etməklə,
yüzlərlə, minlərlə Azərbaycan
ziyalısının, aliminin, yazıçısının
sovet (kommunist) repressiyaları nəticəsində
qarşılaşdıqları acınacaqlı, faciəli həyatını
əks etdirib.
Kamal Abdulla postmodernizm cərəyanının bir
sıra ədəbi priyomlarına müraciət edərək
sovet dövrü Azərbaycan dramaturgiyasında (və təbii
ki, həm də teatrında) seyrək halda müşahidə
olunan faciə janrını yenidən səhnəyə qaytardı.
Müəllif bu əsərində postmodern ədəbi cərəyanının
başlıca qollarından biri olan postkolonial ədəbiyyatın
da bir nümunəsini yaradıb. Belə ki, bu əsərin
baş qəhrəmanları Gülçöhrə və
Əsgər məhz sovet postkolonial rejiminin ilk
qurbanlarıdır.
Əsərdə tamaşaçıları
özünə cəlb edən həm forma
orijinallığı, həm də məzmun özünəməxsusluğudur.
Kamal Abdullanın geniş spektrli yaradıcılıq
istedadı onun dramaturgiyasında, xüsusilə də
"Gülçöhrə və Əsgər" musiqili
pyesində də özünü göstərir. Müəllif
həm dramatik janrın tələblərinə uyğun olan,
həm də çağdaş dövrün ədəbi-estetik
prinsipləri ilə əlaqədar maraqlı bədii konflikt
sistemi yarada bilib. Bu pyesdə "Arşın mal alan"dan fərqli
olaraq ictimai-siyasi motiv qabardılıb.
Kamal Abdulla bu əsərdə postmodernist ədəbiyyatın
qaydalarıdan çıxış edərək
"Arşın mal alan" operettasının motivlərinə,
obrazlar sisteminə müraciət edib, lakin tamamilə yeni məzmunlu,
yeni ideyalı bir əsər yaradıb. Müəllif bu əsərə
yeni mövzu, yeni fabula ilə əlaqədar olaraq yeni obrazlar
da əlavə edib (Əsgərin atasanın dostu olmuş tacir
Məşədi Cabbar, Məhkəmə sədri, Məhkəmə
üzvləri, Qırmızı zabit, Cavan dustaq, Gombul nəzarətçi,
qonşular və sair. Və əksinə, "Arşın mal
alan"da olan Gülçöhrənin atası Soltan bəy
obrazı bu əsərdə yoxdur). "Arşın mal
alan"ın əsas qəhrəmanları (Əsgər,
Gülçöhrə, Süleyman, Asya, Vəli, Telli, Xala -
"Arşın mal alan"da Cahan xala) saxlanılsa da, onlar
yeni, tam fərqli rollarda çıxış edirlər. Bu əsərdə
sovet dövrünün ilk illəri üçün səciyyəvi
olan siyası mühacirət diskursu (Əsgərin ailəsinin
və yaxınlarının əvvəlcə İrana -
İsfahan şəhərinə, sonra da Fransaya - Marselə
köçməsi) da xüsusi əhəmiyyət kəsb
edir.
"Gülçöhrə və Əsgər"də
diqqəti cəlb edən özəlliklərindən biri də
əsərin psixoloji dərinliyə malik olmasıdır.
Müəllif əsərin əsas qəhrəmanlarının
mənəvi aləmini, hiss və həyəcanlarını,
keçirtdikləri psixoloji vəziyyətlərini açmaq
üçün həm də siyasi diskursdan istifadə edir.
Pyesdə antik yunan dramaturgiyası ilə yanaşı, həm
də ən müasir absurd teatrının xüsusiyyətlərini
müşahidə etmək olar.
Müəllif həm də milli folklor və klassik ədəbiyyatımızın
ünsürlərindən də məharətlə istifadə
edib. Bunu, xüsusilə mətnin tərkibinə daxil
edilmiş müəllifin özünün poetik
yaradıcılığının nümunəsi olan
şeirlərdən istifadə olunmasında
görürük. Əsərin baş qəhrəmanı
Əsgər həm də incə ruhlu bir şair kimi verildiyinə
görə müəllif onun daxili aləminin daha yaxşı
açılmasi üçün poetik parçalara müraciət
edib. Postmodernist poetikada mühüm yer tutan bu pastiş
üsulu pyesin psixoloji tutumunun zənginləşməsinə
xidmət edir.
Əsərin digər diqqətəlayiq xüsusiyyəti
də postmodernist ədəbiyyatda geniş yayılmış
intertekstuallıq və dekonsruksiya ədəbi priyomlarına
müraciət edilməsidir. Kamal Abdulla Üzeyir bəy
Hacıbəylinin məlum ədəbi-bədii mətnindən,
obrazlar sistemindən yararlanaraq mətn daxilində yeni mətn,
obrazlar üzərində yeni obrazlar, ideyalar əsasında
yeni ideyalar yaradıb. Əsərin musiqili aspektdə işlənməsi
də təsadüfi deyil. Məlum olduğu kimi, ənənəvi
olaraq Azərbaycan dramaturgiyasında musiqili komediya janrında
xeyli dəyərli əsərlər yazılıb. Ancaq
"Gülçöhrə və Əsgər" pyesi
musiqili olsa da, komediya deyil. Şübhəsiz ki, müəllif
bu əsərində sovet gerçəkliyinin bir nümunəsini
bədii konflikt kimi düşünüb və nəticədə
yeni tipli musiqili faciə yaradıb. Onu unutmaq olmaz ki, klassik
milli dramaturgiyamızda (C.Cabbarlı, H.Cavid və s.) faciə
istiqamətlə olan əsərlərdə
də poetik parçalar və musiqi nümunələri
verilib.
Əsərin bədii strukturunun bir hissədən və
12 şəkildən ibarət olması da pyesə xüsusi
dinamiklik verib. Əsərin ideya-məzmununun resepsiyası
zamanı həm musiqi, həm səhnə tərtibatı
uğurla seçilmiş mövzunun açılmasında
mühüm rol oynayıb. Pyesin həm baş qəhrəmanlarının,
həm ikinci, həm də üçüncü dərəcəli
personajlarının rollarını ifa edən bütün
aktyorlar, demək olar ki, öz vəzifələrini uğurla
yerinə yetiriblər. Əsərin quruluşçu rejissoru
Əsgər Əsgərovun, dirijor Fəxrəddin Atayevin,
baletmeyster Nigar Şahmuradovanın və xormeyster Vaqif Məstanovun
xidmətləri də xüsusi qeyd olunmalıdır.
Aktyorlardan isə Əməkdar artistlər Əzizağa
Əzizov, İlqar Salamov və Prezident
mükafatçıları Səmədzadə Xasıyev,
Mehriban Zalıyeva, Atilla Məmmədov və digər aktyorlar
öz rollarını məharətlə ifa etdilər.
Yekunda inamla qeyd etməliyik ki, Kamal Abdullanın
"Gülçöhrə və Əsgər" pyesi milli
dramaturgiyamız tarixində əlamətdar hadisə olmaqla
yanaşı, həm də milli teatrımızın uğurlu
addımıdır.
Cəlil NAĞIYEV
525-ci qəzet .- 2026.- 9 yanvar (№1).- S.17.