AMEA-da dövlət
başçısının yerli televiziya kanallarına
müsahibəsi zamanı Azərbaycan dili ilə bağlı
qarşıya qoyulan vəzifələrdən irəli gələrək
müşavirə keçirilib
Yanvarın 7-də AMEA Rəyasət Heyətində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya
kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin
saflığının qorunması istiqamətindəki
çağırışlarına həsr olunmuş
müşavirə keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi
ilə keçirilən tədbirdə Akademiyanın Rəyasət
Heyəti aparatının şöbə müdirləri, elmi
katibləri, eləcə də bu istiqamətdə elmi müəssisə
və təşkilatların nümayəndələri
iştirak ediblər.
Müşavirədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya
kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin
saflığının qorunması istiqamətindəki
çıxışından irəli gələn vəzifələr
müzakirə olunub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər
Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman
Azərbaycan dilinin və onun saflığının
qorunmasına dövlət siyasəti səviyyəsində
münasibət bəsləmişlər. Bu əməli fəaliyyət
bu gün qloballaşan dünyada dilimizin kənar təhlükələrdən
mühafizə edilməsində mühüm rol oynayıb.
Ötən illər ərzində bu istiqamətdə bir
sıra rəsmi sənədlərin imzaladığını
deyən akademik İsa Həbibbəyli, həmçinin
Prezident İlham Əliyevin çıxışlarında bu məsələyə
xüsusi diqqət yetirildiyini göstərib. Bildirilib ki,
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley
yığıncağındakı nitqində Azərbaycan dili
ilə bağlı alimlərimiz qarşısında
mühüm vəzifələr qoyub və bundan irəli gələrək
dərhal dilçi alimlərlə AMEA-nın Rəyasət
Heyətində iclas keçirilib, müvafiq qərarlar qəbul
olunub, tapşırıqlar verilib, əməli addımlar
atılıb.
Dövlət başçısının yerli
televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan
dilinin saflığının qorunması ilə bağlı
növbəti çağırışının da alimlər
qarşısında mühüm vəzifələr
qoyduğunu deyən akademik İsa Həbibbəyli dillə
bağlı məsələlərin AMEA-nın əsas
prioritet istiqamətlərindən olduğunu bildirib. Akademiya rəhbəri
çıxışında AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunda mövcud ştat vahidləri və
daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin
bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti”
şöbəsinin yaradılmasının məqsədəuyğun
olduğunu bildirib.
Müşavirədə çıxış edən
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
direktoru professor Nadir Məmmədli Azərbaycan dili ilə
bağlı müəssisədə görülən işlər
barədə ətraflı məlumat verib. O, dövlət
başçısı tərəfindən Azərbaycan dilinin
saflığının qorunması ilə bağlı
qarşıya qoyulan tələblərə uyğun olaraq
dilimizin daxili imkanlar hesabına zənginləşdirilməsi,
eləcə də dilimizin təhlükəsizliyinin
qorunması və ona olan müxtəlif növ təhdidlərin
qarşısının alınması və internet
mühitində gedən proseslərin tənzimlənməsi
sahəsində elmi kollektivlərin üzərinə
mühüm vəzifələrin düşdüyünü
qeyd edib. Bildirilib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycan
dilinin orfoqrafiya lüğəti” və “Azərbaycan dilinin
orfoepiya lüğəti” hazırlanır, həmçinin
milli dil korpusu yaradılır. Professor Nadir Məmmədli, həmçinin
bu istiqamətdə işıq üzü görmüş bir
sıra nəşrlər barədə məlumat verib. Bildirib
ki, Dilçilik İnstitutunda Azərbaycan dilinin leksikası,
fonetikası və morfologiyasına dair cildlər artıq nəşr
edilmiş, 4-cü - Sintaksis cildi isə tamamlanmaq üzrədir.
Müşavirədə, həmçinin AMEA Rəyasət
Heyəti aparatının Elm və təhsil şöbəsinin
müdiri filologiya elmləri doktoru Sərxan Xavəri,
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya
üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika
elmləri doktoru Hüseyn Hüseynov çıxış
ediblər. Çıxışlarda dilimizin daxili imkanlar
hesabına zənginləşdirilməsi, tədqiq
olunması, ana dilinin qorunmasına vətəndaş
münasibətlərini əks etdirən əsərlərin
yazılması, xarici təsirlərdən qorunmasından
danışılıb, təkliflər səsləndirilib.
Sonda akademik İsa Həbibbəyli Azərbaycan dili tədqiqatlarının
müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi,
alınmış elmi nəticələrin monoqrafiya səviyyəsində
geniş elmi ictimaiyyətə çatdırılması, həmçinin
kiçik həcmli maarifləndirici broşürlərin
çap edilib yayılmasının vacibliyini diqqətə
çatdırıb. Dilçilik İnstitutunun, AMEA-nın
elmi bölmələrinin və AMEA-nın Gənclər
Akademiyasının birgə təşkilatçılığı
ilə orta məktəblərdə olimpiadaların
keçirilməsinin qərara alındığını
bildirən akademik İsa Həbibbəyli AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında Azərbaycan dili ilə bağlı daimi
kitab sərgisinin, o cümlədən virtual sərginin təşkili
ilə bağlı tapşırıqlarını diqqətə
çatdırıb.
525-ci qəzet .- 2026.- 9 yanvar (¹1).- S.13.