Sahilə
çıxan tək gəmi
Tarix boyu belə olub. Böyük mədəniyyətlər
tarixən böyük şəhərlərdə yaranıb,
yaşayıb, inkişaf edib və dalğa-dalğa uzaqlara
yayılıb. Başqa şəhərlərdən, özgə
yurdlardan gələn mədəniyyətlər də ən əvvəl
böyük şəhərlərdə yerli mədəniyyətlə
qaynayıb-qarışıb və bu qovuşmadan mədəniyyətin
yeni istiqamətləri, təzə çalarları ortaya
çıxıb.
Orta əsrlərdə müsəlman Şərqində
elmin, mədəniyyətin, ədəbiyyatın
inkişafından söz açarkən göz önündə
sıra-sıra əzəmətli şəhərlər
canlanır: Bağdad, Bəsrə, Qahirə, Dəməşq,
İsfahan, Səmərqənd və digər böyük
şəhərlər ki, onların hər biri orta
çağda mədəniyyət paytaxtı
sayılırdılar.
Və bu sərvət baxımından da Azərbaycan həmişə
zəngin olub. Yurdumuzun bir çox şəhərləri var
ki, oralar yalnız Azərbaycan üçün deyil, əslində
bütün Yaxın-Orta Şərqdən ötrü mədəniyyət
və elm mərkəzi idilər. Orta əsrlərin məşhur
Azərbaycan şəhərlərinin hər biri məhz sədası
və təsiri oçağkı mədəni dünyanın
dörd bucağına çatan başlıca mərkəzlər
cərgəsində idilər. O yanda Təbriz də, Marağa
da, Xoy da, Zəncan da, Ərdəbil də, bu tərəfdə
Bərdə də, Gəncə də, Beyləqan da, Bakı
da, Şamaxı da hərəsi özünə görə
bir mərkəz idi. Buralara dünyanın dörd bir tərəfindən
- elə bu cür mədəniyyət, elm paytaxtları olan
şəhərlərdən
çağdaşlığın, irəliçiliyin,
zövq üstünlüyünün şüaları gəlib
çatırdı.
Və təbii olaraq orta əsrlərin xəritəsində
işıqlar kimi parlayan o şəhərlərin
hamısının bir-biri ilə əlaqəsi vardı.
XII-XIV yüzillər Azərbaycan şəhərlərinin
həyatında xüsusi yüksəliş mərhələsidir.
Ancaq həmin əsrlərdəki Azərbaycan şəhərləri
artasında elm və sənət mərkəzi olmaq
baxımından daha artıq üstünlüyü ilə Marağa
seçilməkdədir.
XIII yüzildə Marağa həm də paytaxt idi.
Ancaq onun inzibati mərkəz olmağından daha üstdə
bir başqa paytaxtlığı da vardı. Xacə Nəsirəddin
Tusi (1201-1274) Marağada 1259-cu ildə rəsədxana
qurmuşdu. Həmin rəsədxananın yanında Marağa
Akademiyası fəaliyyətdə idi. Bu akademiya və rəsədxanada
Çindən tutmuş Orta Asiyaya qədər, Hindistandan
başlamış Qafqazlaradək ən müxtəlif ölkələrdən
və iri şəhərlərdən olan alimlər
çalışırdı.
Elə həmin XIII yüzildə Fəzlullah Rəşidəddin
(1247-1318) Təbrizdə onun adıyla tanınan Rəşidiyyə
mədrəsəsini qurmuşdu. Həmin universitet və elm mərkəzində
yalnız bu əsrin deyil, sonrakı neçə yüzilin də
ölçüləri baxımından heyrət doğuran
miqdarda öyrənci və araşdırıcı
çalışırdı. Rəşidiyyənin müəllimlər
tərkibi beynəlmiləl idi və burada oxuyan
uşaqların sayı 7 min nəfərə
çatırdı.
Elə həmin sayaq XII, XIII, XIV, XV yüzillərdə
Gəncə də, Bərdə də, Beyləqan da,
Şamaxı da, Naxçıvan da inkişafda idi. Şəhərlərdən
şəhərlərə karvanlar gedib-gəlirdi. Bu ticarət
karvanları yalnız alqı-satqı üçün məişət
yüklərini deyil, həm də mədəniyyət və
elm daşıyırdı. Bu karvanlar yalnız
daşıyıcı yox, həm də ötürücü,
özünəməxsus mədəniyyət naqilləri idi.
Bir karvan bu şəhərdən çıxıb o biri
böyük şəhərə yollananda həm də
özü ilə cild-cild əlyazmalar aparırdı. Beləcə,
elm, mədəniyyət, maarif, düşüncə, zövq
məmləkət-məmləkət, şəhər-şəhər
ötürülürdü.
Şəhərin Orta əsrlərdə mədəniyyətin
əsas təşəkkül məkanı olmasının bir
başqa göstəricisi də ondan ibarətdi ki, dilimizdəki
"mədəniyyət" kəlməsinin mənası da
elə şəhər deməkdir. Bu şəhərdən o
şəhərə gedən əlyazmaların üstündə
müəlliflərin adları yazılırdı və hər
adın da böyründə adətən nisbə olurdu - həmin
qələm sahibinin hansı şəhərə, yurda, məkana
mənsubluğunu nişan verən söz. Şirvanilər,
Bakuvilər, Zəncanilər, Naxçıvanilər, Ərdəbililər,
Təbrizilər, Urməvilər və neçə-neçə
başqa şəhərli məşhurlarımız
adlarının yanında daşıdıqları yurd
ünvanları ilə doğulub boya-başa
çatdıqları məkanların mədəniyyət, elm
mərkəzi olması fikrini dünyaya çatdırır, əsərlərinin
digər məziyyətləri ilə yanaşı, həm də
öz vətənlərini tanıdır, təbliğ edir,
ucaldırdılar. Müəyyən mənada bu həm də
borcqaytarma idi. Axı onların özlərini də ən əvvəl
mühit araya-ərsəyə gətirmiş, böyük
şəhərlər yetişdirmişdi.
Orta əsrlərin bütün məşhur Şərq
və Azərbaycan şəhərləri arasında xüsusi
mövqeyi ilə seçilən Marağanı yüksəldən
və ona iftixar bəxş edən yalnız buradakı rəsədxana
və akademiyada cəmləşmiş alimlər deyildilər.
Marağanın intibah havalı ədəbi, elmi, mədəni
aləmində əli qələmli, üstün zəkalı
bir silsilə parlaq söz ustaları da
yaşayıb-yaradırdı ki, həmin möhtəşəm
sırada mütəfəkkir şair Əvhədi
Marağayinin məxsusi yeri vardı.
VII-VIII əsrlərdən etibarən, İslamın gəlişi
və nəhəng bir coğrafiyanı tutmasından sonra mədəni
aləmdə ciddi dəyişikliklər baş verdi. Ərəbcənin
hökmranlıq zamanları başladı. Uzun müddət
yalnız elm deyil, elə ədəbiyyat da təbii gedişi
ilə yox, siyasi yönəldiciliklə ərəbcə
yaradıldı. Ancaq IX əsrin sonları, X əsrin əvvəllərindən
buna qarşı açıq etirazlar da baş verdi, milli
hissiyyatın coşması zəminində şüubiyyə
kimi qüvvətli bir hərəkat da coşdu. Tədricən
bütün Mərkəzi Asiyada ərəbcə ortaq elm dili
kimi qalsa da, tədricən farsca müştərək şeir
dilinə çevrildi.
İslam dini, ərəb əlifbası, ortaq dillər
və müştərək mənəvi dəyərlər nəhəng
bir məkanı balacalaşdırır,
yaxınlaşdırır, ölkələrin, mədəniyyətlərin
qovuşmasına, bir-birində
qaynayıb-qarışmasına bais olurdu. Yeni zamanın
kürəsəlləşmə dediyi şey Orta
çağda elə məhz bu idi. XI-XII əsrləri farsdilli
ədəbiyyatın "altun dövrü"
adlandırırlar və azərbaycanlılar, başda Nizami,
Xaqani olmaqla, bu axının önündə gedənlər
idilər.
Fəqət XIII əsrdən mənzərə dəyişməyə
başlayır. Uzun vaxt boyunca başqa dillərin libasında
ifadə olunmuş milli ədəbiyyat, o sıradan elm ana
dilində üzə çıxmaq ehtiyacını milli vəzifə
kimi müəyyənləşdirir.
Amma təəssüflər olsun ki, XX əsrin hətta
60-70-ci illərinə qədər XIII əsrdə
yaranmış mədəni sərvətlərimizdən biz
kifayət qədər məlumatlı olmamış,
böyük şəxsiyyətlərimizi yetərincə
tanımamışıq. Uzaqbaşı, bəzilərinin
adlarından xəbərimiz olub. Çoxlarınınsa nə
ömür hekayətləri gərəyincə bilinib, nə
də qiymətli əsərləri ortaya
çıxarılaraq insanlara çatdırılıb.
Ərəbcə, farsca yazdıqları öz yerində, ən
mühümü - ana dilində qələmə
aldıqları da yeni nəsillərə naməlum qalıb.
XIII əsrdə köhnə xətt artıq qismən
davam edirdi, yəni bir para şairlər farsca yazmağında
qalırdısa da, artıq həm də ana dilində şeirlər
qələmə alırdılar.
Həmin əsrdə yaşamış İzzəddin
Həsənoğlunun anadilli şeirləri əyan edir ki, XIII
əsrdə türkcəmiz artıq qədərincə əruza
uyğunlaşmış səviyyədə imiş.
Zülfiqar Şirvani XIII əsrdə yaşadı, təqribən
yüz illik ömür sürdü və qəsidələrindən
birində özünü təsdiqləməsincə 6 dildə
sərbəst nəsr və şeir yazdı. Təbii, həmin
6 dildən biri ana dilində olan şeirlər idi və
türkcə ayrı-ayrı misraları onun elə farsca
"Divan"ında da yer almaqdadır. Gərəyincə
aranılırsa, ana dilində olan şeirlərinin də
aşkarlanacağı ehtimalı çoxdur.
Təəssüflər olsun, XIII əsrdəki söz
xəzinələrimizə qayıdışlar yalnız XX
yüzildə başlanıb. "Gülşən-i raz"
kimi qiymətli fəlsəfi əsər doğurmuş Mahmud
Şəbüstərini (1288-1340) də, ilk mənzum
farsca-türkcə lüğət yaratmış Hüsaməddin
Xoylunu da, Yunus İmrə ilə şeirdə
üstünlük yarışmasına çıxmış
Molla Qasım Şirvanini də, Mövlananı Mövlana edən
Şəms Təbrizini də məhz XX yüzildə
yerli-yataqlı tədqiqə başlamışıq.
Olsun ki, Əvhədi Marağayi farsca ilə
yanaşı, ana dilində də yazıb-yaradıb. Amma onun nə
anadilli irsi lazımınca aranılıb, nə də farsca bədii
və elmi mirası mətnşünaslıq baxımından
kifayət qədər öyrənilib.
Əvhədi Marağayini dövrünün
güclü şairi və düşüncə adamı kimi
elmimiz yalnız XX yüzilliyin ortalarından etibarən
tanımağa başlayıb.
Orta çağ ədəbiyyatşünasları
arasında Əvhədi Marağayi haqqında ilk söz
açan Dövlətşah Səmərqəndi (1438-1491)
olmasa da, hər halda şairimiz haqqında birinci dəfə
daha müfəssəl xəbərləri "Təzkirət
üş-şüəra"sında məhz o
çatdırır. Yazır ki, Əvhədi "müvəhhid
arif və səxavətli şəxs olub. Süluk və
ürfan cəhətdən kamil olmaqla bərabər, zahiri fəzilətində
də heç bir nöqsanı yox imiş. O, övliyanın
böyüklərindən şeyx üş-şüyux
Əvhədəddin Kirmaninin, həmçinin, İslamın və
müsəlmanların şeyxi Şihabəddin Əbu Nəfs
Ömər Sührəvərdinin müridi olub. O, dörd
rükət xüftən namazında tamam "Quran"ı
oxuyarmış, sülukda onun ali məqamı var. Bağdad xəlifəsi
əl-Müstənsir onun müridi olub". Əvhədini
"fazil adam" adlandıran Dövlətşah oradaca bunu da
əlavə edir ki, Marağayi "məlik ül-hükəma"
- "alimlər başçısı" Xacə Nəsirəddin
Tusinin şərəfinə "Dəhnamə" əsərini
yazıb. Bu xəbəri çatdıran Dövlətşah dərhal
həmin əsərin qiymətini də verir: "...olduqca lətif
və incədir".
Dövlətşahın bizə
çatdırdığı soraqlar arasındakı bu xəbər
Əvhədinin şəxsiyyətinə və
yaradıcılığına nə qədər yüksək
hörmət və rəğbət bəsləndiyinin təsdiqidir.
Əvhədinin "Cam-i Cəm" əsərini İsfahanda
yazdığını bildirəndən sonra Dövlətşah
dəqiqləşdirir: "Həvəskarlar 1 ay ərzində
həmin məsnəvidən 400 nüsxə köçürərək,
həcmcə kiçik olmasına baxmayaraq, çox baha qiymətə
satdılar. Bu, həvəskarların sevimli kitabı idi. Bu zəmanədə
isə o kitab yoxdur. Həqiqətən, təriqət
qaydaları barəsində gözəl kitabdır".
Əvvələn, Dövlətşahın
yazdıqları o cəhətdən diqqətəlayiqdir və
onu sadəcə ədəbiyyat salnaməçisi kimi yox, həm
də ədəbiyyatşünas olaraq səciyyələndirməyə
əsas verir ki, o, sadəcə məlumat
çatdırmır, həm də təhlil edir, burada -
Əvhədidən bəhs açanda da, təzkirəsinin digər
hissələrində başqa şairlərin hekayətini nəql
edərkən də ayrı-ayrı ədəbi nümunələrə
peşəkar qiymətverici baxışlarını da ortaya
qoyur.
Orta əsrlərdə, əsərlərin hələ
yalnız əlyazma halında yayıldığı əyyamlarda
bir şairin hər hansı əsərinin bir neçə
yüz nüsxə köçürülməsi haqqında
ayrı mənbələrdə xəbərlərə rast gəlinmir.
Hətta saraylarda, bu işi yerinə yetirən və dövlətdən
məvacib alan xüsusi mütəxəssislər dəstəsinin
çalışdığı dərbar kitabxanalarında belə
ən məşhur şairlərin əsərləri də
barmaqla sayılacaq az sayda çoxaldılıb
yayılırdı. Əvhədinin "Cam-i Cəm"inin hətta
üç əsr sonra daşbasma üsulu ilə kitab
çapının geniş yayılmağa
başladığı dövrdə olandan da çox sayda
köçürülməsi, tezliklə də satılıb
qurtarması, bunca iri miqdarda yayılmasına baxmayaraq, həmin
məsnəvinin nüsxələrinin artıq iki əsr sonra
tapılmaz olması haqda Dövlətşahın şahidliyi
Əvhədinin qibtə ediləsi şairlik şöhrətinin
göstəriciləridir.
Dövlətşahın Əvhədi haqda qeydlərinin
dəyərini artıran bir də odur ki, Marağayiyə
zamanca daha yaxın olmuş Həmdullah Mustovfi Qəzvini
(1281-1339) "Tarix-e qozide"sində şairimizdən söz
açarkən "yaxşı şeirləri olub" deməklə
işini bitmiş hesab edir və bircə rübaisini örnək
gətirir.
Farsdilli ədəbiyyatın "qızıl
dövr"ünün son nəhəngi Əbdürrəhman
Cami (1414-1492) qabil şair olmaqdan savayı, həm də alim
idi, üstəlik, təzkirəçi idi və onun "Nəfəhat
ül-üns" əsəri də xələflərə
yadigar qalıb.
Caminin təzkirəsini digər bu qəbil təzkirələrdən
fərqləndirən həm də o xüsusiyyətdir ki,
orada Dövlətşahdakından da artıq ədəbiyyatşünaslıq
səliqəsi müşahidə olunur.
Cami, əksər təzkirələrdən fərqli
olaraq, təzkirəsinə hər şairin adını
salmayıb - vasvasılıqla seçib, öz sanbalına
müvafiq gələnlərin əsərləri və şəxsiyyəti
barədə söz açıb. İkincisi də,
haqqında yazdığı şairlərin hər birinə
bir-iki cümlə ilə elə sərrast qiymət verir ki, həmin
söz ustalarının mahiyyəti, böyüklük dərəcəsi
istər-istəməz hiss edilir.
Cami "Nəfəhat ül-üns"də Əvhədinin
şeirlər toplusuna belə qiymət verir: "Onun bədii
və çox şirin bir şeir "Divan"ı
olmuşdur".
Caminin bu bircə cümləsinin çəkisi
çox ağırdır. Axı o, sadə bir təzkirəçi
deyil. Bu, böyük peşəkarın, ustad şairin bir
başqa qələm sahibini layiqincə və genişürəkliliklə
dəyərləndirməsidir.
Əvhədi haqqında məşhur təzkirələrdən
- Lütfəli bəy Azərin (1722-1780) "Təzkire-yi atəşkədə"sində,
Şəmsəddin Sami bəyin (1850-1904) "Qamus ül-əlam"ında
məlumatlar yer alırsa da, bu xəbərçatdırmalar
şair haqda dürüst bilgilərimizin artmasına kömək
etmir, əksinə, yanlış tarixi məlumatlarıyla
dolaşıqlıqlar yaradır.
Ümumən Orta əsr müəlliflərinin hər
biri ilə əlaqədar təzkirə məlumatlarına daim
son dərəcə ehtiyatlı yanaşmaq, dönə-dönə
tutuşdurmalar aparmaq vacibdir. Çünki təzkirələr
ağızdan-ağıza eşidilənlər, daha çox
nağılvari söyləmələr əsasında
yazıldığından, oradakı məlumatların mənbələri
də göstərilmədiyindən dəqiqlik əmsalı həmişə
xeyli aşağıdır. Hətta təzkirəçilər
arasında elmi səviyyəsi ilə seçilən Rzaqulu xan
Hidayətin (1800-1871) belə bir sıra şairlər, o
sırada Əvhədi barəsindəki məlumatlarında
yanlışlar gözə dəyir. Bunları çox
doğru və haqlı yazır ki, "Marağalı Əvhədi
öz dövrünün fazili və böyük ariflərindən
biridir. Uzun müddət səyahət etmiş və çox
zaman İsfahanda qaldığına görə oralı kimi
tanınmışdır, halbuki əslində
marağalıdır".
Bunlar hamısı çox yaxşı. Rzaqulu xan ən
azı bir məsələ - Əvhədinin
haralılığı ilə bağlı mübahisələrə
düzgün nöqtə qoyur. Ancaq digər təzkirələrdən
gələn başqa xətanı o da təkrarlayır.
Yazır ki, "Bir çox elmlərdə zəmanəsinin fəxri
olan Əvhədi Orqunxan zamanında yaşamış, Şeyx
Əbu Hamid Əvhədəddin Kirmaniyə iradət yetirdiyinə
görə "Əvhədi" təxəllüsünü
götürmüşdür".
Təzkirədən-təzkirəyə keçən
bu səhvə Mehmed Fuad Köprülü (1890-1966)
"Türk ədəbiyyatında ilk mütəsəvviflər"
kitabında (1918) diqqət yönəltmişdi.
Təzkirələrin birindən o birinə adlayan, guya
Marağayinin Kirmana gedib Şeyx Əbu Hamid Əvhədəddin
Kirmanini özünə mürşid və onun şərəfinə
də özünə Əvhədi təxəllüsünü
seçməsi xəbəri ona görə qəbuledilməzdir
ki, bu görüşün mümkünlüyünü rəqəmlər
rədd edir. Marağalı Əvhədinin təvəllüd
tarixi 1274, vəfatı 1338-ci ildir. Əbu Hamid Əvhədəddin
Kirmaninin vəfat tarixi isə 1236-cı ildir. Hətta bəzi
qaynaqlar onun bundan da qabaq - 1159, ya 1166-cı ildə dünyadan
köçdüyünü bildirir. Yəni o, bizim Əvhədinin
doğumundan əvvəl həyatdan gedib və əlbəttə
ki, onların görüşləri haqdakı rəvayət
sadəcə "qələt-i məşhur"dur.
Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"sında
Əvhədi Marağayi ilə qeydlərindəki bir məqam
xüsusən diqqət çəkir. Vurğulayır ki,
Əvhədi Marağayi "həqiqətləri yazan bir
şair idi".
Orta çağda istedadlı şairlərin əksəriyyəti
hansısa sarayla bağlı olurdular. Səbəbsiz deyildi.
Yaradıcılığın tanınması, yayılması
maddi imkanlara da bağlı idi. Saray vasitəçi olurdu ki,
şairlərin "Divan"ları köçürülsün,
nüsxələri artırılsın, ayrı-ayrı
ölkələrə yayılsın. Hər
"Divan"ın hazırlanması isə xeyli vəsait tələb
edirdi və hər şairin bunun öhdəsindən gəlməyə
imkanı çatmırdı.
Əvhədi Marağayi "Divan"ından gələn
sədalar da, ayrı-ayrı təzkirələrin verdiyi soraqlar
da anladır ki, o, saraylara biganə, könlünü tox tutan
inşanmış. Arzuladığı, layiq olduğu qədər
firavan həyat yaşamayıb, sıxıntılar
görüb, çətinliklər çəkib. Ancaq həmişə
məhz daxili azadlığı, könlü istəyəni
deyə bilməsiylə fəxr edib.
Klassik farsdilli ədəbiyyatın ustacasına
araşdırılmasında sayğıya layiq xidməti olan
alimlər cərgəsində ingilis şərqşünası
Edvard Braunun (1862-1926) yeri ucadadır.
Onun XX yüzilliyin əvvəllərində nəşr
edilmiş dördcildlik "Literary History of Persia"
("Persiyanın ədəbi tarixi") adlı sanballı əsəri
farsdilli ədəbiyyata həsr edilmiş ən mükəmməl
qaynaqlardandır. Edvard Braun İranı, o cümlədən,
Güney Azərbaycanın şəhərlərini ölməz
şairlərin izi ilə qarış-qarış gəzmiş,
gücü yetdikcə onların irsini toplamağa
çalışmışdı. Əvhədi Marağayinin də
4.500 beytlik bir "Divan"ının əlində
olduğunu özü bəyan edir. Braunun bir xidməti də
Əvhədi Marağayinin doğum-ölüm tarixləri ilə
bağlı bir qaranlıq nöqtəni aydınlığa
çıxarmasıdır. Bütün təzkirəçilərdən
fərqli olaraq, Əvhədinin nə vaxt doğulub vəfat
etməsi haqda məhz Edvard Braun qətiyyətlə yaza bilib.
Səbəb bu idi ki, o gedib Əvhədi Marağayinin məzarını
tapmışdı, qəbir daşının üstündəki
yazıları oxumuşdu. Bu daş sənəd, əlbəttə
ki, daşdan keçən sübut idi. Marağa qəbiristanlığındakı
o daş həm də bəzi təzkirələrin guya Əvhədinin
İsfahanda basdırılması gümanını da kənara
atmağa imkan açdı.
Tarix boyu müxtəlif siyasətlər və o siyasətin
ifadəçisi olanlar Azərbaycanın yalnız
yeraltı-yerüstü sərvətlərinə göz dikməyiblər,
böyük şəxsiyyətlərimizi də qamarlamağa,
mənimsəməyə, özlərinə
çıxarmağa can atıblar. Keçmişlərdə
olub, bu gün də var və gələcəkdə də
olacağı istisna deyil. Ona görə biz
sayıqlığımızı əldən verməməliyik.
Əvhədi Marağayini də Azərbaycandan ayırmağa,
azərbaycanlılıqdan çıxarmaqçün
çox əlləşiblər. Bunlar niyə baş verir?
Çünki belə şəxsiyyətlərlə Azərbaycan,
millət daha böyük görünür.
Əvhədi daim səfərlərdə, səyahətdə,
yollarda idi. Bir müddət Təbrizdə ömür
sürdü, xeyli vaxt İsfahanda yaşadı, bir ara Kirmanda
da sakin oldu. Lakin Əvhədini Marağadan qoparmaq, Azərbaycandan
ayırmaq istəyənlər onu "Əvhədi Təbrizi"
kimi yox, "Əvhədi Kirmani", "Əvhədi
İsfahani" kimi yazıblarsa, elə bunun özü
düşündürücüdür.
Orta əsrlərin bir çox şairləri olub ki,
yaradıcı ömrü boyu təxəllüsü bir
neçə dəfə dəyişib. Gəncliyində bir təxəllüs
götürüb, ahıl çağlarında bir
ayrısını, yaşlı vaxtlarında tamam fərqlisini.
Ancaq müvəqqəti istifadə edilən təxəllüslər
tədricən arxa sıraya keçib, unudulub, şair ədəbiyyatın
tarixində, sözün keçmişində son təxəllüsü
ilə şöhrətlənib.
Əvhədi Marağayinin adı Əvhədi idi, elə
bu söz həm də təxəllüsünə
çevrildi. Ancaq gəncliyində bir başqa təxəllüsü
də olmuşdu. Bunu "Suhuf-i İbrahim" təzkirəsi
xəbər verir ki, Əvhədəddin Marağayi
cavanlıqda "Safi" təxəllüsü ilə
yazırdı.
Zaman keçib, Marağayi həmin təxəllüsdən
imtina edib. Gəncliyində istifadə etdiyi "Safi" təxəllüsü
keçmişdə qalıb, ancaq elə gəncliyindən
başlayaraq Əvhədi Marağayinin misralarına xas
saflıq ömrünün sonunacan onun sözünü tərk
etməyib.
1900-cü illərin başlanğıcı idi, ingilis
Edvard Braun dayanmışdı Marağada, Əvhədinin qəbir
daşının qarşısında, təsirlənmişdi
və sırf elmi əsər yazsa da, ora belə duyğulu sətirlər
artırmışdı: "Bu məzar daşı altı
yüz ildir ki, toxunulmadan bir abidə kimi qalır".
Braunun həmin sətirləri qələmə
aldığı çağlardan bir əsrdən də
artıq vaxt keçir və Əvhədinin saf şeirləri
artıq yeddi əsrdir ki, abidə kimi qalır. Amma qəbir
daşından fərqli olaraq, bu irs, bu söz abidəsi
toxunulmaz deyil, daim insanlarla həmnəfəs olaraq
yaşayır.
Əvhədinin məzar daşına sığal
çəkib onu anmaq ehtiramın bir ifadəsidirsə də,
bu anda onun "Divan"ındakı bir parçanı ilk dəfə
şeirlə dilimizə çevirməyi də ziyarətin və
sayğının bir başqa nişanəsi hesab edirəm:
Safi ço tora did rəvan minaləd,
Bər sine ze ğəm səngzənan minaləd.
Qofti to ke nalidən-e Safi əz çist
Canəş be ləb amədəst əz an minaləd.
Safi səni görüb olmuş belə zar,
Sinəsinə vurub qəm daşın ağlar.
Sorursan ki, Safi nədən sızlayır?
Son nəfəsi çatan belə ağlayar.
Bu şeirdə son nəfəsinin
çatdığını deyən Safi, sonraların Əvhədi
Marağayisi həmin misraları yazarkən, əlbəttə,
axır nəfəsinin yetişməsindən
çox-çox uzaq idi. Onda cavan bir oğlan idi - eşqə
düşmüşdü. Onu eşqin belə ağladan dərdi
idi. Ancaq sevdası baş tutmur. Həmin marağalı gözəl,
təzkirələrin, ayrı-ayrı rəvayətlərin və
Əvhədi Marağayinin "Divan"ının
çatdırdığı xəbərlərə görə,
ailəsi ilə birlikdə köçüb Təbrizə
gedir. Bir müddət sonra bu hicrana dözə bilməyən
Əvhədi də Təbrizə yollanır.
Ancaq Təbriz dövrünün həm
"Divan"ında, həm də "Cam-i Cəm"ində
qalan təəssüratları yalnız sevda
ağrısı, eşq yanğısı deyil. Təbrizdə
elmin, mədəniyyətin, maarifin tərəqqisi ilə
bağlı müşahidə etdikləri də onu vəcdə
gətirir.
Kuy-insorxaba gedir, Rəşidiyyə mədrəsəsini
ziyarət edir, gördüklərini də şeirləşdirir.
Rəşidiyyədə seyr etdikləri onu necə heyran
qoyursa, həmin mədrəsəyə 38 beytlik ayrıca bir məsnəvi
həsr edir.
Və məsnəvisində onun vətənpərvərliyi,
millətsevərliyi, doğma xalqının heysiyyətini
yüksək tutması qabarıqlığı ilə sezilməkdədir.
Rəşidiyyə, bugünkü deyilişlə
söylənəcək olursa, bir universitet şəhərciyi
idi. Həmin şəhərcikdə şair bir saray
görür, həmin tikilini Təq-i Kəsraya - Ənuşirəvanın
adıbəlli imarətinə bənzədir. Lakin təəssübkeşliklə
ondan qat-qat üstün tutur. Deyir ki, Təq-i Kəsra bunun
yalnız bir parçası ola bilər.
Elə həmin o Sorxab məhəlləsində, həmin
Rəşidiyyə şəhərciyində
ucaldılmış bir məscidin də yanına yetişir. Məscid
əzəməti ilə, memarlığıyla çox cazibədarmış.
Əvhədi Marağayi burada da müqayisə aparır. Həmin
məscidi o çağlar müsəlman aləmində ən
böyük məscid sayılan Bəsrə məscidiylə
müqayisə edir və yenə təəssübkeşliklə
bunu ondan daha üstün tutur.
Və belə vətənçi mövqe, təəssübkeş
yanaşma Əvhədi Marağayinin bütün
yaradıcı ömrü boyu davam edib.
Əvhədi Marağayinin Rzaqulu xan Hidayətin təsdiqlədiyi
doğruçuluğunu, aşıqlar sayaq
gördüyünü çağırmasını onun
mütəmadi səfərlərinin saxlancı olan başqa
qoşqularında da tapırıq.
1309-cu il idi, İsfahana gəlmişdi,
rastlaşdığı uyğunsuzluqlar qəlbini
incitmişdi və narahatlığını ləngimədən
isti-isti şeirləşdirmişdi.
Delxəste həmi başəm, zin molk-e behəmrəfte
Xəlqi həme sərgərdan, del morde vo dəmrəfte.
Yek bənde nemiyabəm həncar vəfadide
Yek xace nemibinəm bər səvb-e kərəmrəfte.
Bezdim bu viran olmuş, sahmanı itən yurddan,
Taqət kəsilib xalqda, qalmış hamı sərgərdan.
Yox bircə nəfər, olsun düzgün və sədaqətli,
Bir xacə kərəm əhli sən burda tapammazsan.
Etirazçılıq, müşahidə elədiyi cəmiyyət
nahamvarlıqlarına laqeyd qalmamaq Əvhədi Marağayinin
bütün yaradıcılığının səciyyəvi
keyfiyyətidir.
Əvhədi Marağayi saraylardan, məqam sahiblərindən
aralı duran insan idi, ancaq sifarişlə yazdığı əsər
də var.
Zahirən təəccüb də doğura bilər.
Ancaq bu sifarişli əsəri də bir elm adamının
arzusuyla qələmə almışdı. Xacə Ziyaəddin
ibn Yusif Xacə Əlis məşhur Nəsirəddin Tusinin nəvəsi
idi.
Söz yox, o da atasının, babasının getdiyi
yolun yolçusu idi, elmə, ədəbiyyata, sənətə
bağlı idi və Əvhədi Marağayinin qələminin
gücünə də bələd idi. Di gəl, şairin
ağır xasiyyəti haqqında da eşitmişdi.
Xacə Əlis həm də imkanlı adam idi və qəsdi
bu idi ki, Əvhədiyə həmin əsəri yazdırmaqla
ona müəyyən maddi kömək göstərə bilməkçün
də bəhanəsi yaransın.
Ancaq yenə birbaşa müraciət etməyə
ürək etməmişdi, "Məntiq
ül-uşşaq" adlı məsnəvinin
yazılması arzusunu Əvhədiyə dolayı yollarla,
müxtəlif vasitələrlə
çatdırmışdı.
Bunu da bir başqası yox, elə Əvhədi
Marağayi həmin məsnəvidəcə özü təsdiq
edir.
Məsnəvisinin əvvəlində bu əsərin
necə meydana gəlməsinin səbəbini də izah edir və
kitabının adını "Dəhnamə" qoyur -
"On məktub". Lakin təəccüblüdür ki,
Əvhədinin bu gözəl məsnəvisi yetərincə
məşhurlaşmayıb, sanki kölgədə qalan kimi
olub. Bunun da səbəbi var. Səbəb araya bir ərəb,
din barmağının girməsidir. İş ondadır ki,
son Abbasi xəlifəsi Mötəsimbillah və onun
uşaqları Hülaku tərəfindən qətlə
yetirilmişdi. Belə söylənirmiş ki, həmin qətlin
fitvasını verən Nəsirəddin Tusi olub. Buna görə
də Xacə Nəsirəddin Tusiyə də, onun şəcərəsinə
də, üstündən xeyli keçəndən sonra belə,
həmin tayfa kinlə baxırdı. "Məntiqül-uşşaq"
- Dəhnamə" məsnəvisinin müqəddiməsində
isə Xacə Nəsirəddin Tusi də, nəvəsi də
açıqca tərənnüm edilirdi. Məhz bu adların
məsnəvinin lap əvvəlində çəkilməsi,
onların vəsf edilməsi əsərin sonralar geniş
yayılmasının qarşısında bir maneəyə
çevrilmişdi. Əvhədi Marağayiyə qədər
"Dəhnamə" yazan olmamışdı. On məktubdan
ibarət məsnəvilər silsiləsinin təməlini
qoyan elə Əvhədi olur. Ondan az sonra İbn İmad Fəqih
Kirmani Əvhədi Marağayinin "Dəhnamə"sinə
cavab yazır, elə adını da "Dəhnamə"
qoyur. İbn İmad 1373-cü ildə vəfat edib. Zamanca elə
təxminən Əvhədi ilə yaxın bir dövr. Ancaq
Əvhədi Marağayinin "Dəhnamə" qələmə
almasının üstündən iki əsr keçəndən
sonra şah şairimiz Xətai də "Dəhnamə"
yazır - artıq ana dilində ilk o, qələmə
alır. Artıq Azərbaycan dilində.
Beləcə, Əvhədi Marağayi
yaradıcılığının daşıdığı
bütün gözəlliklər və gücdən əlavə,
həm də qələmi ilə ülgülər yaradan bir qələm
sahibi idi.
Əvhədi Marağayinin ömrünün müxtəlif
illərində yaratdığı ədəbi inciləri bu
gün mütaliə edərkən onların hamısında
elm ağırlığı, elm dərinliyi hiss edilməkdədir.
Bu özəllik "Cam-i Cəm"də daha bariz bir şəkildədir.
Əvhədi Marağayinin şah əsəri "Cam-i Cəm"
9.142 misradan ibarətdir və burada onun şairliyinin də,
alimliyinin də bütün əlvanlığı
duyulmaqdadır. "Cam-i Cəm"i orta əsrlərdən bəri
çox zaman Sədi Şirazinin "Gülüstan"ı
ilə müqayisə ediblər. Sədi Şirazinin
"Gülüstan"ısa bütün müsəlman
Şərqində orta əsrlər boyu ta XIX yüzilliyin
sonları, XX əsrin əvvəllərinə qədər sadəcə
bir ədəbi nümunə olmayıb, həm də iki anlamda
dərslik kimi istifadə edilib - mədrəsə və həyat
dərsliyi kimi! O kitab vasitəsilə həm ərəb əlifbasını,
farscanı öyrədiblər, həm də səhifələrindəki
hikmətlərlə oxuyana yaşayış, davranış
elmi aşılanıb. Ona görə "Gülüstan"
haqqında deyiblər ki, onu 7 yaşında oxuyarlar, yetmiş
yaşında başa düşərlər. Rəvayətlər
bizə Sədi Şirazinin özünün məşhur bir
düsturunu pıçıldayır. Guya onun
sözüdür ki, insan gərək 30 il oxusun, öyrənsin,
biliklərə yiyələnsin, sonra 30 il ərzində səyahətlərə
çıxaraq gəzsin-dolaşsın, aləmi görüb
həyat təcrübələri yığsın, kitablardan
aldığı bilikləri həyatdan
yığdığı təcrübələrlə
bütövləşdirsin, yalnız bundan sonra, yəni ikinci
30 il başa çatanda yazmağa başlasın.
Bu söyləmə nə dərəcə
doğrudur, - bir ayrı məsələdir,
lakin Sədinin öz ömrü elə təxminən həmin
gedişatı nişan verir - 30 il oxuyub, öyrənib, biliklərlə
dolub, sonra elə 30 ilədək müddətdə səyahətlərdə
olub və yalnız bundan sonra qələm götürərək
"Gülüstan" və "Bustan" kimi söz
möcüzələrini yaradıb.
Və bilərəkdənmi, ya həyatın
özünün təkilif etdiyi gedişlə Əvhədi
Marağayi də "Cam-i Cəm"i məhz 60 yaşı
tamam olandan sonra, püxtə yaşında qələmə
alıb. Həmin səbəbdən də bu məsnəvidə
onun həm kitablardan aldığı biliklər var, həm də
həyatdan götürdükləri. Əsərinin
başlanğıcında məramını belə elan
edirdi:
Adını Cəmşidin camı qoydum mən,
Varlığın əksini orda görərsən.
Hər kəs istəyirsə dünyanı görmək,
Könlü istəyəni burda görəcək.
...İnsanlar televiziya, təsvirin, səsin dalğalar
kimi ötürülməsi haqqında təsəvvürlərinin
olmadığı əski əyyamlarda əfsanə
yaratmışdılar - Cəmşidin camı
haqqındakı söyləməni. Guya həmin camın
aynasına baxınca orada dünyada baş verən nə
varsa, hamısını görə bilərsənmiş.
Kim bilir, bəlkə də Cəmşid camı
haqqındakı rəvayət gələcəyigörmə
yox, keçmişlərdə olmuş bilginin artıq
nağıllaşmış əks-sədası idi?
Cəmşidin əfsanəvi camı kimi bütün
dünyanı, insanın içərisinin üzdən
görünməyən çox qatlarını göstərən
"Cam-i Cəm" məsnəvisində Əvhədi
Marağayi çox mətləblərdən bəhs edir və
orada ibrətli bir fəsil də var - əslində bu, məsnəvi
içində məsnəvidir: "İnsanın
doğumundan ta sona qədərki macəraları".
Zahirən balaca olan bu söz meydanında Əvhədi
uzun bir yolu qət edir - insanın dünyaya gəldiyi andan
gözlərini yumduğu saniyəyəcən olan məsafəni.
Və həmin bölmə insanın aqibətinə,
elə birbaşa Əvhədi Marağayinin özünə
aid olan iki misra ilə bitir:
Bu yolda məhv olar bütöv bir cahan,
Ta sahilə çıxar biri onlardan.
Bu, bəşər övladıdır, onun taleyidir.
İnsanlar gəlir, gedir - labüd yazıdır. Ancaq illəri
və əsrləri adlayıb keçən minlərin, onminlərin,
yüzminlərin, milyonların arasından təklər də
çıxır ki, getmir, fani dünyanın məntiqinə əks
olaraq qalır. Ona görə getmir ki, bu dünyada
özündən sonra qalacaq iz qoyur. Məhz bu irsin, bu izin sayəsində
dünyaya və insan ömrünə xas olan müvəqqətilik
bu qəbil şəxsiyyətlərə üstün gələ
bilmir.
On üçüncü yüzilin Azərbaycan
şairi və mütəfəkkiri Əvhədi Marağayi
getməyə məhkum minlərin, yüzminlərin,
milyonların arasından salamat qurtararaq sahilə
çıxmağı bacaran və əbədi yaşayan təklərdən
oldu.
2 dekabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2026.- 9 yanvar (№1).- S.14-15.